Həyat davam edir - Bəylər Əliyevin hekayəsi
MANERA.AZ Bəylər Əliyevin "Həyat davam edir" hekayəsini oxuculara təqdim edir.
Fərid və Fariz bir kənddə anadan olub, böyümüşdülər. Onlar gizirlər məktəbində oxumuşdular və möhkəm dost idilər. Dostlar özləri ilə bərabər ailələrini də dost etmişdilər. Belə ki, məzuniyyət vaxtı biri-birinin evlərinə gedirdilər, məzuniyyətlərini birgə keçirirdilər. Onların vasitəsi ilə bacı-qardaşları və valideynləri də biri-birinin evlərinə get-gəl edirdilər. Fəridin bir bacısı, Farizin bacısı və qardaşı var idi.
Neçə illər davam edən dostluğun ağır günləri aprel döyüşləri zamanı başladı. Bu döyüşlərdə Fariz yüngül yaralansa da, Fərid həyatını itirdi. Onun həyatına düşmən snayperi son qoydu...
Bu faciə hər iki ailəni sarsıtdı. Fəridi qəhrəman kimi dəfn etdilər. Fariz özünə söz verdi ki, Fəridin ailəsinin qayğısına qalacaq, ailəsinə də bunu tapşırdı. Fariz tez-tez Fəridin ailəsi ilə əlaqə saxlayırdı, onların problemləri ilə maraqlanırdı, məzuniyyət vaxtı dəfələrlə baş çəkirdi. Çalışırdı ki, Fəridin yoxluğunu onun ailəsi hiss etməsin. Əlbəttə bu mümkün deyildi...
Fəridin ailəsi Farizin gəlməsinə çox sevinirdi. Onu öz övladları kimi qəbul edirdilər. Birgə Fəridin qəbrini ziyarət edirdilər. Onlar da Farizdən xəbər olmayanda özünə, ya da ailəsinə zəng edib, hal-əhval tuturdular. Üstündən bir ildən çox vaxt keçdi...
Belə ziyarətlərin birinin sonunda Fəridin anası, Farizi yola salarkən dedi:
- Sağ ol, Fariz. Səndən çox razıyam. Allah mənim çırağımı söndürdü. Onun məsləhətinə şükür... Vətən sağ olsun! Çox istərdim ki, mənim çırağımı sən yandırasan.
Bu sözlər Farizi çox düşündürdü, lakin heç nə başa düşməyərək, babası Ümid kişiyə müraciət etdi. Ümid kişi qoca olsa da çoxbilmiş idi. Fariz lap uşaqlıqdan onunla “dostluq” edirdi. Babası ən çətin anlarında ona kömək edirdi, məsləhətlər verirdi.
Uyğun məqam seçib babasına olanları söylədi. Babası çox düşünmədən dedi:
- Fəridin valideynləri səni kürəkən kimi görmək istəyir. O, fikrini sənə belə çatdırıbdır.
Bu sözlərdən Fariz yerindən dik sıçradı və dedi:
- Baba sən nə deyirsən?! Bu sənin ağlına hardan gəldi? Sənubər mənim bacımdır! Mən ona başqa gözlə baxa bilmərəm. Ola bilməz!
Ümid kişi gülümsəyərək dedi:
- Sən o kişinin qəlbinə yatmısan. Yəqin qızının da sənə olan münasibətini görüblər, buna görə də belə qərara gəliblər.
Fariz qəzəblənərək:
- Sən deyirsən ki, mən əclafam?! Dostlar arasında bilirsən buna nə deyirlər?..
Ümid kişi sakit bir tərzlə:
- Çırağı zülmətdən qurtarmaq üçün yandırırlar. Kim sənə deyir ki, sən dostuna xəyanət və əclaflıq edirsən?.. Sən onun ailəsini xoşbəxt edəcəksən. Dostuna söz verməmişdin ki, ailələrinin bütün problemlərini və arzularını yerinə yetirəcəksən? Onda əməl elə, onları arzularına çatdır.
Fariz cavab tapmadı. Düzdü, onun Sənubərdən xoşu gəlirdi. Mərifətli, ağıllı, səliqəli və gözəl qız idi. Lakin o Sənubərə bacı kimi baxırdı. Axı o qardaş dediyi adamın bacısı idi. Deməli onun da bacısı sayılırdı.
Ümid kişi nəvəsinin seçim edə bilmədiyini görüb, dedi:
- Ay bala, belə bir rəvayət var. Qədim dövrdə bir gənc tacir öz dükanında otururdu. Birdən meydanda özü kimi yad elli bir gənci gördü. O, dilənçi paltarında, ac-yalavac idi. Bunu görən tacir yad ellini dükana çağırıb yedizdirir, ondan hal-əhval tutur. Qonaq nahardan sonra söylədi ki, uzaq şəhərin imkanlı ailənin övladıdır. Bu şəhərə ticarət etməyə gəlmişdi. Lakin yolda onu quldurlar soyub dilənçi halına gətiriblər.
Tacir onu əziz qonaq kimi qəbul edir, təzə libas verir. Birgə ticarət edirlər. Dərdlərini bölüşdürürlər və s. Onlar möhkəm dost olurlar.
Günlərin bir günü qonaq qonşuda bir qız gördüyünü söyləyir və ondan xoşu gəldiyini bildirir. Tacirin özünün də o qızdan xoşu gəlirdi. Lakin bunu sirr olaraq qəlbinin dərinliyində gizlədirdi.
Qızın da qonaqdan xoşu gəlmişdi. Tezliklə tacir bu qızla onu evləndirir və vətəninə yola salır.
Qısa bir müddətdən sonra tacirin dükanı yanır. O, evini də satıb borclara verir. Müflis halına düşən tacir bilmir ki, nə etsin. Birdən uzaq şəhərdə olan dostu yadına düşür və qərara alır ki, onun yanına getsin.
Dostu olduğu şəhərə çatanda onun evini soruşur və dostunun evinə yollanır. Evə yaxınlaşanda görür ki, dostu eyvandadır və onu görən kimi keçir içəri. Tacir qapıya yaxınlaşır və nökərə deyir ki, ağasına onun gəldiyini xəbər versinlər. Nökər gəlib xəbər verir ki, ağası evdə yoxdur. Tacir dostunun evdə olduğunu gözü ilə gördüyünü desə də nökər qəbul etmir.
Tacir kor-peşman gecələməyə yer axtarmağa başladı. O, şəhərin qırağında bir qoca qarının evində qalası oldu. Gecə yarısı qapı döyüldü. Qarı qapını açdı. Qapını döyən iki nəfər idi. Onlar qonağı çağırmağı tələb etdilər. Qarı qonağının olmadığını desə də, gələnlər əl çəkmədilər və tacir məcbur olub çıxdı onların qarşısına. Bu adamlar taciri onlarla getməyi tələb etdilər və bir müddətdən sonra dayandılar və dedilər:
- Biz xəzinə yarmağa gedirik. Sən burada pusquda duracaqsan. Gələn olanda bizə xəbər verərsən.
Adamlar getdilər və bir müddətdən sonra onlar xəzinə ilə qayıtdılar və üçü də qarının evinə yollandılar. Xəzinəni tacirin yanına qoyub dedilər:
- Əgər gün çıxana kimi biz qayıtmasaq, bu xəzinə sənə ananın südü kimi halaldır.
Tacir yıxılıb yatdı və oyananda günorta olduğunu gördü. Qarıya qızıldan verib, xəzinəni də götürüb tacir bazara yollandı. O fikirləşirdi ki, bu xəzinəni mala verib öz şəhərinə qayıtsın və yenidən ticarətlə məşğul olsun. Dükanların birinə girəndə dükan sahibi – nurani bir kişi, tacirin kim olduğunu və hardan gəldiyini biləndən sonra onu öz evinə aparır. Qonaq edir və axırda deyir:
- Ay, bala. Mən görürəm ki, sən gənc olsan da başın çox bəlalar çəkib. Sən vətənə qayıtsan da sənin orada heç kimin yoxdur. Mənim də övladım olmayıb. İstəyirəm ki, sən burada qalıb mənim oğlum olasan və bütün var-dövlətimin sahibi olasan.
Qocanın bu təklifini tacir bəyənir, həqiqətən vətənlə bağlı onun heç nəyi qalmayıb. Elə bura da vətəndir və qocanın bu təklifini qəbul edir. Səhərisi gün qoca taciri bütün var-dövləti ilə tanış edir və nökər-naibə tapşırır ki, bu gündən onların ağası tacirdir. Onlar mehriban yaşamağa başlayırlar.
Bir müddətdən sonra tacir qocaya dükanına tez-tez gələn qızdan xoşu gəldiyini bildirir. Qoca o qızın valideynlərini tanıdığını bildirir, elçi gedir və tezliklə toya hazırlaşırlar. Toya dəvət olunacaq qonaqları çağırmağı «təzə oğluna» tapşırsa da o şəhəri tanımadığını bəhanə gətirərək bu işi qocanın özünün etməsini xahiş etdi. Siyahı tutulandan sonra tacir siyahıya baxanda birinci dostunun adını görür. O qocadan xahiş edir ki, dostundan başqa bütün qonaqların dəvətini qəbul edir. Qoca tacirin dostunun adını siyahıdan qaralasa da toyun qızğın vaxtında dostu içəri girir. Tacir bərk qəzəblənərək onu toyu tərk etməyini xahiş etsə də, ətrafındakılar təəssüblənərək deyirlər:
- O şəhərimizin ən imkanlı və hörmətli adamıdır. Çağrılsa da, çağrılmasa da bütün toylarda iştirak edir və öz xeyir-duasını verir. Belə mötəbər insanla sənin nə ədavətin ola bilər?
Tacir başına gələnləri söylədikdən sonra, heç kim ona inanmaq istəmədi. Hamı təəccüblə çağrılmamış qonağın üzünə baxırdı və sanki cavab gözləyirdi. Tacirin dostu dedi:
- O nə deyir, düz deyir! Görün mən ona nə etmişəm. Onu eyvandan dilənçi paltarında görəndə özümü dandırdım. Çünki, istəmirdim ki, mənim həyat yoldaşım və dostumun qonşusu onu bu libasda görsün. Qardaşlarıma tapşırdım ki, onu izləsinlər və gecə xəzinəmi yardırıb ona verdim. Bununla kifayətlənməyib öz valideynlərimə tapşırdım ki, onu oğulluğa götürsünlər. Bacımı tez-tez dükana göndərirdim ki, onlar biri-birini görüb bəyənsinlər. Bu da oldu. Bu gün onların toyudur. Bu toyda mən iştirak etməyə bilərəmmi?
Tacir hər şeyi başa düşüb dostunu qucaqlayıb, ən mötəbər yerdə oturtdu…
Xoş niyyətli münasibət heç vaxt, heç kimi utandırmayıb...
Fariz başını aşağı salıb babanın otağından çıxdı.
Ümid kişi tezliklə elçi göndərdi. Bu izdivac hər iki ailənin ürəyincə oldu. Yalnız Fariz hələ də xəcalət çəkərək dururdu.
Günlərin bir günü sübh çağı Fariz dostunun qəbrini ziyarət etməyə gedəndə, Sənubərin qəbrin önündə durduğunu gördü. O, qardaşı ilə danışırdı.
- Qardaş, sənin yoxluğun bizi üzür. Heç bilirsən nələr olub? Mən arzu edirdim ki, sənin toyunda bolluca oynayacağam. Sənin həyat yoldaşınla bacı olacam. Allah ermənilərə lənət eləsin! Onlar bu arzularımın üstündən xətt çəkdilər. Mən heç vaxt ailə qurmayacağımı düşünürdüm. İndi mənim ailə qurmağımı tələb edirlər. Özü də bilirsən kimlə?.. O yaxşı oğlandı. Mən onu qardaş kimi çox istəyirəm və o yanımda olanda sənin yoxluğunu unuduram, elə bilirəm sən yanımdasan. Hər iki ailəni bu izdivac sevindirir... Səndən sonra valideynlərimizi ilk dəfə idi ki, belə sevincli görürəm... İstəmirəm onları bu sevincdən məhrum edəm...
Sənubər geriyə dönüb Farizi gördü. Onun gözləri yaşlı idi. Fariz də yaxınlaşıb dostunun şəklini öpdü. Uzun müddət onlar susaraq dayandılar və qəbir daşından onlara baxan şəkilə baxdılar. Sükutu Fariz pozdu. O, dedi:
- Elə mən də buraya xeyir-dua almağa gəlmişdim. Sənin dediklərini eşitdim... Mən də çaş-baş qalmışam...
Günəş qalxırdı, ətrafa nur saçılırdı. Fəridin qəbir daşının üstündəki şəkil daha şux görünürdü. Onun təbəssümü daha aydın görünürdü. Fariz Sənubərin əlindən tutub dedi:
- Xahiş edirəm, bəsti. Biz ermənilərdən onun qisasını almışıq və alacağıq. Ağlamaqla onun sevincli ruhunu incitmə. Qoy onun ruhu şad olsun! Onlar baş əyib əl-ələ tutub getdilər... Axı həyat davam edir…