manera.az
manera.az

O gün hamı xocalılıydı - Hekayə

📅 26.02.2026 14:43

O gün hamı xocalılıydı - Hekayə
MANERA.AZ Eyvaz Zeynalovun "O gün hamı xocalılıydı" hekayəsini təqdim edir.

Elnur, ay Elnur!

Elnur çağırışı qulaqardına vurdu. Məktəbdən yenicə gəlmişdi. Acdı, qarnı­nın hayındaydı. Stol arxasında anasının yeməyi haçan qızdırıb gətirəcə­yini gözləyirdi.

Çağıran əl çəkməyəndə durub küçəyə baxan pəncərəyə yaxınlaşdı. Sinif yol­daşı Məza­hirdi.

- Nədi, ə?

- Aşağı düş, sözüm var.

Bayırda quşbaşı qar yağırdı. Soyuqdu.

- Elnur, yeməyin hazırdı ha. - Anası mətbəxdən xəbərdarlıq etdi.

- Gəlirəm.

Həvəssiz aşağı düşdü. Məzahir pilləkənin ayağında gözləyirdi. Həyəcan­lıydı.

- Noolub? - Elnur soruşdu.

- Ermənilər bu gecə Xocalını yernən yeksan eləyib, bizimkiləri qırıblar. Canı­nı qurtarıb qa­çan xocalılar Naxçivanik, Qara­qa­ya tərəfdən Şelliyə axışır.

Şelli qonşu kənddi.

- Hardan bildin?

- Atam, əmimgil yığışıb köməyə getdilər. Mən də on­­lara qoşulmaq istə­dim, atam qoy­­madı.

Neçə gündü Xocalıdan cürbəcür pis xəbərlər gəlirdi. Ermənilər türklə­rin yaşa­dığı qonşu Malı­bəy­li, Quşçular kəndlərini işğal edəndən, sakinlərini güllədən keçi­rən­dən sonra qana batmış dişlərini Xocalı şəhərinə qıcamışdılar. Mühasirəni gün­bə­gün da­raldırdılar. Qədimdən türk məskəni olan Xocalı şəhəri erməni kəndlə­ri­nin əhatəsində adanı xatırladırdı. Düşmən nə qədər amansız, qaniçən olsa da xoca­lı­lar mərd dayanmışdılar. Təslim olmaq, torpağı ermənilərə vermək fikrində deyil­dilər...

Elnur nə fikirləşdi, nə fikirləşmədisə çönüb həyətdəki “Niva”ya baxdı. Atası hara getmişdisə gözə dəymirdi.

Ayaqlarının ucunda geri qayıdıb anasından xəlvət gödəkçəsini geyindi, təzə­dən aşağı düş­dü. Məzahirə arxasınca gəlməyi işarə etdi. Zənnində yanılmamışdı. “Niva”nın açarı üstündəydi. Sürücülük vəsiqə­si olmasa da maşın sürməyi pis ba­carm­ırdı. Gözünü açandan hə­yətdə maşın görmüşdü.

Nə qədər ehtiyatlı tərpənsələr də mühərrikin tırıltısına anası duyuq düşüb ikin­ci mər­təbədə, ey­vanda göründü. Maşının arxasınca harayladı:

- Elnur, hara gedirsən?..

Özünü eşitməməzliyə vurdu.

Onlar artıq qanmaz uşaq deyildilər. Bu gün-sabah orta məktəbi bitirəcəkdilər. Onuncu si­nif­də oxuyurdular. Bir tərəfdən də onları iştirakçısı olduqları Qarabağ hadisələri vaxtından əvvəl yetkinləşdirmişdi. Ermənilərin xəyanətindən, məkirli əməllərin­dən, təkcə indi yox, tarix boyu türklərə qarşı törətdikləri cinayətlərdən az-çox xəbərdardılar. Mək­təbi tez qurtarmaq, ermənilərə qarşı vuruşan könüllü dəstə­lərə qoşulmaq, Vətən torpağının keşiyində dayanmaq arzusu ilə alışıb yanırdılar...

Qonşu kənddən şəhərə doğru uzanan asfalt yolda maşınlar, piyadalar əriş-ar­ğac­dı. Daş dövrün­dəki kimi bel, yaba, dəhrə-balta ilə silahlanmış kənd sakinləri (Qarabağ hadisələri başlayanda ermənilərin başbilənləri erməniləri müasir silahlar­la təpədən dırnağacan silahlandırdıqları halda bizimkilər yerli əhalinin quş tüfəng­lə­rini belə qapı-qapı düşüb zorla yığmış, onları düşmən qarşı­sında əliyalın qoymuş­dular) kən­din yuxarı hissəsindəki dağlara doğru axışırdılar. O tərəfdən ya­ra­lılarla dolu qayı­dan şəxsi minik, təcili yardım maşınları yolu boşalt­maq üçün əsəbi halda siqnal­la­ya-siqnallaya şəhər xəstəxanalarına tələsirdilər...

Kəndin kənarındakı dağların ətəyi, qəbristanlığın böyür-başı camaatla doluy­du. Elnur “Niva”nı lap irəlidəki nəhəng bir qayanın arxasında dal­dalanmış adamla­rın yanı­na sürdü. Burda bir neçə minik, təcili yardım maşını da var­dı.

Çiyni avtomatlı könüllü əsgərlərdən biri “Niva”nın qabağına yeridi.

- Dayan! - dedi. - Özünü hara soxursan? Geri qayıt!

- Niyə qayıdım? - Elnur cır xoruzlar kimi şeşələndi.

- Görmürsən atırlar? Burda sizlik bir iş yoxdu.

- Olmasa, gəlməzdik. - Elnur höthötlüyünü yerə qoymadı.

- Baş qoşma, - başqa bir könüllü Elnurla öcəşənin qo­lundan dartıb apardı.

Elnur mühərriki söndürdü. Uzaqda, iki dağın arasındakı yamacda pərakəndə halda ağzıbəri qaçışan insan qaraltıları gözə dəyir, aramsız atılan güllə səsləri eşi­di­­lirdi. Qayalıqda gizlən­miş erməni yaraqlılarının gülləsinə tuş gələn xocalılar yı­xı­lır, ağır yaralananlar bir daha ayağa qalxmır, yüngül yaralananlar güc-bəla dikə­lir, ha­va­dan yapışırmış kimi əl-qol ata-ata, kimləri­sə köməyə çağıra-çağıra təzədən qaçır­dılar. Köməyə gedən­lər yaralıları güllə ya­ğışı al­tın­­dan bir­təhər sü­rüyüb çıxart­mağa çalışırdılar. Kənd sakinləri igidlikdə, fədakar­lıq­da kö­nüllü dəstələrin əsgərlə­rindən heç də geri qalmırdılar...

Xocalı qaçqınları Elnurgilin böyür-başında, qayanın arxa­sın­da daldalananların arasında da az deyildi. Ac-susuz, yaralı, əyin-başı tökülüb-itən bu adamlar qa­rın al­tında, soyuqda güclə ayaq üstə dayansalar da heç yana getmək istəmirdilər. Təzə gə­lən qaçqınları sorğu-suala tutur, ayrı düş­dükləri doğmalarından, qohum-əqrəba­larından nəsə bir xəbər öyrənməyə ça­lışırdılar. Qışın qar-boranı ağır yaralıları, xəs­tələri, qocaları, körpələri keçdikləri meşliklərdə, dağda-daşda dondurmuşdu...

Növbəti qaçqın dəstəsi bir ailədən, qoca kişidən, qarıdan, gəlindən və bir oğ­lan uşağından ibarətdi. Əyin-başları şil­­tim-şiltim, üz-göz­ləri qan içindəydi. Meşə­də, dağda-daşda kol-ko­sun, daş-kəsəyin dağıtdığı yalın ayaq­ları şişib kötüyə dön­müş­dü. Ağ saqqalı sırsıra bağlamış qoca itirəcəyindən qor­xurmuş kimi balaca nə­və­si­nin əlindən bərk ya­pış­mış­dı.

Bayaqdan gözünü qarşıdakı yamacdan çəkməyən cavan bir gəlin adamları ara­layaraq onla­ra yaxınlaşdı. Həyəcanla soruşdu:

- Ay xocalılar, bəlkə Əlifdən xəbəriniz ola?..

Nəvəsini təcili yardım maşınına mindirən qoca gəlinə sarı döndü. Zəif, xırıl­tı­lı səslə dedi:

- Əlif sağdı.

- Gözünüzlə gördünüz?.. - Gəlinin səsi titrədi.

Kişi saqqalını tərpətməklə təsdiqləsə də gəlinin üzü­nə baxmamağa çalışdı.

Gəlin Xocalı cəngavəri Əlif Hacıyevin xanımı idi.

Fevralın 25-də rusların Xankəndindəki 366-cı moto-atıcı alayı ilə bir­ləşərək Xo­calını bütün gecə iri çaplı silahlardan, qrad qur­­ğula­rından, toplardan atəşə tutan, viran qoyan er­mənilər, səhə­ri­si zirehli texni­kanın müşayəti ilə şəhərə soxulmuş, dinc əhalini qırmağa başlamışdılar.

Əlif Xocalı aeroportunun komendantı idi. Düşmənə qalmasın deyə son anda aeroportun dispetçer məntəqəsini partlatmış, kiçik dəstəsi ilə sağ qalan Xocalı sakin­lərinin Ağdam istiqamə­tin­dəki təhlükəsiz əra­zi­yə çıxmasına yardım etmişdi. Düşmənlə qeyri-bərabər döyüşdə Əlif Hacı­yev, Tofiq Hüseynov, Aqil Quliyev qəhrəmancasına şəhidliyə qovuşmuşdular...

- Getdik irəli!..

Elnur birdən maşını işə saldı. Sürətlə qəbristanlı­ğın alt tərəfindən do­la­nıb da­ğın döşü ilə ağzıyuxarı, qaçqınların gəldiyi yamaca dırmaşdı. Ermənilər onları gül­lə yağışı ilə qarşıladılar.

- Saxla, neynirsən?.. - Məzahir həyəcanla Elnurun qoluna toxundu.

Elnur maşını geri döndərib saxlasa da mühərriki söndürmədi. Xocalılar “Ni­va”­nı görüb ona tərəf qaçdılar. Düşmən gülləsi onlardan neçəsini yerə sərdi.

- Tez, tez gəlin!.. - Elnur maşının qapısını açıb onları tələsdirdi.

Son anda düşmən gülləsi daha bir nəfəri haqladı. Kömək­ləşib onu maşına qal­dır­dılar. O biri yaralıları da götürüb ağzıaşağı şığıdılar.

Güllələr maşının gövdəsini deşik-deşik eləsə də yaralıları təcili yardıma təhvil verib təzə­dən geri qayıt­dılar. Əvvəlki qorxu-hürküdən əsər-əlamət qalmamışdı. Yal­nız yaralıları düşmən gülləsindən qurtarmaq haqqın­da düşünürdülər...

Üçüncü dəfə yaralıların dalınca gedəndə onlara mane ol­mağa ça­lışdı­lar.

- Uşaqlar, daha bəsdi, - dedilər. - Baxın, maşın güllələrdən deşik-deşikdi.

Elnur fikir vermədi. Sükan arxasına keçməyi ilə gözdən itməyi bir oldu. Dağın döşündə düşmən gülləsi maşının qabaq şüşəsini ciliklədi. Elə qızışmışdılar ki, bu da onları qorxut­madı. İki yaralını götürüb geri dönəndə uzaqdan daha iki nəfərin əl-qol ata-ata onlara tərəf qaçdığını gördülər. El­nurun gözləməyə səbri çat­madı. Maşını irəli sürüb onları da götürdü.

Güllələrdən yayınmaq üçün sükanı o tərəf-bu tərəfə döndərdi­yinə görə maşın dərə-təpəlikdə atılıb-düşür, hərdən az qalırda sürüşüb böy­rüstə çevrilsin.

İri bir daşın yanından ötəndə bağırtı eşitdi­lər. Ağır yaralıydı. Tərpənə bilmirdi. Elnur maşı­nı saxlayıb arxaya verdi. Məzahir tez düşüb hıqqına-hıqqına onu yuxarı qaldırdı. Maşındakıların köməkliyi ilə yaralını qabaq oturacağa uzatdılar. Məzahir qapını bayırdan örtüb Elnura dedi:

- Sən bunları apar, mən bu daşın dalında gözləyirəm.

Aşağıda hamı həyəcanla onları izləyirdi.

Birdən Elnu­run qulağının dibində sanki bomba partladı, aləm gözündə qaraldı.

Düşmən bayaqdan ona meydan oxuyan “Niva”nı qranatatanla vur­muş­du. Sağdan dəyən zərbə maşını dağıtmış, Elnuru huşsuz halda kənara atmışdı.

Elnur bir də xəstəxanada ayıldı. Həkim onu gətirənlərdən soruşdu:

- Xocalıdandı?

- Əşi, fərqi nədi, görmürsən nə gündədi? - Onlar əsəbləşdilər.

O gün təkcə xocalılar deyil, bütün ağ­dam­lılar, hamı xocalılıydı...


Baxış sayı - 311 | Yüklənmə tarixi: 26.02.2026 14:43
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031