manera.az
manera.az

Bığ haqqında ballada... - Nurəddin Ədiloğlu

📅 23.05.2026 09:03

Bığ haqqında ballada... -  Nurəddin Ədiloğlu
Həyatdan vaxtsız köçmüş şair Vaqif Hüseynovun xatirəsinə

Bu əhvalat ötən əsrin yetmişinci illərində baş verib. Ədəbiyyat aləmində indi «Xoşgün» təxəllüslü ilə tanınan qocaman şair o zaman rayon qəzetində çalışırdı. Bəlağətli nitqi ilə hamını özünə valeh edən enlibığlı, qıvrımsaçlı redaktor onun şeirlərini qəzetin “Şənbə guşəsi”ndə dərc edərdi... Günlərin bir günü rayona təzə raykom təyin olundu. Zalım oğlu elə bil yuxarıdan xüsusi göstərişiylə gəlmişdi. Bığlı kadrları çıxarıb, bığsızları irəli çəkirdi. Bir gün növbə enlibığlı redaktora da çatdı. Raykom redaktor vəsifəsini özü kimi bığsız, qarayanız, yaşı əllini ötmüş partiya mənsubuna həvalə etdi. O, «Şənbə guşəsi»ni Xoşgünün üzünə bağlayıb: - Bu sizin üçün nə ədəbiyyat qəzetidir, nə də incəsənət… Bu nədir? Hərə özünə bir qondarma təxəllüs götürüb. Bundan sonra kimin familiyası nədir, imzasını elə də yazsın. Nədən yazmağı, necə yazmağı isə məndən öyrənin!.. Göruma aparmayacağam ki?!.

O gündən gənc şair tez-tez xəyala dalıb ötən günlərin xiffətini çəkirdi, hətta təzə şeirlərini «Küsgün» təxəllüsü ilə yazırdı. «Təzə redaktorun qəlbinə necə yol tapaq? Nə edək ki, işimiz əvvəlki kimi rəvan getsin?» deyə qəzet əməkdaşları bir-birini sorğu-suala tuturdular. Təzə redaktor onlara keçmiş redaktorla görüşüb, hal-əhval tutmağı yasaq etmişdi: «Əgər katib eşidib-bilsə, çağırıb büroda dərinizə saman təpər!» Saçlarına seyrək dən düşmüş təzə redaktor illərlə raykomda qazandığı iş təcrübəsini redaksiyada tətbiq edirdi. Heç kim onun kabinetinin qapısını döymədən, pencəyinin yaxasını düymələmədən içəri keçə bilməzdi. Onun «Bilmədiyinizi məndən öyrənin, a bala, goruma aparmayacağam ki?!» kəlamı ştatdankənar müxbirlərin də dilində əzbər olmuşdu.

...Gənc şair dərindən köks ötürüb, ayağa qalxdı: -Eh, dostlar, söz var xalq içində, söz də var xülq içində - deyib redaksiyanın həyətinə çıxdı.
***
Saç-saqqalı uzanmışdı. Təzə redaktor günlərlə, həftələrlə onun üzünü görmürdü. O bədbin ovqatla yazdığı şerləri paytaxtda çıxan qəzetlərə göndərərdi. Bir dəfə şeirindən sitat gətirən tənqidçi “Küskün” təxəllüsünə görə onu qınayıb yazırdı ki: “insanların taleyinə doğan kommunizm günəşinin işığında sizin kimi azad şairə bu təxəllüs yaraşmır...”

Keçmiş redaktor həmişə şeirlərinə əl gəzdirərdi, bəzən bir uğurlu misrasına görə onu tərifləyərdi. O da ruhlanıb yeni-yeni şeirlər yazardı. İndi düşünürdü, bəlkə gedib onunla görüşsün?! Bəs harada? Birinci katibin hər yerdə gözü-qulağı vardı. Say-seçmə kişilərin ömrünü qayçılayan katib şairin yaddaşına orta əsrlərin zalım şah obrazı kimi həkk olunmuşdu... Fikirlər içində bir də gördü ki, redaksiyanın qonşuluğundakı bərbərxanaya çatıb. Üz-gözündən nur yağan usta onun saç-saqqalına əl gəzdirə-gəzdirə soruşdu: - Şair, çoxdandır ki, qəzetdə şerin çıxmır?

-Şeir nədir, ay usta, adam bu təzə redaktorun bığının altından heç ürəyi istəyən məqaləni belə keçirə bilmir.

Usta güzgüdən ona baxıb gülümsündü: - Şair, mən səni ayıq adam bilirdim, rəhmətliyin oğlu, bəyəm onun bığı var ki, altından da nəsə keçirəsən?
- Eh, ay usta, türkün məsəli…

Usta sınayıcı nəzərlərlə onu süzdü: - Hə, şair, sənə bir söz deyəcəm, amma öz aramızda qalsın, onun bığını mən qırxmışam. Gecənin bir aləmi evimə gəlmişdi, dedi, sabah tezdən büro iclası olacaq, katib o lopabığ redaktorun pişiyini ağaca dırmaşdıracaq. Elə də oldu…

- Bilirəm, ay usta, bilirəm, əgər bizim redaktor bığını qırxdırsaydı, vəzifəsini də qoruyucaqdı, bizi də…

Usta yenə mənalı-mənalı ona baxıb gülümsündü: -Sən heç raykomun yeni kadrlarına fikir vermisən? Gör, nə qədər qadını müdir vəzifəsinə təyin edib. Axı, onların anadangəlmə bığı yoxdur!

- Hə, ay usta, Allah sənin üzünə baxıb, əgər qadınları da bığlı-saqqallı yaratsaydı, indi vəzifəyə görə sənin evində səhərəcən növbə olardı!..
Hər ikisi ucadan güldü. Sonra usta soruşdu: - Bəs sənin fikrin nədir, ürəyindən vəzifə-zad keçmir?
-Yox, ay usta, sən heç bilirsən bizim keçmiş redaktor ona nə deyib? Deyib ki, bığımı təraş etdirərəm, bir şərtlə, sən də kabinetində portretini asdığın Leninin bığını-saqqalını o söz...

Gənc şair ətrafa nəzər saldı: - Bu söhbəti redaksiyada məndən savayı heç kim bilmir. Mən də görürəm ki, sən Allah bəndəsisən, deyirəm.
O gün gənc şair arada xəyala da getdi. Bir qış axşamı qəzet çapa gedəndən sonra köhnə redaktorla ikilikdə oturub yeyib-içmişdilər. Yollar buz bağlamışdı. Evə piyada getdirdilər. Parkın içindən ötüb-keçəndə redaktor Leninin qarla örtülmüş heykəlinə yaxınlaşdı. Gənc şair fikirləşdi ki, gör, redaktorun dahi rəhbərə nə qədər məhəbbəti var ki, gecənin bu aləmi onun heykəlinin qarını təmizləməyə belə əringəclik etmir. Amma birdən gözlərinə inanmadı. Redaktor yavaş-yavaş çıxıb oturdu heykəlin çiynində. Gənc şair təlaş içində ətrafa nəzər saldı. Redaktor da onun narahatlığını duymuşdu: «Qorxma, şair, bu gorbagor əlli ildir ki, öz qırmızı şüarları ilə minib bizim belimizə, at kimi ora-bura çapır, mən də heç olmasa, bir dəfə bu əbləhin çiyninə mindim ki, qoy bizə necə əzab-əziyyət verdiyini daşa dönmüş ruhuyla duysun!»… Sonra heykəlin çiynindən sürüşüb yerə endi. Siqaretini yandırıb qəmli bir səslə dedi: «Bəlkə, mənə qismət olmadı o günü görmək, amma sən gəncsən, inanıram ki, bir gün gələcək sən bu heykəlin burda izini-tozunu da görməyəcəksən… Unutma:

Dırnaq ilə daş qoparmaq dağidən,
Yaxşıdır namərdə yalvarmağidən…”
***
Bərbərxanadan redaksiyaya dönüb kabinetinə girər-girməz redaktor müavini sakitcə ona yaxınlaşıb soruşdu: -Bayaq o nə sözdü dedin, ay şair, nə bilim, söz var xalq içində…

Gənc şair təzə qırxılmış üzünü ovuşdura-ovuşdura, onun sözünü kəsib dedi: - Ay canım-gözüm, keçəl çarə bilsəydi, öz başına eləyərdi də…
Redaktor müavini qırsaqqız olub əl çəkmədi: - Vallah, şair, sən bilməmiş olmazsan, axı deyirlər şairlər Allaha yaxın olurlar. De görüm, nə edim ki, təzə redaktorun gözünə şirin görünüm? Bu yolsuzun biri yolsuz, heç Allahın salamını almır…».

Gənc şair bir az fikrə gedib dilləndi: - Əgər, doğurdan da, onun gözünə şirin görünmək istəyirsənsə, onda sənə bir məsləhət verim. Get qonşuluqdakı bərbərxanaya, bığını qırxdır, sonra gəl, gir redaktorun otağına, təzədən salam ver, hələ üstəlik ondan təzə raykoma da salam yolla, gör sənə nə deyəcək?!

Redaktor müavini elə də etdi. Bir neçə gün sonra məktublar şöbəsinin müdiri şairin kabinetinə girdi: - Şair, xəbərin var də, təzə redaktorla müavinin arasından su keçmir. Mənə de görüm bu nə sirdi? Axı bu redaktor zalım oğlu mənim gül kimi «Bəhlul Danəndənin cənub səfəri» satirik yazımın qabağına kötük yıxıb… Səni and verirəm nəşriyyatda toz basmış o qiymətli külliyyatına, mənə yol göstər! Redaktor müavini deyir ki, bu sirri ancaq sən bilirsən…
-Balam, bu təzə redaktor gələndən bəri nə yaman yerəbaxan olmusuz? Bir başınızı qaldırıb qarşınızdakı adamın üzünə də baxın da… Bir halda ki, sən buna sirr deyirsən, onda söyləyim, dur ayağa, get qonşuluqdakı bərbərxanaya, bığını qırxdır, sonra da gəl Bəhlul Danəndənin dilindən qələmə aldığın o felyetonu apar qoy redaktorun qabağına!

Məktublar şöbəsinin müdiri iki saatdan sonra yenə gənc şairin yanına gəldi. Bu dəfə sevincindən onu bağrına basdı: - Şair, sənə eşq olsun, məndən sənə əla bir qonaqlıq düşür, - dedi, -sənin sayəndə Bəhlul Danəndənin bəxti açıldı, bundan sonra yenə qamış atını minib, kəndbəkənd çapacaq, əyər-əskikləri üzə çıxaracaq. Amma heyif o bığıma, onu mənə hərbi xidmətdə rus generalı belə qırxdıra bilməmişdi.

…Üç-dörd aydan sonra bığsız redaksiya əməkdaşlarının hamısı jurnalistlər ittifaqına üzv oldu. Gənc şairlə xüsusi müxbir Qara Mətin həmkarlarının döşündəki qızılı qələm ucluğu olan nişana qibtə hissiylə baxsalar da, öz bığlarından vaz keçməyi ağıllarının ucundan belə keçirmirdilər.
***
Çox çəkmədi ki, keçmiş redaktor əlli yaşına çatmamış infarkt keçirdi. Az sonra dünyadan köçdü. Gənc şair ustadının xatirəsinə ehtiram əlaməti olaraq bığlarını bir az da uzatdı. Qara Mətin isə eldə-obada «Bığ Əli» adıyla tanınan xeyirxah bir kişinin oğluydu. Letuçka zamanı hər ikisinə irad tutanda redaktor deyindi: «Burdakıların hamısı mənim iş metodumu tez öyrəndilər. Amma siz ikiniz də tərssiniz, hələ də yazılarınızdan nə təsərrüfat qoxusu duyuram, nə də kənd-kəsək ab-havası, siz də yoldaşlarınız kimi məndən nümunə götürün, öyrənin də, goruma aparmayacağam ki?!» Hər dəfə təzə redaktor «gor» deyəndə gənc şair keçmiş redaktoru xatırlayırdı. Son vaxtlar tez-tez qatmaqarışıq yuxular görürdü. Görürdü ki, qarayanız, boynuyoğun, bığsız raykom əlinə özü boyda yekə qayçı götürüb, vəzifəli-vəzifəsiz rayondakı bütün kişilərin bığlarını kəsib-doğrayır. Sonra hündür kürsüyə çıxıb bar-bar bağırır ki, baxın, bu alətlə mən bığlarını qırxdıra bilmədiyim kişilərin ömrünü qayçılayacağam… Bu vaxt əyninə kəfən geymiş keçmiş redaktor kürsüyə çıxıb, acıqla raykomu süzürdü: «Kimi qorxuzursan, ay zalım oğlu, atan atam kimi kişilərə otuz yeddidə qənim kəsilmişdi, özün də mənim kimi kişilərə yetmiş yeddidə»… Dədə Qorqudsayağı səsi salonu zəlzələ kimi titrətdi. İclasdakı vəzifəli adamlar bircə anlıq elə bil o biri dünyaya — köhnə divarları get-gedə çat verən nəhəng gor evinə düşmüşdülər.

“Burda nə siyasət var, nə də ki, bir partiya.
Adamın vicdanını gətirirlər ortaya.
Vicdanlar darı boyda, vicdanlar yanar, sızlar,
Adam çox, vicdansa az, nə çoxdur vicdansızlar…”

Əyninə kəfən geymiş redaktorun çıxışı hamının ürəyindən tikan çıxartsa da, əlində yekə qayçı tutmuş raykoma tərəf baxıb əl çalmağa qorxurdular.Gənc şairsə arxa cərgədən ayağa qalxıb dəli kimi əl çalmışdı. «Bəs deyirlər tək əldən səs çıxmaz…» - deyə öz-özünə pıçıldayanda diksinib yuxudan oyanmışdı. “Rəhmətliyin ruhu yəqin bizim kimi aciz dirilərdən incikdi… Sabah mütləq gedib onun məzarını ziyarət edəcəyəm!..” Keçmiş redaktorun məzarına Qara Mətinlə birlikdə baş çəkdilər.

Bir dəfə yay günü məktublar şöbəsinin müdiri gənc şairi də götürüb meşədə ziyafət məclisinə apardı. Qonaqlığa gələnlərin çoxu vəzifə sahibləri idi. Gənc şairdən savayı, hamısı bığsız idi. Vəzifə onları bir-birinə yaxın, dost-doğma eləmişdi. Elə bil təbiətin bu gözəl güşəsi yalnız onlar üçün yaranmışdı. Meşəyə çökən sükutu qədəhlərin cingiltisi pozurdu. Bir də «Şırşır» bulağın həzin zümzüməsi. Kimsə şairdən xəbər aldı ki, təzə nə yazır? O da ayağa qalxıb əlindəki badəni yerə qoydu, boğazını arıtlayıb sözə başladı: - Mən bu gün sizə iki şeir oxuyacam, biri özümün «Bığ haqqında ballada»sıdı, ikincisi, rəhmətlik redaktorumuzun «O dünyadan məktub» şeiridir.

Bu zaman məktublar şöbəsinin müdiri onun pencəyinin ətəyindən dartıb astadan pıçıldadı: - Səni and verirəm əziz-giramilərinin canına, heç birini demə, ağlını başına cəm elə, bax gör buradakılar kimdir, nəçidilər.

Məclisdə hamı bir-birinə baxıb fikrə getdi. Kimi siqaret yandırdı, kimi də «Şırşır» bulağın, “Şəlalə”nin ətrafında keçmiş redaktorla yeyib-içdikləri günləri xatırlayıb dərindən ah çəkdi. Meşə də sanki doluxsunmuşdu, ağacların kirpik boyda yarpaqlarından yaş asılmışdı. Gənc şair ilk dəfə idi ki, məclisdə qalmaqal salırdı, məktublar şöbəsinin müdiri guya sərxoşdu deyə onu tez uzaqlaşdırıb maşınına sarı apardı: - Əgər bundan sonra səni belə məclislərə gətirsəm, onda mənim əba-əcdadıma lənət olsun! Beş dəqiqədən sonra burda olanların hamısını katibə çatdıracaqlar. Allah sənə gül kimi istedad verib, amma bir qram ağılın yoxdur! Yaxşı ki, redaktor burda deyil, Moskvaya müalicə olunmağa gedib, gələndən sonra bilsə, gör bizə nə toy tutacaq!
***
…Bir aydan sonra redaktor gəldi. Məsul katib bir-bir otaqları gəzib, pul yığdı: - Ayıbdı, bir şey alıb kişini evində ziyarət eləyək, xəstəyə baş çəkmək savabdı.

Redaktor işçilərinin gəlişindən xəbərdarmış kimi, onları qapıda özü qarşıladı. Qonaq otağında açılmış süfrəyə hər cür naz-nemət düzülmüşdü. Redaktor onları süfrəyə dəvət etdi. Onun yan-yörəsində iki pişik gəzib-dolaşırdı; biri qara, o biri kürən. Redaktora xoş gəlsin deyə bığsız əməkdaşlar az qaldı ki, pişiklərlə də hal-əhval tutsunlar. Gənc şairlə Qara Mətin bir-birlərinə baxıb xəlvətcə göz vurdular. Şair təkrar pişiklərə baxanda heyrətdən yerindəcə donub qaldı, ona bir an elə gəldi ki, bu pişiklərin ikisində də çatışmayan nəsə var. Amma nə oluduğunu bir an dərk edə bilmədi. Məktublar şöbəsinin müdiri zarafatla dedi ki, bunların biri şairdi, o biri də Qara Mətin. Hamı qəhqəhə çəkib güldü. Gənc şairin bədəni gizildədi, qulaqlarına keçmiş redaktorun səsi gəldi: - Yox, - dedi. Hamı lal-dinməzcə dönüb ona baxdı, elə bil onlar da keçmiş redaktorun səsini eşitdilər. - Diqqətlə baxın, bu pişiklər də sizə oxşayır, çünkü onların da bığını qırxıblar. Hamı dönüb redaktorun dizləri üstə xumarlanan pişiklərə baxdı. Doğurdan da, pişiklərin bığları qayçılanmışdı. Araya qəfil çökən sakitliyi redaktorun xəstəhal səsi pozdu: - Süfrəyə buyurun, nemətlərdən nuş eləyin!

Gənc şairlə Qara Mətin yenə bir-birinə baxıb göz-qaş etdilər. «Nuş edin» kəlməsindən sonra hər ikisinin qulağında redaktorun ən çox işlətdiyi ifadə səsləndi: «Goruma aparmayacağam ki?!» Bir azdan süfrəyə plov da gətirildi. Gənc şairlə Qara Mətin məmnun-məmnun çini buluddan boşqablarına plov çəkdilər. Süfrədəki hər nemətdən daddılar. Bığsız əməkdaşlarsa gah bir-birinə, gah da yuxarı başda oturan redaktora baxıb udqunurdular. Redaktor da hələ ağzına bir tikə qoymamış cibindən çıxardığı həblərdən bir-ikisini atdı. Sonra yavaş-yavaş öz boşqabına xırda qaşıqla kişmişli plovdan çəkdi, üstünə bir-iki tikə ət qoydu. Hamı gözləyirdi ki, redaktor ağzına bir qaşıq yemək aparsın, sonra onlar da yeməyə başlasınlar. Elə bu zaman redaktor gözlənilməz bir hərəkətlə onların ümidlərini puç elədi. O, qarşısındakı boşqabı pişiklərin qabağına qoydu. Onları tumarlaya-tumarlaya əzizlədi…

…Bığsız əməkdaşlar süfrədə get-gedə soyuyan xörəklərdən gözlərini çəkib aşağı başda ləzzətlə yeyib-içən bığlı əməkdaşlara - gənc şairlə Qara Mətinə həsədlə baxıb, tez-tez dərindən köks ötürürdülər.

…Xəstə redaktorla xudahafizləşib redaksiyaya qayıdanda kefi kök, damağı çağ gənc şair qəzetin bığsız əməkdaşlarına həvəslə «Bığ haqqında ballada»sını oxuyurdu.

Nurəddin Ədiloğlu


Baxış sayı - 63 | Yüklənmə tarixi: 23.05.2026 09:03
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031