manera.az
manera.az

"Mənim Rüstəm Kamal olmağımda iki qadının böyük rolu var" - MÜSAHİBƏ | MANERA.AZ

"Mənim Rüstəm Kamal olmağımda iki qadının böyük rolu var" - MÜSAHİBƏ | MANERA.AZ


Həmsöhbətimiz tənqidçi, ədəbiyyatşünas Rüstəm Kamaldır.


- Rüstəm müəllim, yazıçılardan birinin dediyinə görə, tənqidçilər qaqqıldayıb yumurtaya bilməyən toyuq kimidir. Bu fikrə münasibətiniz?

- Dünyada böyük yazıçılar tanıyıram ki, həm də mükəmməl tənqidçidirlər. Bizdə cəmi üç yazıçı böyük filoloji təfəkkürə malikdir: Anar, Elçin və Kamal Abdulla. Bizdə yazıçı var ki, inşa, tamada tərifi səviyyəsində yazdığı yazını məqalə, esse kimi çap edirik. Yalnız bizdə belə qeyri-ciddi söhbətlər gedir. Məsələn, deyirlər ki, biri şeir yazırsa, nəsr yaza bilməz. Bu kökündən ağılsız, xəstə şüurun, tendensiyanın nəticəsidir ki, millətə qəsdən yoluxdurublar. O qədər yazıçılar var ki, ömrü boyu şeir də yazıblar, romanlar da. Nobel mükafatı da alıblar. Dünyada o qədər yazıçılar tanıyıram ki, gözəl esse müəllifi olmaqla yanaşı, həm də ədəbiyyatşünasdırlar. Məhşur rus yazıçısı var, Andrei Bitovun adını çəkə bilərəm ki, filoloji esseləri nəsri qədər maraqlıdır..

- Deyirlər, kişi 40 yaşınadək yaxşı şeir yaza bilər, sonra mütləq nəsrə keçməlidir. Düzdü?

- Artur Rembo 19 yaşına qədər şeir yazıb, sonra poeziyanı atıb. Sonra gedib Afrikada qul alveri ilə də məşğul olub. Öz həyatını yaşayıb.
İnsanlar var ki, poeziyanı öz ömründən ayırırlar. Başa düşürlər ki, poeziya ilə ömür paralel dünyalardı. Yəni, sən yalnız poeziya ilə başını qatırsansa, Allahın sənə verdiyi fiziki ömür kənarda qala bilər.

Poeziya çox sirli, magik, ruhsal bir hadisədir.

Ona görə də, “kişi 40 yaşına qədər yazmalıdır, ya Xocalıdan sonra, Osvensimdən sonra lirika yazmaq olmaz”. Bunlar sadəcə paradoks xətrinə deyilmiş fikirlərdir.

Poeziya həm də, xüsusən kişilərdə bəzən erotik güclə də bağlı olur. Poeziyanın özü də sanki erotik qüvvədir. Sanki kişi 60 yaşından sonra öz fiziksəl, erotik gücünü itirirsə, bu onun şeirlərinə də təsir edir...

- Bəs şeirlərin zəif olması daha nəylə əlaqədar ola bilir?

- Zəif şeirlər çox şeylə bağlıdır: Oxucu zövqünün yeknəsəqliyi, poeziya elminin aşağı olması, sosial şəbəkələrin təsiri və s. Məsələn, cavan vaxtı insanın içinə o qədər cahillik, savadsızlıq dolur ki, 60 yaşına çatanda artıq o öz yükünü çəkə bilmir. Poeziya yuxu və xatirə kimidir, halallığı sevir. Naqisliyi, bişərəfliyi, haramlığı sevmir. Bizdə hansı şair 60 yaşında şeir yaza bilmirsə, deməli onun ömrü məkrlə, zibillə, kanalzasiya ilə dolub.

- Niyə yaza bilmir?

- Çünki içi çamurdur, zibildir. Yoxsa, Höte 80 yaşında da gözəl sevgi şeirləri, möhtəşəm əsərlər yazırdı...

- Xəlil Rza və Baba Pünhan. Sanki ANS-in qulp verilişi olmasaydı Baba Pünhan, Azərbaycan müstəqillik qazanmasaydı Xəlil Rza tanınmayacaqdı. Xəlil Rza istiqlal şeiri yazdı və bu qədər tanınmış şair oldu. Demək istəyirəm ki, şairin tanınmasına zamanın təsiri varmı?

- Əlbəttə, şairlər zamanın övladlarıdır, əslində. Şair zamanın əks-sədasıdır. Həm də, yazıçıda tale olur, tərcümeyi-hal olmur. Zaman Xəlil Rzaya obrazı yarada bildi.

- Bəs satirik poeziyaya münasibətiniz necədir?

- Millət gərək satirik çox şeirin həvəskarı olmasın. Əgər millət hələ də, Sabirin, Baba Pünhanın satirik şeirlərinə bəh-bəh edirsə, deməli ya toplumda estetik anormallıq var, ya da ki, oxucuların estetik ənənəsində problem var. Satirik poeziyanı çox saxlamaq olmur, onun saxlama müddəti çox azdır. Vaxtiylə XIX əsr şairlərinin həcvləri var idi. İndi kim oxuyur onları? Kimə maraqlıdır? Heç kimə.

- Seyid Əzim Şirvaninin də həcvləri var...

- O da heç kimə maraqlı deyil. Amma Füzilinin “Məni candan usandırdı...” qəzəli 500 ildi oxunur. Demək istəyirəm ki, millət hələ də Sabirdən misal çəkib “Fəhlə, sən də özünü bir insanmı sanırsan?” deyirsə, deməli, hələ də cəmiyyətin ciddi problemləri var... Həm də dediyim kimi, millətin psixoloji kompleksində.

- Amma biz xalq olaraq satirik şeirləri sevirik...

- Bəlkə də biz yeganə xalqıq ki, satirik şeiri məclisdə, avtobusda əzbər deməkdən zövq alırıq. İngilis satirik şeir oxuyar? Yox. Antiutopiya yazar, mükəmməl qrotesk, pamflet yazar.

- Rüstəm müəllim, deyirsiz ki, Şəki öz nəsr yazarını yetişdirməyib. Səbəb nədir?

- Şəki nəsr üçün münbit yer deyil. Nəsr sistemi epik yaddaşla, epik xatirələrlə bağlı hadisədir. Şəki insanında isə epos yaddaşı, dastan yaddaşı yoxdur. O, hər şeyi bu günlə (“hayindi”) ölçür, şəkili sanki xatirə danışa bilmir. Amma harada Qərb zonasının, naxçıvanlı insanına rastlaşsan, başlayacaq sənə hekayət danışmağa ki, mənim babam belə gəldi, belə getdi... Şəkili insan isə öz nitqinə bəzək vurur - evi kimi, hasarı kimi. Şəkili insanın təfəkkürü şəbəkə təfəkkürüdür. Buna baxmayaraq mən Şəkini çox sevirəm. Çünki Şəki(li) ilə müştərək Qorqud Kamalı, Tansu Kamalı böyüdürük. (gülür)

- Qazax- Şəki. Seçim necə baş verdi?

- Sevgi və tale... (gülür) Çox təsadüf nəticəsində bu tale oyunu baş tutdu. Amma seçimimə görə Tanrıya təşəkkür edirəm. Mənim Rüstəm Kamal olmağımda iki qadının böyük rolu var – anamın, həyat yoldaşımın.

- Evində sizin kimi alimi saxlamaq xanımınız üçün çətin deyilmi?

- Çox çətindi. Ərköyünəm, həm də uşaq kimiyəm. Yoldaşım həmişə deyir ki, evimdə 3 uşağa baxıram. Ən ağırı, çətini də mənəm.

- Mənfi cəhətiniz nədir?

- Mənfi cəhətim odur ki, hər şeyə emosianal cavab verirəm, ən xırda şeyi ürəyimə salıram - o da çox ziyandı.

- Bəs yeməkdə necə?


- Yeməkdə də çox kaprizniyəm.

- Rüstəm müəllim, çox mütaliə edirsiz?

- Elə mənim işim odur da! Bu ölkədə zövqlü mütaliəsi olan adamlardan biri sayıram. Bu, qeyri- təvazökarlıq olsa da, belədir. Çox dostlarıma məhşur yazıçıları tanıdan mən olmuşam. Ya da mənim yazılarım vasitəsiylə tanıyıblar ki, dünyada belə bir yazıçı var...

- Ümumiyətlə, yazıçıya tənqidçi lazımdırmı?

- Əslində tənqid fəlsəfənin, kulturoloji fikrin bir növü olmalıdır. Mən yazıçıdan, əsərdən yazanda həm də başqa mətləblərdən yazmaq istəyirəm. Onun mənsub olduğu mədəniyyətdən yazıram, onun təfəkkürünü bərpa edirəm. Bəzən yazıçı ilə gizli rəqabətə də girirəm. Mənim estetik kredom budur ki, insan yaxşı şeyi yazmalıdır. Əgər görürsən ki, yazıçıda gözəl bir fikir var, onu açıb oxucuya göstərməlisən.

- Bugünkü tənqiddən razısız?

- Sadəcə bizdə tənqidçi bir çox funksiyaları öz boynuna götürür, gücü çatana da,çatmayana da girişir. Təhlil əxlaqı olmalıdır. Bizdə təhlil mədəniyyəti yoxdu. Biri şomenlik edir, şou yapır. Bir başqası qərəzli şeylər yazır... və.s.

- Siz kimlərdən yazırsız?

- Mən Son vaxtlar ancaq klassiklərdən yazıram. Elə yazılar yazıram ki, 15 ildən sonra oğlum Qorqudun qabağında utanmayım. Deməsin ata, bu nə yazıdır yazmısan. Bütün yazılarda maraqlı fikirlər, gözlənilməz ideyalar, qəribə umumiləşmələr olmalıdır.

Bizdə alimlər, akademiklər var ki, səhifə-səhifə yazılarını oxuyursan, stat gətirməyə bir cümlə yoxdu.
Yazıçı Nəriman Əbdülrəhmanlıdan yazı yazmışdım. Haqqında kitab yazılan zaman ancaq mənim məqaləmdən statlar verilmişdi. Tənqidçi elə yazılar yazmalıdır ki, oxucu ondan təsirlənməmiş, sehrinə düşməmiş keçə bilməsin. Yaxşı mənada, ona düşünmək üçün “maneə ola biləsən”.

- Bəzən sizi yerlibazlıqda suçlayırlar...

- Nə yerlibazlıq? Bunu başqa nöqsan tapmayanda ortaya atırlar. Bu bir-birinə qarşı saldırmaq üçün atılmış oyunlardı. Azərbaycan balaca ölkədir, bu başından o başına 5-6 saata gedirsən. Deməli, bu məmləkətdə hamı sənin qohumundu, dostundu, eloğlundu. Çin deyil ki, bir-birini tanımayasan. Mən Dədə Qorqud, Əbdül Rəhim bəy Haqverdiyev, Mirzə Cəlil, Mikayıl Müşviq, Rəsul Rza, Əli Kərim, Anar, Kamal Abdulladan da yazmışam. Bunların heç biri eloğlum deyil. Amma indiyə qədər Səməd Vurğundan bir kəlmə yazmamışam. Yazmaq isə istəyirəm.

- Bəs niyə yazmırsız?

-İçimdə o qədər deyiləcək sözüm var ki. Başqa yazılar yazıram deyə ona enerji qalmır.

- Bizdə tənqidçilər də bir-birini bəyənmir...

- O yalnız bizdədir ki, bir tənqidçi digərini bəyənmir. Əslində hər kəs öz yazısını yazır da. Niyə fərqlilik olmasın ki? Qoy, müxtəliflik olsun da. Bu nə deməkdi, sən məndən üstünsən? Savada, təhsilə, istetada görə onların heç birindən özümü aşağı bilmirəm. Hər kəsin yazısı göz qabağındadır. Başqasını pisləməklə özünü tərifləmək anormallıqdı.

- Kitab təqdimatlarında görsənmirsiz. Səbəb?

- Gündə bir təqdimat keçirirlər. İşimi, gücümü atıb hər təqdimata getməliyəm?
Xarici ölkədə məhz kitabların reklamı ilə məşğul olan agentlər, menecerlər var. Satışı da onlar edir, reklamı da. Kitab təqdimatı ədəbiyyatda olmaq görüntüsü deyilmi? Ancaq bəyəndiyim, inandığım insanların kitab təqdimatlarında olmuşam. Bəzən də imkan olmayıb...

- Niyə xanım yazarların əsərlərindən yazmırsız?


- Niyə ki, yazmışam – Məhsəti Gəncəvi, M.Dilbazi, N.Rəfibəyli... Onu da deyim ki, bizdə bir çox xanımlar kişilərdən yaxşı yazır. Məsələn, saytlarda xanımların köşə yazılarına rast gəlirəm. Görürəm ki, bu mətnlərdə “kişi əzələsi” var, qadın qeybəti deyil, mükəmməl analitik təfəkkür var, savad var.

- Xanımlardan kimlər yaxşı şeir yazır?

-Maraqlı imzalar çoxdu, xanım yazarlar arasında. Məsələn, Fərqanə Mehdiyeva, Məlahət Yusifqızı, Narıngül, Esmira Məhiqızı, Könül Həsənqulu, Rəqibə Nazimqızı, İradə Aytelin, Günay Ümidin və digərlərinin adlarını çəkə bilərəm.

- Şairlərin dostluğuna necə baxırsız?


- Nə bilim vallah, şairin şairlə dostluğuna bir az şübhə edirəm. Hər bir şair bir-birinə yaxşı mənada rəqib olmalıdır. Şair şairi sevə bilməz. Azərbaycanda yalnız məşiət təmənnalı dostluq ola bilər. Xüsusən qadınlar arasında. Məsələn, sürü ilə şəkil çəkdirmək, tədbirə getmək... bu qrafomanlıq davranışıdır. Bu kişilər arasında da görsənir son vaxtlar. Amma, istedad əhli yalquzaq kimi olmalıdır. Xüsusən gənclərə tövsiyə edirəm, yalquzaq olun. Elm öyrənə biləcəyiniz adamlarla dostluq edin. O adamlarla dostluq edin ki, onlar sizdən çox savadlıdırlar.

- Sizin “Azərbaycan ədəbiyyatında bir sürü mənasız arvad peyda olub” deyiminiz artıq zərb-məsələ çevrilib. O “sürü”nün arxası gəlirmi?

- Təəssüf ki, gənclər arasından gələcəkdə həmin “bu sürü arvadlara” qoşulacaq təzə nəsil yetişir. Bu tarakan instinktidir. Görünür, onlar sürü halında mövcud ola bilərlər.

- Nəsr yazarlarından kimləri oxuyursuz?

- Zövqlə oxuduğum nasirlər var: Nəriman Əbdulrəhmanlı, Yaşar, Aslan Quliyev, Etimad Başkeçid, Xanəmir, Şərif Ağayar, Qan Turalı, Əlabbas, Z.Sarıtorpaq, K.Hacı və b.

- Şairlərdən?

- Hazırda Salam Sarvanı, Ə.Qaraqoplanı, Aqşin Yeniseyi, M.Dəmirçioğlunu, K.Qədim, Qisməti, Şəhriyarı oxuyuram. Hesab edirəm ki, bu imzalar Azərbaycan ədəbiyyatının qazancıdır. Bunlara qarşı diqqətli və ciddi olmaq lazımdır.

- Rüstəm müəllim, bu gün Azərbaycan ədəbiyyatının təbliği sizi qane edirmi?

- Azərbaycan vətəndaşı öz ədəbiyyatımızın təbliğində çox maraqlı olmalıdır. Öz kitabımızı oxumalıyıq. Çünki Azərbaycan ədəbiyyatı həm də Azərbaycan dövlətinin təhlükəsizliyidir. Sən bu ədəbiyyatı nə qədər yaxşı bilsən, bu dövləti də, bu milləti də bir o qədər sevəcək, qoruyacaqsan. Sən öz ədəbiyyat tarixini, mənəviyyatını bilmirsənsə, nəyi qoruyacaqsan? Çünki ədəbiyyat bu millətin mənəvi varlığını şərtləndirən hadisədir. Bəziləri Kafkadan danışır, amma Nizaminin bir əsərini də oxumayıb. Ola bilər, bizim ədəbiyyatda Dostoyevski yoxdur, amma rus ədəbiyyatında da “Dədə Qorqud” yoxdur...

- Hazırda nə işlə məşğulsuz?

-Ədəbiyyat mövzusunda filoloji esselər yazıram. Burada elmi məntiqlə esse azadlığı birləşib. Bir neçə pritça var sandığımda. Dostlara oxumuşam, reaksiya yaxşıdır. Hazırda dərcə hazırlayıram. Sonra Təbrizlə bağlı kitab yazmışam. Bütün mətn yuxu strukturu üzrə baş verir...

-Bu gün ad gününüzdür (red.: 2 iyul). Xüsusi hazırlaşırsız, yoxsa sıradan bir gün kimi qeyd edirsiz bu günü?

- Hər gün taleyin mənə inayətidir. Doğum gününü mənə bəxş edibsə, bu Allahın mənə lütfüdür. Mən bunu yüksək qiymətləndirirəm. Ancaq ad günümdə mən çox kədərli oluram. Sevinmirəm, bilirəm ki, ömürdən bir gün də getdi. Mən çalışıram ki, ad günümdən kimsənin xəbəri olmasın. Ad günü keçirməyi sevmirəm. Heç vaxt ad günümü özüm keçirməmişəm. Hər il başqa-başqa dostlar qeyd edir. Amma ilk dəfədir ki, ad günümdə müsahibə verirəm. Bu baxımdan manera.az-ın şansı varmış... (gülür)

- Sizə təşəkkür edirik!

- Buyurun, sizə də uğurlar...

(Ardı II hissədə)


Söhbətləşdi: Şəhla Aslan
Manera.az




Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031