manera.az
manera.az

Alman ədəbiyyatı ilə Azərbaycan ədəbiyyatının fərqi... - MÜSAHİBƏ |MANERA.AZ

📅 30.11.2016 18:55

Alman ədəbiyyatı ilə Azərbaycan ədəbiyyatının fərqi... -   MÜSAHİBƏ |MANERA.AZ
Azərbaycan ədəbi elitası keçmiş yazıçıların oğullarından ibarət qruplaşmadır

Manera.az Almaniyada yaşayan Azərbaycanlı yazıçı Vüqar Dəmirbəyli ilə müsahibəni təqdim edir:

- Müasir Azərbaycan ədəbiyyatının Almaniyada tanınması üçün “Ədəb” hərəkatı yaratmışdınız. Yenə bu yöndə fəaliyyət göstərirsinizmi?

- Təəssüf ki, bir nəfərin hərəkat yaratması mümkün deyil və bu əslində hərəkatın ideyası idi. Mən Sumqayıtda yaşayan gənc şair Yadigar Tağıyevlə bir yerdə bu layihəni inkişaf etdirməyə çalışırdım. Biz hərəkatın saytını yaratdıq, Yadigar öz tərəfindən, mən də öz tərərfimdən materiallar hazırlamağa başladıq. Mən bir neçə alman həmkarıma da bizə dəstək vermək üçün müraciət etdim, onlardan birindən bu mümkün dəstəklə bağlı müsahibə alıb sayta yerləşdirdim. Mən azərbaycanlı həmkarlarımdan bu sahədə dəstək gözləyrdim. Bizə tək Pərviz Cəbrayıl az-çox dəstək verdi, haqqımızda Axar.Az-da yazdı. Amma “Ədəb” hərəkatı Azərbaycan yazıçılarından gözlədiyi dəstəyi ala bilmədi, buna görə də hərəkat, təəssüf ki, yaranıb inkişaf edə bilmədi və dayandı. Bu günkü dünyada fəallıq tələb olunur, amma Azərbaycan ziyalılarında təəssüf ki, fəallıq hələ azdır və bizim yazarlar da çox cəhətdən beynəlxalq aləmdə çıxış etməyə hələ tam hazır deyillər. Birinci növbədə fəallığı artırmaq lazımdır, özü də əvvəlcə ölkə daxilində, sonra isə dünyada. Mənim indiki qənaətim belədir.


- Almaniyada Yazıçılar Birliyinə üzv olmaq üçün dərc olunan kitabınız alman dilində idi?

- Almaniyada Yazıçılar Birliyinə üzv olmaq üçün mən 2007-ci ildə Berlinin “Wostok“ nəşriyyatında dərc olunmuş “Pambıq plantasiyalarında” (Auf den Baumwollfeldern) kitabımı təqdim etmişdim. Bu hekayələr toplusudur və mənim 1990-cı illərdə Bakıda işıq üzü görmüş əsərlərimdən seçmələrdən ibarətdir.

- Gənc alman yazarlarla tanışlığınız varmı?

- Mən bir çox alman yazıçıları ilə tanışam. Alman Yazıçılar Birliyindən, üzvü olduğum digər ədəbi qurumlardan xeyli alman müəllifi tanıyıram: istər yaşlı, istər orta, istərsə də gənc nəslin nümayəndələrindən. Dünən alman dilndə yenicə çapdan çıxmış “Məlik Məmmədin başına gəlmiş inanılmaz əhvalat və başqa Azərbaycan nağılları” kitabımı Frankfurtda təqdim edirdim. Yenə də xeyli həmkarlarım gəlmişdilər.
Alman ədəbiyyatı ilə Azərbaycan ədəbiyyatının fərqi... -   MÜSAHİBƏ |MANERA.AZ
- Çağdaş Almaniya ədəbiyyatı ilə bizim müasir ədəbiyyat arasında hansı fərqləri görürsünüz?

- Müasir alman ədəbiyyatını mən zəif ədəbiyyat sayıram. Müharibədən sonra yaranmış ədəbiyyatın nümayəndələri özlərini əsasən iki mövzuya həsr ediblər: ABŞ-ın antikommunizm siysasətinə və bunun əksi olan, sovet siyasətindən qaynaqlanmış Almaniyadakı sollar hərəkatına. Hər iki mövzunun əsas istiqaməti də Almaniyanın özünü, tarixini, alman xalqını, birinci növbədə isə nasional sosializm dövrünü lənətləməkdir. Bundan başqa əgər antikommunistlər bütün bu baş verənlərdə o cümlədən Sovet İttifaqını, Qızıl Ordunu günahlandırırdılarsa (Günter Grass), solllar Amerika siyasətini pisləyirdilər (Heinrich Böll). Orta nəslə mənsub yazıçılar arasında solçuluq yox səviyyəsinə ensə də, onlarda keçmişi, Vermaxtı və Qızıl Ordunu lənətləmə tendensiyası yenə də güclüdür. Gənc müəlliflərin içərisində təəssüf ki, ən çox bayağı mövzular yayılıb: gənclər ən çox cinsi münasibətlər haqqında səthi yazılar yazırlar. Amma ciddi mövzularla məşğul olanlar da var. Bir də bu gün getdikcə güclənməkdə olan radikal alman millətçiliyi də gənc ədəbiyyata öz təsirini göstərir: bəziləri millətçiliyi tərənnüm edir, digərləri isə onu tənqid edirlər. Gənclər arasında Şərq mövzularına maraq da getdikcə artmaqdadır. Bununla belə, keyfiyyətli, dərin bir əsər yaratmaq yox, səthi bir şey yazıb mükafat, təqaüd almaq Almaniyada bütün nəsillərə mənsub yazıçıları hərəkətə gətirən əsas motivasıyadır. Bunları maliiyyələşdirən isə Almaniya hökumətidir və hökumət bununla əslində azad ədəbiyyatın yaranmasına imkan verməməyə çalışır. Mən özüm də iki dəfə təqaüd almışam: 2011-ci ildə “Diananın xidmətçiləri” ssenarisinə görə Hessen Kino Fondunun mükafatını (həmmüəllifim Felix Lenz ilə bir yerdə) və 2016-cı ilin əvvəlində Hessen Ədəbiyyat Cəmiyyətinin “İkinci yol” romanıma görə verdiyi təqaüdü. Amma yenə həmişə çalışıram ki, keyfiyyət, realizm, dərinlik mənim həmişəki kimi əsas qayəm olaraq qalsın.

Azərbaycana qalanda, o, qədim ədəbiyyat ölkəsi, böyük şairlərin vətənidir. Goethe “Qərb-Şərq” (1819) divanında da avropalıları məhz bunu qəbul etməyə çağırır:

Etiraf edin: Şərqin şairləri daha böyükdür...

Həmin bu Şərq ədəbiyyatının, bütövlükdə Şərq mədəniyyətinin mühüm bir hissəsini yaradan da Azərbaycandır. Azərbaycanda müasir ədəbiyyat deyəndə 1960-cı illərdən bu yana ədəbi fəaliyyət göstərən adamlardan danışmaq doğru olardı. 60-cılar sovet hökumətinin dəstəyi ilə yüksəlsələr də, özləri, imkan düşən kimi, yerliçiliyi, tayfabazlığı ədəbi qurumlara gətirdilər. Onların vaxtında da ədəbiyyatımızda cırlaşma başladı, qruplaşmalar yarandı: Borçalı-Qazax-Tovuz qruplaşması, Qarabağ qruplaşması, Naxçıvan qruplaşması, Bakı qruplaşması. Bir də ayrıca sovet yazıçılarının övladlarınlın yaratdığı qruplaşma. Nəşriyyatlar, ədəbi jurnallar hansı qruplaşmanın əlinə keçdisə, həmin bölgədən, ya həmin qruplaşmadan olan müəllifləri də çap elədilər. 70-80-ci illərdə Azərbaycanda ədəbiyyat tamamilə bu qruplaşmaların nəzarətində olub. 90-cı illər olduqca ağır illər idi: müharibə gedirdi, iqtisadi çətinliklər var idi, insanlar bir tikə çörək üçün özlərini oda-közə vururdular. O illərdə 60-cılar öz qınlarına çəkilib, sovet hökumətindən aldıqlarını xımır-xımır yeməkdə idilər. Mübarizəni aparan isə biz gənc yazıçılar idik: biz heç kimin ədəbiyyatla maraqlanmadığı həmin vaxtlarda belə yazır, çap olunur, ədəbiyyatın, sənətin yaşaması uğrunda mübarizə aparırdıq. Amma o vaxtlar internet-flan yox idi, bizim yazdıqlarımız da ictimaiyyətin ancaq kiçik bir hissəsinə çatırdı, buna görə də 90-cı illər ədəbiyyatı tez bir zamanda unuduldu. 60-cılar bu gün bundan istifadə edib bəyan edirlər ki, guya 1980-90-cı illərdə Azərbaycanda onların özündən başqa ədəbiyyat yaradan olmayıb. Amma bu qətiyyən belə deyil.

2000 - ci illərdə Azərbaycanda 60-cıların öldürmək istədiyi ədəbiyyat yenidən dirçəlməyə başladı. Rasim Qaracanın yaratdığı Azad Yazarlar Ocağı, zənnimcə, bunda xüsusi rol oynayıb. Alman ədəbiyyatından fərqli olaraq Azərbaycan ədəbiyyatında realist çalarlar yenə də çoxldur. Narahat edən məqamlar da var; gənc yazıçıların Türkiyə aludəçiliyi, türk yazıçılarına bənzər təxəllüslər götürmələri və Azərbaycan ədəbi ən-ənələrindən uzaqlaşmağa meyl. Almaniyada da ədəbiyyat mühitində çox şeyi münasibətlər həll edir, burada da tanış-biliş olmadan nə isə etmək çox çətindir. Amma Azərbaycan ədəbi mühitində münasibətlər hər halda daha böyük rol oynayır. Bununla belə müasir Azərbaycan ədəbiyyatını müasir alman ədəbiyyatından fərqləndirən əsas səciyyə Azərbaycan ədəbiyyatının daha ciddi və dərin, həm də daha böyük potensiala malik olmasıdır.

- Bəs niyə dünyaya çıxa bilmirik?

Bu birinci növbədə Azərbaycan cəmiyyətinin vəziyyəti ilə bağlıdır. İstər insan, istərsə də cəmiyyət güclü ruhi-mənəvi zədə alandan sonra özünə əks olan bir yolla hərərkət etməyə başlayır. Buna nevrotik inkişaf deyirlər, yəni insanın, ya xalqın öz əleyhinə yönəlmiş bir inkişaf. Bu nevrotik inkişaf bu gün Azərbaycan üçün olduqca səciyyəvidir. Nevrotik inkişaf zamanı insan, ya bütövlükdə cəmiyyət heç nə etmir, ümidini başqasına bağlayır ki, mənim əvəzimə o mənim problemimi həll edəcək (buna həm də nevrotik gözlənti deyirlər). Bu insanı və bütövlükdə cəmiyyəti passivliyə gətirir. Azərbaycan yazıçıları da bu vəziyyətdədirlər və bundan yana çox passivdirlər. Baxın, Rusiyada belə bizim yazarlar çap olunmurlar, görün amma Rusiyanın nə qədər ədəbi jurnalları var. Qazaxıstan olsun, Özbəkistan, ya Tacikistan, ya Ukrayna, bunların hamısında Azərbaycan yazıçıları çap oluna bilərlər. Şərqi Avropa ölkələrində Polşada, Çexiyada, Bolqarıstanda, Macarıstanda çap olunmaq imkanları var və sonra da Qərbi Avropada. Çünki hər bir ölkədə ədəbi jurnallar çıxır və onlar bütün ölkələrdən olan müəllifləri çap edirlər. Şübhəsiz, burada əlaqə yaratmaq məsələsi var, tərcümə məsələsi var. Amma bunların hamısını həyata keçirmək mümkündür. Azərbaycan müəllifləri isə bu sahədə hərəkət etmək əvəzinə çox vaxt pul verib bir xarici ölkədə kitab çap etdirirlər və bunu da böyük bir nailiyyət kimi ictimaiyyətə sırımağa çalışırlar. Bu birinci növədə özünü, sonra isə ictimaiyyəti aldatmaqdan başqa heç nə deyil. Çünki pulla çap edilən kitab həmin ölkənin ədəbi həyatında və kitab satışı şəbəkəsində özünə yer qazana bilmir. Həm də bizim müəlliflər xaricə çıxmaq məsələsində də çox vaxt ümidlərini Türkiyəyə bağlayırlar. Belə bir nevrotik gözləntini kənara atıb özü hərərkətə keçməyin vaxtı çoxdan çatıb. Bundan başqa Azərbaycan ədəbi elitası bu gün keçmiş yazıçıların oğullarından ibarət bir qruplaşmadır. Onlar isə bir-birindən, öz qohumalrından, bir də onlara sədaqətlə xidmət edən kəslərdən başqa heç kimin xaricə çıxmasına imkan vermək istəmirlər. Hökümətin də bu sahədəki siyasəti doğru deyil. Məsələn, indi Azərbaycan yeganə ölkədir ki, Frankfurt Kitab sərgisinə Mədəniyyət və Turizm Nazirliyini göndərir. Halbuki Kitab sərgisi nəşriyyatlar üçündür.
Alman ədəbiyyatı ilə Azərbaycan ədəbiyyatının fərqi... -   MÜSAHİBƏ |MANERA.AZ
– Sizin müsahibələrinizin birində oxumuşdum ki, Alman universitetlərinin şərqşünaslıq bölməsində Nizamini, Füzulini fars, yaxud osmanlı şairləri kimi qələmə verirlər, bununla bağlı nəsə demisinizmi orada?

– Mən səkkiz il, 2006-cı ildən 2014-cü ilə kimi Mainz universitetinin Şərqşünaslıq institunda Azərbaycan dili və ədəbiyyatından dərs demişəm. Amma bu olduqca böyük çətinliklə başa gəlirdi. Hər semester proqramında alman dosentlər Füzulini, Nəsimini, hətta Xətaini Osmanlı poeziyası adı altında seminar kimi təklif edirdilər, mən isə institut rəhbərliyi ilə hər dəfə mübahisıyə girirdim və öz seminarlarımda onları Azərbaycan şairləri kimi tədrs edirdim. İnstitun kitabxanasında türk ədəbiyyatşünaslarının kitabları var ki, orada bizm şairlərimiz azəri şairləri kimi qeyd olunub və türk-osmanlı şairləri kimi Yunus Əmrə, Yusif Sənan Şeyxi, Baki, Ömər Nəfi və s. göstərilib. Yəni, Türkiyənin öz şairləri var və Azərbaycan şairlərinin Türkiyəyə heç bir aidiyyəti yoxdur. Mən bu kitabları kitabxanadan götürüb alman dosentlərinə göstərəndə onlar mənimlə razılaşır, amma gələn semester yenə də eyni formada seminarlar keçirdilər. Nizamini isə fars şairi kimi təqdim edirlər. Bu sadəcə Qərb imperilizminin elmdə təzahürüdür. Alman şərqşünasları, türkoloqları Azərbaycan haqqında heç nə bilmirlər və bilmək istəmirlər. Onlar az-çox ancaq bizim türkçüləri tanıyırlar və Azərbaycandan söz düşəndə çox vaxt belə deyirlər: sizin türkçülər yazırlar ki, Azərbaycan coğrafi addır, azərbaycanlı, azəri adında millət heç vaxt olmayıb. Sonra da deyirlər ki, Azərbaycan adında ölkə olmayıb, buralar guya əvvəllər Ermənistan olub və alman ictimaiyyətinə mesaj ötürürlər: Azərbaycan nəinki Dağlıq Qarabağı və ətrafındakı 7 işğal olunmuş rayonu, hətta Naxçıvanı da Ermənistana verməlidir.

- “Ədəb” hərəkatını gələcəkdə yenidən yaratmaq istərdinizmi?

- Bir ildən artıq çəkən səylərim, Yadigar Tağıyevlə birgə işimiz və təcrübəmiz göstərdi ki, bu gün təkan Azərbaycanın özündə olmalıdır. Yəni belə bir hərəkat bu gün nə isə etmək imkanında deyil. Azərbaycanda ədəbi agentliklər yaranmalıdır ki, onların da işi birbaşa Azərbaycan yazıçılarını xaricdə çap etmək imkanlarını araşdırmaq olmalıdır. Bunun üçün də başqa ölkələrdəki ədəbi agentliklıərin təcrübəsini öyrənmək, Azərbaycan ədəbiyyatının özünəməxsusluğunu da buraya əlavə etmək lazımdır.

- Müasir Azərbaycan ədəbiyyatından kimləri izləyirsiz?

- Mən Azərbaycanda ədəbiyyat sahəsində gedən prosesləri internet vasitəsi ilə izləməyə çalışıram. 1990-cı illərdə ədəbiyyata gələnlər arasında Mübariz Cəfərlini qeyd etmək istərdim, xüsusilə də onun “Yaxınlaşma” hekayəsini. Məti Osmanoğlu daha çox tənqidçi, ədəbiyyatşünas kimi tanınsa da, o həm də gözəl nasirdir. Mətinin “Sədaqət” hekayəsini Azərbaycan ədəbiyyatının son onilliklərdəki uğurlarından biri sayıram. Həm də biz hamımız - 1980-90-cı illərdə ədəbiyyata gələnlər Mətinin “Yol” qəzetindən çıxmışıq. Həmin dövrün nasirlərindən Həmid Herisçini, Fəxri Uğurlunu tanıyıram, Aslan Quliyev, Seymur Baycan, Sahilə İbrahimova haqqında getdikcə daha çox eşidirəm. Kəşf etdiyim nasirlərdən biri də Aliq Nağıoğludur. Dilqəm Əhmədin “Cuhud Yaqub” hekayəsi xoşuma gəlir. Pərviz Cəbrayılın maraqlı nəsr əsərləri var. Şairlərə qalanda Murad Köhnəqala, Akif Əhmədgil, Salam Sarvan, Nuridə Atəşi köhnədən tanıdıqlarımdır, Muradla dostluq münasibətlərimiz də olub. Yeni, internet vasitəsiylə kəşf etdiyim maraqlı şairlər isə Aqşin Yenisey, Aqşin Evren, Balayar Sadiq, Leyla Namazova və Yadigar Tağıyevdir.

- Pafossianalizm cərəyanı adlandırırıam bəzi şeirləri. Hətta keçən il Azərbaycanla sıx əlaqəsi olan ingilis bir oğlanın Azərbaycana aid həsr etdiyi şeirində bu izlər açıq aydın sezilirdi. Almaniyada da bu tip şeirlər varmı? Prezidentə və s. yazılan pafoslu şeirlər?

- Ədəbiyyat yaranandan həmişə siyasətin nəzarətində olub. Sözün öz təbiəti var: hər şeyi yaradan da odur, dağıdıb məhv edən də. Buna görə də söz istənilən siyasi qurum üçün təhlükəlidir, ona demokratiya deyilsin, ya diktatura. Bir siyasi qurum sözü mükafat verməklə nəzarətdə saxlamaq istəyir, başqası isə yaradıcı insanlara təzyiq göstərməklə. Nizamini götürün, Şekspiri götürün: onlar da həmişə mövcud hakimiyyəti, ideologiyanı pafosla tərifləyiblər. Müasir Almaniyada yazıçılar alman cəmiyyətində gedən proseslərdən yazmaq, Almaniyanın bu günkü həqiqətini ortaya qoymaq əvəzinə, yalandan demokratiyadan, insan hüquqlarından dəm vururlar. Almaniyada bu cür tərif yağdıran pafoslu şeirlər də, nəsr əsərləri də var, amma onlar hökumət, dövlət başçısını yox, demokratiya və insan hüquqlarını tərif edirlər. Məsələn, Əfqanısatanda, İraqda, Suriyada bunları Qərbin necə müvəffəqiyyətlə həyata keçirdiyini. Yəni yuxarıdan siyasət nə desə onu edirlər. Mən oktyabrın sonunda Köln Ədəbiyyat günlərinə dəvət olunmuşdum. Orada yenə Berlində çap olunmuş „Gecikmiş kolon“ romanından və əfqan ailəsinin taleyindən bəhs edən, bir alman ədəbiyyat jurnalında çap olunmuş hekayəmdən hissələr oxudum. Sonra isə Almaniyada demokratiyanın prpblemlərindən, xəfif senzuradan danışdım. Dedim ki, mən hələ 1989-cu ildən, sovet dövründə Bakıda qəzetdə işləmişəm, o vaxt bizdə rəsmi senzura var idi, adına da „Baş Ədəbiyyat İdarəsi“ deyilirdi. Ona qarşı biz mübarizə aparırdıq, onu bir yolla çaşdırmağa çalışırdıq. Mən vaxtilə bir çox alman qəzetləri ilə əməkdaşlıq etmiş olduğumu, amma Almaniyadakı xəfif senzuraya qarşı acizliyimi də sonra qeyd etdim. Bu gün məqaləni redaksiyaya göndərirsən, sabah görürsən ki, sənin əsas fikirlərini çıxarıb yerinə öz bildiklərini yazıblar.

Azərbaycana gəlirsinizmi?

- Axırıncı dəfə Azərbaycanda 1999-cu ildə olmuşam.

Əsərləriniz alman dilinə tərcümə olunub, kimlər tərcümə edir? Almanlar?
- Almanlar da tərcümə ediblər, başqaları da. Bu məsələni nəşriyyat həll edir.

- Alman dilində hekayələr yazmısınız? Yenə almanca yazırsınızmı?

- Yuxarıda qey etdiyim “Məlik Məmmədin başına gəlmiş inanılmaz əhvalat və başqa Azərbaycan nağılları” kitabımı alman dilində yazmışam. Bu kitabda Azərbaycan xalq nağıllarının motivləri əsasında yazmış olduğum on bir hekayə toplanıb. Alman dilində yazmaqda davam edirəm, amma Azərbaycan dilində və rus dilində daha çox yazıram. Üç dildə yazmaq isə qətiyyən mənim seçimim deyil, bu tale məsələsidir. Bizim nəslin bir çox nümayəndələri kimi mən də 1980-ci illlərdə Azərbaycan dilndə yazdığım hekayələrimi çap etdirə bilmədim, çünki yuxarıda dediyim o qruplaşmaların heç birinə aid deyildim. Azərbaycan dilində çap olunan jurnallardan heç nə çıxmayandan sonra məni 1990-cı illərdə mərhum Mənsur Vəkilov və Nadir Ağasıyev “Literaturnı Azerbaydjan” jurnalı ilə əməkdaşlığa dəvət etdilər. Bu da ona gətirib çıxardı ki, Azərbaycan dili ilə yanaşı, parallel olaraq rus dilində də yazmağa başladım. Ancaq 1990-cı illərdə rus dilndə çap olunandan sonra məni Azərbaycan dilində çıxan ədəbiyyat jurnallarında da çap etməyə başladılar. Alman dilində yazmağa başlamağımın səbəbi isə budur ki, burada başqa cür ədəbi mühitə daxil olmaq mümkün deyil.


Müsahibəni apardı: Dəniz Pənahova,
MANERA.AZ






Baxış sayı - 4 033 | Yüklənmə tarixi: 30.11.2016 18:55
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930