manera.az
manera.az

“Gövhər ağa Cavanşir” romanı təqdim olunacaq

📅 23.11.2018 10:54

“Gövhər ağa Cavanşir” romanı təqdim olunacaq
Mehriban Vəzirin yenicə nəşr edilmiş “Gövhər ağa Cavanşir” adlı tarixi romanı noyabrın 24-də təqdim ediləcək.

Manera.az-ın verdiyi məlumata görə təqdimat mərasimi saat 15:00-da Bütöv Azərbaycan Ocaqlarında baş tutacaq.

Kitab Azərbaycan Respublikasının prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Gövhər ağa Cavanşirin (1790-1868) həyatı və ictimai fəaliyyətindən bəhs edən kitabın yazılması və nəşri” layihəsi çərçivəsində Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi İctimai Birliyi tərəfindən hazırlanıb.

Əsərdə 18-19-cu yüzillərə aid tarixi hadisələr, Tiflisin, Gəncənin, Qarabağın ruslar tərəfindən işğalı, regionda gedən siyasi və ictimai proseslər, bu proseslərin içindən keçən insan taleləri, özəlliklə, Gövhər ağanın ağır həyat hekayəsi mühüm yer alır.

“Gövhər ağa Cavanşir” romanında Azərbaycanın ikiyə bölünməsinin tarixi başlanğıc nöqtəsi, Azərbaycan xalqının parçalanması ilə bağlı rus siyasətinin çirkin oyunları, Arazın o tayı ilə bu tayının əlaqələrinin, eləcə də qohumluq əlaqələrinin kəsilməsi üçün işğal siyasətinin törətdiyi qeyri-insani fəaliyyətlər, ermənilərin Qarabağa yerləşdirilərək idarəedici vəzifələrin onlara verilməsi, türklərin öz torpaqlarından sıxışdırılması tarixi təsvir olunur. Və bütün bu hadisələrin insan talelərində, özəlliklə, Gövhər ağanın taleyində oynadığı faciəli rol qələmə alınır.

Gövhər ağa bütün həyatını quruculuq və təhsil işlərinə həsr edib.

Qarabağ hakimi İbrahim xanın qızı Gövhər ağa Qafqazın ən zəngin xanımı idi, mülkiyyəti Arazın bu tayından Gəncəbasara, Zəngəzur meşələrinə kimi uzanırdı. Xeyirxahlığının və maarifçiliyinin hüdudu yox idi. Şuşa qalasında tikdirdiyi iki məscid - “Yuxarı Gövhər ağa məscidi”, “Aşağı Gövhər ağa məscidi” - hər birinin nəzdində pansionlu mədrəsə, məktəb, pulsuz təhsil, kitabxana, azarlıxana, kimsəsizlər evi, körpü, su quyusu... onun xalqa töhfəsidir.

Gövhər ağa gözəlliyinə görə “Qarabağ Gözəli” və “Qafqaz Gözəli” titulları daşıyırdı.

O, dövrününü siyasi və ictimai gedişatının ən mühüm aktorlarından biridir. Böyük varidatını mədəni inkişafa və işğal zəncirlərindən xilas olmağa həsr etmiş ictimai-siyasi xadimdir. Gövhər ağa qurucu bir şəxsiyyət idi, özü yüksək təhsilli bir xanım olaraq elmi, təhsili, maarifi şövqlə təşviq edirdi. Qarabağda və hüdudlarından kənarda yaşayan 20 nəfərdən çox alimə, şairə ömrü-maaş (ömürlük maaş) bağlamış, mülkiyyət bağışlamışdı.

Yazıçı Mehriban Vəzir kitabın ön sözündə oxucuya belə xitab edir:

“Gövhər ağa deyib tarixə boylanarsınızsa əsir Şuşa qalasından sizə “Gövhər ağa məscidi”nin qoşa minarəsi boylanar... O qoşa minarə gözəl xanqızının dözümü və əzmi kimi ucalar... iki intizar, iki çeşmə göz kimi baxar... yolunu gözləyər... Vətənimizin taleyi bizim taleyimizi müəyyən edir. Vətənimizə biçilən donu biz geyinirik. Gövhər ağanın da yazısı Qarabağın qara yazısı, Qarabağın tarixidir... Tariximiz qəhrəmanlarımızın itmiş həyat hekayələri ilə dolub daşır... Şuşadan boylanan əsir minarələrin adında yaşayan Gövhər ağa o itirilmiş hekayələrdən birinin ünvanıdı... Gövhər ağanın taleyi Qarabağın taleyidi... həm də Qarabağın tarixidi... İstəyim... tarixi şəxsiyyətlərimizin fədakar ömürlərinin hekayələşməsi, belə uca adların qəlblərə köçməsidir.”

MANERA.AZ


Baxış sayı - 1 758 | Yüklənmə tarixi: 23.11.2018 10:54
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031