manera.az
manera.az

Niyə Amerika mənsiz kəşf edilib?!.. _MANERA

📅 10.03.2016 12:04

Niyə Amerika mənsiz kəşf edilib?!.. _MANERA

Mütaliəni lap uşaqlıqdan sevmi­şəm. Evimizdə kitab əlindən tərpənmək müm­kün deyildi. Valideynlərim də məni başa salmışdı ki, insanın ən yaxşı dostu kitabdır. Oxumaqdan doymurduq, oxuduqlarımızı sinifdə bir-birimizlə bölüşür, kitablarımızı müvəqqəti dəyiş-düyüş edirdik. Fenimor Kuper, Mayn-Rid, Jül Vern, Seton-Tompson, Cek London... Daha sonralar Ayzek Əzimov, Rey Bredberi... Adlarını sadalamaqla bitən deyil. Hər kitab dünyaya baxdı­ğı­mız pəncərənin çərçivəsini bir az da genişlən­dirir, gözlərimiz qarşısında yeni-yeni mənzərələr açırdı. İndi batinimə nəzər salanda, həmin o dəyərli kitabların hər birindən əxz etdiyim nələrisə tapır və sevinirəm ki, nə yaxşı, onları zamanında oxumuşam...

Yuxularımda tez-tez səyahətə çıxırdım, Jül Vernin qəhrəmanlarına qoşulub okeanın dərinliklərinə baş vurur, Aya uçur, Bredberinin qəhrəmanları ilə gələcəyə gedib, oradan sağalmaz dərdlərə dərman gətirir, Ayzek Əzimovun robotları ilə dostluq edirdim. Gah təbiətşünas olub səyahətə çıxmaq, gah da arxeoloq olub qədim tarixi araşdırmaq istəyirdim. Vaqif küçəsindəki binamızın həyətində Çəmbərəkəndin qədim məhəlləsinin xarabalıqları qalmışdı. Dərsdən gələn kimi, yeməyimi yeyib yüyürürdüm ora. Başlayırdım qazıntılar aparmağa. Torpağın altından çıxardığıma görə, tapdı­ğım ən mənasız əşyalar da mənim gözümdə böyük əhəmiyyət kəsb edirdi, onları evdəki kiçik mücrümə yığır, axşamlar bir-bir əlimə götürür, gözlərimi yumaraq bu əşyaya bir zamanlar əli dəymiş insanları təsəvvürümdə canlandırmağa çalışırdım...

Günlərin birində Yusif Vəzir Çəmən­zəminlinin “Qızlar bulağı” tarixi romanını oxudum. Bu kitabın sehrindən uzun müddət çıxa bilmədim – özümü artıq qədim iskitlərin tilsim yolu ilə bu günümüzə gəlib çıxmış bir nümayəndəsi kimi hiss edir, həyətimizdə tez-tez qaladığımız tonqalların ətrafdakı qədim, yastı-yapalaq evlərin divarlarına saldığı şölələrin sehrli aurasına qərq olur, onların yaratdığı naxışlarda özümü axtarırdım. Mənə elə gəlirdi ki, alovun dilləri bizə haradan gəlib hara gedəcəyimizlə bağlı nələrisə anlatmaq istəyir.

Yay tətillərində Qarabağa, kəndimizə gedirdim. Yay aylarında özümü büsbütün sərf etdiyim məşğuliyyət, suyu çəkilən Qarqar çayının məcrasına enib selin gətirdiyi daş-kəsək arasından maraqlı şeylər tapmaq idi. Bu çayın özündə də, onun adında da mənim üçün qədim tarixin açılmaz kodları yaşayırdı, axı Qarqar bir zamanlar Qarabağın qədim sakinləri olmuş alban tayfalarından birinin adı idi. Pərəstiş obyektimə çevrilmiş çay da varını məndən əsirgəmirdi, uca dağlardan gətirdiyi bən­zərsiz, rəngbərəng daşları ilə kolleksiyamı zənginləşdirirdi. Səhərdən bəri günün altında daşlıqları dolaşaraq, böyrümdən asdığım kiçik kisəmə yığdığım tozlu daşları günortaüstü Zoğalat arxının bumbuz suyunda yaxalayır, onları təbiətin yeddi rəngində parıldadıb üzümə güldürür, özüm də gülürdüm...

Bəzən içimi bir təəssüf də bürüyürdü. Kədərlənirdim ki, Amerika mənsiz kəşf edilib, dünya xəritəsindəki ən kiçik adanın belə tapılmasında mənim xidmətim yoxdur. Mənə elə gəlirdi ki, artıq yer üzündə açılmamış müəmma, kəşf olunmamış guşə qalmayıb. Deyirdim ki, kaş beş yüz il bundan qabaq dünyaya gələydim, onda bəlkə də Kolumbdan əvvəl Amerikanı, Li­vinqstondan əvvəl Mərkəzi Afrikanı, Prjevalskidən əvvəl Asiya çöllərini kəşf edərdim...

Bəlkə də bu fikirlərimdə elə o zaman­ların populyar ədəbiyyatı günahkar­dır – bütün bu kitablar keçmiş nailiyyətlər­dən ilhamla, müfəssəl söz açır, üzərindən sirr pərdəsi hələ götürülməmiş mətləblərə isə ötəri toxunur, üstündən sükutla keçirdi. Təxminən orta məktəbin 6-7-ci sinfindən etibarən anladım ki, bu dünyada insanlara aydın olanlar, hələ qaranlıq qalanlardan qat-qat azdır. Nə olsun ki, yer üzündə nə varsa, xəritələrdə göstərə bilmişik, yerin altından, okeanların dibindən ki, xəbərimiz yoxdur! Bu qədər quyular qazır, torpağın altından faydalı qazıntılar çıxarırıq, amma fərqində deyilik ki, ən dərin quyumuz belə, planetimizin dərisinə sancılan ­ağ­caqanad xortumuna bənzəyir – onların ən dərini Yer radiusunun mindən biri qədər deyil. Biz nəinki yaşadığımız planeti, onun tabe olduğu fiziki qanunları, bizi əhatə edən Kainatı, heç öz orqanizmimizi belə əməlli-başlı öyrənməmişik. Odur ki, bəşəriyyətin kəşf etdikləri hələ kəşf edəcəklərindən qat-qat azdır.

Gənc nəslin qarşısında duran vəzifələr­dən biri də bu prosesdə sizin iştirakınızdır, əziz balalar. Bu vəzifələr isə heç də az deyil. Yer üzündə daha mükəmməl həyatı təmin etmək üçün çoxlu işlər görülməlidir. Məsələn, insanın ömrü uzanmalıdır, yolu­xucu xəstəliklərin kökü kəsilməlidir, bəşəriy­yətin bəlasına çevrilmiş yorğunluq, ruh düşkünlüyünün dərmanı tapılmalıdır. Yeni enerji qaynaqları kəşf edilməli, onlardan daha qənaətlə istifadə olunmalı, enerjini naqilsiz ötürməyi öyrənməliyik.

Təbii fəlakətlərin zamanını qabaqcadan bilməyə kəskin ehtiyac var. Əlimizdə olan torpaqlardan düzgün istifadə etməyi öyrənməliyik. Həyatımızı elə qurmalıyıq ki, istehsal olunan qidadan səmərəli istifadəyə şərait yaransın, dünyanın bir başı ifrat ac, digər başı ifrat tox olmasın...

Sadaladıqlarım sizin nəslin e­də­­­­­cək­­­­­­­lə­rin­­­dən xeyli azdır. Çətin işlərdir bun­lar. Amma öhdəsindən gəlmək borcunuzdur. Gələ­cə­­yinizi təmin etmək, daha yaxşı dün­yada yaşamaq istəyirsinizsə, bunları edəcəksi­niz, çünki başqa yol yoxdur.
Bunun üçün nələri bilməlisiniz:

Zəhməti sevin! İnsana əmək qədər, qurub-yaratmaq qədər zövq gətirən az şey var. Elə yaşayın ki, həyatınızın bütün dönəmlərində “mən faydalı işlə məşğulam, mənim əməyim insanlara xeyir gətirir” söyləyə biləsiniz.

Arzularınızdan üz döndərməyin! İnsanı yaşadan həm də arzularıdır. Sizi həvəsdən salmaq istəyənlərə uymayın, üzləşdiyiniz çətinliklərə ağılla sinə gərin və elə edin ki, ətrafınızdakı insanlar sizə baxanda içlərində bir yaşamaq eşqi çağlasın.
Ürəkli olun! Hədəfinizi, həqiqətən, dəyərli sayırsınızsa, böyük işlərin qulpundan yapışmaqdan qorxmayın. Bacarıq, qabiliyyət də çox vaxt elə zəhmət bahasına yaranır. Böyük kəşflər, ixtiralar hamıya nəsib olmur, amma buna can atmayan heç vaxt ən xırda tapıntıya belə imza ata bilməz.

Prinsipial olun! Bəşəriyyət saysız-hesabsız yalanların müəlliflərini yaxşı tanıyır, amma onun ehtiyac duyduğu yeganə şey – həqiqətdir. Yalan deyib dostlarınıza yarınmağa çalışmayın, yanlış fikir yürüdən müəllimlərinizin fikri ilə razılaşmadığınızı açıq büruzə verin. Ətrafınızda söylənən yalanları udsanız, cəmiyyətə heç vaxt faydalı ola bilməyə­cəksiniz.

Bu silsilədən olan kitablar kollektiv əməyin məhsuludur. Tərcümə Mərkəzi öhdəsinə düşən maarifçilik missiyasından çıxış edərək, bu qəbil kitabların tərtibi və tərcüməsinə böyük qüvvə sərf edir. Əməkdaşlarımız ən qabaqcıl dünya təcrü­bəsindən bəhrələnir, faydalı saydıqları materialları toplayıb üzərində işləyərək sizə təqdim edirlər. “Hər suala bir cavab” silsiləsindən işıq üzü görəcək kitablarımızı uşaqlar, yeniyetmələr üçün hazırlayırıq. Amma bu heç də o anlama gəlməz ki, onları oxuyarkən böyüklər zövq almayacaq. Mütləq zövq alacaqlar, çünki elm öyrənmək, savad almaq insanın əbədi, həmişəcavan arzuların­dandır. Bəşəriyyət zaman-zaman adamları iki yerə bölüb: savadlılara və bisavadlara. Bütün sivilizasiyalar ona görə sivilizasiya olub ki, içindəki savadlı kəsim, düşünən insanlar artıb, fərqli bir mədəniyyət yarada bilib.

Müasir dövrdə elmə, biliyə can atmaq daha vacibdir, çünki dünənə kimi qarşımızda bir sirr olaraq qalan çox mətləblər artıq çözülə-çözülə gedir, bildiklərimiz artır, bilmədiklərimiz azalır. Amma nə qədər öyrənsək də, bimədik­lərimiz bildiyimizdən qat-qat çox olaraq qalacaq.
Bu silsilədən olan kitablarımızı alıb oxusanız, minlərlə mürəkkəb sualın sadə cavabını tapacaqsınız.

Biz o iddiada deyilik ki, “Hər suala bir cavab” silsiləsindən olan kitablarımızı oxu­ya-oxuya savadlanacaq, alim olacaqsınız. Məqsəd dünyagörüşünüzü genişləndirmək, sizi istənilən auditoriyada həmişə diqqət mərkəzində olan maraqlı həmsöhbətə çevirməkdir.
Niyə Amerika mənsiz kəşf edilib?!.. _MANERA

Qeyd edək ki, bu günlərdə "Hər suala bir cavab" adlı 10 cildlik ensiklopedik toplusunun ilk cildi işıq üzü gördü. Bu həftədən satışa çıxarılacaq toplu məktəblilər üçün nəzərdə tutulub.

"Bizi əhatə edən aləm", "İnsan orqanizmi", "Başqa məxluqlar necə yaşayır?" və s. bu kimi bölmələrdən ibarət nəşr, özündə 300-dən çox mövzuya dair qısa, ensiklopedik məlumat cəmləyir.

Kitabın qiyməti 14 manatdır.

Kitabı 595-10-69 nömrəli telefonla əlaqə saxlamaqla əldə etmək olar.

MANERA.AZ



Baxış sayı - 1 763 | Yüklənmə tarixi: 10.03.2016 12:04
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031