manera.az
manera.az

Şurəddin Məmmədli: Yaddaş və alın yazısı

📅 27.02.2026 18:47

Şurəddin Məmmədli: Yaddaş və alın yazısı
Nəriman Əbdülrəhmanlı yazır...

1. Yazılarından tanıdığım adam

Onu əvvəlcə yazılarından tanımışam...

Hələ tələbə olduğum illərdə abunə yazıldığım “Sovet Gürcüstanı” qəzetində tez-tez mədəniyyət, ədəbiyyat və folklor mövzularında maraqlı araşdırma məqalələrinə rast gəlirdim...

Sonra A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutu filologiya fakültəsinin Azərbaycan bölməsini 1978-ci ildə fərqlənmə diplomu ilə bitirdiyini, bir müddət Bala Muğanlı kənd məktəbində müəllim işlədiyini, indi Gürcüstan Dövlət Radio və Televiziya Komitəsinin Azərbaycan dilində verilişlər redaksiyasında işlədiyini öyrəndim.

Yollarımız 1984-cü ildə, görkəmli filosof və ictimai xadim, professor Teymuraz Cəfərli qəzetin redaktoru təyin olunanda, nəşrin formatı böyüdülüb, dövriliyi və ştatları artırılanda kəsişdi: artıq bir neçə illik jurnalist təcrübəsi olan, özü də, yazıları da tanınan Şurəddin Məmmədli elm və mədəniyyət şöbəsinin müxbiri oldu, mən də həmin şöbənin ştatlı ştatdankənar əməkdaşı kimi, gələcəyə ümidlə işləməyə başladım.

Aramızda cəmi-cümlətanı iki ildən də az yaş fərqi (1956-cı il fevralın 28-də Bolnisi rayonunun Kolagir kəndində doğulduğunu sonralar öyrəndim) vardı, amma fikrimcə, Şurəddin Məmmədli həyatdan nə istədiyini daha aydın dərk eləyirdi: güzəranında da, yaradıcılığında nizam-intizamlı, səliqəliydi, bizim kimi “bohem həyat”a maraq göstərmirdi, şeirlərini, məqalələrini dərc etdirir, gürcü dilini səylə öyrənir, Azərbaycan Elmlər Akademiyası Nizami Ədəbiyyat İnstitutunun aspiranturasında oxuyur, “XIX əsr gürcü mətbuatında Azərbaycan ədəbiyyatı məsələləri” mövzusunda elmi araşdırma aparırdı.

Şübhəsiz, həyatda da, yaradıcılıqda da uğur qazanmaq üçün çox vacib olan daxili senzurası Şurəddini daha da uzaqlara aparacaq, pillələri səbirlə, bir-bir qalxmasına yardım eləyəcəkdi...

2. Xalqın alın yazısını qələmə aldı...

Biz – Eyvaz Əlləzoğlu, Lətif Mustafaoğlu və mən – həyatın ciddi sınaqları qarşısında duruş gətirə bilməyib pərən-pərən düşəndə Şurəddin Məmmədli səbrinin, inadının, çalışqanlığının ilk bəhrələrini görməyə başlamışdı...

1988-ci ildə rlmi işini uğurla müdafiə eləyib filologiya elmləri namizədi alimlik dərəcəsi aldı, bitirdiyi, yenilənmə dalğasında S.S.Orbelianinin adını daşıyan Tbilisi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsində pedaqoji fəaliyətə başladı, “Gürcüstan” adı ilə nəşr olan qəzetin elm və mədəniyyət şöbəsinin müdiri vəzifəsində Arif Mustafazadəni əvəz elədi.

Elə o illərdə də Ermənistanın Azərbaycana torpaq iddiaları açıq müstəviyə keçəndə Şurəddin Məmmədli canından əziz saydığı doğma yurdu Borçalının tarixi taleyilə bağlı uzun illər yaddaşlardan və arxivlərdən səbirlə topladığı materialları ümumiləşdirməyə başladı, nəticədə “Paralanmış Borçalı vəya 1918-ci il Ermənistan-Gürcüstan müharibəsinin acı nəticəsi” adlı ilk kitabı 1991-ci ildə Bakıda işıq üzü gördü, böyük maraq doğurdu və tirajı tükəndiyindən 1995-ci ildə təkrar nəşr olundu. O, araşdırmasında Şurəddin bir çox faktları və sənədləri ilk dəfə üzə çıxarmışdı, sonralar həmin məsələlər tariximizin ayrıca problemləri kimi tədqiqat obyektlərinə çevriləcəkdi.

Amma Şurəddin Məmmədli bununla da yetinmədi, araşdırmasının miqyasını genişləndirdi, Gürcüstanın indi Kvemo (Aşağı) Kartli adlandırılan bölgəsinin - qədim Borçalı ellərimizin - keçmişini, dünənini, bugününü, başqa sözlə, mədəni-sosial-iqtisadi həyatını “Alın yazımız” kitabında işıqlandırdı. 1997-ci ildə Tbilisidə “Dayaq” cəmiyyətinin yardımı ilə nəşr edilən, “Əzəli qaynaqlar”, “Orta yüzillər”, “On səkkizinci yüzil”, “On doqquzuncu yüzil” və “İyirminci yüzil” bölmələrdən ibarət olan kütləvi-publisistik oçerk də sonralar Borçalı tarixini və Gürcüstandakı soydaşlarımıızın mənəvi mədəniyyətini araşdıranlar üçün sözün, əsl mənasında, bələdçi rolunu oynadı.

3. Bəzən səssiz, bəzən coşqun çay kimi...

Şurəddin Məmmədli, mən bilən, özünü tanıyandan şeir yazıb (sonralar “Qarapapaq” təxəllüsüylə), poetik duyumları qəzet-jurnallarda “Çeşmə”, “Dan ulduzu”, “Ağır elli Borçalı”, “Dağlar dərdə düşsə…”, “Ədəbi Gürcüstan” və s. ədəbi məcmuələrdə dərc olunub, 1998-ci ildə Tbilisidə “Borçalıda çaylar axar...” adı ilə toplu şəklində işıq üzü görüb.

Şurəddin o şeirlərində qışqırmır, Ana Kür, Anaxatır kimi gümüldənir. O gümültüdə xalqımızın minillik yaddaşı var, insanın əhədini kəsən ayrılıq var, şipşirin qovuşma arzusu var:

Orda - burda torpaq da bir, çay da bir,
Orda - burda qış da eyni, yay da bir,
Orda - burda haray da bir, hay da bir,
Anadan ayrılmış baladır yurdum!..


Amma Onun lirik məni yeri gələndə qalxıb kükrəməyi, öz haqqını istəməyi, sinəsini şərə qalxan eləməyi də bacarır:

Azadlıq! Adın şirin!
Azadlıq! Dadın şirin!
Gözündən vurub şərin,
Hayqırım hey... qalxım, hey!..


Yaşadığı ömrü bəzən səssiz, bəzən coşqun çaya bənzədən, amalının nəhəng dənizlərə qovuşmaq olduğunu söyləyən Şurəddin Məmmədli, əslində, həyatın “bir kərə zildən oxumaq” olduğunu çox gözəl dərk eləyir:

Ağırdır gileyin ömürdən, ildən,
Şam kimi əridin göz görə-görə.
Oxudun, oxudun bir kərə zildən,
Qu quşları sayaq tək bircə kərə...


Bu isə artıq şəxsiyyət, yaradıcı insan yetkinliyinin bariz əlamətidi…

4. Ardıcıl, davamlı araşdırma bacarığı

Şurəddin Məmmədli həyatında da, yaradıcılığında da ardıcıllığı qorumağı, davamlılığa nail olmağı bacarır. Onun 1990-cı illərin axırı – 2000-ci illərdəki elmi-ədəbi fəaliyyətində bu vacib keyfiyyətin izlərini aydın görmək olar...

Tbilisidə işıq üzü görmüş, yerli qaynaqlar əsasında qələmə aldığı “Gürcüstanın xalq artisti İbrahim İsfahanlı” (1997) və “Səhnə ülfətimizdən” (1998) kitabları Gürcüstanda Azərbaycan türk teatrı ənənəsinin mənzərəsini tam təsəvvür eləməyə imkan verir...

Bakıda nəşr olunan “Borçalı ədəbi mühiti: qaynaqları, təşəkkülü, inkişafı” (2000), “Ədəbi Borçalı: Bədii ədəbiyyatda Borçalı mövzusu” (2002), Tbilisidə işıq üzü görən “Gürcüstan azərbaycanlılarının ədəbi ənənələri” (2001), “Azərbaycan ədəbiyyatının Borçalı qolu (1920-ci ilə qədər)”, “Borçalı-Ahıska-Kars ortaq ədəbi arealı” (2004) monoqrafiyaları isə Şutəddin Məmmədlinin Gürcüstandakı ədəbi ənənələrimizin dolğun mənzərəsini yaratmaq baxımından çox əhəmiyyətlidi.

Şurəddin Məmmədli araşdırmalarında “Dədə Qorqud”, “Koroğlu”, “Aşıq Qərib” dastanlarının Gürcüstanla, Gürcüstan türklərinin folkloru ilə əlaqələri, Borçalıda yaşayıb-yaratmış onlarla şair və onların əsərləri barədə maraqlı məlumat verir.

Professor Nodar Canaşia və tarix elmləri namizədi, dosent Otar Tabusadze onun araşdırmaları haqqında yazıblar: “Boynumuza almalıyıq ki, bizimlə eyni torpaqda, eyni günəş altında, eyni dərd-sərlə, eyni sevinclə güzaran keçirən yüz minlərlə azərbaycanlı əhalimizin mədəni, ədəbi ənənələri haqqında az məlumata malikik. Məhz bu əsər bizə həmin sahədə əhəmiyyətli məlumatlar verir. Diqqətəlayiqdir ki, Gürcüstan azərbaycanlılarının aşıq sənəti bütün türk aləmində ən öncül yer tutur”.

5. Ömrünün uğurlu illəri

2002-ci ildə Şurəddin Məmmədli artıq Gürcüstan Milli Akademiyasının həqiqi üzvü seçilmiş, üstəlik, Gürcüstan-Azərbaycan ədəbi-mədəni əlaqələrinin araşdırılmasındakı xidmətlərinə, gürcü klassikləri əsərlərinin Azərbaycan dilinə yüksək səviyyədə tərcüməsinə görə “Şərəf” ordeninə layiq görülmüşdü…

2004-cü ildə isə AMEA Nizami Ədəbiyyat İnstitutunda “Borçalı ədəbi mühiti (1920-ci ilinə qədər)” mövzusunda elmi işini uğurla tamamlayıb, müdafiə eləmiş, filologiya elmləri doktoru elmi dərəcəsi almışdı, pedaqoji fəaliyyətini Tbilisi Dövlət Universiteti və Tbilisi Dövlət Pedaqoji Universitetinin Marneuli şəhərində yerləşən Kvemo-Kartli filiallarında, Heydər Əliyev Gürcüstan Azərbaycan Tədris Universitetində davam etdirir, elmi və elmi-publisistik araşdırmaları “Azərbaycan”, “Ulduz”, “Qobustan”, “Prometey”, “Çıraq”, “Borçalı”, “Droşa” (Bayraq), “Qarapapaqlar”, “Dədə Qorqud”… dərgilərində işıq üzü görürdü, elmi fəaliyyətindəki uğurlarına görə “Qızıl Kitab”, Gürcüstan azərbaycanlılarının ədəbiyyatının, tarixinin tədqiqindəki xidmətlərinə görə isə “Borçalı” mükafatlarına layiq görülmüşdü.

Professor Şurəddin Məmmədli yaradıcılığının başlıca istiqamətlərindən biri də Borçalıda yaşayıb-yaratmış maarifçlərin, şairlərin, yazıçıların, publisistlərin, el şairlərinin, aşıqların həyatını və əsərlərini araşdırmaqdı. O, Bakıda işıq üzü görən “Borçalı aşıqları” (həmmüəllif, 2005) toplusu və “Şair Zabit kimdir?”, “Borçalı ədəbi mühiti: Qaynaqları, inkişafı”, “Gürcüstanda Azərbaycan ədəbiyyatının inkişafı məsələləri”, “Azərbaycan klassik ədəbiyyatının Tiflis nüsxələri” kimi sanbalı elmi məqalələri ilə məhz bu missiyanı uğurla yerinə yetirir.

2006-cı ildə Tbilisidə nəşr olunmuş “Gürcüstan azərbaycanlıları” statistik-bilgi kitabı ilə də Şurəddin Məmmədli təəssübkeş ziyalı missiyasını gerçəkləşdirir. Nəşrdə tarixin ən qədim dövrlərindən 2000-ci illərədək Gürcüstandakı varlığımızla bağlı yığcam ensiklopedik bilgilər verilir, sanki bölgədəki türk ruhu pasportlaşdırılır.

2008-ci ildə “Paralanmış Borçalı, Qarapapaq Cümhuriyyəti” kitabının İranda farsca nəşri də onun bu missiyası ilə bağlı daha bir dəyərli faktdır...

6. Araşdırmaları daha geniş miqyas aldı...

Professor Şurəddin Məmmədlinin 2007-ci ildə ömür-gün yoldaşı, Gürcüstanda Azərbaycandilli təhsil tariximizin yorulmaz araşdırıcısı dr. Gülnara Qocayeva-Məmmədli ilə birgə Qars Kafkas universitetinə üz tutması, üçillik eimi-pedaqoji işdən sonra fəaliyyətini Ərdahan universitetində davam etdirməsi araşdırmalarının miqyasını daha da genişləndirməsinə imkan verdi.

O, artıq elmi konfranslarda və simpoziumlarda iştirak eləyirdi, iqamətgahı Konyada yerləşən TuranSAM (Turan Strateji Araşdırmalar Mərkəzi) Elmi Şurasının üzvü idi, “TuranSAM”, eyni zamanda “Pirosmani”, “Azerbaycan Kültür Dergisi”, “Bizim Ahıska” və s. dərgilərində Şota Rustaveli və Novruz, Kəpənəkçi Emin Ağa, Aşıq Şenlik və Borçalı, Gürcüstanda aşıq sənətinin öncülləri, Ziya Borçalı və Cönk-Beyazı, Azərbaycan poeziyasnda Novruz... mövzularında sanballı araşdırmalarını dərc etdirdi.

Amma professor Şurəddin Məmmədli ömrünün missiyasını bununla da bitmiş saymadı, Gürcüstandakı varlığımızın faktoqrafik sübutları ilə zəngin araşdırmalarını daha geniş arealda oxuculara təqdim elədi. Onun “Gürcistan'da Türkçe aşık şiiri gelenekleri” (Almaniya, 2016), “Gürcistan'da Türk edebiyatı” (Ərzurum, 2018), “XIX yüzil Azərbaycan Gürcü teatr ülfəti” (Bakı, 2018), “Azərbaycan ədəbiyyatı Gürcü mətbuatında (1850-1905)” (Ankara, 2022), “Gürcüstan - Azərbaycan teatr dostluğu (XIX yüzil)” ( Ankara, 2024) monoqrafiyaları, hər şeydən əvvəl, məhz bu cəhətdən dəyərlidi.

Onun “Türkiye Türkçesi - Azerbaycan Türkçesi farklı sözcükler” (Ankara, 2023) sözlüyü isə praktiki əhəmiyyəti ilə diqqəti çəkir. Formaca eyni, mənaca müxtəlif sözlər təkcə danışıqda və yazıda deyil, tərcümədə də tez-tez qarşımıza çıxır, çox zaman yanlış anlaşılmalara səbəb olur. Şurəddin Məmmədlinin böyük zəhmət tələb eləyən bu işi də məhz həmin yanıldıcı kəlmələri ehtiva eləyir.

7. Yaddaşına sadiq adam

2018-ci ildə dostum, görkəmli pedaqoq-alim və ziyalı Fərhad Xubanlı ilə Türkyənin Qara dəniz bölgəsinə səfərə çıxanda ilk yadımıza düşən professor Şurəddin Məmmədli oldu...

O, gəlişimizdən xəbər tutanda dərhal özünü yetirdi, köhnə dostlar kimi görüşdü, oteldə qalmağımıza imkan verməyib evinə apardı. Onda Gülnara xanım İstanbulda keçirilən simpoziumda olduğundan telefonda “qulluğumuzda durmağı” tapşırdı, Şurəddin də bu missiyasını könül genişliyilə yerinə yetirdi:

Çıldır gölünə səyahəimiz, ustad Aşıq Şenliyin abidəsini ziyarətimiz də onun sayəsində baş tutdu, üstəlik, Qarsa, Afina xanım Barmanbay-Məmmədliyə zəng vurub gəlişimizi xəbər verdi. Afina xanım da görüşümüzdə professor Şurəddin Məmmədlinin insan kimi xeyirxahlığından, təəssübkeşliyindən, diqqətcilliyindən ağızdolusu söz açdı.

Bilirəm ki, professor Şurəddin Məmmədli qardaş Türkiyədə yaşayıb-işləməyi də adi həyat axarı deyil, ömrünün ən vacib missiyalarından biri sayır, daim ruhumuzun yaşarılığı qayğısına qalır...

Tanıdığım 40 il ərzində gördüyü işləri gözlərim önündə canlandıranda ömür missiyasını ləyaqətlə yerinə yetirdiyini aydın görürəm...

Bu da zəhmətkeş alim və təəssübleş alim kimi professor Şurəddin Məmmədlinin alın yazısıdır...

2025, avqust


Baxış sayı - 259 | Yüklənmə tarixi: 27.02.2026 18:47
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031