manera.az
manera.az

Mən haqqın yazan əliyəm - Yeni şeirlər

Mən haqqın yazan əliyəm - Yeni şeirlər
MANERA.AZ Xanəli Kərimlinin yeni şeirlərini təqdim edir:

İNANIB ALDANMA

“İnanmasan, yaşamaq olmur” əminliyi ilə yaşayanlara

Hər şeyə darılıb üzmə özünü,
Dildaş olmadığın dillərdən uzaq.
Üzə gülümsəyən üzgörənlərdən,
Əlinə əl yetməz əllərdən uzaq…

Öz yükün, öz yolun, mənzilin olsun,
Bil ki, gündoğanın, günbatanın var.
Gündə bir yol tutub ayaq döyəndə
Olmaz nə sədaqət, nə də etibar.

Çətindir, bilirəm, ürək qızdırmaq,
Sənə ürəyindən “pay” verənlərə.
Bir az səbirli ol, bir az da ayıq,
Yerli-yersiz sənə say verənlərə.

İnanıb aldanma inandığına,
Aldana-aldana yaşamaq çətin.
Aldana-aldana yaşasan əgər,
İtər ləyaqətin, düşər hörmətin.

Demirəm, hamıdan çəkin, kənar gəz,
Bəlkə də, ən böyük günahdır bu hal.
Daş daşdır, daşlarda inam olmasa,
Dağlar da diz çökər, düşər qalmaqal.

Bir qismət payıdır ömür də, gün də,
Kiminə işıqdır, kiminə zülmət.
Zülməti işığa döndərənləri
Yaşadar məhəbbət,tapar səadət.

Yaşa, ürəyinlə, eşqinlə yaşa,
Neçə ki, gözlərdən çəkilməyib nur
Aldanma, yalmanma kimsəyə, nəyə,
İnsanı yaşadar sevgi və qürur…
27-28.07.2021.

ALLAH ADAMI

Ürəyi Günəşə açılan adam,
Hardandır bu qədər sevgi, məhəbbət?!.
Hardandır bu qədər hörmət, ehtiram?!.
Bu qədər tükənməz, sonsuz sədaqət?!.

Görünür, adam tək yaşamaq olar,
Təki, ləyaqətin, qeyrətin olsun.
Dünyanın yükün də daşımaq olar.
Qəlbində təpərin, cürətin olsun.

Sən bunu bacardın, Allah adamı!
Prometey ömrünü yaşamağinla.
Əridi qəlblərin qaranlıqları,
Zülmətləri yaran gur işiğinla.

Bacardın şeytanı mələk etməyi,
Bacaran yaşayır, yaradır ancaq.
Yaradan Günəşdir, qürub etsə də,
Sabah daha aydın, parlaq doğacaq.

MƏN HAQQIN YAZAN ƏLİYƏM...

Mən Tanrıdan gələn elçi
Haqqın çarpan ürəyiyəm.
İnsanlığın qibləgahı,
Bəşəriyyət gərəyiyəm.

Sözlə yoğrulub varlığım,
Zatımdadır yar-karlığım,
Özümdə öz güzarlığım...
Zamanda zaman dəmiyəm.

Abi-həyat cismimdədir,
“Lövhü-məhfüz” ismimdədir,
Adəm mənim qismimdədir...
Saf könüllər diləyiyəm.

Mən gəlmədim, göndərdilər,
Göydən yerə endirdilər,
Nə dedi onlar dedilər...
Mən onların mələyiyəm.

Yüküm yüklərdən ağırdır,
Dilim deməkdən yağırdır.
Qəlbim fağırdan fağırdır...
Haqqla nahaqq ələyiyəm.

Sorumluyam hər sorğuya,
Həm əyriyə, həm doğruya,
Haqqdan gələn hər ağrıya
Dözən dəlidən dəliyəm.

Qalanmışam oddan oda,
Yaşayıram yaddan yada,
Haqq üçün olmuşam fəda...
Mən Haqqın yazan əliyəm.

Yol göstərən yolçum oldu,
Mən elçiyə elçim oldu,
Hər vəhyi bir ölçüm oldu...
Onunçün haqq ələmiyəm.

Yaza-yaza ozan oldum,
Haqq sirrini yozan oldum,
Şərdən şəri pozan oldum.
Indi pirlər qələmiyəm...

İTDİ HƏQİQƏTİN HƏQİQƏT ANI...

Yenə cin atına minibdi dünya,
Yüyəni İblisin yedəyindədir.
Yenə qan püskürür başsız başçılar,
Bilmirsən, kim dəli, kim divanədir.

Gözlər od saçanda itir ağıllar,
Beyinlər, ürəklər qəzəbə dustaq.
Dünya şairləri, söz adamları,
Dağılar dünyamız biganə qalsaq.

Dünya yaranmayıb topla, tüfənglə,
Dünyanı yaradan SÖZ olub ancaq.
Sözün qüdrətindən,sözün gücündən
İblis də, şeytan da düşübdü qaçaq.

Bu dünya fəlakət burulğanına
O zaman düşdü ki, SÖZ güllələndi.
Söz öldüyü gündən çaşdı ağıllar,
Dünya qana düşdü, qana bələndi.

İtdi həqiqətin həqiqət anı,
Dünyada top, tüfəng hakimi-mütləq.
Çaşan ağılları, coşan qanları
Kimlər yedəkləyib, kim oturdacaq?!

Sonu görünmür heç bu qan-qadanın,
Dəyişib yerini haqq ilə nahaqq.
Dünyaya düzəni gətirən ancaq,
Şairlər olacaq, Tanrı olacaq...
05.02.2022.

ŞÜKÜR DƏRGAHINA, ŞÜKÜR, AY ALLAH

Şükür dərgahına, şükür, ay Allah,
Bu gecəm də keçdi ağrı-acısız.
Bu gün də səhəri açdım gülərüz,
Bu gün də Günəşi gördüm qayğısız.

Kaş, hər günüm belə xoş açılardı,
Görəydim dünyanın üzündə gülüş.
Böləydim hamıya sevgi payımdan,
Hamının bəxtinə düşəydi görüş

Pis-yaxşı bu ömür qismətimizdi,
Sevgiylə yaşamaq-başqa bir aləm.
Yaşayaq, güvənək, edək etibar..
Üzməsin ömrü qoy nifrət, kədər, qəm,

Dünyaya gəlsək də sevgi oduyla,
Heyif ki, köçürük ağrı-acıyla.
Ancaq ən sağalmaz dərdi insanlıq
Sağaldıb eşq adlı bir illacıyla.

Hər addım,hər nəfəs, hər gülüş səsi
İnsançün xoşbəxtlik möcüzəsidir.
Vaxtında qədrini bilmədik deyə
Bu dünya bizimçün qəm nəşəsidir.

Verdiyin bu ömrə, xoş günə şükür,
Onsuz da, bu dünya gəldi-gedərdi.
Nə qədər karvanlar köçsə də,dünya
Elə yaranışdan təzəcə-tərdir.

Bizi aldadsa da çox təzə-tərlər,
İnamla yaşadıq üzü sabaha.
Bir ömür içində neçə min kərə
Gah şeytana uyduq, gah da Allaha.

Yaşadıq,yaşatdıq dövrü, zamanı,
Hərə öz çiyninə düşən yük ilə.
Ümidlər,arzular qağayılar tək
Dalğalar qoynunda çırpınır hələ...
29.04.2022.

YOLUN, DE, HARADIR...

Yolun, de, haradır, ey haqq yolçusu?
-Tanrım muradımı verdiyi yerə.
-Özün bilə-bilə gedirsən ora?
-Yox, Tanrım çağırıb özü bu kərə.

...Hər anım beləcə sınaq içində,
Sorğu-sualdadır günüm-güzarım.
Hər sorğu-sualdan qazandığımsa
Bir təmiz adımdır, bir etibarım.

Mənə bu dünyanın var-dövlətindən
Çatan bir qələmdir, bir də ağ kağız.
Narahat gündüzüm, yuxusuz gecəm
Həmdəm olub mənə qoymadı yalqız.

Nə qədər olsa da ilham qaynağım,
Hökm də onundur, hökmdar da o.
Mən yazıb-pozmuşam onun əliylə,
Qoymadı bir yol da məni darda o.

Mənsə taleyimin yolçusu oldum,
Alnıma yazılan yazıyla birgə.
Onuncün də uca Haqq dərgahında
Mənə yer verdilər - birinci cərgə.

Nə vaxt ki, haqq deyib dilim,qələmim
Həmişə yoluma nur ələnibdir.
Bir anlıq şeytana uyanda könlüm,
Yerim də, Göyüm də silkələnibdir.

Hərə öz yolunun karvanbaşıdır,
Xeyri də, şəri də özünə agah.
Bir addım atırsa xeyirə sarı,
Bir addım qazanır özünə günah.

İndi nə mən mənəm, nə özüm özüm.
Cismim də onundur, ruhum da onun.
Hərdən soruşuram: “Axı mən kiməm”?
Sual da onundur,cavab da onun!..

Nə qədər suallar cavabsız qalıb,
Nə qədər cavablar suala möhtac.
Cavab tapılsa da çox suallara,
Çox cavablara da vardır ehtiyac...
16.05.2022.

İNSAN-KAİNAT

İllərin qələmdaş dostum, ədəbiyyatşünas alim, tənqidçi Əbülfəz Əzimliyə

Bu gün mən soruşdum özüm-özümdən:
-Sənin yaşın çoxdur, ya kainatın?
Cavab çox çəkmədi, çox yubanmadı:
-Səndədir hər sirri küllü həyatın.

Sən də kainatsan, kainat da sən,
Sənin də ulduzlu aylı gecən var.
Dərin ümmanların, azman çayların,
Sonsuz asimanlı kəhkəşanın var.

Kainat lal-dinməz sükut içində,
Sənin söz dünyan var, sənin qələmin,
Kainat yaranıb bəlli biçimdə,
Səninsə öz dünyan, min bir aləmin...

Şairin söz yükü, sirdaş qələmi,
Kainat sirrindən alıb gücünü.
O sirdir yaşadan sirli aləmi,
O sirdir dəyişən hər an, hər günü.

Keçir sir içində ömür günümüz,
Bilmirik bu andan sonrakı anı.
Nə qədər düşünüb,daşınsaq da biz,
Yola verəmmirik çox imtahanı.

Bir şair vaxtında,yerində demiş:
“Qəzavü-qədər var... qaçılan deyil.
İnsan öz sirrini açmayınca bil,
Kainatın sirri açılan deyil”.
15.06.2022.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
1234567
891011121314
15161718192021
22232425262728
293031