manera.az
manera.az

“Mənim ətirli bənövşəyi romanım” – Yan Makyuen/ MANERA.AZ

“Mənim ətirli bənövşəyi romanım” – Yan Makyuen/ MANERA.AZ


Sim-sim.az Buker mükafatı laureatı ingilis yazıçısı Yan Makyuenin “Mənim ətirli bənövşəyi romanım” hekayəsini təqdim edir.


Bir vaxtlar məşhur olan romançı Coslin Tarbet haqqında eşitməmiş olmazsınız, ancaq mənə elə gəlir ki, onun barədə xatirələr silinir. Vaxt şöhrətə qarşı amansızdır. Yəqin onun adı sizə yaddan çıxmış qalmaqalı və rüsvayçılığı xatırladır. Bir vaxtlar az tanınan romançı Parker Sparrou haqqında, yəni mənim barəmdə isə adım onun adı ilə yanaşı çəkilənədək eşitməmişdiniz. Məsələdən xəbərdar olan insanlar üçün bizim adlarımız iki uclu mişarın qulpları kimi möhkəm-möhkəm bir-birinə bağlıdır. Onun yüksəlişi mənim şöhrətsizliyə qərq olmağımla üst-üstə düşmüşdü, hərçənd mənim uğursuzluğumun səbəbi o deyildi. Daha sonra onun tənəzzülü mənim triumfuma çevrildi. Ortada bir yaramazlıq olduğunu inkar etmirəm. Mən bir həyat oğurlamışam və onu geri qaytarmaq fikrim yoxdur. Bu səhifələri mənim tövbəm hesab edə bilərsiniz.

Tövbəmin bütöv olması üçün qırx il əvvələ, həyatlarımızın tam və xoşbəxt şəkildə birləşdiyi, paralel şəkildə eyni məqsədə yönəldiyi dövrə qayıtmalıyam. Biz bir universitetdə eyni ixtisas üzrə – ingilis ədəbiyyatı – təhsil alırdıq, ilk hekayələrimizi “Gözündəki bıçaq” kimi adlarla (Görəsən hələ də belələri varmı?) tələbə jurnallarında çap etdirirdik. Biz şöhrətpərəst idik. Yazıçı, məşhur, hətta nəhəng yazıçı olmaq istəyirdim. Biz tətilləri birlikdə keçirir, bir-birimizin hekayələrini oxuyurduq və bir neçə dəfə homo-erotik imkanlarla maraqlanmışdıq. İndi mən kök və keçəl bir kişiyəm, onda qıvrımsaç və qamətliydim. Şelliyə oxşadığımı düşünməyi xoşlayırdım. Coslin hündürboy, əzələli bir sarışın idi – nasist Übermensch nümunəsində. Lakin o siyasətə tam laqeyd idi. Bizim təşəbbüsümüz tamamilə bohem ədəbazlıqdan irəli gəlirdi. Bununla daha maraqlı olacağımızı zənn edirdik. Əslində başqasının penisinin görünüşü belə bizdə ikrah doğururdu. Birlikdə çox şey eləmirdik, lakin adamlara özümüzü elə göstərirdik ki, hər şeyin ciddi olduğunu başa düşsünlər.

Bunlar ədəbi dostluğumuza mane olmurdu. Məncə, hələ o vaxt aramızda əsl rəqabət yox idi. Lakin geriyə baxanda başlanğıcda onu qabaqladığımı deyə bilərəm. Əsl böyük ədəbi jurnalda – “Nort London Revyu”da – ilk dəfə mənim yazım çıxmışdı. Universitetdə birinci dərəcəli fərqlənmə ilə bakalavr dərəcəsi almışdım, Coslin isə ikinci dərəcəli. Bunun heç bir mənası olmadığına qərar verdik, elə də oldu. Biz Londonu tərk edib Brikstonda bir-birimizdən bir neçə küçə aralıda otaq kirayələdik. Mən ikinci hekayəmi çap etdirdim və onun birinci hekayəsi çıxanda bir qədər yüngülləşdim. Mütəmadi görüşməyə davam edirdik, içirdik, bir-birimizi oxuyurduq və üzümüzə açılan ədəbi mühitlərdə oturub-durmağa başladıq. Hətta mötəbər nəşrlərdə resenziyalar yazmağa da demək olar ki, eyni vaxtda başladıq.

Universitetdən sonrakı iki il qardaşyana gəncliyin kuliminasiya nöqtəsi oldu. Tez böyüyürdük. Hər ikimiz ilk romanlar üzərində işləyirdik, ortaq cəhətləri çox idi: seks, qarışıqlıq, apokaliptik ab-hava, zorakılıq, bir çimdik dəbdə olan ümidsizlik və gənc kişi ilə gənc qadın arasında baş verənlər barədə çox yaxşı zarafatlar. Biz xoşbxət idik və qarşıda maneələr yox idi.

Sonra ikisi birdən peyda oldu. Coslin mənə deməmiş televiziya üçün pyes yazmışdı. Bunu özümüzə layiq bilmirdim. Biz ədəbiyyat məbədində xidmət edirdik. Televiziya sadəcə əyləncə, kütlə üçün saqqız idi. Pyesi dərhal iki məşhur aktyorla səhnələşdirdilər. Pyes temperamentli, nəcib mövzuda idi – evsizlər və işsizlər barədə. Coslindən heç vaxt belə şeylər eşitməmişdim. Uğur qazandı, diqqət cəlb elədi, onun haqqında danışırdılar. İlk romanını maraqla gözləyirdilər. Əgər həmin dövrdə Arabella ilə – indiyədək evli olduğum ingilis qızılgülü ilə, yumşaq, açıqürəkli, sakit, maraqlı qızla – tanış olmasaydım, bunların heç bir əhəmiyyəti olmazdı. Arabellayadək mənim bir xeyli sevgilim olmuşdu, amma onunla hər şeyə son qoyuldu. Bu ehtiras təkbaşına Coslinlə mənim aramda, mənimlə ambisiyalarım arasında dayana bilməzdi. Arabella genişürəkli, qısqanc olmayan, xeyirxah təbiətə malik idi və Coslin onun dərhal xoşuna gəlmişdi.

Hər şey körpənin, balaca Mettin doğulması ilə dəyişdi – onun bir yaşı olanda Arabella ilə evləndik. Brikstondakı otaq bizə dar gəlməyə başladı. Biz bir qədər uzağa, Londonun cənub-qərb rayonlarına köçdük, əvvəlcə SW12, SW17-də yaşadıq. Oradan Çarinq-Kross vağzalına qatarla iyirmi dəqiqə çəkirdi, ordan da qatara şəhərkənarı ilə iyirmi beş dəqiqə piyada getmək lazım idi. Mənim qonorarlarımla yaşaya bilmirdik. Yerli kollecdə yarımgünlük işə başladım. Arabella yenə hamilə qaldı – o, hamilə olmağı sevirdi. Kollecdə tam günə keçdim, həmin vaxt ilk romanım da çap olundu. Təriflər də, ölçülü danlaq da var idi. Ay yarım sonra Coslinin ilk romanı çıxdı – dərhal uğur qazandı. Mənimkindən çox satılmırdı (həmin dövrlərdə tirajın əhəmiyyəti yox idi), lakin Coslinin adı artıq tez-tez səslənirdi. Hamı yeni avazdan ötrü darıxmışdı və Coslin Tarberin nəğməsi mənimkindən şirin gəlmişdi.

Onun görünüşü, boyu (“nasist”, əlbəttə ki düzgün deyil – belə deyək, Mik Caggerin narazı siması ilə Bryus Çatvin), bir-birini sürətlə əvəzləyən maraqlı rəfiqələri, əzik idman avtomobili – bunların hamısı ad-sanını alovlandırırdı. Paxıllığım tuturdu? Məncə, yox.
Mən üç nəfərə vurğun idim – uşaqlarımız mənə ilahi varlıq kimi görünürdü. Onların dediyi və elədiyi hər şey məni ovsunlayırdı, Arabella da eləcə. Tezliklə o yenidən hamilə qaldı və biz şimala, Nottinqhemə köçdük. Müəllimlik, ailə işləri – ikinci romanımı beş ilə yazdım. Təriflər keçən dəfəkindən bir qədə çox idi, danlaqlar isə keçəndəfəkindən bir qədər az. Keçən dəfəkini məndən başqa heç kim xatırlamırdı. Həmin vaxt Coslinin üçüncü romanı çap olunurdu. Birinci romana Culi Kristinin iştirakı ilə film də çəkmişdilər. O, boşanmışdı, Nottinq-Hilldə evi var idi, televizyaya çoxlu müsahibələr vermişdi, populyar jurnallarda çoxlu fotosu dərc olunmuşdu. O, baş nazir barədə kinayəli və gülməli fikirlər söyləyirdi. O, bizim nəslin fikirlərini ifadə edən kəsə çevrilirdi. Lakin təəccüblü olan budur: dostluğumuz zəifləməmişdi. Lakin əlbəttə o daha qırıq-qırıq olmuşdu. Hər ikimiz öz dünyalarımızda məşğul idik. Görüşmək üçün stolüstü təqvimləri vərəqləyib boş vaxt tapmalıydıq. Bəzən o məni və evdəkiləri görmək üçün gəlirdi (dördüncü uşaq olanda bir az da şimala Darhemə köçdük). Lakin adətən onu və ikinci arvadı Colieti mən ziyarət edirdim. İndi onlar Hampsteddə, düz parkın yanındakı böyük viktorian üslublu evdə yaşayırdılar.

Biz içir, söhbətləşir, parkda gəzirdik. Bizə qulaq versəz, onun ulduz olduğunu, mənim ədəbi karyeramın isə məhv olduğunu anlamazdınız. O, mənim fikirlərimin də özününkülər qədər vacib olduğunu hesab edirdi: o, heç vaxt özünü himayədar kimi aparmırdı. Hətta uşaqlarımın doğum günlərini də xatırlayırdı. Məni ən yaxşı otaqda qonaq edirdilər. Coliet gülərüz idi. Coslin dostlarını dəvət edirdi – hamısı canlı və xoşagələn idilər. Yemək-içməyi özü hazırlayırdı. Onunla “ailə” olduğumuzu tez-tez dilə gətirirdik.

Lakin əlbəttə ikimizin də gözündən qaçmayan fərqlər var idi. Darhemdəki evim qəşəng olsa da, uşaqların əlində qalmışdı, qələbəlik və qış vaxtı soyuq olurdu. Xalça və kresloları itlə, iki pişiyim didişdirmişdi. Mətbəx daima yuyulmamış paltarlarla dolu idi, çünki paltaryuyan maşın orada idi. Bozarmış şam ağacından eybəcər haşiyələri dəyişdirməyə və ya boyamağa vaxtımız yox idi. Evdə nadir halda bir butulkadan artıq şərab olardı. Uşaqlar sevinc bəxş eləsələr də, səs-küy salır, evi dağıdırdılar. Biz mənim cüzi maaşım və Arabellanın xəstə baxıcısı kimi qazandığı pulla keçinirdik.
Pul yığmamışdıq və demək olar ki, yaxşı əşyalarımız yox idi. Evdə kitab qoymağa yer tapmaq çətin məsələydi. Elə kitabın özünü də.

Odur ki, istirahət günləri Coslinlə Colieti ziyarət etmək əsl istirahət idi. Böyük kitabxana, sərt cildli ən son çıxan kitablarla dolu jurnal masalar, geniş palıd döşəmələr, rəsmlər, xalçalar, royal, skripka üçün notlarla püpitr, otağımda bir qalaq dəsmal, fantastik duş, evi bürüyən böyüklərə xas sakitlik, yalnız gündəlik xidmətçinin yarada biləcəyi səliqə və parıltı. Qoca söyüdlü bağ, Yorkşir daşları ilə döşənmiş mamır basmış terras, hündür daş çəpərli böyük çəmənlik. Bundan əlavə: evdə dözüm, öyrənmək həvəsi, yeniliyə və yumora açıqlıq atmosferi hökm sürürdü. Ora necə getməyəsən axı?
Yəqin etiraf etməliyəm: ona münasibətimdə bir balaca qara ləkə var idi, heç vaxt ifadə etmədiyim anlaşılmaz narazılıq. Düzü, bu, məni çox da narahat etmirdi. On beş ildə dörd roman yazmışdım – müəllimlik yükümü, atalıq öhdəliklərimi və darısqallığı nəzərə aldıqda əsl qəhrəmanlıq idi. Dörd romanım heç çap olunmamışdı. Heç artıq naşirim də yox idi. Köhnə dostuma həmişə səmimi qeydimlə bir nüsxə göndərirdim. O, təşəkkürünü bildirir, lakin heç vaxt əsaslı cavab vermirdi. Əminəm ki, Brikstondan sonra bircə sətrimi də oxumayıb. O da öz romanlarını mənə göndərirdi – mənim dördümə qarşı doqquz. Əvvəlki bir-ikisinə uzun təqdir məktubları göndərirdim, sonra qərar verdim ki, dostluğumuzda balansı qorumaq üçün onun kimi davranacam. Daha bir-birimizin kitabları barədə danışmır və yazmırdıq – lap yaxşı.

Budur, siz bizimlə dünyəvi həyatın ikinci yarısında qarşılaşırsınız – əlli yaş və sonrası.

Coslin milli sərvət idi, mən isə… uğursuz demək düzgün olmazdı. Uşaqlarımın hamısı universitetə keçmişdilər, ya da bu ərəfədə idilər; hələ də babat tennis oynayırdım, evliliyim bir neçə çatdan və iki böhranlı partlayışdan sonra hələ də dağılmamışdı, il ərzində məni tam professor edəcəkləri barədə söz-söhbət gəzirdi. Beşinci romanımı yazırdım, proses elə də yaxşı getmirdi.

İndi hekayəmin məğzinə, həlledici mişar zərbəsinə keçirəm. İyulun əvvəli idi və mən buraxılış işlərini qiymətləndirib ənənəvi olaraq Daremdən Hampstedə yollandım. Lakin bu dəfə səfərim qeyri-adi idi. Coslin və Coliet sabah bir həftəlik Orvietoya yollanırdılar və mən evə göz-qulaq olmalı idim – pişiklərini yedizdirmək, çiçəklərini sulamaq lazım idi, genişlikdən və dinclikdən istifadə edərək romanımın mənasız əlli səkkiz səhifəsi üzərində işləyə bilərdim.

Mən gələndə Coslin iş-güc dalınca qaçırdı və məni gülərüz Coliet qarşıladı. O, İmperial kollecində rentgen kristalloqrafiyası üzrə mütəxəssis idi. Mehriban, sakit səsli, gözəl, baxımlı, səmimi qadın. Biz bağda çay içim bir-birimizə ən son xəbərləri çatdırırdıq. Elə bu vaxt kiçik fasilədən sonra sanki əvvəlcədən hazırlanmış xəbəri verəcəkmiş kimi qaşlarını çatıb Coslin barədə söhbətə başladı – işi düz gətirmirmiş. O, romanın son qaralamasını bitirib və yaman dilxordur. Roman onun ümidlərini doğrultmadı – bunun əhəmiyyətli kitab olacağı ehtimal edilirdi. O, bədbəxtdir. Romanı yaxşılaşdıra bilməyəcəyini düşünür. Lakin onu yox etməyə də gücü çatmır. Ona görə Coliet qısa məzuniyyət götürüb Orvietonun tozlu bəyaz cığırlarında güc toplamağı təklif edib. O, istirahət etməli, əlyazmasından ayrılmalıdır. Biz əzəmətli söyüdün altında oturmuşduq və o mənə Coslinin çoxdandır necə narahat olduğundan bəhs edirdi. Coliet romanı oxumaq istəmişdi, lakin Coslin qoymamışdı – əslində haqlıdır, axı o, ədəbiyyatçı deyil.

Qadın sözünü bitirəndə, ona ürək-dirək verdim:
“Əminəm ki, bir qədər dincələndən sonra kitabı xilas edə biləcək.”

Səhəri gün yola düşdülər. Pişiyi yedizdirdim, özümə ikinci qəhvəni dəmlədim, sonra vərəqələrimi qonaq otağındakı masanın üstünə düzdüm. Tərtəmiz nəhəng evdə sükunət hakim idi. Lakin fikrim gələ də Coslində qalmışdı. Qəribədir ki, mənim uğurlu dostum özünə inamını itirmişdi. Bu, əyləndirir, hətta bir qədər sevindirirdi. Bir saat sonra heç bir məqsədim olmadan Coslinin iş otağına keçdim. Kilidli idi. Sonra eyni məqsədsizliklə ev sahiblərinin yataq otağına getdim. Brikston vaxtlarında marixuanasını harada gizlətdiyini bilirdim. Açarı tez tapdım, corab siyirtməsinin dibində.
İnanmazsınız, amma heç bir planım yox idi. Sadəcə baxmaq istəyirdim. Masasında böyük elektrikli yazı maşını asta-asta uğuldayırdı – Coslin onu söndürməyi unutmuşdu. Bir çox yazıçılar kimi o da çap texnikasına münasibətdə konservator idi. Əlyazma maşının yanında idi – səliqə ilə yığılmış altı yüz səhifəlik qalaq – böyükdür, lakin nəhəng deyil. Başlığı “Hisslər burulğanı” idi və altında karandaşla “beşinci variant” sözləri və ötən həftənin tarixi qeyd edilmişdi.

Köhnə dostumun kreslosunda əyləşib oxumağa başladım. İki saat sonra yarıyuxulu vəziyyətdə fasilə verdim və on dəqiqəlik bağa çıxdım, sonra uğursuz əsərimə qayıtmağa qərar verdim. Lakin niyə görəsə ayaqlarım məni Coslinin masasına apardı. Tərəddüd edib oturdum. Bütün gün oxudum, ancaq axşam yeməyi üçün fasilə verdim və gecəyə qədər oxumağa davam etdim. Səhər tezdən durdum və naharadək bitirdim.
Roman möhtəşəm idi. Sözsüz ki, onun yazdığı ən yaxşı əsər idi. Müasirlər arasından bundan yaxşı heç nə oxumamışdım. Böyüklüyünə görə tolstoysayağı, metoduna görə prust və coyssayağı. Burda həm sevincli anlar, həm də dəhşətli kədər məqamları var idi. İndiyədək onun nəsri hələ belə füsunkar şəkildə axıcı olmamışdı. Həyat bilgisi, Londonun təsviri, iyirminci əsrin atmosferi. Əsas qəhrəmanların xarakterləri həqiqiliyi və əlvanlığı ilə məni sarsıtmışdı. Elə bil, bu adamları şəxsən tanıyırdım. Bəzən onlar mənə çox yaxın, çox real görünürdülər. Sonluq, son əlli səhifənin ağır əzəmətli gedişatı simfonik, təmkinli, kədərli, vicdanlı idi – kövrəldim. Təkcə qəhrəmanların acı taleyinə görə yox, həm də ideyanın möhtəşəmliyinə, müqəddəratın, sevginin, peşmanlıqların, kövrək insan təbiətinə səmimi mərhəmətin dərk edilməsinə görə.

Masadan durdum. Soxulcan axtaran yoluq qaratoyuğun çəmənlikdə ora-bura hoppanmağına çaşqın-çaşqın baxdım. Bunu özümü müdafiə etmək üçün demirəm, ancaq beynimdə heç bir plan yox idi. Sadəcə kitabdan sonra hiss etdiklərimin sərxoşluğunu yaşayır, ədəbiyyatı sevən hər kəsə məlum olan dərin minnətdarlıq duyurdum.

Dediyim kimi heç bir planım yox idi, lakin bundan sonra nə edəcəyimi bilirdim. Sadəcə başqalarının yalnız düşünəcəyi şeyi həyata keçirdim. Mən öz hərəkətlərindən uzaqlaşmış zombi kimi hərəkət edirdim. Bir də öz-özümə dedim ki, sadəcə ehtiyat tədbirləri görürəm, çox yəqin təşəbbüsüm bir nəticə verməyəcək. Fikrin bu cür formalaşması bir müdafiə, xilasedici təhlükəsizlik yastığı idi. Arxaya baxanda özümdən soruşuram ki, görəsən Li İzraelin saxtakarlıq əhvalatı, yaxud İtalo Kalvinonun “Əgər bir qış gecəsi yolçu”su, yaxud Borxesin “Pyer Menar”ı mənə təkan olmadı ki? Yaxud bir neçə il əvvəl Martin Emisin “İnformasiyalar”ından oxuduğum bir epizod. Etibarlı mənbədən öyrənmişəm ki, bu epizod Emisin ağlına şotland soyadlı, ingilis bir romançı ilə (yaddaşıma qüvvət) içki içərkən gəlib.

Eşitmişdim ki, dostlar bir yazıçının o birinin həyatını necə məhv edə biləcəyi barədə müxtəlif üsullar fikirləşirdilər. Lakin bu məsələ başqaydı. Sonra baş verənlərin işığında bu inanılmaz gələcək, fəqət həmin səhər Coslinə xələl yetirmək ağlımdan belə keçməmişdi. Yalnız özümü düşünürdüm.

Mənə uğur lazım idi.

Mən bütün topanı mətbəxə aparıb plastik torbaya doldurdum. Taksi götürüb Londonun o biri tayına yollandım – bilirdim ki, orada xəlvəti bir küçədə surətçıxarma emalatxanası var. Qayıdıb orijinalı Coslinin masasına qoydum, kabineti bağladım, açardan barmaq izlərimi sildim və onu yenidən corab siyirtməsinə qoydum.

Öz otağımda portfelimdən təmiz bloknot çıxardım – həmişə Yeni il qabağı hədiyyə edirlər – və ciddi işə qoyuldum. Təzəcə oxuduğum roman barədə qeydlər etməyə başladım. İlk qeydin altında iki il əvvəllin tarixini yazdım. Bir neçə dəfə qəsdən mövzudan yayındım, işə aidiyyatı olmayan ideyalar inkişaf etdirdim, lakin sonra daima mərkəzi süjetə qayıtdım. Üç gün sürətlə yazdım – səhnələrin eskizlərini çəkdim və iki bloknot doldurdum. Əsas qəhrəmanların adlarını düşündüm, onların keçmişlərinin detallarını, ətraflarını, xarici görünüşlərini dəyişdirdim. Hətta əvvəlki romanlarımdan bir neçə əks mövzu da daxil etdim. Öz-özümdən sitat gətirdim. Hətta Londonu Nyu-Yorkla dəyişdirmək barədə düşündüm. Lakin sonra anladım ki, heç bir şəhəri Coslinin bacardığı kimi canlandıra bilməyəcəm. Mən ciddi-cəhdlə çalışırdım və hiss edirdim ki, iş əsl yaradıcılığa çevrilir. Axı bu onun olduğu qədər mənim də romanım olacaq.

Qalan günlər ilk üç fəsli maşında yığdım. Ev sahibləri gəlməmişdən bir neçə saat əvvəl onlara məktub qoydum. Yazdım ki, imtahançıların iclasına qatılmaq üçün təcili geri qayıtmalıyam. Düşünə bilərsiz ki, qorxdum, oğurluq etdiyim adamın üzünə baxmaqdan çəkindim. Lakin elə deyil. Mən gedib işi davam etdirmək istəyirdim. Artıq iyirmi min söz yazılmışdı və davam etməkdən ötrü səbirsizlənirdim.
Evdə Arabellaya düzünü dedim ki, səfərim hədsiz məhsuldar olub. Çox vacib bir şey düşünmüşəm. Və yay tətilini buna həsr etmək istəyirəm. İyulun qalanını kitab üzərində işlədim. Avqustun ortasında ilk qaralamanı yığdım və kserokopiyanı bağda yandırdım. Səhifələrdə çoxlu düzəlişlər elədim, bəzi qeydləri çap elədim və sentyabrın əvvəlində yeni variantı hazırladım. Düzünü desək, bu hələ də Coslinin romanı idi. Mən bəzi möhtəşəm parçalara demək olar ki, toxunmadım. Lakin romanda məndən o qədər şey var idi ki, onun sahibi kimi qürur duyurdum. Səhifələrə öz individuallığımın izlərini səpələdim. Hətta ilk romanımla intertekstual əlaqə də yaratdım – qəhrəmanlardan biri çimərlikdə onu oxuyurdu.
Naşirim “az gəlir gətirən” müəlliflərdən növbəti qəddar “azadolma” vaxtı məni də “dərin kədərlə” buraxdı. Müqaviləsiz idim. Romanı internetdə çap etmədim, “Əlvan kitablar” adlı köhnə bir nəşriyyata müraciət etdim – müəllifləri öz hesablarına nəşr edənlərdən. Bu qorxuducu dərəcədə sürətli proses idi. Bir həftə sonra əlimdə yeni kitabımı tutmuşdum: “O, rəqsdən imtina etdi”. Cildi bənövşəyi rəngdə idi, başlıq zərli basma naxışlarla yazılmışdı, şrift qıvrım əlyazısına bənzəyirdi, səhifələri isə yüngülvari ətirli idi. Bir nüsxəni imzalayıb sifarişli banderolla əziz dostuma göndərdim.

Bilirdim ki, oxumayacaq.

Bütün işləri dərslər başlayanadək sentyabrın sonuna bitirdim. Payızda boş vaxtımda kitabı dostlarıma, kitab dükanlarına və qəzetlərə göndərdim, hamısına optimist bir qeyd əlavə elədim. Nüsxələri xeyriyyə dükanlarına payladım ki, kitab bütün üsullarla əl-əl gəzsin. Onu bukinist mağazalarının rəflərinə belə sıxışdırdım. Coslin mənə elektron məktub göndərib bildirdi ki, “Hisslər burulğanı” üzərində işi dayandırıb və yeni kitaba başlayıb. İndi sadəcə gözləmək və ümid etmək qalırdı.

İki il keçdi. Ənənəvi olaraq mən Hampstedə dəyirdim və həmişəki kimi işdən danışmamağa çalışırdıq. Bu vaxt ərzində “O, rəqsdən imtina etdi” barədə heç bir rəy almamışdım. Arvadını çıxmaq şərtilə. O, sarsılmışdı, romana heç kimin fikir vermədiyi üçün əvvəlcə çaşmış, sonra qeyzlənmişdi. Demişdi ki, məşhur dostum nəsə etməli, kömək əlini uzatmalıdır. Mən sakitcə dedim ki, qürurum ondan nəsə xahiş etməyə izn vermir. Londona gələndə “Rəqsi” bukinist rəflərini sıxışdırmağa davam edirdim. Yeni il qabağı bütün dünyaya demək olar ki, dörd yüz nüsxə yayılmışdı.
“Hisslər burulğanı”nı mənim kitabımdan üç il sonra açıxdı. Gözlədiyim kimi dostları Coslinə deyirdi ki, bu onun ən yaxşı romanıdır və onu mütləq çap etməlidir. Roman çıxanda gözlədiyim kimi mətbuat ekstaz halında quş sürüsü kimi şirin cəhcəhlərə başladı. Mən sakitcə başlatdığım prosesin nə vaxt işə düşəcəyini gözləyirdim. Ancaq ətirli romanımı heç kim oxumadığı üçün heç nə baş verə bilməzdi. Mən işə təkan verməli idim. Əsərimi bir bağlamaya qoyub “İvninq Standard”ın sözbaz tənqidçisinə göndərdim. İmzasız bir qeyd də əlavə etdim: “Ötən ayın səs-küylü romanını xatırlatmır ki?”.

Sonrası sizə məlumdur. Süjet ideal idi. Mənim və Coslinin evinə fırtına düşdü. Lazım olan bütün komponentlər var idi. Nifrət edilən pis adam və təvazökar qəhrəman. Milli dəyər vicdansız barmaqları ilə kassadan yapışaraq pyedestaldan yıxıldı; köhnə uğursuz dostu satmış xain; bütöv parçaları götürüb, fikrin özü və personajlar oğurlanıb; günahkar heç cür özünə bəraət qazandıra bilməz; dostları indi niyə nəşri gecikdirdiyini anlayır; mağazalar “Hisslər burulğanı”nın on minlərlə nüsxəsini makulaturaya təhvil verib. Bəs köhnə dost? Alicənablığını qoruyub onu qınamaq istəmir, müsahibə verməkdən çəkinir – və əlbəttə dühanın yaranışı, son illərin ən yaxşı kitabı, müasir klassika, sakit adam, tələbələrin sevimlisi, naşirinin üz çevirdiyi və yenidən çap etmədiyi adam. Sonra hüquqlar, bütün hüquqlar uğrunda mübarizə qovğası – həm “Rəqs”, həm də əvvəlki kitablar; agentlər, auksionlar, ekranlaşdırmaq hüquqları, kinostudiyadan adamlar. Sonra mükafatlar – Buker, Uitbred, Mediçi, “Tənqidçilər dərnəyi”, sonsuz səs-küylü banket. “Əlvan kitablar”ın nüsxələri “Amazon”da beş min funta satılır. Sonra toz-tozanaq yatanda, mənim kitabım isə “rəflərdə sürətlə bitəndə” ədəbi kleptomaniya, təhtəlşüurdakı ifşa olunmaarzusu, sənətkarın yetkin dövrdə özünü məhv etməsi barədə ağıllı məqalələr yazılmağa başlandı.

Coslinlə elektron yazışmalar və telefon danışıqları vaxtı sakitliyimi qoruyurdum. Səsimdə inciklik hiss olunsa da, sözlərdə dilə gəlmirdi; sadəcə münasibətlərimi heç olmasa bir müddətlik kəsmək istəyirdim. Onda Coslin mənə dedi ki, sadəcə çaş-baş qalıb. Mən isə öskürdüm, susdum və xatırladım ki, kitabımı ona göndərmişəm. Əks təqdirdə bu necə baş verə bilərdi?
Sonda mən Kaliforniyada nəşr olunan bir jurnala müsahibə verdim. Bu rəsmi varianta çevrildi və digər mətbuat nümayəndələri də bunu mənimsədi. Jurnalisti öz qeyd kitabçalarımla, naşirlərlə məktublaşmalarımla və imtinalarla, bənövşəyi kitabı göndərdiyim naşirlər üçün yazdığım qeydlərin surətləri ilə tanış etdim. Evimin darısqallığını gördü, şən, gözəl xanımımla və mehriban uşaqlarımla tanış oldu. Ali sənətə sədaqətimdən, köhnə dostumu tənqid etməmək istəyimdən, şikayət etmədən dözdüyüm həqarətlərdən – öz hesabıma çapolunma, yenidən aşkarlanmış şahəsərlərim – yazdı, Con Uilyamsın başına gələnlərə bənzəyirdi. Amerikan jurnalının səyləri nəticəsində müqəddəs olmuşdum.
Şəxsi həyatım da gözlənilən yöndə inkişaf etdi. Daremdən üç mil uzaqda, kəndin kənarında böyük köhnə ev aldıq. Mülkün ərazisindən iri çay axırdı. Altmış illik yubileyimdə iki nəvəm iştirak edirdi. Ondan bir il əvvəl cəngavər tituluna layiq görülmüşdüm. Əvvəlki kimi müqəddəs, hədsiz zəngin müqəddəs idim və milli dəyərə çevrilməyimə az qalmışdı. Altıncı romanımı tənqidçilər bir o qədər də yaxşı qarşılamasalar da, sürətlə satılırdı. Daha yazmamağı düşünürəm. İnanmıram ki, kimsə etiraz edə.

Bəs Coslin? Onun üçün də hər şey gözlənilən idi. Heç bir naşir ona toxunmayacaq, oxucular da. O, evini satıb Brikstona köçdü, köhnə oylağımıza. Dediyinə görə orada özünü daha rahat hiss edir. Luişemdə axşam kurslarında ədəbi ustalıq dərsləri verir. Colietin onu dəstəkləməsi xoşuma gəlir. Aramızda narazılıq yoxdur. Əvvəlki kimi yaxınıq. Onu bağışlamışam. O, tez-tez bizə gəlir və həmişə pəncərəsi çaya açılan ən yaxşı qonaq otağında qalır. O, çayda balıq tutmağı və avar çəkməyi sevir. Bəzən Coliet də onunla gəlir. Köhnə, mehriban və yola veriləsi universitet dostlarımızla yaxşı vaxt keçirirlər. Bəzən Coslin hamımız üçün yemək bişirir. Düşünürəm ki, mən onu ətirli bənövşəyi romanımı oxuduğu üçün, hətta eyhamla belə məzəmmət etmədiyimə görə, mənə çox minnətdardı.
Bəzən axşam düşəndə birlikdə kaminin (kamin nəhəngdir) qarşısında otururuq, içirik və həmin qəribə epizodu – onun bədbəxtliyini – müzakirə edirik, Coslin mənə bu illər boyu dəqiqləşdirdiyi nəzəriyyəsini danışır. Deyir ki, həyatlarımız həmişə bir-birinə sıx bağlı olub. Biz hər şey barədə minlərlə dəfə söhbətləşmişik, eyni kitabları oxumuşuq, birlikdə nə qədər şey yaşamışıq, çoxlu ortaq cəhətlərimiz olum, lakin qəribə şəkildə bizim fikirlərimiz və təxəyyülümüz elə qarışıb ki, nəticədə biz eyni (ümumi cizgilərə malik) romanı yazmışıq.
Mən bir şüşə Pomerol gətirirəm və yenidən badələrimizi doldururam. Bu sadəcə nəzəriyyədir, deyirəm, lakin yaxşı nəzəriyyədir, sevgi nəzəriyyəsidir, onda bizim uzun və möhkəm dostluğumuzun mahiyyəti əks olunub. Biz ailəyik.

Badələri qaldıırıq.
Sağlığımıza!

“Nyu-Yorker” jurnalı, 2016

İngilis dilindən tərcümə etdi: İlahə Əkbər
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031