manera.az
manera.az

10 mart Milli Teatr Günü qeyd olundu

10 mart Milli Teatr Günü qeyd olundu


Martın 10-da Azərbaycan Teatr Xadimləri İttifaqında “Zaman və Teatr” adlı elmi-praktik konfrans keçirilib.

Konfrans Mədəniyyət və Turizm Nazirliyi, Mədəniyyət və İncəsənət Universiteti və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə baş tutub.

Respublikanın tanınmış mədəniyyət və teatr xadimlərinin iştirakı ilə gerçəkləşən konfrans Azərbaycan Milli Peşəkar Teatrının yaranmasının 144 illiyinə həsr olunub.

Tədbirdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Xalq Artisti Azərpaşa Nemət çıxış edərək konfransın əhəmiyyətindən danışıb. Milli teatrımızın keçdiyi tarixi inkişaf yoluna nəzər salan A.Nemət deyib ki, bu illər ərzində Azərbaycan Milli Peşəkar Teatr məktəbi əxlaqi-mənəvi keyfiyyətlərə yiyələnərək vətənpərvər ruhlu sənətkarların formalaşmasında müstəsna rol oynayıb.

Bildirilib ki, hazırda ölkəmizdə milli dəyərlər sisteminə əsaslanan yeni teatr tipi və səhnə mədəniyyəti ilə seçilən aktyorlar məktəbi mövcuddur.

Azərbaycan teatrına və mədəniyyətinə göstərilən dövlət qayğısından söz açan natiq bildirib ki, son illərdə onlarla sənət adamına dövlətimizin başçısının sərəncamları ilə yüksək fəxri adlar verilib. Hər il 100 nəfər istedadlı sənət adamı Prezident təqaüdünə layiq görülür. Yüzlərlə insanın mənzil və digər problemləri həll olunur. Bütün bunlar teatr xadimlərinə göstərilən diqqətin bariz nümunəsidir.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycan Milli Peşəkar Teatrının qısa zaman kəsiyində keçdiyi professional inkişaf yolundan danışıb.

Ulu öndər Heydər Əliyevin milli mədəniyyətimizə və incəsənətimizə böyük diqqət ayırdığını söyləyən nazir müavini bu sahədə müvafiq siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Diqqətə çatdırılıb ki, dövlət başçısı teatr sahəsinin inkişafı ilə bağlı olduqca önəmli addımlar ataraq bu yöndə müvafiq sərəncamlar imzalayıb. Belə ki, 2006-cı ildə Azərbaycanda “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsini əks etdirən Qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan edilib. 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm sənəd - “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalayıb. 2009-cu il mayın 18-də isə dövlət başçısı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq edib.

Nazir müavini əlavə edib ki, bu gün Azərbaycan teatrının 10 illik inkişaf perspektivlərini müəyyənləşdirən Dövlət proqramı öz fəaliyyəti ilə milli-mədəni sərvətə çevrilən teatrımızın zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, Avropa mədəniyyətinə inteqrasiya olunması, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi, teatr binalarının dünya standartlarına uyğun təmiri, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsi və repertuarın günün tələblərinə uyğun formalaşdırılması məqsədlərinə xidmət edir.

Ə.Vəliyev deyib: “Hazırda ölkəmizdə 28 teatr fəaliyyət göstərir. Son 10 ildə Azərbaycan teatrı 30 ölkəyə qastrol səfəri edib. 30-dək rejissorumuz beynəlxalq sənət mübadiləsinin iştirakçısı olub. O cümlədən, bu illər ərzində regionlarda və mərkəzdə islahat xarakterli yeniliklər sınaqdan keçirilib. Teatrlarımızda 1000-dək tamaşa nümayiş olunub ki, bunun 250-si dövlət sifarişi ilə, 750-si isə təsdiq olunmuş plan üzrə hazırlanıb. Eyni zamanda, teatr sahəsinə aid 40-dək kitab işıq üzü görüb”.

Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva çıxış edərək rəhbəri olduğu ali təhsil ocağında teatr sahəsinin tədrisinə göstərilən diqqətdən və bu sahədə görüləcək işlərin vacibliyindən danışıb.

Sonra Əməkdar incəsənət xadimləri İlham Rəhimlinin “Zaman və Teatr”, Məryəm Əlizadənin “Teatr prosesi: Zamanın hərəkəti”, Aydın Talıbzadənin “Postdramatik teatrın zamanı teatr epoxasının sonu kimi”, sənətşünaslar Aida Qafarovanın “Teatr Xadimləri İttifaqı zaman müstəvisində” və Vidadi Qafarovun “Teatrın zamanı, zamanın teatrı” mövzusunda məruzələri dinlənilib.

Sonda Azərbaycan teatr sahəsində uzunmüddətli və səmərəli fəaliyyətlərinə görə bir qrup sənət adamına Mədəniyyət və Turizm Nazirliyinin “Əməkdar Mədəniyyət İşçisi” döş nişanı və Fəxri fərmanı təqdim olunub.

Turan Etibaroğlu
Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031