Şəkidə Beynəlxalq Musiqi Festivalı başlayıb

İyulun 4-də Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə növbəti musiqi bayramına - Şəki “İpək yolu” XIV Beynəlxalq Musiqi Festivalına start verilib.
MANERA.AZ xəbər verir ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşan və üç gün davam edəcək musiqi festivalında Azərbaycan, Türkiyə və Çinin tanınmış musiqi kollektivləri, istedadlı musiqiçilər iştirak edirlər.
Festivalın proqramına uyğun olaraq, iyulun 4-də Şəki şəhərindəki “Yuxarı Karvansaray” mehmanxana kompleksində musiqisevərlərə ilk konsert proqramı təqdim olunub. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə gerçəkləşən konsertdə Azərbaycanda yaşayan azsaylı xalqların xor, mahnı və rəqs kollektivləri rəngarəng proqramla çıxış ediblər. Müxtəlif etnik qrupların - talış, avar, ləzgi, molokan, tat icmalarının folklor qruplarının çıxışı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
İyulun 5-də günün birinci yarısında Şəki Musiqi Kollecində Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş kollecin müəllim və tələbələrinin, həmçinin gənc pianoçu Kamal Axundovun iştirakı ilə konsert olacaq. Həmin gün axşam “Marxal” kompleksinin Yay Teatrında festival iştirakçılarına Cahangir Cahangirov adına Xor kollektivinin konserti təqdim ediləcək.
İyulun 6-da “Yuxarı Karvansaray” mehmanxana kompleksində “Şəhər Günü” bayram tədbiri keçiriləcək. Həmin gün festival iştirakçıları, həmçinin Heydər Əliyev Mərkəzində Çin Xalq Respublikasının Şimal-Qərb Pedaqoji Universitetinin yetirmələrinin konsertinə tamaşa edəcəklər. Axşam isə “Marxal” kompleksinin Yay Teatrında festivalın təntənəli bağlanış mərasimi keçiriləcək. Mərasimdə Dövlət Sərhəd Xidmətinin Nümunəvi-Hərbi Orkestri konsert proqramı ilə çıxış edəcək. Konsert Vətən müharibəsindəki şanlı Zəfərimizin 5 illiyinə həsr ediləcək.


