manera.az
manera.az

«İsa Muğanna orta əsrlərdə yaşasaydı, əvvəlki əsərlərini tonqalda yandırardı» - MÜSAHİBƏ | MANERA.AZ

«İsa Muğanna orta əsrlərdə yaşasaydı, əvvəlki əsərlərini tonqalda yandırardı» - MÜSAHİBƏ | MANERA.AZ
Manera.az
Manera.az-ın bu dəfəki qonağı tənqidçi Mehman Qaraxanoğludur.

Mehman müəllim, sizin klassiklərə münasibətiniz maraq doğurur. Ümidvaram ki, Füzuliyə münasibətiniz müsbətdir. Bəs Füzulinin müasir oxucu üçün anlaşılmaması onun labüd aqoniyası demək deyilmi?

- Klassika bizdən o tərəfdədi: Sən istəsən, istəməsən də o tərəfdən bu tərəfə keçməlisən – “ölülər” səltənətindən “dirilər” səltənətinə, yəni indiyə. Hərçənd ki, indi də yoxdu. Və sənin harada ilişib qalmağından heç kəsin xəbəri olmur. Həqiqət budur ki, sən özünü nə qədər indidə hiss etsən də, ruhun klassikadan keçib gəlib. Ruhunun gəldiyi yolu özün görə bilmədiyindən, bunu dilə gətirmək olmur. Məgər hər dəfə deməyə ehtiyac varmı ki, məni də ana doğub? Amma hara qaçsan da, gəldiyin yolun üstündəki nəhənglərin xofu səni tərk etmir. “Xilasolma”nın ən primitiv yolu inkar etməkdi. “Cin yoxdu!” deyərkən özümüzü real cindən deyil, məhz bu müxtəsər cümlədən xilas etmiş oluruq. Həm də sən çoxluğa qarışırsan. Deməli, inkar çoxluğun azuqəsidir. Təklər inkar etmir. Psixoanalitik təhlillər bunu təsdiqləyir. Mirzə Fətəli Füzulidən qorxurdu, qorxunu dəf eləməyin ən sadə və həm də ən işlək yolu inkar etmək idi. Və bunu edir. Baxın, heç kim ortabab bir yazıçını inkar etmir! H.Cavidi kim inkar etməz ki?! İ.Muğanna da, K.Abdulla da mübarək inkarla tez-tez yol yoldaşı olurlar. Bu, əladı!

Füzulinin ədəbi fikrə təsirini necə qiymətləndirirsiz?

- Füzulinin və digər klassiklərin ədəbi fikrə birbaşa təsiri sıfırdı. Klassika olsa, olsa ayrı-ayrı fərdlərə təsir göstərə bilər. Füzuli də daxil olmaqla bütün klassiklərə münasibətim müsbətdi. Lakin ehkam deyil.

Füzuli aqoniyasından – ölüm fazasına daxil olmasından danışmaq absurddu. Sadəcə, biz travmatik şokdayıq...

Mehman müəllim, necə düşünürsüz, digər ölkələr kimi bizdə də Füzuli biliciləri onun qəzəllərinə şəhrlər yazsalar müasir oxucuların işləri asanlaşmazmı?

- Bu, yol deyildir, xalturadır. Bir nəfərin duyduğunu kütləviləşdirmək cəhdidir. Ardınca da desinlər ki, filankəs Füzulinin 1 nömrəli bilicisidir. Ədəbiyyat fərqli estetik zövqlərin toqquşduğu məkandır. Qoy hər kəsin klassikaya münasibəti fərqli olsun! Yəqin ki, hardasa kəsişəcək bu fikirlər. Oxucuların işini gözəl, dürüst tərcümə asanlaşdıra bilər. Nizamini..., Mirzə Şəfini nəsrlə tərcümə edib ver mənə. Bax, İran və Türkiyədə bu təcrübə çox tərəqqi edib. Böyük Mövlanə məhz nəsr körpüsündən keçib Qərbə daxil oldu. Bəs Nizami?! Nədir bu dahinin günahı?! Biz Avropa oyunlarınin qapısını Nizami hikməti ilə açdıq. Bu, özümüzün özümüzə və dünyaya ciddi mesajımız deyilmi?

Bəli!

...Deyilir ki, Seyid Əzim nəzmi Füzulini xatırladan ən uğurlu nümunələrdir. O, mükəmməl təhsil və fitri istedadı sayəsində buna nail ola bilib, yoxsa?..

- Zənnimcə, Seyid Əzim daha çox öz maarifçiliyində, “Qafqaz müsəlmanlarına xitab”ında, “Rəbiul-ətval” (“Uşaqların baharı”) dərsliyindədir, nəinki Füzuliyanə qəzəllərində. O, daha çox “Köpəyə ehsan”ın sürfəsindədir. Şərq daima gözünü tavana zilləyib metaforaların sızmasını “gözləyib” Var-gəl edə-edə qafiyələr püskürüb... Nəticə: Özündən, öz tərcümeyi-halından uzaq düşüb, epik təfəkkürün qapılarını öz üzünə bağlayıb. Seyid Əzim də, bugünkü şeirimiz də bu bəla ilə üz-üzədir. Uzun, nəfəskəsən şeirdə bircə metafora tapan tənqidçi az qala aləmə car çəkir ki, bu, əsl bədii tapıntıdır, kəşfdir.

Təhlil düzgün aparılmır?

- Əlbəttə. Ədəbi nümunələrə bu cür yanaşmağın özü də “Parçala, hökm sür!”ün başqa bir variasiyasıdır. Mən onun tərəfdarıyam ki, Nizamini də, Seyyidi də, digər klasssiklərimizi də dünya ədəbi kontekstində təhlil edək, konkret baxıb görək ki, dünya o zaman nə ilə məşğul olub, tutaq ki, Vaqif nə ilə... İnandırıram sizi, ədəbiyyat tariximizi yazanlar utandığından özlərinə yer gəzəcəklər. Bu cür yanaşmaya bir neçə klassikimiz davam gətirər.

Mehman müəllim, ədəbiyyatşünas Rüstəm Kamal deyir ki, Zakir Vaqiflə Füzuli arasında tərəddüd etdiyi üçün böyük şair ola bilmədi...Zakir böyük şair deyildi ki?

- Əvvəlcə müəyyənləşdirib görək Vaqifin adını Füzuli ilə yanaşı yazmağın özü nə qədər elmidir ki, Zakir də onların arasında tərəddüd eyləsin? Təkcə dil faktoruna görəmi? Məgər Vaqifin gördüyü işi ondan xeyli öncə aşıqlarımız görmədimi? Lap elə şairlər dədəsi Dədə Qorqud görmədimi? Yeri gəlmişkən, dilimizi və uşaqlarımızın ədəbi zövqlərini rüsvayçı həddə qədər korlayan meyxanaçılara “şair” deyirik, amma aşıqlarımız bu “statusdan” kənarda qalır. Niyə aşıq yaradıcılığı şifahi xalq ədəbiyyatının xüsusi bir sahəsi kimi tədqiq olunmalıdır? Qurbanini, Sarı Aşığı və digərlərini yazılı ədəbiyyatdan ona görə “uzaq” saxlayırıq ki, “özümüzkü”lərə yer qalsın! Tədqiqatlarda və orta məktəb dərsliklərində Vaqif 18-ci əsr ədəbi dilinin, S.Vurğun isə çağdaş Azərbaycan poeziya dilinin banisi hesab olunur. Dilin banisi e... Dünyada belə absurd titul varmı?

Burda Kərəmi ağlamaq yox, gic gülmək tutur, deyəsən... Eləmi?

- Düzü bilmirsən, ağlayasan, ya güləsən. S.Vurğun özü 1935-ci ildə yazdığı məqaləsində Vaqifi xalq şairi hesab etmir, onu erotik şeirlər və gözəlləmlər müəllifi hesab edir. Cəmi iki ildən sonra yazırdı ki, xalq düşmənləri Vaqifi xalq şairi hesab etmirlər. S.Vurğunu başa düşürük: İdeoloji təpki vardı, repressiya maşını hərəkətdə idi, Vaqifdən xalqlar dostluğunun tərənnümçüsü obrazını yaratmaq lazım idi, çünki bu, onun “haqqı” idi – bir üzü həmişə çar Rusiyasına baxıb. Sayat Novadan da belə obraz yapdılar, A.Şirvanzadədən də, T.Şevçenkodan da... Bəs sizə nə gəlib, ay ədəbiyyat tariximizi yazanlar? Sizi ki repressiya edən yoxdu? Başa düşürəm sizi, yazdığınız qalın-qalın yalanlardan - kitablardan qurtulmaq istəmirsiniz!

Mehman müəllim, mərhum İsa Hüseynov deyirdi ki, dünya təhriflərlə doludur. Və adların təhrifi də dünyanı dəyişdirir. Bəs sizcə, İsa Hüseynovla İsa Muğanna arasında bağlılıq nədir? Onların hər ikisinin adının İsa olduğunu nəzərə alsaq, deyə bilərikmi burada təhrif yoxdur?

- Bu nəhəng yazıçı haqda düşünəndə adam bilmir haradan başlasın! Əgər “Yer fırlanır” cümləsinə bircə “m” əlavə etsək, dünyadərkimizin bütün kodları dəyişər, hər şey alt-üst olacaq. Fəaliyyətimiz bu fırlanışa uyğun olaraq tənzimlənir. “Dünya duracaq yer deyil, ey can, səfər eylə!” (Nəsimi) Belə çıxır ki, səfərin nə olduğunu bilməzdik, köç haqda düşünməzdik... Dünya, sözün sınırlarındadır.

İsa Hüseynov sözdən o yana keçmək istəyirdi?

- Bəli, İsa Hüseynov sözdən o yana keçdi, yeni söz səltənətinə daxil oldu…

Buna görəmi əvvəlki adından imtina etdi?

- O Yan-da Muğanna olmalıydı. O, söz libasını dəyişdi. Və təbii ki, sözlərin mənaları, assosiasiyaları da dəyişdi. Heç onun “yeni” qəhrəmanları da bu dəyişimə hazır deyildilər. Görürsünüzmü, əvəllki adlardır. Və onların əvəzində də özü danışır. Zənnimizcə, Nəimi və digər xəlvəti elmlərlə məşğul olanlar ona güclü təsir göstərdi. Xəlvətiliyin sözlə ifadəsi də xəlvəti olmalıydı. OdƏr, SafAğ, EySar kimi... Düzümə diqqət edin: dil-OdƏr, elm – SafAğ, məkan – EySar... Dil öncədi! İsa İsa-nı inkar eləmir. İnkar hədəfi Hüseynov-dur. Bu, şüurlu şəkildə olan inkardır! O istəyirdi ki, oxucu Hüseynovdan “xilas” olub nəzərlərini büsbütün ona yönəltsin!

Bu mümkün idimi?

- Təbii ki, bu mümkün olan nəsnə deyildi. Çünki mən oxucu kimi İ.Hüseynovu yaxşı tanıyırdım. Kino və ədəbi tənqid onu tanımaqda mənə kömək eləmişdi. İndi özüm də onun kimi köməksiz qalmışdım... Ona görə də son əsərlərində oxucusuna kömək etmək istəyir, hətta hansı əsərdən sonra hansını oxumaq lazım olduğunu da söyləyir. Gec də olsa, bunu etdi. O, ortaya modern təfəkkür qoydu. Modernizmin daha çox bir dil hadisəsi olduğunu intiutiv duydu. O, dünya ədəbi prosesdən “xəbərsiz”, guşənişin olaraq bunu dərk etdi. Budur İsanın Muğannalığı... Tutaq ki, Borxes, U.Eko, K.Abdulla bunu elmiliklə bədiiliyin vəhdəti kimi təqdim edirlər. Axı onlar gerçəkdən semiotikdirlər. Ona görə də İsa həm də faciəvi bir Obrazdır. O, orta əsrlərdə yaşasaydı, əvvəlki əsərlərini tonqalda yandırardı... O, məğlub olmuş dahimizdir! Özü özünə məğlub olmuş dahi! Hətta dünya ədəbiyyatında bu sıradakılar içərisində də dahidir o!

Bəs İsa Muğannanın yazdıqlarına ədəbi tənqid layiqli münasibət göstərməyə hazırdırmı?

- Yox, ədəbi təhlil buna hazır deyildi. İsa Muğannanın – bu dahinin keçirdiyi halları azacıq yaşamadan, onun daxili sarsıntılarının şifrələrinə az da olsa bələd olmadan əsərlərinə girişmək olmur! Bu hallar, sarsıntılar peyğəmbərlərin keçirdiklərinə bənzəyir! İsa Muğanna gözümüzün önündə göy adamına çevrilib. Miqyassız bəlalarımızın köküdə Dil –in durduğunu hiss etmək dəhşətdi! O, Bir Dil üzərində variasiyalar apararq bəşəriyyətin xilas yolunu axtardı. Və özü də qızıl təhrifə gəlib çıxdı. O, öz EySarını sözdən qurdu. Və sonra sözün sərhəddini özü də aşa bilmədi... Bax, faciəvilik bundadır. Böyük yazıçı-semiotiklər U.Eko. K.Abdulla isə faciəni Dil Rəqsi ilə əvəz etdilər. Buna Üslub Rəqsi də demək olar...

Ardı var...


Söhbətləşdi: Şəhla Aslan
Manera.az

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031