manera.az
manera.az

Anan bilmədimi səni kim sevir? - QARDAŞXAN

📅 05.04.2018 10:53

Anan bilmədimi səni kim sevir? - QARDAŞXAN
Manera.az tanınmış şair Qardaşxan Əzizxanlının şeirlərini təqdim edir:

***
Bu qapısız dünyada,
pəncərədən daş gələr.
Pəncərəyə hər baxan,
öz daşına tuş gələr.

Dünyamızı dəyişər,
pəncərədən gələn daş.
Göz yaşı tək yaşayan,
baş daşı tək ölən daş.

Bu qapısız dünyadan,
gələrik biz dünyaya.
Gedərik bu dünyadan,
pəncərəsiz dünyaya.


***
Gündüzlər ağ pərdədi,
gecələr qara pərdə.
Bu dünya bir səhnədir,
tale oynayan yerdə.

Ulduzlar ağ yalandır,
günəş qırmızı yalan.
Hamıdan yalançıdır,
hamıdan doğru olan.

Pəncərədən daş gəlir,
bəri bax dünyasıdır.
Ən haqsız adamın da,
yeri haqq dünyasıdır.


***
Qoy özü hifz eləsin,
bizi bir olan Allah.
Bu haqq-nahaq dünyada,
haqqa var olan Allah

Zərrən ürəyimizdə,
yerin ürəyimizdə,
Görün ürəyimizdən,
ərzə nur olan Allah.

Sözü seçən kəslərə,
sözü keçən kəslərə,
Düzü seçən kəslərə,
özü yar olan Allah.


***
Can var canan əlində,
Avara qalıb indi.
Bilmirəm ki,nə edim,
Biçarə qalıb indi.

Cana vara qalınca,
canavara qalınca,
can avara qalınca,
nə çarə qılım indi.

Bir üzü çarə olan,
hər üzü çarə olan,
hər üzü qara olan,
bir çarə qalıb indi.


***
Başıma daş düşdü mənim,
yaxşı ki qoşa düşmədi.
daş da başa düşdü məni,
sən məni başa düşmədin.

müridin olmaq istədim,
dərsimi almaq istədim,
dərdinə qalmaq istədim,
sevgimin yaşı düşmədi.

qaçacam mən qəm əlindən.
dalımca qoşun düşəcək.
mənim baş daşım yerinə,
sənin göz yaşın düşəcək.

HEYF

Yaşayırıq
göz ilə qaş arasında
yaşayırıq
yaz ilə qış arasında
amma heyf
heyf gözdən qaşa doğru
heyf yazdan qışa doğru...


***
Anam namaza durur
dayanır gecə gündüz
o zamanı durdurur
allahıyla üzbəüz

yetər canamazı ver
uçan xalça üstə gör
alın qoyduğu möhür
ona Yerdən üstün yer

anam namaz üstədir
aman zaman istəyim
anam namaz üstə dur
zaman üstü söz deyim

BAHAR ZAMANI

İt ilində doğulmuşam
It günündə yaşayıram
İt ili nə təhər marıtladısa
misramı əlimə çomaq götürdüm
dənizə baş vuran martılarısa
elə ilk misrama uyak götürdüm

it ili it olub qurd tək ulayır
bir ağız qar hürüb adam dolayır
üstünə gələnə quyruq bulayır
bu ili özümə nahaq götürdüm

girincə girincəm yorğun arğınam
mart gəlsin dərdini basım bağrıma
belə yorğunam ki düşüb yorğana
yorğanıma görə ayaq götürdüm

LALƏ ZAMANI

Quşbaşı qış laləsi
bənövşəsayaq olur
o cür alyanaq olan
bu cür ağappaq olur

göyün göy xalı olan
yerdə ağ xalı olur
özünün qara xalı
qapqara torpaq olur

anam da bir naz verir
xoş gəlmisən ağ oğlan
ağ atlı oğlan olsa
bir ümid tapmaq olur

laləsə nalə çəkir
Allah nə oda düşdüm
od oda qalananda
qiyamət qopmaq olur

ömrün ani bir anı
olur Lalə Zamanı
hər ana lalə ana
ata ağ zanbaq olur

ömrün qar uçqunundan
bir gün bu uçmaq olur
Lalə Vaxtında olan
ölür amma sağ olur

GİLANA

Ayrılıqlar başladı,
başlandı ayrılıqlar,–
Bu yerdə kara gəlməz daha ayrı qılıqlar...
Ah, bir küncə qısnayan qurdbasan aralıqlar!..
“Öldün, qaldın?” deyən yox,
qalmısan aralıqda...
Yeni era başlayır, –
ayrılıqlar erası
Gedər buruq boylular, qalar boynu buruqlar
qalanları– qalıqlar,
çoxalar bu qırıqlar
və başlar ayrılıqlar erası–
bizim era...


**
Çiçəklənib alça göyəm
qarşı duran dağ təzə-tər
arx üstündə mən köhnəyəm
arx kənarı bağ təzə-tər

gecənin göy üzünə də
bağdan güllər aşıb-daşıb
əsli də göy üzündədi
Pəncərədən gələn daşın

qızın yaz çağı yaz çağı
qar qalanıb hara gör bir
qışın oğlan çağı deyil

oğlanın qış çağıdı bil
yazın qız çağı qız çağı
buz qəlbə dov gələ bilmir

SİZİN KÜÇƏDƏ

Payız səmasıdır sinəmdə könül
sizin küçədəyəm bu gecə gülüm
bilirsən, mənimçin kiminsə deyil
sənin adınadır bu küçə gülüm

qoşa gözlər idik duyuq düşəndə
səndən zalım anan məndən qonşular
yağış başlayanda soyuq düşəndə
bənövşə halıma yandı qonşular

anan bilmədimi səni kim sevir
başında şan şöhrət havası vardı
əgər bacarsaydı
götürüb evi
arxası küçəyə tərəf qoyardı

bu küçə küçə yox çaydı dağ çayı
neçə
dalğasına düşmüşəm onun
dünyanın ən sakit mülayim ayı
belə
qovğasına düşmüşəm onun

silinməz iz salıb o yaddaşımda
ömrümdə şimşək tək alışıb yanıb
yadıma düşəndə haçan
başımda alovlar dillənib odlar qalanıb

pərdələr elədir elədir elə
indicə açılar çölə baxarsan
külək cövlan edir belədən belə
sanıram indi də bu evdə varsan

yenə təzə ildir yenə qarlı qış
saat o saatdır an da ki o an
yağır əzəlki tək bəhanə yağış
birdən əzəlki tək çölə çıxarsan

SÖHRAB TAHİR AZƏR AZƏRƏ

Sən ey daha ən böyük
azadlığa qovuşan
ikili taleyinin
ikincisini yaşa
azad qardaşın ki var
səni kim tanımır ki
səni tanımayanlar
özünü tanımır ki

Pəncərədən daş gələn
bəxtindən Bəri bax sən
ölümü bölüb Azər
Azər Yaşayacaqsan

BİR TALE Kİ PƏNCƏRƏDƏN DAŞ KİMİ GƏLSİN
R.T.

Bir tale ki pəncərədən daş kimi gəlsin
bir ömür ki xumar gözdən yaş kimi gəlsin
kim görüb ki belə bəxtin xoş günü gəlsin
ay ana elə bil bizə it ağız açıb

it ağzından çıxır səhər öz aramızdı
ay nə bilim xoruz banı quşların səsi
nə bilim Ay dan ulduzu hamısı sözdü
azanı da qarşılayır it hürüşməsi

it ağzından çıxan dəniz söz burda qalsın
hanı səndə o mavilik yamyaşıl yosun
dənizsənsə tufan qopar fırtınan olsun
görüm sənin göl üzünü okean yusun

Baskervillərin iti tap itən yamyamı
İtağzıgül it ağzını açır hər gülə
inanmayanın ağlına keçə yamayım
it qursağı yağ götürməz deyən aqilə


Baxış sayı - 2 390 | Yüklənmə tarixi: 05.04.2018 10:53
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031