Xalq yazıçısı Afaq Məsudun üç hekayəsi haqqında tələbə sözü

Hörmətli “Manera.Az!”
İllər öncə eşitdiyim və aforizmə çevrilən bu fikrə onsuz da heç nə əlavə etmək olmur: “İstedadlıya dayaq olun, istedadsızlar onsuz da özlərinə yol açarlar”. Kim haraya gizli, aşkar lağım atırsa atsın, bircə ona inanıram ki, istedad təkcə onu daşıyana yox, həm də bağrından qopduğu xalqa məxsusdur. Təbii ki, istedadın da bu həqiqəti tam dərk etməsi üçün ona uzun sənələr gərək olur, məhz bu məqamda ona dayaq olmaq çox vacibdir...
Lənkəran Dövlət Universitetində gözüm həmişə istedad axtarışındadır. Onu görüb tanıdımmı, oxuculara təqdim etməyi vətəndaşlıq borcu hesab edirəm. Ötən il sizin saytınız vasitəsilə filoloq-şair Aytəkin Əzizi geniş oxucu kütləsinə təqdim etdim. Və uğurlu da alındı! Bu gün o, kollecdə ədəbiyyat fənnini tədris edir və ciddi elmi tədqiqatla da məşğul olur.
Ötən tədris ilində üçüncü kursa “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” fənnini keçərkən bir neçə istedadlı tələbəni gözüm tutdu. Adilə, Arzu, Zəhra, Kənan, Ceyhun, Sevinc və başqalarını...
Sonuncunun, yəni, Sevinc Əlizadənin təhlilləri məni əməlli-başlı silkələdi. Hiss etdim ki, güclü mütaliəsi olan tələbəm mətnlə işləməyi, ona nüfuz eləməyi bacarır. Həm də alt yapı və sirli göndərmələrlə gizli-gizli “sayrışan”, qəliz struktura malik Afaq Məsud yaradıcılığına müraciət etməsi lap ürəyimcə oldu. Nə gizlədim, təhlillərində haradasa özümü də “gördüm”. Və bu da bir müəllim kimi məni sevindirdi...
İsa Muğanna, Kamal Abdulla və Afaq Məsud haqda nəsə yazarkən ənənəvi təhlil alətlərinin korşaldığını sezirsən, ona görə də modern təhlil vasitələri axtarıb tapmağa məcbur olursan. Belə məqamda isə mətni onun dilində danışdırıb, gərək öz dilinlə qələmə almağı bacarasan...
Sevinc də bu yolla getməyi hədəfləyib...
Uğurlar, Sevinc!
Hörmətlə: Mehman Qaraxanoğlu
Anasını “öldürən” qızcığaz...
“Sərçələr” hekayəsində yazıçının soyuqqanlılığı hiss olunur. Sanki iliyinə qədər işləyən şaxtalı havada oturmusan və qızınmaq istəyirsən. Və dərinə enib düşünmək...
Hekayədə oxucuya təqdim olunan ana surəti ya bezib, ya da küsüb. Yeri gəlmişkən, bezməyə gedən yol küsməkdən keçir. Yəqin ki, ana həyatda istədiyi yerdə olmadığını düşünür və makinaya, dörd divarlı otağa sığınır. O, qızını, ərini ailə deyil, makinanı, dörd divarlı otağı ailə hesab edir.
Onun qızı fincanı sındıranda qızına göstərdiyi reaksiyadan, qızı ilə qısa danışıqlarından sezilir ki, yaşadığı yer onunçün məngənədir. Bu məngənə gündən - günə onu sıxır, əzab verir . Əri ilə olan dialoqda da öncəki fikrin təsdiqi nəzərə çarpır.
Atası : “Ölsəydim, canım qurtarardı”.
Anası : “Ölmürsən axı”.
Biz ananın əvvəlki taleyini, bu vəziyyətə necə gəlib çatdığını bilmirik. Amma belə fikirləşə bilərik ki, sevərək ailə qurub ya da məcburən. Lakin daha maraqlı bir fikir yaranır. O sevərək ailə qurub, ancaq öz yazıları ilə ailəsi arasında qalıb. Yazıçının müsahibəsinə baxdıqda ailə həyatı ilə yaradıcılıq arasında qalmağı, onu tənzimləməkdə çətinlik çəkdiyini, indi isə çətinlik çəkmədiyini görə bilərik. Düzdür, bu çətinliyin təsiri olub, hal-hazırda isə özünü əlinə ala bilib. Yazıçının müsahibəsindən bir hissəyə diqqət edək. “...
Qadının özünü yaradıcı fərd kimi realizə etməsi hədsiz çətin məsələdi. Axı qadının həyatı çoxşaxəlidi. O həm anadı, həm həyat yoldaşı, həm övladdı,
həm idarə işçisi. Üstəlik, qadın kişilərdən fərqli olaraq, fədakardır. Tək bir ailə həyatı ilə yaradıcılıq arasında böyük uçurum var. Bu uçurumlar insanda hava burulğanına düşən təyyarə ləngərtilərini andıran ürəkbulanmalar yaradır. Demək olar, bütün həyatımı həmin bu ürəkbulanmalarla yaşamışam. Bu, hər adama, xüsusən hər qadına nəsib olan tale deyil. İndi bu yaşımda artıq o “ləngərtilər” ürəyimi bulandırmır. Daha onlara öyrəşmişəm”...
Bəli , yazıçı bu hekayəni 33 yaşında yazıb. Deməli, 33 yaşlı Afaq Məsudun qəhrəmanı daxili böhranlardan azad olmaq, özü özünü terapiya etmək üçün əlləşir. Şübhəsiz ki, yazıçıya güzgü kim yanaşsaq, ya güzgüdə gördüyünü, ya da güzgünün qarşısında olanı yazır. Müəllif güzgünün əks tərəfində olanı yazıb. Ana surəti yaratmaqla bizə elə bil “mənim də belə olmaq ehtimalım da var” - deyir.
Hekayədə ölümlə bağlı düşüncələrə diqqət etsək, görərik ki, hər üçü - qız, ata və ana bu haqda düşünür. Ata və ananın ölüm istəməsi bir-birindən, yaşadıqları situasiyadan dolayıdırsa, qızın özünə ölüm istəməsi anasından sevgi gözləməsi ilə bağlıdır. Bir çoxumuzun düşüncələrindən biri də budur: Biz öləndən sonra bizim dünyadan köçməyimizə necə münasibət olacaq, bizə ağlayacaqlarmı ? Bununla da bilək ki, bizi sevənlər kimdir.
Qızın öz ölümünü istəməsinin səbəbi nənəsi öləndə anasının tabutu qucaqlayaraq hönkürtü vurması idi. Təəssüf ki, ana sevgisi üçün “dilənən” qız öz ölümü ilə anasının sevgisini hiss edə biləcəyinə inanır.
Yuxu da ölüm kimidir. Ölüm də, yuxu da eynidir. Biz bu məfhumun adlarını fərqli qoyub özümüzü aldadırıq. Qızın da gördüyü yuxular elə onun ölüm arzulamasına bərabərdir. Onun gördüyü yuxulardan birində makina tank kimi təsvir olunur. Makina silahdır. Elə bir silah ki, qıza, ataya, anaya tuşlanıb.
Qızcığaz anasının qəzəbindən qorxub makinanın “Ü” hərfinə sığınır. “Ü” hərfini seçməsi belə bir ehtimal da ola bilər ki, Ümid sözünün ilk hərfinə sığınıb. Yazıçı bizə demək istəyir ki, qızın gördüyü yuxular anasının haçansa ona ürəklə sevgi bəsləyəcəyinə ümid oyadır. Sevgi olmayan yerdə artıq nifrət, aqressiya qığılcımları yaranır. Qız belə demək olarsa, intiqam alır. İntiqam almaq üçün nə makinanı, nə də kağızları seçir. O, sərçələrdən birini öldürür. Bu hissə bizə makedoniyalı rejissor Svitazor Ristovskinin “İllüziya” filmini xatırladır. Ədəbiyyat müəllimi şagirdi Markoya deyir ki, yaxşı şeir yazsan, Paris şeir festivalında iştirak edə bilərsən. Səndə şairlik istedadı var. Marko bu həvəslə pul toplamağa başlayır, pul tapa bilməyəndə oğurluq edir. Ailəsi, sinif yoldaşları ilə münasibətləri pisləşir.
Marko xəyalına qovuşa bilmir. Tərbiyəli şagird Marko başqa birisinə çevrilir. Marko silah tapanda tamaşaçı düşünür ki, Marko sinif yoldaşlarını
güllələyəcək. O isə müəllimini öldürür. Film Nitşsenin bu fikri ilə başlayır: ‘’Ümid pisliklərin ən pisidir, çünki o, insanın əzablarını uzadır”.
Ümid sərçəni öldürdükdə bitir, sevgisizlikdən yaranan ağrıya isə son qoyulur. Anası evi tərk edir, başqa sözlə desək, ölür. Ananın hekayədəki vəziyyəti qəbiristanlıqda basdırılmağını gözləyən cəsədə bənzəyir. Cəsəd bu dünyaya aid deyildirsə, ana da ərinin və qızının dünyasına məxsus deyildir. Artıq ana yoxdur. Nəhayət, “Tərk edən və tərk edilənlər” adlı həyat tamaşası başlayır. Həyat tamaşasında bundan sonra iki rol olacaq: Ana və qızı…
Belə bir atalar sözümüz var. “Dişin ağrıyır çək qurtar, qonşun pisdir, köç qurtar”. Bu atalar sözünün məna tutumuna başqa məsələləri də aid edə bilərikmi? Məsələn: ailəni, həyat şəraitini, olduğun vəziyyəti. Ailəni istəmirsən, köç qurtar. Təəssüf ki, ailə isə nə dişdir, nə qonşu…
Bilmirəm niyə sərçə deyəndə Teymur Elçinin “Sərçə” şeiri, yəni, yuvasını həm dişi, həm də erkək sərçə tərəfindən qurub yaşadığı quş ağlıma gəldi? Məhz o qadın da arzusunda olduğu həyatı sərçələrdə müşahidə edir, ona görə də sərçələrdən yazır. Yuvada onları böyüdən ata, ana və övladlar var. T.Elçinin “Sərçə” şeirinə gəldikdə isə, siz də mənimlə razılaşarsınız ki, bu şeiri xoş xatircəmliklə və mülayimliklə uşaqlıqda eşitmişik. “Sərçələr” hekayəsini oxuduqdan sonra başqa bir intonasiya və emosiya ilə bu şeiri bir daha oxuyun.
Səhər-səhər bağçada,
Bir sərçə dən yeyirdi.
Hərdən baxıb üzümə,
“Cik-cik, cik-cik” deyirdi.
O yedi, doydu, qaçdı,
Birdən itdi gözümdən.
Bəs, o balaca sərçə
Hara getdi gözümdən?!
Çox çağırdım, gəlmədi,
Tutdu ağlamaq məni.
Birdən kolun dalından
Uçan gördüm sərçəni.
O uçdu, uçdu, uçdu,
Qondu yaşıl budağa.
Ha çağırdım, gəlmədi,
Uçub getdi uzağa.
“Yağış”dan sonra gələn “Çovğun...”
Afaq Məsud “O” və “Çovğun” hekəyələrində bədbəxt insanların yaşadığı evlərdə sanki lampa yandırıb. Onların qarşısına deyil, ruhlarına keçərək bu hekayələri yazıb.
“O” hekayəsindəki kişi surəti gözəgörünməz hüceyrələri günahlandırır. Əslində, o hüceyrələri günahlandırmaq lazım deyil, çünki o hüceyrələr sahibinin etdiyi hərəkətə görə utanır. Bu, Yahudanın Həzrət İsaya xəyanət etməsindən sonra özünü erguvan ağacından asmasına bənzəyir.
Bədənindəki hüceyrələr rəng dəyişə bilməsələr də, əzab çəkir. Bu əzabla o özünə yer tapa bilmir. Kişi isə yanılır, elə
bilir ki, toxumaları “O”nu arzulayır.
Bu hekayədə maraqlı detal yağışdır. Yağış o qadınla tanış olduğu gündən bəri yağır. Bu yağış o kişinin halına acıyan yağışdır. Bu yağışda əzab, kədər, ağrı birləşir. Yağış xəbərdarlıq edərək sanki deyir: “Əl çək ondan, o səni uçuruma aparır”. Kişi günahını bilir, yağışın səsini eşidir, amma çətirini “açmır”.
Hər addımda səhv edir.
Qadınla dialoquna diqqət edək:
– Onda evlənərik.
– ...
– Səni götürüb buralardan gedəcəyəm.
– Hara?..
– Uzaq bir yerə.
– Hara getsək, tapacaqlar.
– Tapmazlar.
– Bəs uşaqlar?
– Uşaqlar?!.
Dialoqdan görünür ki, o qədər şəhvət hissi kişiyə güc gəlib ki, uşaqlarını belə unudub. Fikirləşir ki, uşaqlar anasıyla qalar. Bəs ana qalacaq?
Televizoru yandırmaq üçün mübahisə bir bəhanədir. Həyat yoldaşı demək istəyir ki, mənim olanlardan xəbərim var. Ona belə bir mesajı da açıq - aşkar göndərir: “Bilirsən, nə var?.. Çağır onu, gəlib uşaqlarına da baxsın, xörəyinizi də bişirsin! Daha mən buradakı qulluqçuluq fəaliyyətimi başa vururam!..”
Bu qadın ərindən sevgi görmür. Özünü əri tərəfindən sevilən, uşaqlarının anası olan biri deyil, qulluqçu kimi görür. Bu insanlar üçüncü şəxsə görə iki yad adama çevriliblər. Divar qapısının çırpılmağı, ona deyilən sözlər sillə kimi üzünə vurulur. Nəhayət ki, uşaqlarına arvadının baxmayacağını, onun da çıxıb gedəcəyini, arvadının baş verənlərin fərqində olduğunu anlayır. Bu zamanda yağış kəsir, fəqət o üşüyür. Belə demək olarsa, yağış özünəməxsus şəkildə onu təbrik edir. “Etdiklərini anladınsa, üşüməklə əzab çəkəcəksən”.
“Gecənin bu vədəsində əlində pult, kreslosunda oturub arvadının hansısa naməlum maşında hara gedə biləcəyi barədə fikirləşən qurumsaq" kimi təsvir olunan ər bizi çox düşündürür. Bəli, bu qurumsaq arvadını axtarmağa getməkdənsə, əyləşib hara gedəcəyini fikirləşir. Şübhəsiz ki, kişi nə arvadını, nə də o qadını sevir. Paulo Koelyonun “Sədaqət, sadəcə güclü ruhların cəsarət edə biləcəyi bir seçimdir” fikri yada düşür. Bu qurumsaq isə güclü ruh deyil. O qadına tez-tez darıxıram deməsindən və “bilmirəm səndən nə istəyirəm, bilsəydim, alardım, canım qurtarardı” fikrindən aydın olur ki, “O”nu da sevmir. Yalnız onunla fiziki tələbatını ödəmək üçün birlikdə olmaq istəyir.
Yağış kəsdikdən, arvadının evi tərk etdikdən sonar göyün üzünə baxaraq “sən özün kömək ol” və “mənə ağıl ver” deməsi günahlarıma görə bağışla məni, Allah, söyləməsinə bərabərdir. Yağışın kəsməsi digər cəhətdən qadının ölümüdür. Son anda da bir-birlərinə darıxıram deyirlər. Belə ki, darıxıram, yəni səni sevməmişəm, yalnız öz hissələrimin qurbanıyam. Övladları onu birinci dəfə arvadı evi tərk etdikdən sonra, ikinci dəfə yetmiş yaşında o qadını xatırlayanda çağırır. Allah o çağırışı eşidir və ona kömək edir. Bu köməkdə günahlardan aralanmaq, ona ehtiyatlı ol siqnalı ötürmək üçün yağışın missiyasını övladlara yönəldir. Çünki o unudarsa, “darıxıram”ı xatırlayar. Axırda o başına gələnləri 70 yaşında doğum günündə unudur, yağış yağmağa, darıxıram səsini eşitməyə başlayır. Beləliklə, kişi güclü ruh ola bilmir, aciz ruh da olmur, 70 yaşında da 38 yaşlı qurumsaq olur. Sadəcə illər ötüb, Allah ona kömək edib, amma o dəyişilməyib.
“Çovğun” hekayəsində “O” hekayəsində olan qurumsağın digər bir variantı ilə - Qafarla tanış oluruq. Xəyanətin ayrı bir çalarına, ayrı bir nəticəsinə şahid oluruq. “O” hekayəsindən fərqli olaraq kişinin xəyanətini anlayan qadın evi tərk etmir, ‘’kişi əsas evə pul gətirir’’- fikrinə görə xəyanəti bağışlayır. Lakin qadın onu bağışlamır, Qafarın gənclikdə etdiyi əməllərini ona keçmir. Evə gəlib qapını açanda, əti döyəndə yaranan səslər Qafarın hərəkətlərinə etirazdır və onun cəhənnəmidir. Bu cəhənnəmi Qafar özü qazanıb. Qafarın cəhənnəmdə yalvarışlarını pişiyini qapını cırmaqlamasında simvolizə olunur. Həmin səslər onu cavanlıq illərinə aparır. Elə bilir ki, o səs onu cəhənnəmdən qurtaracaq. Qafar daxilən mübarizə aparır və başa düşmək istəmir ki, ötən günlər keçmişin yuxusunda qalıb. Əfsus, o bu yuxudan ayıla bilmir, bununla bərabər Səkinəyə də möhtacdır. Səkinə də ailəsinin, bu günlərə qədər gəlib çıxdığı məşəqqətin hirsini pişikdən çıxır. Hazır yemək yeyən, ətrafı gəzib - dolanıb evi bulayan onun ərinin eynisi, sizcə, pişik deyilmi? Ərinə yazığı gəlir, zəhləsi də gedir, yeri gələndə qayğısına da qalır. Pişiyi isə əri kimi fərz edərək quyruğunu tapdalayır. Əri də, pişik də başa düşürlər ki, Səkinəyə möhtacdırlar. Səkinənin qarda yıxılmasından, ayağının sınmasından sonra Qafarın nə edəcəyini fikirləşməsi bu halı izah edir.
Afaq Məsud “O” və “Çovğun” hekayəsində həyatda incidilmiş qadınları kişi “platforması”ndan yaradır. Bu hekayələrdə qələmə alınan ailə, ailə deyil, bir damın altında yaşayan insanlardır.
Bu evin divarlarında o qədər dərd çatı var ki... Bunlar illərin açdığı dərin yaraların çatıdır. Düzəltmək istəsələr də, alınmaz.
İnsanlar çatlarla dolu evdə yaşamağa məhkumdurlar...
Sevinc Əlizadə
LDU-nun IV kurs tələbəsi