Kəndin axırıncı ağsaqqalları... | Aliq Nağıoğlu

Manera.az Aliq Nağıoğlunun “Süni mayalanma texniki” adlı hekayəsini təqdim edir:
İşsizlikdən, bekarçılıqdan aran kəndinin adamları dörd yol ayrıcında, keçmiş mağaza, indi özəlləşdirilən yaşayış binasının qarşısında dövrə vurub dayanmışdılar. Söhbət əsasən erkən düşən payız yağışlarının yaratdığı fəsadlardan, şumun, səpinin yubanmasından gedirdi. Yay-qış keçəl başından bozarmş panaması çıxmayan dağılmış sovxozun keçmiş zootexniki təzə siqaret qutusunu açıb birini ağzına qoydu, dolu qutunu ətrafındakılara uzatdı:
– Kimin çəkmək meyli varsa, utanmasın buyursun, siqaretdi də, –dedi. Dayananların əli elə bil təklifə bənddi, o saatca irəli uzandı. Damağına qoyduğu siqareti alışdırdı, qalan on giləyə işarə edib:
– Bu da axşama kimi bəsimdi, –dedi. Qutunun ağzını bağlayıb uzun plaşının cibinə qoydu.
– Onu deyirdim axı, bizim vaxtımızda zəhmətkeş sayılırdı, axtarılırdı; elə əynimdəki bu plaşı katib Əhmədov şəxsən mənə dənizqırağı fermaya gələndə vermişdi, özü də neçəyə, –acı tüstünü hərisliklə fısqırdı, –heç neçəyə–bir dənə qabanın puluna–altmış manata; onda Boradigah bazarında üç yüzə alammazdın ha, dədəmin göru haqqı, indiyə kimi geyirəm, cırılmır... Qərəzəynən həmin gecə çöldə idim, iki nəfərə üç qaban vurduq, elə bir yerdən də verdik getdi.
– Şorgöz katibi deyirsən? Onun gəzdiyi qızlardan biri sonralar da ərə getmədi, ancaq bəxşiş aldığı vəzifəni indiyə kimi saxlayır, – “Çita” ləqəbli ağsaqqal narazı- narazı irişdi.
– Nəyini deyirsən, at özgənin, o da özgənin... Günün hansı vaxtı deyirsən ayaq üstə idi, işçinin də qayğısına qalandı...
– Yoxsa indikilər kimi, kəndə nə vaxt gəlirlər, nə vaxt gedirlər, xəbərimiz olmur, - kəndin Psixoloq müəllimi boynundakı qalstuku düzəltdi, – dağıla- dağılda mənə də doqquz ay partkomluq qismət oldu: dənim, suyum, otum, ətim pulsuz gəlirdi. Dərya imiş ey-y, köpəyoğlunun dövləti, yaman pis öyrətdi bizi. Keçib day, ay zootexnik, həlbət səninlə bahəm bir il işləmək şərəfinə nail olmuşam, görünür qismətimdə var imiş. Onun birini də mənə ver görüm, deyəsən təhsilin maaşlarını qurbandan bir gün qabaq buraxacaqlar. Mən ölüm, Pişanov, quruluşa baxginən: müəllimi, mühəndisi, sağıcısı, medsestrası... dəlisi-dölüsü hamısı bir yerdə cəm olmuşdu, yeyirdi- dağıdırdı, qurtarmırdı. – Pişanov danışıqlara qulaq kəsilsə də, narahat görünürdü, tez-tez sağa-sola boylanırdı.
– Biqeyrət elədi hamımızı, ona görə iki hektar yeri əkib-biçə bilmirik, bizdən olanlar nə qayıracaq?! – “Çita” çeynədiyi saqqızı yerə tüpürüb ayaqqabısının burnu ilə əzdi. – Sənin qaban ovladığın yerlərimizi, zootexnik, çölkəndlilər bu il də əkəcək. Yerin haqqını ödəyirlər haa, özü də yerli bələdiyyəyə, amma qəbzləri yoxdu... Vəçlinə çatmışam.
– Biz əksək də saxlaya bilmərik, çün lodanımız yoxdu, – Psixoloq arıq boynunu qısıb əzilib-büzüldü.
– Bəs biz əkirdik də, saxlayırdıq da, lakin bəyənmədiniz, dağıtdınız, – qəfildən od götürən zootexnik sol çiynində duran Pişanovu dümsüklədi. – Sən də köhnələr-dənsən axı, nə çorta gedibsən, danışsana... Rəhmətlik turpsatan müəllim düz ölən günə kimi fermalardan yazırdı, ancaq kəpəyin, südün, otun evinə göndərirdim. Mən yaxşılığımdan əl çəkmirdim, o isə Kremlə, Tereşkovaya yazırdı ki, on baş uşağı müəllimliklə saxlaya bilmir, turp əkib-satır. Mən sənə zamin durmalıyam, ay müəllim, adama deyərlər...
– Cinnənmə, zootexnik, günah turpdadır... Amma kəndin adını vaxtında dəyişsəydik, bundan sonra hər şey yerini tapacaqdı... Öz cəzamızdır, çəkirik... – qaraqabaq, halını pozmayan Pişanov qalın kürkünün ciblərini əlləşdirə-əlləşdirə növbəti dəfə nəzərlərini körpüdə saxladı.
– Su düşür, – körpüyə tərəf yol alan kimsə onlara müraciətlə əlini çaya tərəf tuşladı. – Bu dəfə çox yağdı haa, Sudaşan yerin bəndi partlamasaydı, batacaydıq.
– Həmişə ordan partlayır, inişil məktəb yolunu qumlayanda bələdiyyə bəndi zəiflətdi, – Psixoloq sözü atıb duruxdu.
– Üç lafet qum gətirdilər, amma üç yüz kamaz satdılar, özüm çayın üstündə durub saymışam, Polkovnik tapşırmışdı; bir dənə o yan, bu yan ola bilməz, bloknotumda ayın tarixi, reyslər durur, – “Çita” ciddiliklə əlavə elədi.
– Polkovnikdən söz düşmüşkən, deyirlər dünən İrandan qayıdıb. Görəsən orda nə deyiblər, – zootexnik yenə Pişanova baxdı.
– Kiçik qardaşından, arvadından başqa yanına adam buraxmırlar. Şəhərdə böyük vəzifədə olan qardaşı oğlunu gözləyirlər. Tak çto, vəziyyət ürəkaçan deyil, arada yerli cərrah hədərə yerə söyüldü, – o, dodaqlarını çeynədi.
– Mən o söhbəti eşitmişəm, poçtda olub, ancaq düz etməyib cərrah, adama elə şeyi, şax üzünə deməzlər. Bura düşəndən ev tikdi, meyvə bağı saldı, qərib yerdən gətirdiyi gəlini də yaxşı saxladı. Neçə kasıba əl tutub, qabağa düşüb, işini düz-qoş edib, xeyir-şərdən də qalmayıb. Baxanda nəyinə lazımdır, istefada olan polisdir, xeyli də pensiya alır, – zootexniki öskürək tutduğundan susdu.
– Allah rəhm eləsin, qıymasın, yazıqdır, lakin qorxaq adam olmayıb, bunların da kürkünə birə salıb, qohum-qardaş qalmayıb minnətçi salıblar, son macalda ölümlə hədələyiblər. Gəl ki, geri çəkilmir. İranda olanda bir dəstə yoxlama gəlmişdi, kənddən qabağa duran olmadı. Məni çağırdılar, getdim, hamısını düz yazıb, dedim. Hansı işləri mənə tapşırmışdı, nəzarət etmişdim, onlardan danışdım, qalanların əlimdə sənədi yoxdur, ancaq bir həftə dözün, gələcək, özü hər şeyi danışar, dedim. Üzdən mədəni, bəli -xeyrlə danışan, mərifətli, “ağsaqqal” kəlməsi ağzından düşməyən cavanlar idilər. Deyəsən, bu dəfə işlər fırıqdır, – “Çita” əsnədiyindən əllərini ağzına tutdu.
– Elə ona görə axşamüstü özlərini verdilər “Palıd”a, –yekəbaş Bəhlul söhbətin bu yerində gəlib çıxdı. – Mən də Racnan ordaydım, bizi də çağırdılar stola, vur ki, vurasan. Mən uzun illər hərbi hissənin rusları ilə otur-dur eləmişəm, düzdür yedikləri heç nə idi, amma içirdilər... kak polojeno... Bizimkilərə halaldı, Allah hər ikisini əsirgəməyib: yeməyi də, içməyi də...
– Sovxoz dağılandan sonra, mən dedim kəndin adını dəyişək, sözümü qəribçiliyə saldınız, nə qədər üstündə rusun adı qalır, bizimkilər içəcək... Polkovnikə dedim, o da qəribə bir ad dedi, uzun olduğundan, yadımda qalmadı, – Pişanov gözlərini qıyıb zəndlə körpü tərəfdən gələn maşına baxdı. – Deyəsən odur, yəqin poçta gedir, xeylax məktub gəlib yığışıb. Qoy görüm, – yaşına xas olmayan cəldliklə yolayrıcından sağa burulan maşının arxasınca tərpəndi.
– Maraqlıdır, görəsən nə ad imiş, – zootexnik panamasını qaldırıb keçəl başını qaşıdı.
– Mənim atam tarix məllimi idi, kəndin adının üstündə də çox baş sındırırdı; deyirdi “Ləmsə” qoyun, – bir az aralıda göyərtisatan oğlan oturduğu stulda halını pozmadan qəfildən söz atdı.
– Mənim balam, atan uzaqgörən olsaydı, sənə bir gün ağlardı, day burda oturub qəpik-quruş güdməzdin. Ölən günə kimi həmin sözün mənasını aça bilmədi, açsay-dı, qoyacaqdılar...- Psixoloq etinasız-etinasız əlini yellədi. –Amma Polkovnik dünyagörmüş adamdır, qoyduğu ad da məntiqli olmalıdır.
Birdən hamı susdu, nəzərlər Pişanovun getdiyi səmtə yönəldi. O, poçt binasına girəndə baxışlar çönüb qarşılaşdı.
– Ləmsə–kiçik gəmilərin bağlandığı yerə deyilir. Nə vaxtsa dəniz evlərin beş addımlığında imiş, sular çəkildikcə sahələr açılıb; görmürsən o səmtin torpağını bir- iki təpkəç qazan kimi ağ qum çıxır,– yekəbaş Bəhlul biliyini nümayiş etdirdisə də, qəfil bağırtı hamını səs gələn tərəfə çönməyə məcbur etdi.
Soyuq havada yalınayaq, qısaqol köynəkdə körpü tərəfdən qaça-qaça gələn havalı Abış qışqırırdı:
– Gördüüz, dayandırdım suyu, dayandırdım suyuu, bugün səhər körpünün dəmirlərinin altından keçirdi, indi ordan gəlirəm, bir metrdən çox düşüb. Yayda bələdiyyə kraska verirdi, qoymadım, dedim neçə illərdir əhəng verirsiz, əhəng yaxşıdır. Eşitdilər məni, əhəngi də özüm verdim, heç birinizin ağlına girməz: su qalxanda ağ dəmirlər gözünü ağardacaq, su o saatca yatacaq. Düz demişəm, düz demişəm...– töyşüyə-töyşüyə çatıb dayandı.
– Sən Allah, Psixoloq, al bunu ver ona, qoy əl çəksin, – zootexnik əzik manatı uzatdı,– bir aydır bu gündədir, heç vaxt iynəsini ötürməzdilər, nədənsə bu il yubatdılar, – üzünü yana çevirdi.
Psixoloq əllərini onun boynuna dolayıb:
– Baah, səni yaradana qurban olum, – pulu köynəyinin döş cibinə saldı, kürəyini şappıldatdı, – amma heç kəslə işin olmasın ha, bunların içində remen vuran yoxdur. Siqaretin qurtarıb, caan, keç üzbəüz dukana, – əks tərəfdə açıq qapını nişan verdi. – Ordan da birbaş evə, dağlara qarlayıb, havada şaxtanı görmürsən, azarlarsan. - Razı halda hırıldadı, əllərini ayaqlarına çırpıb dükana sarı qaçdı. – Qardaşı oğlunun toyunu gözləyir, bərkgedən qaynı şəhərdən gələndə iynəsini vurduracaq. Bahalı iynədir. Yaxşı qurtardıq, yoxsa dişlərin atıb kimisə qaldıracaqdı başı üstünə, zootexnik qanımızın arasına girdi; yaşlaşdıqca lap zayı çıxır.
– Beş-altı il əvvələ qədər ətraf kəndlərdə ətli-canlı elə adam olmazdı ki, dişlərini qayışına keçirib ayaqlarını yerdən üzməsin. Bəzən qayış dözmürdü, qırılırdı.
Hələ də baş verəndən sarsılmış kimi görünən Zootexnik plaşının cibindən siqaret qutusunu çıxartdı, ağzını açıb irəli uzatdı. Dayananlar, “Çita”dan başqa, əllərini uzadıb hərəyə birni götürdülər.
– Bu da mənim, evə gedəndə yenisini alaram, – zootexnik boş qutunu, nədənsə, təkrar plaşının cibinə qoydu. – Vallah, zəmanə dəyişib, o gün görürəm bir xalturşik sürət qutusunun üstünə boş siqaret qutuları yığıb. Soruşuram: deyir, axşamlar peçi qalamaq üçün istifadə edirəm. Gör necə ekonomnı olduq, sən ol müəllim, o boyda dövlətin qədrini bilmədik. Polkovnikin taleyi kefimə soğan doğradı, görək Pişanov nə xəbərlə qayıdacaq.
Dövrə vuranlar siqaretlərini odladılar. Hərisliklə sümürülən siqaretlərdən buruq-buruq tüstü qalxırdıı. Təkcə “Çita” kənara çəkildi, qoltuq cibindən bloknotu çıxarıb vərəqlədi.
– Hərdən fikirləşirəm ki, o qədər oxuyandan sonra axırım süni mayalanma texniki olacaqmış, elə hərbi xidməti bitirəndən sonra Riqada qalardım.
– Qalıb kərəni- kürə eləyəcəkdin?! – “Çita” nəzərlərini bloknotdan ayırmadan qımışdı.
– Latışlar mənim boy-buxunuma, yar-yaraşığıma, rəftarıma elə vurulmuşdular ki, düzü məni... döllük kimi saxlamaq fikrindəydilər... Gülməyin, Vallah, doğru sö-zümdür. Hətta bunu elmi şəkildə elə əsaslandırırdılar ki, inanmışdım. Dədəm rəhmətlik, sanki duyuq düşmüşdü, tərxis olmağa yarım ay qalmış gəlib oturdu Riqada...
– Kişi qızıllarından daha çox qorxurdu, nahaqdan uşaqdan böyüyə onu Qızıl Qurban çağırmırdı. Yadıma gəlir, – Psixoloq yaranmış gərginliyin yaxşılığa doğru dəyişdiyini görüb ürəkləndi, – dərəbəylik dövrü bir az da sovxoz direktoru işlədin axı, sən başın, ondan danış gənc nəsil agah olsun...
– Əşşi, adamın nə qədər vəzifəsi-zadı yoxdur, düşməni-filanı bilinmir. Elə ki, direktor keçdim, yazhayaz başladı. Allahın Çobanı da üstümə xoruzlanırdı, günün çoxunu kabinetimdə otururdu. Turpsatan müəllim onu mənə güdükçü qoydurmuşdu. İki dəfə maddi yardım alandan sonra özü məsələnin üstünü açdı.
– Onun əsl adı Çoban idi, deyirlər qorxudan bağrı çatladı, öldü. Tarixçəsini ağsaqqal bilir, yaxın qohum idilər, – Psixoloq üzünü “Çita”ya tutub göz vurdu.
– Bir dəfə yıxılmış çəpəri dikəldirdim, gördüm arxadan nəsə düşdü üstümə. Nə baş verdiyini araşdırmamış, paçamdan sürünə-sürünə biri keçir. Mən qalxana kimi iməkləyib girdi padvala. Baxıram, bizim Çoban. Əl-ayağı əsir, titrəyir, dili söz tutmur, deyirəm: nə olub, ay evi yıxılmış, ürək-göbəyimi saldın. “Padvalın qapısını bağla, sonra, sonra...”, – deyir. Heç beş dəqiqə keçmir, Poçtalyon əlində vərəq görünür: “Prokuror şikayətçiləri rayona çağırıb, amma heç kəsi tapa bilmirəm, on nəfərdilər, – deyir. – Siyahıdakılardan kimi soruşuram, gördüm deyən yoxdur. Bircə Çoban bu yanlarda fırlanırmış. Heç olmasa onu tapsaydım, göndərərdim”. Soruşuram ki, “ayə, sənin ağlın var?” Deyir: “Ağlıma nə gəlib, olmasaydı, səncə hökumət məni bu işə qoyardı”. “Sənin hökumətin də sən ağıldadır. Çoban adını düz əməlli yaza bilmir, göndərsən, rayonda azacaq, zibilə düşəcəksən. Get işinlə məşğul ol, qəzetlərini payla”. Deyinə-deyinə uzaqlaşır, mən də padvalın qapısını açıb Çobanı çölə çağırıram. Çıxmır, çay, çörək gətirirəm, içir, yeyir, axşamacan qalır orda. Hərçənd, o qorxan, bu qorxan, heç iki ay yaşamadı. Bizimkilər belədi də, ar-xada hürürlər, üzə gələndə siçan deşiyini satın alırlar. O günkü yoxlamada da belə oldu, dil pəhləvanları qaçıb dağıldı, yenə tək getdim. Polkovnik əjdaha kimi sinəsini vermişdi qabağa, onu da yaman dərd süpürrədi, –hamının sərt adam kimi tanıdığı “Çita” son sözləri deyəndə doluxsunmuşdu.
– Pişanov poçtdan çıxıb üzü bəri gəlir, – yekəbaş Bəhlul bayaqdan intizarda qalanların üstünə su səpdi. Dövrə vuranlar qəddini düzəldib gərnəşdi, nigaran baxışlar poçta tərəf dikəldi. Göyərtisatan oğlan da tum çırtlamağına ara verib durdu. Pişanov əlləri qalın kürkünün cibində ağır addımlarla irəliləyirdi. Yaxınlaşdıqca gözləyənlərin arasında gərginlik artırdı. Bir neçə addımlıqda dayandı. Dərindən nəfəs aldı, əllərini cibindən çıxarıb qarnında çarpazladı:
– Tanınası halı qalmayıb... Bir-iki kəlmə danışdı. Axırda onda dayandı ki, kəndin adını mütləq dəyişin. “Yeyənkənd” qoysanız, deyir: bundan sonra doğulanlar da yeyib-içən olacaq; “Yenikənd” qoysanız, deyir: hamınız əyin-başınızı, ev-eşiyinizi yenilədəcəksiniz; “Təzəkənd” qoysanız, təzə-təzə xalça-palaz, inomarka maşınlar alacaqsınız.... Tanınmış aliminiz, məşhur biznesmeniniz də yoxdur. Vur-tut bir şairiniz vardı, onu da qırx ildi kənddən dərbədər salıbsınız, əlinizdən yanıqlıdır, başına yaylıq bağlayıb, metroda, bazarda kitablarını satır. İstəsəniz də, nə qədər sağdır, özü razı olmaz. Uzun olanda nə olar, ən yaxşısı belə qoyun: Haqqına sahib duran kənd.
– Özüm ölüm, əla səslənir! – Psixoloq sevincək zootexnikə tərəf əyildi, nəsə demək istədi, amma sözünü uddu.
Zootexnik qımışdı, siqaretini barmaqları arasında sıxıb kənara baxdı.
– Haqqına sahib duran kənd süni mayalanma texniki...– göyərtisatan oğlan birdən səsini qaldırıb klub tərəfə qaçdı.
Səsi yolun ortasında qırıldı. Bir anlıq hamı onun getdiyi tərəfə baxdı. Heç kim dinmədi.
Körpü tərəfdən suyun səsi gəlirdi.
Siqaret tüstüsü havada ağır-ağır qalxırdı.