manera.az
manera.az

Mirzə Cəlilin Haqverdiyevlə Şuşada birgə istirahəti - XATİRƏ

Mirzə Cəlilin Haqverdiyevlə Şuşada birgə istirahəti - XATİRƏ
2020-ci ilin 44 günlük savaşında yüzlərlə şəhid və qazimizin canı-qanı hesabına azad etdiyimiz Şuşa ilə bağlı Azərbaycanın görkəmli simalarının xatirələri haqda çox deyilib, çox yazılıb. Amma bu cənnət-məkan şəhərdə elə ədiblərimiz də olub ki, onların Şuşa ilə bağlılığı çoxlarının ağlına gəlmir.

Məsələn, çox az adam bilir ki, Naxçıvanda doğulmuş dahi Mirzə Cəlil (Məmmədquluzadə) ömründəki yay aylarının çox hissəsini məhz Şuşada keçirib. Ədib özünün məşhur “Kamança” pyesini 1920-ci ildə Şuşada yazıb... Əbdürrəhimbəy Haqverdiyevin “Bəxtsiz cavan” pyesinin Şuşada tamaşaya qoyulmasında iştirak edib... Və ömrünün son dövlərində bir dəfə Cıdır düzünü gəzərkən ömür-gün yoldaşı Həmidə xanıma “Bir gün ölsəm, məni bu sıldırım qayaların arasında dəfn edərsiz” deyib...

Mirzə Cəlilin Şuşa ilə bağlılığı əsasən Həmidə xanımın Qarabağlı olması ilə bağlı idisə, digər tərəfdən, onun dostlarının şuşalı olmasıyla əlaqədar idi... Üzeyir Hacıbəyov, Hüseyn Sarabski, Əhməd Ağdamski və Əbdürrəhimbəy Haqverdiyevin...

Azərbaycanın görkəmli filoloqlarından biri, , AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun keçmiş elmi məsləhətçisi, özü də Şuşalı olan mərhum professor Kamran Məmmədov 1970-ci ildə nəşr etdirdiyi “Əbdürrəhimbəy Haqverdiyev” adlı kitabında Mirzə Cəlilin Əbdürrəhimbəylə Şuşada keçirdiyi yay istirahətlərindən də bəhs edir.

Kitabın həmin epizodunun ən maraqlı hissələrini oxucuların nəzərinə çatdırırıq:

“1914-cü ilin yay fəsli yenicə girmişdi. Camaat hər tərəfdən Şuşaya axışıb gəlirdi. Cəlil Məmmədquluzadə, onun həyat yoldaşı Həmidə xanım və Əbdürrəhimbəy Haverdiyyev yaxşı istirahət etmək üçün yenə də Ağdamdan Şuşaya köçmüşdülər. Onlar keçən il, yəni 1913-cü ildə də Şuşada bərabər olmuşdular. O zaman artistlərdən Əbülfət Vəli, Hüseyn Sarabski, Əhməd Ağdamski də onlara qonaq gəlmişdilər. Cəlilin kiçik qardaşı, 1906-1911-ci illərdə Azərbaycan milli azadlıq hərəkatının rəhbərlərindən biri, Səttarxanın silahdaşı və dostu Mirzə Ələkbər də Şuşada idi. Üzeyir Hacıbəyov, Rzaqulu Nəcəfov da burada istirahət edirdilər... Mirzə Cəlil özünün “Ölülər” pyesini Şuşada tamaşaya qoymaq üçün yuxarıda adları çəkilən dostlarına oxumuş, lakin məslək dostları məsləhət görmüşlər ki, bu işi hələlik təxirə salmaq lazımdır. Çünki şəhərdə hökumətlə sıx əlaqədə olan Molla Əbdürrəhim ağanın kəsdiyi başa sorğu yox idi...

Əbdürrəhim bəy, demək olar ki, hər gün Cəlil Məmmədquluzadə ilə bir yerdə olurdu. Onlar tez-tez İsa bulağına, Daşaltına, Müxütərə gedirdilər. Gündəlik getdikləri yer isə ya Cıdır düzü, ya da Ərimgəldi idi. Bir gün Cıdır düzündə şair Vaqifin qəbri üstündə Mirzə Cəlil, Həmidə xanım və Əbdürrəhim bəy birlikdə şəkil çəkdirirdilər. Bu, tarixi bir gün idi. Onlar Cıdır düzünə getdikləri vaxt hava sakit idi və göydə günəş gülümsəyirdi. Ətrafdakı yaşıllıqlara baxmaq adama ləzzət verirdi. Yolla yavaş-yavaş irəliləyirdilər. Bir nəfər çox hündürboylu, çox yekə başlı, qırmızısifət bir kişi onlara yaxınlaşıb Haqverdiyevlə çox mehribancasına görüşdü. Hər ikisi gülümsədi. Kişi ayrılıb xeyli uzaqlaşandan sonra Əbdürrəhim bəy bərk şaqqıldadı. Cəlil mənalı baxışla dostunu süzdü və sakitcə:

-Nə olub ki? – deyə soruşdu.

-Mirzə, bu kişi ilə qəribə bir əhvalatımız olub. On-on beş ilin söhbətidir- o, yadıma düşdü.

-O, necə bir əhvalat idi ki?

Haqverdiyev nəql etməyə başladı:

-Cavan vaxtlarımız idi. Peterburqdan Şuşaya qayıtmışdım. Dostlarla tez-tez gəzməyə çıxardıq. Yenə bir gün sözləşdik ki, səhər tezdən bazarbaşına toplanıb Səkili bulağa gedək. Bu gördüyünüz kişi də gəlib çıxdı. Çox dilxorçu adam idi, səfeh danışıqlarıyla hamının zəhləsini aparmışdı. İstəmədik ki, bu da bizimlə getsin. Him-cimlə sözləşib ayrıldıq. Və bir saat sonra başqa bir yerdə yığılıb yenə də Səkili bulağa getdik. Axşamüstü gəzməkdən şəhərə qayıdanda həmin bu kişi bazarbaşında rastımıza çıxdı və tez də dilləndi:
-Hə, məni əkib(yəni sıradan çıxarıb-S.L.), özünüz kefə getmisiniz?

Mən də özümü saxlaya bilməyib ona belə cavab verdim:

-Nə danışırsan, əə... Səni əkənin lap atasına lənət!..

Həmidə xanım bərkdən güldü. Cəlil də gülümsədi...

Sonra onlar hər üçü gəlib sıldırım qayalar üstündə əyləşərək qıjıltıyla axan Daşaltı çayına tamaşa edirdilər. Birdən-birə dağın üstünü boz duman aldı. İldırım çaxıb guruldadı və yavaş-yavaş səpələməyə başladı. Onlar hər üçü yaxındakı kahaya girib təbiəti seyr etməyə başladılar...

İldırım gurultuları get-gedə bərkiyirdi. Gurultu kəsən kimi, elə bil, göydən yerə gur bir şəlalənin ağzını açırdılar. Yağış qayalara çarparaq dərəyə tökülürdü. Onlar kahadan, qağıldaya-qağıldaya aşağı enən bir çalağana baxırdılar. Quş suya yaxınlaşdı və görünməz oldu...

Yağış get-gedə yavaşıyırdı. Onlar kahadan çıxaraq yollarına davam etdilər. Dağların üstünü bürüyən duman yavaş-yavaş çəkildi, günəş çıxdı... Göydə qövsi-quzeh əmələ gəldi. Qövsi-quzehdə təbiətin ən gözəl rəngləri sayrışır, bir müddət davam edir və yox olurdu...

Bu mənzərəni seyr edən Mirzə Cəlil Haqverdiyevə dedi:

-Əbdürrəhim bəy, görürsənmi, təbiət bir anda nələr yaradır?

-Doğrudan, lap məəttəl qalmışam...

...Onlar hər üçü yenidən Vaqifin qəbri üstə gəldilər. Bu zaman orada başqa bir dəstə şəkil çəkdirirdi; çünki bu yer ən gözəl xatirələri əbədiləşdirən, heç bir zaman unudulmayan və unudulmayacaq bir yer idi...”

moderator.az
Təqdim etdi: Sultan Laçın






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31