manera.az
manera.az

Mənə də yetmədi ömrün get-gəli - Aysel Fikrətdən poetik nümunələr

📅 03.04.2026 16:03

Mənə də yetmədi ömrün get-gəli - Aysel Fikrətdən poetik nümunələr
Çağdaş ədəbiyyatımızda seçilən imzalardan şair, nasir və publisist Aysel Fikrətin bu günlərdə əlamətdar yubiley yaşı qeyd olundu. Bu münasibətlə yubilyara səmimi təbriklərimizi, xoş arzularımızı ünvanlayır, şeirlərindən nümunələri oxuculara təqdim edirik.

Aysel FİKRƏT


Yuxuma da gəlməmişdi bu ömrüm,

Nə Yaradan, nə anam səs etmədi.

Yüz adam yığışıb ev tikdi sözdən,

Heç biri həmin o bir kəs etmədi.


Mənə də yetmədi ömrün get-gəli,

Təyyarə həsrəti, qatar var-gəli.

Madam ki, əvvəldən son ucu bəlli,

Onunçun ardıyca düşüb getmədim.



Yalan ayaq tutdu, gəzdi dörd yanı,

Doğru min ildir ki, gendən boylanır.

Nə sevgi, nə həsrət, nə düz, nə əyri -

Adam bilə-bilə belə aldanır.


Dünya yalan yerdir, doğruya bürün,

Bunu anlayırsan, yəqin bilirsən.

Soyuqdu, buz kəsib vurduğun düyün,

Düyünü çözülməz, necə sürünsən...


Günəşə sevindim - "dəli" dedilər,

Buluda ağladım - "bəlli" dedilər.

İstədim uşaq tək küsüm dünyadan,

"Yaşın gəlib çatıb, əlli...", - dedilər.

lll

Yer-göy guruldadı,

ayrılıq saldı.

Yuxular qarışdı biri-birinə

Anamın gözləri, həsrət yarpağı.

Örtdüm ürəyimi qapı yerinə.


Mən daha gülmürəm, əvvəlki kimi

Əvvəl dilim susdu,

sonra ürəyim.

Durmadan oxunan

nəğmə səsini,

Daha eşitmirəm

Bir gör neylədim.



Bulaq tək çağlayan sevgi də

getdi

Gözünə baxmağa qorxduğum o da

Kimi uydurmuşdum, bir anda itdi

Daha bulud oldum

insan donunda.

Gözümü açandan qorxdum dünyadan,

Ürəyimə daman başıma gəldi.

Mən deyəsən daha,

geriyə baxıb.

Allaha şükür edən

yaşıma gəldim.

lll

Sənin son eşqinin son qığılcımı,

düşdü evimizə, od saldı, bildin?

Sən də hər an gülüb, göz yaşlarını,

uzaqda hər kəsdən gizlincə sildin?


Sənin neçə kərə sevgi sandığın,

Yad külək seli tək tanıdığın var?

Bütün olanların yerində qalan,

Yaran necə olub?

Yenə, ümid var?



Gözündə kədərdən yuva salanlar,

Hərdən döngələrdən çıxır yoluna?

Birdən xəyalların insana dönüb,

Yol getdiyin yerdə girir qoluna?


Sənin də ömründə pillə-pillədir,

Sevgi, dərd, ayrılıq və ondan ötə?

Heç gördünmü sən də insan cildində

Sevdiyin yad kimi yanından ötə?



Sənin də yolunda duman oldumu,

ürəyini didən xatirələrin?

Yaşın necə keçdi, necə qocaldın?

Sən də mənim kimi görə bilmədin?



Sənin son eşqinin, son qığılcımı,

düşdü evimizə, od saldı, bildin?

Sən də hər an gülüb, göz yaşlarını,

uzaqda hər kəsdən gizlincə sildin?

lll

Uça bilsən həyəcandan,

bunun adı ucalmaqsa,

bu dünyada yaşamaqçün

sevinc varsa -

qəm də gərək.



Qollarını qanad kimi yana sərsən,

ayrılığa gücün ilə sinə gərsən,

ruhun zilə çıxan vaxtı fərəhlənsən -

bu nəğmədə

bəm də gərək.


Ömrün başdan-başa yolsa,

bu yollarda çox yorulsan,

deməyib içinə sussan -

kəlmələrin

dəmdə gərək.



Bu dünyada nə işin var?

Bu günün var, keçmişin var.

Gərək deyilsən cahana -

bu nə sirdir? gərəksizsən,

Həm də gərək.

lll

O nağılı məndən yaxşı bilirsən,

Gərək sonu elə bu cür bitirdi.

Hamı vardı nağılın əvvəlində,

Sonra hamı birdən-birə itirdi.


Ağacların şah vaxtıydı o zaman,

Meyvələrin saf vaxtıydı o zaman.

Bəxt gülünün çiçəklənən çağıydı,

Ürəyimin rah vaxtıydı o zaman.



Sən də vardın: qocamandın, böyükdün,

Nə ağrıydın, nə cəzaydın nə yükdün.

Çox sonralar dönüb belimi bükdün,

Sevgimin padşah vaxtıydı o zaman.

lll

Saçlarıma ulduz kimi dən yağıb,

Qocalıram bu dünyanın xətrinə,

Könlüm daha zil ötəni bəm sayır,

Başa düşmür söhbəti nə, xətri nə.


Sıx meşədə bir canavar uladı,

Qoca qarı eşitmədi bilmədi.

Yalqızlığı düşəcəkdi yadına,

Bilmədi ki, göz yaşını silmədi.



Büküb dördkünc gül qoxulu yaylığın,

İtkin düşən balasına səsləndi.

Dağ-dərələr utandılar bu ahdan,

Göy yamaclar göz yaşına süsləndi.


Qaytarırdı quzuları çobanlar,

Yağış yağıb dağ yolunu kəsirdi.

Qocalmağa bir addımdır bu aləm,

Ürəyimdə bir cavan qız pəs edir.


Boz rənginə bürünməmiş bu dünya,

Pəmbələri gözlərindən at getsin.

Yağış yağır, unut bəndi-bərəni,

Pəncərəni möhkəm bağla, yat getsin.

lll

Bulud, necə keçdi ömrün,

Günəş, nə var-nə yox göydə?

Ulduzların kefi kökdü,

Gəl soruşma nə var yerdə.


Nə buluda əlim çatdı,

Nə günəşə, nə ulduza.

Elə belə yaşayıram.

Hər gün uduza-uduza.



Unuduram yavaş-yavaş,

Yerdə məni, göydə məni,

Allah dünyanın başına

Yağış kimi döydü məni.


Bəxt verdi nurun azaltdı,

Ayrılıq yolun uzatdı.

Elə bəxtəvər etdi ki,

Elə bildim söydü məni.


Ayağım izə yad gəlir,

Ömrümə ayrı dad gəlir.

Mən gördüyüm bahar deyil,

Hər gün dadi-bidad gəlir.

lll

Övladı idik iki mələyin

Qardaşlarım

Məlikməmməd,

Məlikəhməd,

Məlikcümşüd,

Bir də mən.

Böyüdük!

Saçlarımdan kəndir düzəltdi anam,

Atam gözlərindən yol çəkdi,

Yola düşdük...

Anam

Arxamızca su atdı.

Su üstünə qayıtdı.

Biz də qayıtdıq.

Üzümüzü yolda qoyub qayıtdıq.

Məlikməmməd qardaşımı

Dumanlıqda, sisdə qoyub qayıtdıq.

İntizarlı gözümüzlə,

Alınmayan arzumuzla.

Bilmədik nə fəsli idi,

Ay göydə qapqara susqun

Qardaşlarım məndən küskün,

Mən qardaşlarımdan küskün.

Qınadıq

Anam atdığı suyunu,

Atam çəkdiyi yolunu.

Qardaşlarım məni

Mən yolları, quyuları.

Bir-birimizə baxmaz olduq.

Anamıza heç baxmadıq.

Onun dərdi insan oldu,

Evimizdə həmişə yad qonaq kimi,

Məlikməmməd cığal oldu.

Şuluq qatdı oyunlara

Nə qoydu ki, nağıl quraq,

Nə də ki dönək nağıla...

Qanadı qırıq mələylər

Bu yarım nağıla yandı.

Yer də, göy də ah eylədi

Göydə almalar qaraldı.

lll

Yuxuma gəlirsən, uğur böcəyim,

İzsiz duyğularda uçub gedirsən.

Mən sənin tərəfə hər can atdıqda,

Sən qanadlarını qucub gedirsən.


Yuxuma gəlirsən, uğur böcəyim,

Bütün arzuları bitirdin, uçdun,

Sənə pıçıltımı özüm eşitdim.

Məni bu dünyada itirdin, uçdun.


Yuxuma gəlirsən, uğur böcəyim,

Qırmızı bəxtinlə, qara xalınla,

Sən bir az yalançı, mən bir az qorxaq.

Çətin bu sevdadan nəsə alına...

Yuxuma gəlirsən, uğur böcəyim...


Baxış sayı - 61 | Yüklənmə tarixi: 03.04.2026 16:03
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930