manera.az
manera.az

Mehman Qaraxanoğlu: “Yazmaq özün üçün təşkil etdiyin kef məclisidir” –Müsahibə | MANERA.AZ

Mehman Qaraxanoğlu: “Yazmaq özün üçün təşkil etdiyin kef məclisidir” –Müsahibə | MANERA.AZ
manera.az
Manera.az-ın bu dəfəki müsahibi tənqidçi Mehman Qaraxanoğludur.

Əvvəlli burada

- Mehman müəllim, Umberto Eko roman barədə deyir ki, mən oxucuları əyləndirmək istərdim, ən azı özümü əyləndirdiyim qədər əyləncə bəxş edərdim. Bunu nə mənada başa düşmək lazımdır?

Bilmirəm, yazı adamları, ələlxüsus bizimkilər “əyləncə” kəlməsindən niyə qorxurlar? Ən azından, özlərini o cür göstərməyə meyillidirlər. Həm də özlərinə elə bir poza verirlər ki, guya dünyanın ən ağır yükləri bunların çiyinlərindədir, bəşəriyyətin bütün dərd-sərini çəkən bunlardır. Publikadan uzaq hərəkətlərini görəndə isə adam donub qalır! Gülünc bir riyakarlıq! (Düşüklük anlamında qəbul etməyin! Düşük hər yerdə düşükdür!!!)

Bəs əyləncə nədir ki?..

- Yazmaq əyləncənin ən gözəl növüdür. Bu, məhz özün üçün təşkil elədiyin atəşfəşanlıqdır, kef məclisidir! Yazırsan: Əylənirsən! Yazırsan: Boşalırsan! Göylər də boşalanda xoşbəxt görünür.

Şərqlinin təfəkküründə əzabkeş bir şair obrazı oturuşub! Həmin obrazı özümüz də bilmədən öz canımızla yemləyirik. O, bizi idarə edir, belə etmə, belə et deyir, belə görünmə, belə görün deyir. Mövlanə bu sözləri həm özünə deyir, həm də içindəki senzorun üzünə çırpır: “Ya olduğun kimi görün, ya da göründüyün kimi ol!” Qərbli isə bizim əzab hesab elədiklərimizdən də Oyun qurmağı bacarır...

Belə çıxır Eko haqlıdır?

-Əlbəttə, Eko haqlıdır. Kaş onun sevilmli oxucusu da onun qədər əylənəydi. Bunun üçün də o, öz oyununu davam etdirir, kitablarına müqəddimələr yazıb tədricən oxucusunu əyləncəyə yönləndirir. Axı bundan min il əvvəl bu işi Böyük Nizami görmüşdü. Baxın, onun bütün əsərlərində Oyun – Teatral elementləri çoxluq təşkil edir. O, ilk əsərini – “Sirlər mənəyi”ni bir süjet üzərində qura bilərdi, amma əsərə 20 hekayət və 20 məqalət daxil edərək əsərin oxucu üçün əyləncəviliyini təmin etdi. Deməli, ilk həmlədən oxucu kontingenti toplaya bildi. Sonrakı əsərlərində də bunu davam etdirdi...
Dünya ədəbi-ictimai-siyasi, dini-ideoloji fikrə güclü təsir göstərmiş və bizim yeniyetməlik çağlarında qorxa-qorxa gizli oxuduğumuz “Dekameron” da belədir, əyləncəvi faciəviliyin atası olan “Don Kixot” da, “Yarımçıq əlyazma” da...

Amma Ekonun roman haqqında bu fikrini uşağı dilə tuta-tuta yemək vermək anlamında qəbul edənlər də var...

- Eko nə oxucusunu dilə tutur, nə də onun başını tovlayır. Birbaşa deyir ki, sən də mənim kimi əylən, kef elə! Çünki həyat o qədər qısadır ki, ən ciddi, ağrılı məsələləri də Oyun kimi qəbul etməsək, gərək başımızı qoyub vaxtından əvvəl köçüb gedək. Onsuz da ölüm həmişə vaxtından əvvəl gəlir...
Kamal Abdulla deyir ki, hər kəsin sevimli kitabı onun dönə-dönə oxuduğu kitabdır.

Mehman Qaraxanoğlu: “Yazmaq özün üçün təşkil etdiyin kef məclisidir” –Müsahibə | MANERA.AZ
Yazıçı Kamal Abdulla deyir ki, hər kəsin sevimli kitabı onun dönə-dönə oxuduğu kitabdır. Fikrə münasibətiniz?

-Kamal Abdulla sözləri, mətnləri zahirən beton konstruksiyalar effekti yaratsa da, ağılasığmaz elastikliyə malikdirlər. Bu da çoxyönlü baxış və təhlil rəngarəngliyi yaradır. Ona görə də onlara ehtiyatla yanaşmaq lazımdır. Əgər o deyirsə ki, hər kəsin sevimli kitabı onun dönə-dönə oxuduğu kitabdır, deməli, həm də oxumadığı, oxumağa macal tapmadığı kitabdır.

Bəs sizin sevimli kitabınız hansıdır?

- Konkret sevimli kitabım yoxdu. Amma sevdiklərim çoxdu. Bu günlərdə gəncliyimdə oxuduğum “Qoca və Dəniz”i yenidən vərəqlədim. Siz allah, ilk Cümlə-yə diqqət edin: “Qoca ikiavarlı, balaca qayıqda Qolfstrimdə təkbaşına balıq tuturdu. Düz səksən dörd gün idi ki, dənizə çıxır, hər dəfə də əliboş qayıdırdı” …

Sözlə dolu bir cümlə...

-Yox, yox, bu təkcə içi sözlə doldurulmuş cümlə deyil.

Əlavə fərqi nədir ki?

-Mətnin sonrakı taleyindən xəbər verən işarətlər var burda. Qəti olaraq bu qənaətdəyəm ki, nəhəng yazıçılara yazacaqları bütöv mətn və onun gedişatı öncədən məlumdu. Qalır cümlələri yerinə qoymaq. Bunun üçün də əvvəlcədən beyinlərində tərtib olunmuş Cümlə Xəritəsi-ni açır və cümlə-cümlə irəliləyirlər... Və hər bir böyük yazıçı öz Balığını tutub ona məğlub olmalıdı...

Yoxsa, bizdəki kimi…

-Bəli. Bizdə cümlələr səhifəni doldurmağa kömək edir, vəssalam. Adını da qoyurlar roman bumu. Niyə demirlər roman məzəsi?

Belə çıxır ki, mətnlə bir az da məzələnmək lazımdı?…

-Əlbəttə. Sözlə, cümlə ilə rəftar baxımından K.Abdullanın “Sehrbazlar dərəsi” dünyanı heyrətdə qoya biləcək (Və belədir də!) unikal bir ədəbi nümunədir. Yolunuzu tez-tez “Sehrbazlar dərəsi”ndən salın və Dilin Təkcənəlik Vaxtı-na girin! Və görəcəksiniz ki, dünyada danışmayan cümlələr danışan cümlələrdən qat-qat çoxdu...

Deyəsən, kitab oxumağa çox vaxt sərf edirsiz...

-Vaxt?! Hanı o vaxt?! Bir onun yerini deyin mənə! Müəlliməm, çörəyim buradan çıxır. Səhər iş, ardınca da üzücü, ağır repititorluq... Özü də kənd yerində. Üstəgəl, ev-ailə qayğıları... Nə edə bilərəm? Necə olsa da, xoşdu mənə... Ümumiyyətlə, yazı-pozu adamının öz çörəyini yazıdan çıxarması çox qəddar bir nəsnədi. Götürək Kənan Hacını... Öküz kimi işləyir, “Ədəbiyyat qəzeti”ndə, “Aydın Yol“da sistematik çap olunur. Hələ saytları demirəm. Talayır özünü. O günü statusunda yazır ki, son qəpiklərimi də çörəyə və siqaretə verdim. Demək, bu adam qonorarın umuduna qalıb. O, istedadlı və zəhmetkeşdir, yetərincə pozitiv insandır, nəfəsini dərsə, çox gözəl əsərlər ortaya qoya bilər. Amma... Çoxdu belələri...

Bu gün gənclər ədəbiyyata daha çox meyl edirlər...

-Hələ də ədəbiyyata gələn gənclərin çoxu elə düşünür ki, ədəbiyyat onları varlı və xoşbəxt edəcək. Daha çox şöhrət onları çəkir özünə. Bir də ayılıb görürlər ki, gecdi... Mən dahi Nizaminin o qoca kərpickəsəniyəm: Yazı-pozuya, mütaliəyə ona görə məcburən vaxt az ayırıram ki, bir gün kiməsə əl açıb düşməyim xəcalətə...

Bəs, gənc yazarlardan kimləri oxuyursuz?

-Hər iki Aqşini (Yeniseyi və Evrəni), Seymur Su-yu, Şəhriyarı, Rəbiqəni, Qaraqaplanı, Qan Turalını, Kəraməti, M.Örəni, Şərifi, Rəşidi... (Hərçənd ki, içlərində gəncliyini arxada qoyanlar da vardır)

Mehman müəllim, indiki yazarlardan kimlər gələcəyin klassik yazıçısı ola bilər?

-Bunu söyləmək müşkül işdi. İstedadlı gənclər çoxdu. Onlar hələ mütaliədə ilişib qalıblar, özlərinin “təbii ehtiyatların”ı üzə çıxara bilmirlər. Öz içlərinə boylanış çox zəifdi. Və ya qorxurlar. Çox zaman yaşanmamış hisslərindən danışırlar. Bu, bilisiniz nəyə oxşayır?! Məlahətli səsi olan beş yaşlı bir “müğənni”nin məhəbbətdən yanıqlı-yanıqlı oxumasına. Səs onundu, “söz” onun deyildir. Az qala adam Şərqin böyük dahisi S.Şiraziyə bəraət qazandırmaq istəyir. O həzrət deyir ki, gərək altmışdan sonra əlinə qələm tutasan...

İndi keçmiş yazıçı nəslinə nəinki örnək, hətta tənqid, təftiş obyekti kimi baxılır. Bu mənada bu günkü ədəbiyyatdan nə gözləyirsiz?

Bunun nəyi pisdi?! Bir tərəfdən deyirik: Keçmişini bilməyəni gələcək top atəşinə tutar, digər tərəfdən isə keçmişdən tabu düzəldirik. (Birmənalı olaraq inkarın əleyhinəyəm!) Biri deyir: Dəymə, bu, mənim atamdı, biri deyir, əmimdi, biri deyir, yerlimdi, o birisi deyir, bibioğlumdu. Belə çıxır ki, onların səhvləri, zəif əsərləri yoxdu? İstənilən yazıçı bütün nəsillərə açıq olmalıdır. Qohumbazlıq, tayfabazlıq, yerlibazlıq, bir də içimizi saran və bunların fövqündə duran qorxubazlıq (Biz qorxunu sevənlərik!) at oynadır!

İndi bəzi yazarların da şəxsi tənqidçiləri var...

-Doğrudur. Bəs belə olduqda ədəbiyyatdan gözləntim nə ola bilər?! Amma yenə deyirəm: Bizi “qoymursunuz” keçmişə baxmağa, barı siz baxın! Bilirəm, bir ah çəkib dodaqlarınızdan bu sözlər qopacaq: “Hamı məni sevənlər burdadı” …

Elə bir əsər varmı ki, ona bənzər kitab yazmağı arzu edirsiz?

-Belə psixoloji sindromlardan uzağam. Niyə həyata keçirə bilməyəcəyim arzuların arxasınca gedim?!

Mehman müəllim, bu günkü mediada sizi qane etməyən nədir?

-Bugün saytları bir-birindən “fərqləndirən” bir tentensiya ilə (Qəzet və jurnallarımız da belədir!) heç cür razılaşa bilmirəm: “Ev bizim, sirr bizim” taktikası ilə işləyirlər - arı ailəsi prinsipiylə, “yad” arıları öz ailələrinə buraxmırlar. Müəllifin adını çək, saytını deyim sənə. Hayıf almağın bizdə çox bəsit bir yolu vardır: “Heç zaman bu adamın yazısını və adıkeçən mətnləri verməyəcəyəm!” Bununla da kiməsə sədaqətini nümayiş etdirirlər! Gözümüz aydın, vermə! Uduzan isə sayt olur. Fərqli manera bütün umu-küsüləri unudub fərqli üslub və düşüncə yiyələrinə yer verməklə hasilə gələndi. Yoxsa, acıqla, qıcıqla bu, əmələ gələn deyil!

Manera.az-ın fərqi var, yoxsa?...

- Manera.az-ın işgüzarlığı, operativliyi bugünə qədər faiz baxımından fərqliliyindən daha çoxdur. Bu, vacib məsələdi. Bundan sonra fərqli üslub, fərqli manera gəlir...

Mehman müəllim, geniş müsahibəyə Sizə təşəkkür edirik!

- Buyurun! Mən də Sizi xırdalıqların fövqündə dayanmağa çağırıram...

Söhbətləşdi: Şəhla ASLAN
Manera.az


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31