"Milyoner qapıçı", "Dayaq" - Qərib Mehdinin hekayələri

Qərib MEHDİ - 90
MİLYONER QAPIÇI
(hekayə)
– Salam.
– Əleyküm salam.
– Pensiya ilə bağlı problemim var. Hara müraciət edəcəyimi bilmirəm. Mənə dedilər ki, sizə – qapıçıya müraciət etsəm, o yardımçım olacaq.
– Düz deyiblər. Üçüncü mərtəbəyə qalxın, sağ tərəfdəki 311-ci otaqdakılar sizi eşidərlər.
– Çox sağ olun!
– Xoşdu.
* * *
Salam ünsiyyətin ilk qapısıdır. Bundan sonra nələr olacaqsa, salamdan sonra olacaq. Hamı salamlaşır. Bəzən adamın pis niyyətli olduğunu salam da müəyyənləşdirir. Məsələn, filankəs haqqında deyirlər: «Heç salam veriləsi adam deyil». Çox salam qəbul edən adam tərcümeyi-halını sevindirə bilər.
Hər şeyin hesabı aparılır, təkcə salam saydan kənarda qalır. Sən demə, bunun da hesabını aparanlar var imiş. İdris kişinin başına gələnlər bunu sübut etdi.
İndi dünyada müxtəlif sahələr üzrə varlı adamların yarışması gedir. Kimlərsə zənginliyinə görə milyonerlərə, milyarderlərə liderlik edir. Bu barədə mətbuatda yazılır, televiziyalarda səsləndirilir.
Arxalı olmaqdan yarımayan kimsəsiz İdris kişi girişli-çıxışlı əzəmətli binanın qapıçısıdır. Yaxşı adamdır. Sifəti səma kimidir – gah tutulur, gah da açılır. Özü ilə çox danışır. Problemli adama oxşayır. Nəyisə dağa qaldırır, nəyisə arana endirir. Nə qədər çalışırsa, müşkül məsələnin düyününü aça bilmir.
Dərdini də heç kimə demir. Çünki öz yükünü başqasına yükləməyi insanlıqdan saymır. Təkcə mən bilirəm onun nə çəkdiyini. Bərk-bərk tapşırıb ki, bu barədə heç kimə heç nə deməyim. Uşaq kimi inamlı olmağı başına bəla açıb. Kiminsə xatirinə bankdan yüksək faizlə – sələmlə kredit götürüb. Həmin o kimsə pulu alıb, itli-pişikli aradan çıxıb. İndi borc damı uçub, İdris kişi qalıb altında. Borcun özü cəhənnəm, sələmi qaytarmağın əlində girinc qalıb. Özü gözəl deyib. Mən ancaq onun obrazlı fikrini təkrarlayıram: «Sələm ilanın balasıdır. Balanın zəhəri ananınkından kəskin olurmuş…».
Qapıçı İdris kişinin işi həm sadəydi, həm də mürəkkəb. O, çoxmərtəbəli binaya gəlib-gedənlərə diqqət yetirməlidir. Böyük binada xeyli sayda vəzifəli adamlar işləyir. Hərənin bir dərdi var. Adamlar dərdlərinin dərmanını bu binanın geniş otaqlarının kreslolarında oturanlardan umur. İçəri girənlərin üzlərindən bir intizar oxunur. Geri qayıdanların isə az qisminin eyni açıq görünür. Nəziri qəbul olunmayanların, arzusu çin olmayanların halını soruşmağa dəyməzdi.
İdris kişi bunların hamısını göz «kamerasına» alırdı. Sanki vəzifəsini unudub çarə axtaranlarla nəfəs alırdı. Sevinənlərlə həmrəylik edib gülür, qaraxəbərlilərlə birgə yasa batırdı.
Qəribə adam idi İdris kişi. Özünün dərdini bir fil çəkə bilməzdi. İçində çəkdiyi ağrı elə içində qalırdı. Onu aldadıb zərbə altında qoymuşdular. O, əslində, bunun heyfini başqalarından çıxmalıydı. Bunu ya etmir, ya da edə bilmirdi. Sanki heç nə baş verməmişdi. Cani-dildən hamıya qucaq açmağa çalışırdı. Az qalırdı əlimöhürlülərin işini müsbət yöndə özü icra eləsin. Bu da belə adamıydı, intiqam hissilə yaşaya bilmirdi. Baxmayaraq ki, özgəsinin yararlandığı kreditin faizi – sələmi dəyirman daşı kimi onu altına alıb əzirdi.
Binaya daxil olanların hamısı ona salam vermədən içəri keçməzdi. Əksəriyyətinin isə bu xoş görünüşlü adamın məsləhətinə, bələdçiliyinə ehtiyacı vardı. O, yorulmadan izahlı lüğət kitabı kimi kimin hara, hansı mərtəbəyə, kimin yanına gedəcəyini həvəslə izah edirdi. Ona verilən salamları ən böyük ənam hesab edirdi. Yadında saxlamışdı ki, adam yerinə qoyulanlara salam verirlər.
Bir dəfə İdris kişinin kefsiz olduğunu duydum. Elə bildim, sələmin dərdini çəkir. Halına acıyıb soruşdum. Sən demə, yanılırammış, sələmdən də böyük dərdi varmış. Binaya müşkülünü həll etmək üçün az adam gəlibmiş. Bu salamın sayına təsir edibmiş. Yumorqarışıq ciddiyyətlə dedi: «Salam sarıdan bankrotdayam».
İş axtaranlar, ev almaq istəyənlər, işığı sönənlər, suyu kəsilənlər, pensiyadan yarımayanlar, fəxri ad almaq eşqinə düşənlər və onlarla qeyri məsələ ardınca düşənlər İdris kişinin (əgər ehtiyac duyurlarsa) məsləhəti ilə mərtəbələrə – vəzifəli şəxslərin otaqlarına səpələnirlər. Bu yardımçılıq İdris kişini qətiyyən yormurdu. Təki, salam yerində olsun. Qapıçının xidməti hərdən gözlənilməz aşırı pilləyə keçirdi.
Görün bir dəfə nə baş verdi. Uşaqlı bir qadın binaya daxil oldu. O, uşağının çörəyini kəsən bir vəzifəlidən şikayətə gəlibmiş. İdris kişiyə salam verdikdən sonra uşağı göstərib deyir: «Körpə təntiyib, özünü islada bilər. Xahiş edirəm, tualetin yerini tapmaqda bizə kömək edəsiniz». Bu gözlənilməz sözdən qapıçının acığı tutmur. Əksinə, gülümsünüb bu işi də yoluna qoyur.
Lap bu günlərin söhbətidir. İdris kişi ilə təbəssüm doğuran bir söhbətə girişdim.
– Heç hesablayıbsanmı, indiyədək beyin daxılında nə qədər salam sərvəti toplamış olarsan?
Tövrü dəyişmədi. Gözlədiyimin əksinə olaraq, ciddi şəkildə dedi:
– Xeyli olar… Dəqiq saymamışam.
Mən Molla Nəsrəddinliyimi davam etdirdim:
– Müxtəlif sahələri əhatə edən milyonerlər var. Təbrik edirəm. Artıq sən də bu zənginlərin dəstəsinə qoşulubsan.
Hesablamışam. Sən milyondan artıq salamın sahibisən. Fəxr edə bilərsən! Elə bilirsən, hər adama salam verirlər? Qələbə münasibətilə əlini uzat, sıxım.
O, heç nə demədən əlini uzatdı. Yaxşı adam təklifimi ciddi qəbul etmişdi. Mən bu təmiz əli sıxdım. Bundan sonra o, özünü zənginlər zümrəsinin həqiqi üzvü olmasa da, fəxri üzvü hesab edə bilərdi.
Bank getdikcə İdris kişini daha çox sıxışdırırdı. Tələb olunan pul vaxtında həllini tapmırdı. Vəzifəcə aşağıda dayanan qapıçı insani keyfiyyətlərinə görə yuxarıda qərar tutmuşdu. O, əlindən olmağa razı olardı, ancaq özgəsinə əl açmazdı. Bəd ayaqda cəzasını çəkəcəkdi.
Bank borcunu vaxtında ödəmədiyinə görə artıq üçüncü dəfə idi ki, onu məhkəməyə çəkirdi. Bu hal onu üzürdü. Başqasının oduna yanırdı. Çifayda ki, bu yanğını söndürən tapılmırdı. Kişi fikir eləməkdən günü-gündən əriyirdi.
Sifətindəki ağ buludlar yerini qara buludlara vermişdi. Daha geri çəkilməyə imkanı yox idi. Qərara gəlmişdi ki, sabah keçiriləcək məhkəməyə getsin. Öz səhvini özü düzəltməlidir. Qaradan artıq rəng yoxdur. Nə olar, olar…
Oldu. İdris kişi – milyoner qapıçı sabaha salamat çıxmadı. Sələm... salamı üstələmişdi.
08.04.2024
DAYAQ
(hekayə)
Səməndər İkinci Qarabağ savaşında işğalçı erməni ordusuna qarşı şücaətlə vuruşdu, bacardıqca onları itkilərə məruz qoydu, təəssüf ki, sol ayağını dizdən aşağı itirdi. Qazi kimi ordudan tərxis olundu. Sol ayağını qoltuq ağacı əvəz etdi. Savaşın Qələbə ilə başa çatdığı, Dağlıq Qarabağın azad olunması xəbəri, bəlkə də, hamıdan çox Səməndəri sevindirdi.
Dinc mərhələ başa çatsa da, qazilərin yaşayışında problemlər acı bağırsaq kimi uzanıb gedirdi. Səməndər də ona qayğı göstərilməməsindən əziyyət çəkirdi. O, bu barədə vaxtaşırı şəhərin İcra Başçısı cənab Sərfəliyevə şikayət məktubları göndərirdi. İstəyirdi ki, Başçı onu şəxsən qəbul etsin. Bəlkə, bundan sonra ehtiyacları həllini tapa bilərdi. Aşağı vəzifəlilər müxtəlif bəhanələrlə onu aşağılamaqdan yorulmurdular. Nəhayət, Səməndərin arzusu gül açdı – onuncu şikayət məktubundan sonra qazini başçının qəbuluna dəvət etdilər. Səməndərin sevinci aşıb-daşdı, ərzi-halının reallaşmağına şübhə yeri qalmadı.
Düzdür, o, Sərfəliyev haqqında çox söz-söhbətlər eşitmişdi. Eşitmişdi ki, başçı ona etibar olunan vəzifədən sui-istifadə edir, korrupsiya ilə məşğul olur, xaricdə oxuyan oğluna villa inşa etdirib, yaxın qohumlarının adına şirkətlər açıb, bir-birindən bahalı maşınlara sahiblənib. Qazi belə dedi-qoduları çox eşitsə də, reallığına az inanırdı. Hesab edirdi ki, belə şeylər ya narazıların, ya da bəzəkçilərin işidir. Nooldu, elə hər şeyin bahalısına, təzəsinə başçı yiyələndi, çıxdaşlar isə pulagetməzlərə, işə yaramazlara rəva görüldü. Sınanmayanı əvvəlcədən sındırmaq olmaz. Hətta bu kəlamı Səməndərin dar gününün yiyəsi olan qoltuq ağacı da «təsdiq» edə bilər.
***
Vəzifəli təkcə hökm yox, həm də mədəniyyət nümayiş etdirməlidir. Bunu dərk edən Başçı ayaq üstə durub səbirsizliklə qonağını gözləyirdi. Zarafat deyil, qonaq da adi qonaq deyil, cəbhələr qalibi qazi idi. Qəbul qapısı açıldı. Əvvəlcə şikayətçinin qoltuq ağacı otağa «qədəm» basdı. Sonra sahibi göründü. Sərfəliyev kreslosundan dartınıb irəli çıxdı. Əl uzadıb görüşdüyü qonağını şirin dilə bələdi. Xoş-beş, əhval-pürsanlıqdan sonra başçı oturmaq üçün qaziyə yer göstərdi. Özü isə bir neçə dəqiqəlik sahibsiz qalan kreslosuna qovuşdu. Və bəlağətli nitqini yeni tonda davam etdirdi:
– Xoş gəlibsiniz! Bizim qapımız sizin kim qazilərin üzünə həmişə açıqdır. Bizim borcumuz sizi diqqətlə dinləmək, mümkün qayğımızı əsirgəməməkdir. Ərizələrinizlə tanışam. Orada qaldırdığınız problemləri, ehtiyaclarınızı bir daha öz dilinizdən eşitmək istərdim. Buyurun, söz sizindir.
Səməndər belə isti, mehriban qarşılanmanı gözləmirdi. İnsan nə qədər məmnun olarmış?! Başçı haqqında yırtıq ağızlardan eşitdiyi yöndəmsiz sözləri elə kabinetdəcə unutdu. İnandı ki, o, ehtiyaclarını sadalayacaq, başçı da bir göstərişlə onları həll edəcək. Qazi qoltuq ağacına söykənərək aram-aram problemlərindən söz açmağa başladı. Və əmin oldu ki, ona diqqət kəsilən başçı fikrində qaldırılan məsələlərin həll yollarını arayır. Səməndər inanmağında olsun. Görək…
İcra başçısı gözlərini qazinin qoltuq ağacından çəkə bilmirdi. Yöndəmsiz qoltuq ağacını qazinin özü kəsib, yonub düzəltmişdi. O qədər də yaraşıqlı görünmürdü. Sərfəliyev sol ayağın köməkçisinə baxdıqca başını bulayırdı. Onun qəlbindən keçənlərdən şikəst qazi xəbərsiz idi.
Sərfəliyev dodaqlarını tərpədərək astadan pıçıldadı:
– Ona təzəsi lazımdır.
Bu xoşagəlim, sərf eləyən pıçıltını qazi eşitdi və ürəyindən bir sevinc dalğası keçdi: «Yəqin mənə təzə ev verəcəyini nəzərdə tutur. Deyəsən, köhnə
daxmadan canım qurtaracaq».
Başıçının dodaqları yenə tərpəndi:
– Əlbəttə, ona təzəsi lazımdır. Axı o, buna layiqdir.
Qazinin ürəyinin döyüntüsü artdı: «Yəqin təzə maşın bağışlayacaq. Şikəst ayağımı yerdən üzsə savab qazanar».
Eşidiləcək pıçıltı davam edirdi:
– Mütləq təzəsi lazımdır.
Səməndərin ürəyi daha şiddətlə döyündü: «Təzə iş yerim olacaq. Gəlirli bir şirkətdə işləyəcəm. Bununla da ehtiyacın daşını atacam».
Başçı düyməni basdı. O, mahir bir rejissor kimi əvvəlcədən bu tamaşanın quruluşunu vermişdi. Otağa yerişindən yer çatlayan katibə daxil oldu. O, əlində tutduğu təptəzə qoltuq ağacını başçıya uzatdı. Başçı da həmin elastik hərəkətin davamı olaraq par-par yanan qoltuq ağacını qaziyə təqdim etdi.
– Xarici məhsuldur. Keyfiyyətinə söz yoxdur. Sağlıqla işlədəsiniz. O köhnə qoltuq ağacını tulla getsin.
Səməndər baş verəndən donub qalmışdı. O, nə arzulayırdı, qismətinə nə düşdü?! Dili tutar-tutmaz dedi:
– Bu nədir, cənab başçı?
Başçı ötkəm səslə:
– Təzə, keyfiyyətli qoltuq ağacı. Bu, etibarlı dayaqdır. Bununla hərəkət etsəniz, büdrəyib yıxılmazsınız.
Bir azdan özünə gələn qazi köhnə qoltuq ağacının köməkliyi ilə ayağa durdu və başçının əlində tutduğu qoltuq ağacını geri itələdi.
– Ağacdan adama dayaq olmaz. İnsanın dayaq olacağına inanırdım, – dedi və qapıya sarı addımlayıb geniş kabinetin darlığından xilas oldu.
20.02.2024
Tural Adışirinin təqdimatında..
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.