manera.az
manera.az

Ulu Öndər Heydər Əliyevin idarəçilik və liderlik fəaliyyəti - Yeni kitab

Ulu Öndər Heydər Əliyevin idarəçilik və liderlik fəaliyyəti   - Yeni kitab
Rüfət Lətif oğlu Hüseynzadə,
Pedaqoji elmlər doktoru, professor, Respublikanın Əməkdar Müəllimi
E- mail: prof.rufat@mail.ru



Hər bir işin keyfiyyəti onun düzgün idarəedilməsindən başlayır. Düzgün idarə etmə olmadan heç bir işin keyfiyyəti və səmərəsi olmaz. İstehsalatın, sənayenin, fəaliyyətimizin bütün sahələrində idarəetmə mövcuddur.

İdarəetmə prosesinin düzgün, pedaqoji, psixoloji əsaslar üzərində qurulması ilk növbədə kollektivdə əlverişli psixoloji mühitin yaranmasını təmin edir, bütün fəaliyyət sahələrində keyfiyyətin yüksəldilməsinə, uğurlu nəticələrin əldə olunmasına zəmanət verir. Bu cəhətdən idarəetmə bir sinergetik elm olaraq pedaqoji, psixioloji, sosial, fəlsəfi, iqtisadi, erqonomik və digər elmlərin kompleks birliyini özündə ehtiva edir.

Bu mürəkkəb və məsuliyyətli idarəetmə elmindən istifadə etmək idarəedicidən yüksək səriştəlilik, təşkilatçılıq, çeviklik, iradi keyfiyyətlər, insanlara humanist və pozitiv yanaşmaq, emosional təsir etmək, yüksək ünsiyyət mədəniyyəti və peşəkarlıq tələb edir.

Ədalətli, humanist, demokratik idarəçilik məktəbinin əsasının Ulu Öndər Heydər Əliyev qoymuşdur. Heydər Əliyevin dövlət idarəçiliyi sahəsində misilsiz xidmətləri onun yaratdığı nümunəvi idarəçilik məktəbidir. Onun Azərbaycan dövlətinə rəhbərlik etdiyi dövrlərdə həyata keçirdiyi siyasi-iqtisadi, maarifləndirici, tərbiyəedici, öyrədici idarəçilik fəaliyyəti, idarəçilikdə mənəviyyat prinsipləridir ki, onlar daim öyrənilməli və nümunə götürülməlidir.

Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideyası xalqın milli özünüifadəsinin, özünüidarəsinin bütün forma və vasitələrinin inkişaf etdirilməsi, xalqın milli qürur hissinin gücləndirilməsi və milli şüurun yüksəlişinə təkan verən strategiyasının gerçəkləşdirilməsi ilə səciyyələnir.

Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən mühüm xidməti onun müdrik iadraəçilik fəaliyyəti sayəsində Azərbyacan dövləti və dövlətçiliyi məhv olmaqdan xilas oldu. Heydər Əliyevin idarəçilik məktəbi gənc nəslin formalaşmasnda, idarəçilik bacarıq və qabiliyyətlərinin inkişafında bu gün də, sabah da mühüm əhəmiyyət kəsb edir.


İdarəetmənin mühüm və mürəkkəb bir sahəsi təhsilin idarə edilməsidir.

Bu günlərdə - “Təhsilin idarə edilməsi” adlı metodik vəsaitimiz (Rüfət Hüseynzadə, Lalə Əzimova. Bakı: ADPU, 2025) nəşr edilmişdir ki, bu vəsaitdə ulu öndər Heydər Əliyevin idarəçilik fəaliyyəti, liderlik keyfiyyətləri, insanlara yanaşma tərzi, ünsiyyət və nitq mədəniyyəti haqqında geniş və ətraflı məlumat verilmişdir.

Vəsaitdə Ulu öndər Heydər Əliyevin idarəçilik fəaliyyətinə, idarəetmə mədəniyyətinə, liderlik məharətinə xüsusi yer verilmiş, onun yüksək səviyyədə təşkilatçılıq və konstruktiv bacarığından, insanlara yol göstərmək, istiqamət vermək, hörmət və tələbkarlıq etmək, qayğı, diqqət və rəhbərlik etmək, müxtəlif təbəqəli, yaş dərəcəli insanlarla, müxtəlif peşə sahibləri ilə ünsiyyət qurmaq, ünsiyyəti lazımi istiqamətə yönəltmək, təhrik etmək, emosional təsir göstərmək, nümunəvi ünsiyyət qurmaq və çox yüksək səviyyəli nitq mədəniyyətindən geniş məlumat verilir. Bütün bunlar hər bir təhsil işçisi, tələbə və müəllimlər üçün, onların pedaqoji fəaliyyəti üçün dəyərli nümunə məktəbidir.

KİTAB BURADA

thsilin-idar-edilmsi_-ktabi-ykl-1.pdf [1.49 Mb] ( 7)

Vəsaitdə xalqımızn ümummilli Lideri Heydər Əliyevin dünya siyasətində liderlik rolundan, onun xarizmatik liderlik xüsusiyyətlərindən, siyasət aləmində dahi bir şəxsiyyət, lider siyasətçi olmasından ətraflı danışılır.
Ulu Öndərin anadan olmasının 102- ci ildönümü qarşısında kitabda yer almış onun idarəçilik və liderlik xüsusiyyətlərinə bir daha diqqət yetirmək, ondan öyrənmək çox faydalı və əhəmiyyətlidir:

Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin idarəçilik fəaliyyətində və ümumiyyətlə bütün fəaliyyət sahələrində liderlik xüsusiyyətləri, onun daim hər yerdə birinici olmaq bacarığı həmişə öyrənilməli və nümunə götürülməlidir.
O bütöv bir Azərbaycan xalqının lideri olmaqla bərabər, dünya liderliyində də lider olmuşdur. Heydər Əliyev - böyük siyasi lider daim öz iradəsi, cəsarəti, çevik və rasional qərarları ilə ən çətin situasiyalarda belə çıxış yolunu tapan parlaq şəxsiyyəytdir. O məharətli çıxışları, nitqləri, söhbətləri ilə insanlara qüvvətli pozitiv təsir etməyi bacarmış, insanlar arasında ayrı seçkiliyə yol verməmiş, onların tələbat və ehtiyaclarına diqqət və qayğı ilə yanaşmış, zamanın nəbzini tutaraq ona uyğun fəaliyyət göstərmişdir.

XX əsrdə xalqımızın yetirdiyi ən böyük şəxsiyyət, dünya şöhrətli siyasi xadim, xalqımızın milli lideri Heydər Əliyev dövlətçilik konsepsiyasında üç ali dəyəri önə çıxarmışdır: 1.Ədalət dəyəri; 2.Müdriklik dəyəri; 3.Həqiqət dəyəri. Bu dəyərlərin yerinə yetirilməsində gücün siyasətə təsirini deyil, ağlın və müdrikliyin gücə qarşı təsirini qoymuşdur ki, o özünün parlaq zəkası, müdrik ağlı sayəsində hər cür gücə qalib gəlmişdir. Güc hər şeyi sındırsa da, ağıl gücü sındırır. .

Heydər Əliyevin uzaqgörənliyi, hadisələri qabaqlaması, intusiyası, öngörümü, cəsarəti, iradəsi və xüsusi fəhmi ilə əsil liderlik keyfiyyətlərini özündə birləşdirmişdir. Heydər Əliyev millətin gələcəyini düşünən lider olaraq bütün həyatını fəaliyyətini canından artıq sevdiyi Azərbaycanın tərəqqisinə, inkişafına, yüksəlişinə həsr etmişdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan siyasi sisteminin yaradıcısı, Azərbaycançılıq ideologiyasının banisi, milli özünüdərk prosesinin başladıcısı və idarəedicisi Heydər Əliyev böyük, tarixi hadisələrə imza atmışdır ki, onun titank, hərtərəfli geniş siyasi fəaliyyəti tükənməzdir.
Heydər Əliyevin liderliyi, hər bir işdə birinci olması onun yalnız siyasi fəaliyyətindən başlamamışdır. O hələ kiçik yaşlarından, məktəbli həyatından, uşaqlıq və yeniyetməlik dövründən, gənclik həyatından lider olmuş və əsası da elə oradan başlamışdır.
Bəli ulu öndər Heydər Əliyevin anadangəlmə fitri istedadı, liderliyə məxsus xüsusi qabiliyyətləri olmuşdur. Heydər Əliyevin yeniyetməlik və gənclik dostları öz söhbətlərində, yazılarında bildirirlər ki, gənc Heydər Əliyev yeniyetməlik və gənclik illərində də çox ağıllı, tədbirli, təfəkkürlü, savadlı, istedadlı, səliqəli, mehriban və həmişə haqq və ədalətin tərəfində olan, qamətli, fiziki cəhətdən görkəmli bir oğlan idi. Kəndə gələndə bütün kənd cavanları onun başına toplaşar onunla söhbət edərdilər. Onda insanları asanlıqla öz ətrafına toplamaq, onları idarə etmək, onlara rəhbərlik etmək bacarığı çox yüksək idi.

O təhsilində, həmçinin müxtəlif fəaliyyət növlərində yalnız birinci olmuşdur. Heydər Əliyev Naxçıvanda orta məktəbi “Əla” qiymətlərlə bitirmiş və Naxçıvan Pedaqoji Texnikumuna daxil olmuşdur. Burada o mükəmməl pedaqoji təhsil almış, ilk olaraq müəllimlik peşəsinə yiyələnmiş və müəllim haqqında bu gün bir aforizmə çevrilmiş dahiyənə fikrini demişdir: “Mən Yer üzündə müəllim adından yüksək bir ad tanımıram”. Onun bütün fənlərdən aldığı qiymətlər yalnız “Əla” qiymətlər olmuşdur. Ayrıca olaraq əxlaqdan aldığı qiymət də “Əla” dır.

Pedaqoji texnikumda təhsil aldığı illərdə Heydər Əliyev rəssamlıqla məşğul olmuş, musiqi ilə məşğul olmuş, teatr tamaşalarına kollektiv baxışlar təşkil etmiş və özü də aktyor kimi çıxış edərək tamaşalar göstərmişdir. O vaxtlar Pionerlər evinə getmiş tar dərnəyində tar çalmış, idmanla, üzgüçülüklə məşğul olmuş, daim mütaliə etmiş, kitablar oxumuşdur. Bütün bu işlərdə Heydər Əliyev hər zaman öndə olmuş, birinci olmuş, uğurlu olmuş və həyatda həmişə fəal mövqe tutmuşdur.

Heydər Əliyevin çıxışları, nitqləri həmişə öz zənginliyi, məna dolğunluğu ilə, pozitiv, emosional təsiri ilə seçilirdi. O, özünün əzəmətli görkəmi, baxışı, səsinin ahəngi ilə auditoriyanın diqqətini özünə cəlb edirdi. Dahi natiq insanlarla ünsiyyətə girir, sual verib, cavab alırdı. Bu dahi şəxsiyyətin nitqindəki məna ardıcıllığı və məntiqilik bütün çıxışlarında özünü göstərirdi.
Heydər Əliyev çıxış edərkən bütün varlığı və inamı ilə danışır və hamı ona diqqətlə qulaq asırdı. Heydər Əliyevin Naxçıvan Pedaqoji Texnikumunda təhsil illərindəki fəaliyyətini xatırlayan “İstiqlal” ordenli, Əməkdar Müəllim, dos.Lətif Hüseynzadə o illəri xatırlayaraq yazırdı ki, “Heydər Əliyev sinifdə dərs danışarkən sinfə tam sükut köçürdü. Onun məntiqli danışığı, işlətdiyi sözlər, ifadələr fərqli və çox diqqətçəkici idi...”. Heç şübhəsiz Heydər Əliyevin bu natiqlik qabiliyyəti, liderlik qabiliyyəti onun hərtərəfli hazırlığından, təhsil illərindəki uğurlu təhsilindən, mütaliəçi olmaısndan irəli gəlmiş və sonrakı fəaliyyətində də daha təkmil şəkildə özünü göstərmişdir.

Ulu Öndər, milli liderimiz daha sonra Leninqradda (Sankt-Peterburq) DTK məktəbində təhsil aldığı illərdə, daha sonra da Bakı Dövlət Universitetindən məzun olduğu zaman onun təhsil haqqında sənədlərində yalnız “Əla” qiymətlər olmuşdur.O bütün fəaliyyət növlərində ən fəal, ən qabaqcıl olmuş, daim yoldaşlarına kömək etmiş, qayğısına qalmış birinciliyi, liderliyi heç zaman əldən verməmişdir.

Onun bütün fəaliyyəti – uşaqlıq, yeniyetməlik, gənclik həyatı və siyasi fəaliyyəti gənc nəslimizə nümunə olmaldıır. Liderliyi ondan öyrənməli, onun liderlik məktəbini öyrənmək lazmdır.
Hazırda ölkəmiz iqtisadiyyatın inkişafı sahəsində, hərbi texnika sahəsində lider ölkələr sırasındadır. Ölkəmiz 44 günlük Vətən müharibəsində ölkə başçısının komandanlığı, müdrik siyasəti, “Dəmir yumruq” hərbi əməliyyatı ilə işğal olunmuş torpaqlarımız azad edildi, xalqımız tarixi Zəfər qazandı.
Əsgərlərimiz qəhrəmanlıq və şücaət göstərmiş, ordumuz hərb tarixində görünməmiş qələbələr qazandı, ən yeni hərbi texnika nümayiş etdirdi, düşmənə hərb tarixində ağır zərbələr vurdu, xüsusi hazırlıq görmüş əsgərlərimiz əlbə-yaxa döyüşlərdə, çətin şəraitdə qələbə çaldılar. Bütün bunlar hazırda bir çox ölkələrdə Azərbaycanın hərb üsul-idarəsi, qələbə əzmkarlığı, hərbi texnikası öyrənilməkdədir.

Bütün bu uğurların müəllifi xalqımızın yeni əsrdə, yeni lideri Heydər Əliyevin liderlik siyasi məktəbinin layiqli davamçısı İlham Əliyevdir. Prezident İlham Əliyev mili ruhlu, xəlqi xislətli, qətiyyətli, iradəli, cəsarətli, pozitiv təsirli, praqmatik dünya siyasətçisidir. Böyük Türk şairi Ziya Paşanın dediyi kimi:
Ayinəsi işdir kişinin, lafa baxılmaz,
Şəxsin görünür, rütbeyi əqli əsərində

O bir neçə dildə sərbəst danışır, nitq söyləyir, xarici jurnalistlərə müsahibələr verir, eyhamlı, təxribatçı suallara tutarlı cavablar verir, bəzən zarafatla, bəzən yumorla tərəfkeşlik edən jurnalistə də yerini göstərir. O, özünün dediyi kimi, nəyin, nə vaxt edəcəyini, nə zaman deyəcəyini yaxşı bilir. Budur Liderlik, budur, birinci olmaq.

Beləliklə, Ulu öndərizmiz, milli liderimiz, XX əsrin dünya lideri Heydər Əliyevin və XXI əsr Azərbaycan Respiblikasının Prezidenti, müzəffər ordumuzun Ali Baş Komandanı İlham Əliyevin liderliyi haqqında müxtəsər məlumat verərək, liderliyi onlardan öyrənməli, onlardan nümunə götürməliyik.


Manera.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031