manera.az
manera.az

İlmələrdə yaşanan ömür

📅 17.11.2017 20:22

İlmələrdə yaşanan ömür
Bu gün Azərbaycan xalça sənətinin inkişafında böyük xidmətlər göstərmiş Xalq Rəssamı, SSRİ Dövlət mükafatı laureatı Lətif Kərimovun doğum günüdür.

MANERA.AZ xəbər verir ki, dekorativ-tətbiqi sənətimizin, xüsusilə xalçalarımızın el sənəti qaynaqları ilə bağlı olan milli cəhətlərini, eləcə də onların bədii xüsusiyyətlərini və texnologiyalarını dərindən bilən görkəmli sənətkar Azərbaycan xalçalarına əsl mənada ikinci ömür verib, onların dünya miqyasında tanıdılmasında böyük işlər görüb.

Lətif Kərimov 1906-cı ildə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Şuşa şəhərində dünyaya göz açıb. Onun atası Məşədi Hüseyn papaqçı, anası Telli Hacı Nəsib qızı isə Qarabağın tanınmış xalçaçılarından olub.

Lətif Kərimov 1930-cu illərdə xalq ənənələrinə əsaslanaraq klassik xalça rəsmləri hazırlayıb və xalça sənətinə bir sıra yeniliklər gətirib. Onun təşəbbüsü ilə 1937-ci ildə Bakıda mərkəzi boyaqçılıq emalatxanası yaradılıb. Rəssam ilk dəfə olaraq xalça üçün rəng şkalasını yaradıb. O, 1945-ci ildən ömrünün sonlarına kimi Azərbaycan SSR EA-nın Memarlıq və İncəsənət İnstitutunun dekorativ-tətbiqi sənət şöbəsinə (1984-cü ildən etibarən isə xalça sənəti şöbəsinə) rəhbərlik edib. Lətif Kərimova “Azərbaycan xalçalarında ornamentlərin mənşəyi” əsərinə görə 1950-ci ildə sənətşünaslıq namizədi alimlik dərəcəsi alıb.

Onun xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilib. O, 1950-ci ildə SSRİ Dövlət mükafatına, 1955-ci ildə Əməkdar İncəsənət Xadimi, 1960-cı ildə isə Xalq Rəssamı fəxri adına layiq görülüb.
İlmələrdə yaşanan ömür
Böyük sənətkarın təşəbbüsü ilə 1967-ci ildə Bakıda unikal muzeyin – Azərbaycan Xalça Muzeyinin əsası qoyulub, 26 il sonra isə muzeyə milli mədəniyyət və incəsənətinin görkəmli xadimi Lətif Kərimovun adı verilib. Muzey yarandığı vaxt dünyada xalçaların qorunub saxlanıldığı, öyrənildiyi, sərgiləndiyi yeganə müəssisə idi. Bu mədəniyyət ocağında xalqımızın qiymətsiz sərvəti olan Azərbaycan xalçalarının və xalça məmulatlarının ən mötəbər və rəngarəng kolleksiyası qorunur, tədqiq olunur və nümayiş etdirilir.

Lətif Kərimov tanınmış rəssamlarımız (K.Kazımzadə, İ.Axundov və başqaları) ilə birlikdə 1940-1941-ci illərdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin yubileyinə həsr edilmiş beş xalça hazırlayıb. Bu xalçalarda şairin “Xəmsə”sinə daxil olan poemalardan götürülmüş epizodlar təsvir edilib.

Böyük xalçaçı rəssam uzun illər M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) xalça sənəti üzrə pedaqoji fəaliyyətlə məşğul olub. O, çoxsaylı xalça çeşniləri, bir sıra memarlıq tikililərinin bədii tərtibatı, divar bəzəkləri, zərgərlik əsərləri, parça naxışları və digər nümunələrin müəllifidir.

Lətif Kərimovun eskizləri əsasında toxunmuş “Əfşan”, “Qonaqkənd”, “Ləçəkturunc”, “Şuşa”, “Göygöl”, “Qarabağ”, “Butalı”, “Bahar”, “Heyvanlar aləmində”, “Şəbi-hicran”, “Zərxara”, “Firdovsi”, “Səməd Vurğun”, “Vaqif”, “Füzuli”, “Nəsimi”, “Əcəmi” və s. xalçaları Azərbaycan xalçaçılıq sənətinin qiymətli nümunələrindəndir.

Lətif Kərimov 1991-ci ildə Bakı şəhərində vəfat edib.


Baxış sayı - 972 | Yüklənmə tarixi: 17.11.2017 20:22
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031