“Sənətkarın taleyi” nümayiş olunub | MANERA.AZ
Mayın 20-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Xalq Yazıçısı Elçinin pyesi əsasında hazırlanmış “Sənətkarın taleyi” (“Sudba artista”) tamaşasının premyerası keçirilib.
Premyeradan əvvəl Xalq Yazıçısı Elçin jurnalistlərə müsahibə verib. Pyesin səhnə həyatı barədə danışan yazıçı bildirib ki, 2013-cü ildə bu əsər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Sənətkarın taleyi” adı ilə tamaşaya qoyulub. Tamaşaya Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının rejissoru, Xalq Artisti İrana Tağızadə quruluş vermişdi. O zaman yüksək bədii-estetik səviyyəli bir tamaşa alınmışdı.
Qeyd edək ki, tamaşanın premyerasında rəsmi şəxslər, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, teatrsevərlər iştirak ediblər.
İkihissəli tamaşa təsirli səhnələrlə yadda qalır. Bu əsərdə Hüseyn Ərəblinski dövrünün atmosferi - o zamanlar neft bumu yaşayan Bakı həyatı da, çarizmin Bakıya münasibəti də ustalıqla təsvir edilib. Ən əsası isə fədakar sənətkar və zaman problemi çox yüksək bədii-estetik həllini tapıb.
Tamaşada Hüseyn Ərəblinski obrazını Əməkdar Artist Firdovsi Atakişiyev canlandırıb. Səhnə tərtibatını Mustafa Mustafayev, musiqi tərtibatını Əməkdar Mədəniyyət İşçisi Vladimir Neverov verib. Geyim üzrə rəssam Əməkdar Mədəniyyət İşçisi Olqa Abbasova, işıq üzrə rəssam isə Nikolay Rudıçevdir.
Tamaşada digər rolları Xalq Artisti Yuri Baliyev, Əməkdar artistlər Ayan Mir-Qasımova, Əsgər Rəhimov, Elmira Aslanova və başqaları canlandırıblar.
Sonda Xalq Yazıçısı Elçin uğurlu tamaşa münasibətilə aktyorları təbrik edib və hər birinə təşəkkürünü çatdırıb.