“Çarəsiz evlənmə” komediyasının premyerası olub | MANERA.AZ
![]()
Ağdam rayonunun Quzanlı qəsəbəsində məskunlaşan, son zamanlar yüksək templə inkişaf edən Ağdam Dövlət Dram Teatrında dramaturq Arif Mədətovun “Çarəsiz evlənmə” komediyasının premyerası olub.
Maraqlı rejissor yozumu ilə diqqət çəkən səhnə əsəri günümüzlə səsləşən süjet xəttinə malikdir. Əsərdə xeyirlə şərin mübarizəsi saf məhəbbətlə var-dövlət hərisliyinin timsalında təqdim olunur. Müflis olmuş ata vəziyyətdən çıxış yolunu oğlunu varlı adamın yaşlı və çirkin qızı ilə evləndirməkdə görür. Oğul isə qonşu qızını sevir. Beləliklə, tərəflər arasında komik, bir qədər də tragi-komik situasiyalarla zəngin olan intriqa və konfliktlər vüsət almağa başlayır...
Manera.az xəbər verir ki, prmyeranı Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raquf Məmmədovla yanaşı, rayon rəhbərliyi və Ağdamın tanınmış ziyalıları da izləyib.
Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Ağdam Dövlət Dram Teatrının Baş rejissoru Sərvər Əliyev, quruluşçu-rəssamı Elman Balakişiyev, bəstəkarı Azərbaycan Respublikasının Xalq artisti Eldar Mansurov, rejissor-asissenti Nəcibə Quliyevadır. Tamaşadakı rolları Əmədar artist Aidə Qasımova, aktyorlar Siluddin Quliyev, Elgiz Mürşüdov, Fərqumə Yusifova, Cəfər Bayramov, Nizami Əsgəroğlu, Afaq Əliyeva, Xəyalə Xudatova, Tural Yusifov, Hikmət Şirin və Qalib Abdullazadə ifa edirlər.
Turan Etibaroğlu