Manera.az Mirmehdi Ağaoğlunun "Nisyə" hekayəsini təqdim edir.Mağazanın ağzında bəzən gecəyarıya qədər də üç-beş nəfər olur. Xoşbəxtlikdən bu dəfə heç kəs yox idi. Mağazanın içi çölə baxan iri pəncərəsindən aydın görünürdü: içəridə bircə müştəri vardı. Səlim qapıdan boylanıb astadan dedi:
-Axşamınız xeyir.
Girişdən soldakı hündür soyuducu alıcını gizlədirdi. Piştaxta arxasından təkcə başı görünən satıcı Rəşid isə marianet kuklalar kimi o yan bu yana dartılırdı.
- Hər vaxtın xeyir- alıcı dedi.
Rəşidin qabağında dayanmış müştəri çevrilib dilucu söylədi. Bir anlıq baxışları toqquşdu. Üzlərində ani təbəssüm peyda oldu, qeyri-ixtiyari irəli gəlib bir-birinə əl verdilər.
- Necəsən?
- Sağ ol, sən necəsən?
- Burda yaşayırsan?
- Hə.
- Mən də təzə köçmüşəm.
- Hansı tərəfə?
- Bu yoldan yuxarı qalxanda. Əşrəfgilin qonşusuyam. - Alıcı əlini uzadıb pəncərədən qarşı yolu göstərdi.
- Tanımıram ki. Rəşid də bilir, mən burda çox adam tanımıram. Səhər gedirəm, bir də axşam qayıdıram.
- Məhləyə çıxırsan ki, tanıyasan? - Bayaqdan dinməzcə müştərilərin söhbətini dinləyən Rəşid dedi.
- Nə bilim, vaxt olmur.
Bu qısa hal-əhvaldan sonra ikisi də susub söhbətin ardını gətirmək üçün gözlərini döydülər. Yaxşı ki, Rəşid duyuq düşmüş kimi ikicə hərflik sözlə onları bu yersiz susqunluqdan xilas elədi:
- Hə.
- Qoy qardaş alsın, mən çox şey alasıyam. – Tanış dedi.
- Yox, narahat olma. Al. Mənim də işim çoxdur.
- Qaçaqaç deyil ki. Buyur, sən al.
Səlim əslində çox şey alası deyildi. Arvadı bayaq “səhər yeməyinə mürəbbə ilə çörəkdən başqa heç nə yoxdur” deyəndə əlindəki kitabdan gözünü ayırmadan ötəri cavab vermişdi ki, eybi yox, bir səhər də mürəbbə-çörək yeyərik.
Onsuz səhər yeməyə nə iştahası olurdu, nə də yuxudan gec durduğuna görə vaxtı. Bircə stəkan çayı ayaqüstə qurtumlayıb çantasını götürəndə ertədən qalxıb süfrə hazırlayan arvadı hədər gedən zəhmətinə görə danışarıd. O isə bəhanələr gətməklə əsl həqiqəti gizlədərdi; səhər yeməyini təkcə mürəbbə-çörəklə ötüşdürmək heç özünün də ürəyincə deyildi.
- Sənə görə demirəm, uşaqlar üçün deyirəm.
- Uşaqlar da mürəbbə yeyər. İki günə maaş olacaq.
- Nə maaş e. Pul alanda da elə ikicə gün normal yeyirik. Deyirəm uşaqlar səhər yumurtadan başqa heç nə yemirlər, tutmusan ki, mürəbbə yesinlər.
- İkicə gün. - Səlimin adət etdiyi bu söhbətlərə cavabı avtomatik olduğu üçün başını qaldırmadan cavab verdi.
- Əl çəkmirsən e kitabdan. Onsuz bütün günü görmürəm üzünü, zəng edirik, deyirsən işim var. Axşam da gəlib ya kompüterdən yapışırsan, ya da kitabdan.
- Neyləyim bəs? Yaxşı, de sözünü. - Birdən o biri otaqda oynayan uşaqlar dalaşmağa başladılar. Yoldaşı söhbəti yarımçıq qoymayıb burdanca onlara acıqlandı:
- Kəsin səsinizi. Feysbukdakılar məndən artıqdı? Onlarla danışmağa vaxtın olur, amma.
- Yaxşı bağladım kitabı, danış.- Kitabı örtüb arvadının üzünə baxdı.
- Daha heç nə.
- Bax, görürsən? Nə özün bir iş görürsən, nə də mənə imkan verirsən.
- Kompüterdə danışmağa vaxtın olur.
- Görürsən ki, kitab oxuyuram.
- Get yumurta al, heç olmaya “squşonnı moloko”. Uşağın pampersi də qurtarıb.
- Cəmi 3 manatım var. O da yol pulu, bir də sabah naharadı.
- Nisyə götür.
- Utanıram.
- Tay öz işindi. Amma bilmirəm bizim axırımız hara gedir.
Qanı qaraldığından daha heç nə oxuya bilmədi. Termonun üstündən siqareti götürüb qapıya çıxdı. Siqaret yandırıb dükana sarı getdi.
Yoldaşını da qınamalı deyildi. Maaşı ayın başına güclə çatırdı. Məvacibi alan kimi ər-arvad supermarketə gedib toyuq, yumurta, qənd, şəkər tozu, kolbasa, sosiska, qatılaşdırılmış süd, düyü, qarabaşaq, makaron, sabun, şampun, diş məcunu, yuyucu toz... evə nə lazımdırsa alırdılar.
Maaş alınan günün səhəri süfrəyə qayğanağın yanında bir nimçə qatılaşdırılmış süd, yağ, pendir, şəkər tozu, dilimlənmiş kolbasa qoyulardı. Belə səhər yeməyindən kim boyun qaçırardı? Səlimin də iştahı açılardı. Vay o gündən ki, işə gecikəydi. Onda gözləri süfrənin arxasınca qalardı.
Bazarlıqları bircə həftəni ancaq görürdü. Elə bircəcə həftə səhərlər düz-əməlli yemək olurdu. Əvvəl süfrədən kolbasa yox olurdu, ardınca pendir, sonra qatılaşdırılmış süd, ən axırda yağ. Yumurta qurtaran kimi tədbir görülürdü. Başqa xərclərindən qınqırdıb arada məhəllədəki xudmani dükandan yumurta alırdı. Yumurta uşaqların sevimli yeməyi idi, onsuz olmazdı. Balaca ondan “Kinder” istəyəndə o “alacam” deyib uşağı ovutsa da, bədxərclik etməyib “Kinder”in puluna da yumurta alırdı. Yaxşı ki, hələ körpə idi, yumurtaya “muta” dediyi kimi, həyatı da yarım-yapalaq görürdü.
Rəşiddən bir –iki dəfə nisyə götürsə də bunu utana-utana etmişdi. Dükanın tam boşalmağını gözləyir, təklikdə qalmağa məqam güdür, sifarişlərini paketə yığdırıb astaca Rəşidə deyirdi ki, iki, ya üç günə-maaş alan kimi pulunu verəcək.
Rəşid də sağ olsun, yox demirdi, amma nisyə dəftərini açıb adını yazanda Səlimi pərtlik boğurdu. Elə bil adını borc dəftərinə yazmırdılar, şəklini polisin axtarış lövhəsinə yapışdırırdılar.
Rəşid hərfləri naqolay şəkildə bir-birinin dalına düzənə kimi o içini yeyirdi. Tanış-bilişlərin dükana girib adını nisyə dəftərinə yazdırmağını görməyindən ehtiyat edə-edə bir gözü qapıda, o biri gözü dəftərdə, Rəşidin yazacağı məbləğə baxırdı. Buna görə köhnə nisyəni qaytarmamış yenisini götürmək daha sərfəli idi. Rəşid bir göz qırpımında dəftəri açıb adının qabağına yeni məbləği yazırdı, vəssəlam.
Pəncərədən piştaxtanın önündə dayanmış adamı tanımayıb toxtamışdı. İçəri girib dörd cərgə düzülmüş vitrinə baxar, o vərə-vurd edənə kimi də müştəri gedərdi. Di gəl, müştəri də köhnə tanışı çıxmışdı. İndi ha fırladırdı ki, o, alverini edib tez getsin. Tərslikdən köhnə tanış da elə bil üzə durmuşdu, bütün vitrini yığdırmışdı piştaxtaya. Səliminki gətirmədi, tanışı alver edib qurtarana kimi təzə müştərilər dükanı dolduracaqdılar.
Tanış deyəndə, yaxın deyildilər. Səlim onu məktəb illərindən xatırlayırdı. Bayaqdan heç adını da yadına sala bilmirdi. Ancaq qardaşının adını unutmamışdı -Xəyal.
Xəyal bir sinif yuxarıda oxumuşdu. Avaranın biri idi. Məktəbin yanında olurdular. Səlim qardaşları həmişə məktəb binası həndəvərində sülənən, dava-dalaş edən görmüşdü. Quruca “salam-sağ ol”ları vardı. Səlim dərsə gələndə onlar məktəbin həyətində dayanıb qızlara baxardılar. Eyni şey dərsdən çıxanda da təkrar olunardı. Bir də gördün hansısa qızın üstündə möhkəm dava düşdü. Bütün oğlanlar məktəbin arxasına axışardı. Söz-söhbət başlayardı. Həmin söhbətlərdə Xəyal həmişə baş idi. Zalım oğlunun yaman kəllə atmağı vardı.
Səlim belə davalarda adətən tamaşaçı olardı. Əlaçı idi, şuluq işlər onluq deyildi. Bərkə düşsəydi, adını unutduğu tanışının yanında Rəşidə “on yumurta ver, yaz dəftərə iki günə verəcəm” deyə bilərdi. Amma istəmirdi Xəyalın qardaşı fikirləşsin: məktəbdə sənin başına and içirdilər, bizi isə məktəbin həndəvərindən də qovurdular. Hamı sənə qibtə ilə baxırdı, müəllimlər səndən ağız dolusu danışır, parlaq gələcəyinin olacağını vəd edirdilər. On il keçib üstündən, bu idimi o “parlaq gələcək”? Yumurtanı da nisyə alırsan.
- Mən hələ çox şey alacam, qaqa, sən al. Məni gözləmə. - Deyəsən Xəyalın qardaşı da onun adını unutmuşdu, bayaqdan eləcə “qaqa, qaqa” deyirdi. On il az müddət deyil. Kim idi onun adını on il yadında saxlayan? Arada nəvələrə görə yolu məktəb tərəflərə düşən anası gəlib fəxrlə danışırdı ki, müəllimlər səni xeyli təriflədilər. Deyirlər, ondan sonra belə şagird gəlməyib bu məktəbə. Səlim bu sözlərə inanmırdı. Yəqin, müəllimlər adının baş hərfini belə unutmuşdular.
- Narahat olma. Elə mənim də işim çoxdu. - Xəyalın qardaşı artıq xeyli şey yığdırmışdı piştaxtanın üstünə. Soyuducudan “Səba” toyuğu çıxartdırıb təzədən “Siyəzən”lə dəyişdirtdirmişdi. İki çörək qoydurmuşdu zənbilə. Sonra iki “Kinder”, on ədəd yumurta, bir banka qatıq, bir parça günəbaxan halvası, yarım kilo pirojna, bir ədəd tyubikli mayonez, bir ədəd ketçup, bir qutu“LD” siqareti. İndi də kolbasalara baxırdı. Piştaxtadakı sellofan paketlər dolmaqdaydı.
- Qağa, al. Evdən çox şey tapşırıblar. Mənə görə sən də avara qalma. - Tanış vitrindəki kolbasalara baxa-baxa Səlimə dedi.
- Elə mənə də.
- De, sənin üçün də yığım, onsuz müəllim kolbasa seçir – Rəşid dilləndi. Səlimin başqa əlacı qalmamışdı, deyəsən tanış hələ çox şey alacaqdı.
- Yaxşı, hələlik on dənə yumurta ver.
- Sonra... - Rəşid yumurtaları saya-saya dedi. Sonrası o idi ki, Səlimi “Rəşid, bunları nisyə yaz” deməyin dərdi götürmüşdü.
Xəyalın qardaşı əlini vitrinə uzatdı.
- Halaldı?
- Elə deyirlər. İndi halal nə var ki, halal kolbasa da ola. - Rəşid vitrinin qapısını çəkib müştərinin göstərdiyi kolbasanı götürdü. Kəsim, ya hamısını verim?
- Dayan hələ, sən qardaşı yola sal, o biri kolbasalara da baxım.
- Yaxşı, bax. Sonra nə verim, Səlim? - Rəşid dedi.
- Dayan, mən də evə zəng edim, öyrənim görüm başqa nə lazımdı, yadımdan çıxan bir şey qalmayıb?
Üçü də bir-birlərinə baxıb qımışdılar.
Səlimin yadından heç nə çıxmamışdı. Alacaqlarından bir banka qatılaşdırılmış süd qalmışdı, üç ədəd də 4 nömrə uşaq bezi. Sadəcə Xəyalın qardaşı gedənə kimi vaxt qazanmaq istəyirdi.
Səlim “o “squşonnı”dan da birini qoy” deyib nömrəni yığa-yığa bayıra çıxdı. Qapıdan çıxa-çıxda “No” düyməsini bassa da telefonu gicgahından çəkmədi.
Noyabr üçün hava xoş idi. Qısaqolda üşümürdü. O biri əlini döş cibinə aparıb siqaret çıxartdı. Gözləri dükanın pəncərəsində idi. Xəyalın qardaşı piştaxtanın qarşısında Rəşidlə danışır, tez-tez başını qapıya sarı çevirirdi.
Belə yerdə necə deyirlər? Bir an bir il kimi uzun görünürdü. Səlim dükanın qabağında var-gəl gedir, özünü elə aparırdı guya telefonla danışır. Arada ucadan “hə,hə” deyirdi.
- Yaxşı, qaqa sağ ol. Xəyalın qardaşı qapıda göründü.
- Sağ ol, sağ ol, qardaş. Səlim onun arxasınca dedi. Əlində balaca paket tutmuşdu. Səlim tez özünü içəri saldı.
- “Squşonnı” da qoydun?
- Hə.
- Üç dənə pampers ver, bir paçka da adi “Vest” .
- Sonra? - Rəşid əlini arxaya siqaretlər qoyulmuş vitrinə apardı.
- Heç nə. - Səlim qapıya boylanıb dedi. Bunları dəftərə yaza bilərsən? İki günə verəcəm. Olar?
- Əlbəttə.
- Ay çox sağ ol. - Bilirdi ki, Rəşid heç vaxt ona rədd cavabı verməz. Bununla belə hər dəfə eyni sözləri deyənəcən ölüb-dirilirdi.
Rəşid dəftəri açdı. Səlim sellofan paketi tərəzinin üstündən götürə-götürə gözünü dəftərə dikmişdi. Paket tərəzinin qırağından qırmızı papağı boylanan ketçup bankasına toxunub aşırdı. Xəyalın qardaşınının yığdırdıqlarının çoxu piştaxtada qalmışdı. Təkcə toyuqla çörəkdən başqa. Ketçup bankasını dikəldə-dikəldə dəftərə baxdı. Rəşid axırıncı adın altında onun adını yazırdı.
- Qoşqar. Axır ki. Bayaqdan nə qədər edirəm adını yadıma sala bilmirəm.
- Dostun deyil ki? – Rəşid dedi.
- Məktəbdən tanıyıram, elə- belə.
- Eh, mən də sənə görə ona nisyə verdim. Bilsəydim verməzdim. Bayaqdan nə illah edirdi razılaşmırdım.
Səlim dükandan çıxanda Rəşid arxasınca soruşdu:
- Tanışın necə oğlandı, atıb eləməz, qaytarar?
Bu razılaşdırılmamış oyunda əldə etdiyi qələbədən vəhşi bir məmnunluq duyan Səlim geriyə baxmadan cavab verdi:
- Qaytarar, qaytarar.
MANERA.AZ
Baxış sayı - 2 251 |
Yüklənmə tarixi: 27.03.2017 21:59