manera.az
manera.az

Günəşin təbəssümü - Yeni uşaq şeirləri

Günəşin təbəssümü - Yeni uşaq şeirləri
MANERA.AZ İsmayıl İmanzadənin yeni uşaq şeirlərini təqdim edir.

BİZİM NOVRUZ BAYRAMI

Nur yağır çöhrəsindən
Güllü-çiçəkli yazın.
Pişvazına çıxırıq
Xoş avazlı Novruzun.

Bayram tonqallarının
Şöləsi göz oxşayır.
Sular durulub axır,
Yaşılaşır çöl, bayır.

Bəzəyir süfrəmizi
Şəkərbura, paxlava.
Quşlar nəğmə oxuyur,
Təzələnir yurd-yuva.

Qanad açır arzular,
Gülüb sevinir hamı.
Deyirik, xoş gəlmisən
Bizim Novruz Bayramı!
02.03.2025

ŞANAPİPİK

Kimdən soruşum görən
Hara uçub gedirsən,
Havalar soyuyanda?
Qışın sonuna kimi
Gözləyirik yolunu
Mən də, doğma yuvan da...
Elə sevimlisən ki
Yadımdan çıxarmı heç
Dadlı-şirin avazın?
Havalar isinəndə
Çəhlimində qayıt gəl
Yenə çiçəkli yazın...
Uzaq eldə gözünlə
Nə görmüsənsə onun
Sorağını da gətir.
Salıb itirərsən ha...
Geriyə qayıdanda
Başında gəzdirdiyin
Darağını da gətir.
12.01.2025

BU GECƏ QAR YAĞIRDI

Bu axşam lopa-lopa
Qar yağrdı elə hey
Şaxtalı-buzlu qışın
Hər tərəfdə izinə.
Nəfəsini dərmədən
Göylər ağ rəng yaxırdı
Zülmət donlu gecənin
Sübhə kimi üzünə...
17.01.2025

GÜNƏŞİN TƏBƏSSÜMÜ

Dan yeri qızaranda
Soyuq qar havasında
Bulud kipriklərini
Arabir qırpır günəş.
Sonra təbəssümüylə
Daşlara sığal çəkir,
Ağacların, kolların
Üstünü çırpır günəş.
25.02.2025

YAŞIL DONLU TƏBİƏT

Dan yerindən boylanan
Günəşin şəfəqləri
Gözünü qamaşdırır,
Soyuq qarın, sal buzun.
Yığışıb dəstə-dəstə
Çıxırıq pişvazına
Baharın gəlişindən
Soraq verən Novruzun.
Sular coşub, çağlayır,
Tumurcuqlar göz açır,
Otlar göyərir dən-dən.
Elə bil yer üzünə
Nur yağır təbiətin
Yamyaşıl çöhrəsindən.
25.02.2025

SAAT

Qollarını açaraq,
Hər gecənin, hər günün
Hərlənir dövrəsində.
Nə durur, nə dayanır
Səyahətə çıxıbdır
Sanki yer kürəsində.
Gizlətmir niyyətini,
Nəyi varsa üzdədi.
Döyünən ürək kimi
Sanki köksümüzdədi.
Əqrəblər “barmaqları”,
Ötən vaxtı-vədəni
Durmadan hesablayır.
Dayandıran olmasa
Hər gəlib keçən anın
Addımlarını sayır.
04.03.2025

GÜNƏŞ ŞƏFƏQ SAÇANDA

Dan yeri qızaranda
Üfüq şəfəq saçırdı.
Səhər mehi çəmənin
Yaxasını açıdı.
Təzədən dirçəlirdi
Çiçəklər ləçək-ləçək.
Yuxudan oyanırdı
Əlvan xallı kəpənək.
Hər yanda qarışqalar
Elə hey qaynaşırdı.
Al günəşə boylanıb
Baxan kimi hamının
Gözləri qamaşırdı…
17.12.2024

MANERA.AZ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI