manera.az
manera.az

NƏFƏS YÜKSƏKLİYİ - Tərlan Əbilov yazır..

📅 23.02.2025 13:09

NƏFƏS YÜKSƏKLİYİ - Tərlan Əbilov yazır..
MANERA.AZ Tərlan Əbilovun yeni yazısını təqdim edir.

Nəfəslə bağlı çox fikir yürütmək, çox söz söyləmək olar. Nəfəs varsa, həyat var. Ev hənirtisidir, yuva istiliyidir nəfəs. Nəfəs pıçıltıdır, sözdür, duadır, şeirdir.

Şair Anar Seyidağanın öz dediyi kimi: "İnsanın gözəlliyi nəfəsindədir". İllah da həmin nəfəsi daşıyan şair, hiss, duyğu, ruh adamı ola. Yaradıcılığı haqqında söz açmaq istədiyim Anar Seyidağa nəfəsiylə sözü şəkilləndirə, nəfəsi fikrə, fikri nəfəsə çevirə bilən bir şairdir.

Ona görə də onun şeirlərinin səyahətinə çıxmaq bir ayrı yolçuluqdur. Əksər şeirlərini Allahla ünsiyyətə cəhd kimi də səciyyələndirmək olar. Sanki hər dəfə nəfəsini içinə çəkib, şair narahatçılığına son qoymaq üçün bütöv bir şeiri birnəfəsə Tanrıya pıçıldayır:

Gecənin şübhə ilə dolu vaxtında
Yatmaq istəyirəm,
Sadəcə yatmaq...
İlahi, yalvarıram,
yuxularımın bakirəliyini pozma.
Yoxsa doğrudanmı
bir müqəddəs rahibənin bətninə
bir qız uşağının günahlarını
mən daşıyıram?


Eynən bir neçə misrasını təqdim elədiyim "Yuxu" şeirindəki kimi. Bu şeirdə yazmaq-yuxularının bakirəliyini pozmaq qorxusudur şairin. Ağ varaq şair taleyini dəyişə bilən saf, müqəddəs bir rahibə bətnidir - sözdən qorunan. Hər misra da daşıdığı bir günah. Ona görə də şeirin sonunda məhz

Bilirəm oğlan doğulmayacağını.
O yuxunu bir kərə özün görmüsən,
Bilirəm yer üzünə daha
peyğəmbər gəlməyəcək.
Yeriyirəm gecənin qaranlığında.
Yarpaqlar tabutumu daşıyır.-
Mən yarpaqları əzdiyimi düşünürəm.


- deyir Anar. Çünki yuxu hər zaman sərhədləri pozula bilən bir ehtiyacdır və biz hər birimiz bu dünyada Tanrının gördüyü, sərhədlərini pozduğu yuxuyuq. Bizim hər an yuxudan oyanmaq kimi bir təhlükəmiz var, dünyaya peyğəmbər gəlmədiyimiz, dünyaya peyğəmbər gətirmədiyimiz üçün. Çünki bizdən fərqli olaraq peyğəmbərlər Allahın bu dünyada çin çıxan yuxularıdır.

Bizə o yuxuların fonunda ancaq günahlardan daşınmaq, gördüyümüz yuxulara asi çıxmamaq qalır; hər hissin, hər duyğunun yarpaq tökümünü sözə, sənətə nəfəsə çevirə-çevirə, müqəddəs sözün ayaqlarları altında yarpaq xışıltısını eşidərək.
NƏFƏS YÜKSƏKLİYİ - Tərlan Əbilov yazır..
Bu şeirdə olduğu kimi Anarın əksər şeirlərində mistik bir nəfəs var, hansı ki, o nəfəs bütöv bir kainatı isidə də, buza da döndərə bilər. O nəfəs bir gülün bətnini ətirləndirə də bilər, bir çiçəyi arısız qoya da bilər. O nəfəs bir dənizi ləpələndirə də bilər, bir çayı quruda da bilər.

O nəfəs bir əsim mehdir otların telində, bir neçə damla şehdir çiçəklərin ləçəyində. Bir çıraqdır o nəfəs, hansı ki, Anarın hər bir misrası onun işığında söz-söz tumurçuqlayır, mətn-mətn böyüyür, məzmun-məzmun dərinləşir.

Yaratdığının sədaqətinə şübhə qorxusudu cəhənnəm.
Həqiqət doğru zənn etdiklərimiz deyilsə
Yalan da yalan deyil.
Yoza bilmədiyimiz yuxuların qorxusudu inanc.
Hər qorxu Tanrıya yaxınlaşdırır insanı.
Qorxunu yenə bilsəydi
Uçacaqdı insan.


Bu misralar Anarın "Sevmək" adlı başqa bir şeirindəndir.

Ənənəsinə sadiq qalaraq bu şeirdə də mahiyyət məsələsini formadan üstün tutaraq oxucusunu düşündürməyə, özünün iç dünyasının cavab axtardığı suallara qismən də olsa meylləndirməyə çalışır. Bu poetik mahiyyət axtarışları həm də insanlığın, həqiqətlə yalanın aydınlanmasından ötrü onun oxucusuna verdiyi ipucudur.

Çünki bu mahiyyətlərin bətni bir az Tanrı, bir az da insan qorxusu ilə şəkillənir, öz rənglərini axtarmağa gedir. Bu, Allahla yaratdığını eyniləşdirmək iddiası deyil, Allahda olan yaratmaq eşqindən insanda da var deməkdir əslində.

Bəlkə öz oxucularını yetişdirməkdən ötrü nə az, nə çox 25 illik fasilədən sonra sözə dönmək, sözün mahiyyətinə çevrilmək iddiasıdır. Məhz ona görə də təqdim elədiyim bu misraların birində "Qorxunu yenə bilsəydi, uçacaqdı insan"- deyir Anar.
Daha sonra

Susmağı anamız öyrətdi bizə
Sürünməyi ehtiyacdan,
Qaçmağı qorxudan,
Danışmağı zərurətdən öyrəndik.
Uçmağı öyrənə bilmədik amma,
Və bir də sevməyi öyrənə bilmədik.
Qarşılıq, umacaq, hiylə,
şəhvət, hərislik
Başqa bir kimya yaradıb-
Cədvəlin 79- uncu elementinin
Gerçək tərəfində.


- deyib, əyarı yüksək fikirlərin gerçək tərəfində içi həqiqətlə dolu sözləri öz rənginə qovuşdurur, elementlərini güvəndiyi oxucularına həvalə edib başqa bir kimya yaradır, hansı ki, onun kimliyini bütün şeir növlərində modernist kimi təsdiqləyir.

Anar Seyidağanın şeirlərindəki forma rəngarəngliyinə görə həmişə fikrə borcludur, fikir rəngarəngliyinə görə formaya deyil. Hər bir Azərbaycan şairinin şifahi xalq ədəbiyyatıyla doğmalığı olduğu kimi Anarın da bu bağı möhkəm və qırılmazdır.

Şifahi xalq ədəbiyyatından yaradıcılığına düşən naxışlar rənglərinə görə də, mahiyyətinə görə də fərqlənir. Yazdığı müxtəlif qoşmalar, gəraylılar daşıdığı qanın ilıq zümzüməsini etiva edir, eynən "Ruh" adlı bu qoşmasında olduğu kimi:

Ruhun o deyilsə Məryəm də doğsa,
Tanrı da üfürsə, zuhur eyləməz.


Heç şübhəsiz ki, müəllif çox həssas, çox diqqətli oxucuları üçün bu iki misranın tərkibində belə bir fikir də şifrələyib: şeir də ruhun sözdə zühurudur, nəfəsin o deyilsə bir söz öz rənginə, bir çiçək öz ətrinə qovuşmayacaq, bir fikir öz dibinə enməyəcək, endirməyəcək. İsinməyəcək bir ölkə, bir məhəllə, bir ev. Fəhmin iqlimində qanından nəsə rişələnməyəcək bir şairin.

Sonra:

Bu necə fiqurdu-bir küncü yoxdu,
Nədən yeddi rəng var, narıncı yoxdu?


sual eləyən şair

Yaxşı ki, Allahın qılıncı yoxdu,
Yoxsa biz ölüncə səbir eyləməz.


- deməklə, rəngləri çoxdan qarışmış dünyanın, rəngləri çoxdan lillənmiş mühitin şəklinə güzgü tutmağa çalışır.

Daha sonra:

Düşün, bir elm var fərz deyə sənə,
Bu necə isbatdı tərs deyə sənə?
Elə başlar çıxır dərs deyə sənə
Heç boynu bir başlıq kəndir eyləməz.


- deyib, mənəviyyat tərəzisinin gözünün dolduğu, gözünün yaşardığı bu çətin ərəfələrdə fəhmin pərsəngini əsasları ürəyə söykənməyən elmin əyriliyindən xilas etməyə çalışır. Şeirin sonunda hərəyə bir ümid yeri saxlamağı belə unutmayan Anar ağ varağın qulağına hamı eşidə bilsin deyə belə pıçıldayır:

Hər ağrı-acıya gəlsək də sinə,
Həqq-insan eşqi çox gedir dərinə.
Tanrı cəhənnəmi sevdiklərinə
Hər nə etsə edər-təndir eyləməz.


Anar Seyidağanın lirik şeirləri arı qonmuş güldür, bal cilalamış pətəkdir, çiçək başına dolanan kəpənəkdir, teli qibləyə daranan otdur. Ritminə qol götürən hissdir, gözü yol çəkən duyğudur, qaçmış yuxudur, şipşirin qoxudur, ürək döyündürən həyəcandır. Nazdır rəsm kimi çəkilən, könül oxşayan saçdır divar kimi hörülən, nəfəsdir - meyvə kimi dərilən, kölgədir - ayaq altına sərilən.

Sadaladığım bütün bu bənzətmələr, bütün bu təşbehlər onun lirikasını xarakterizə edə biləcək ən uğurlu vasitədir, düşünürəm. "Nəfəs" adlı şeirində də o, zövqün ətəyindən tutub özünü nəfəs verdiyi, nəfəs aldığı sözlərin əhatəsindəki duyğu vadisinə götürüb, qiblə bildiyinə ərk ilə səslənir:

Küsərmi sevən sevəndən,
Ərköyün sözləri üstə?
Nə olar ki dönüb gələ,
Bağ salım izləri üstə.


Duaya çevrilmiş bu misraların ağuşunda lirik qəhrəmanının ayaq izlərinin surətini dibçək kimi rəngləndirib, sözün heç vaxt kəsilməyən nəfəsindən rişələnmiş bir şəkil kimi asır. Rəngləri sarmaşığa çevrilən bu şəklin ruhu getdikcə misra-misra yuxarı, üzü səmaya qalxır:

Tanrım sən adil, o zalım,
İndi mən kimə yalvarım?
Sal məni qəlbinə yarın-
Yer edim gözlərim üstə.


Vaxtı özündən aşağıda saxlamış bu şəklin rənglərinın nəfəsi, pıçıltısı getdikcə dərinləşir, zamanı özüylə doldurmaq cəhdində bulunur, bitməyən həvəsə, yadlaşmayan nəfəsə, tükənməyən sevgiyə çevrilir.

Ömür keçir, bitməz həvəs,
Yadlaşsaq da nəfəs-nəfəs.
Cəllad, mənim başımı kəs
O qızın dizləri üstə.


- deyib, Anar sonda nəfəsini salavat kimi çəkir içindəki rənglərin, çölündəki bitməyən sevdaların gün-gündən təzələnən naxışlarına. İsinir bir ev, isinir bir məhəllə, isinir bir ölkə. Çiçəkləyir göy üzü...

21.02.2025


Baxış sayı - 855 | Yüklənmə tarixi: 23.02.2025 13:09
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031