Qaragöl - Cavid Fərzəlinin poeması

MANERA.AZ Cavid Fərzəlinin yeni yazdığı "Qaragöl" poemasını təqdim edir. Poema ilk dəfə Manera.az-da dərc edilir.
1-ci pərdə
YADDAŞ
Bir köhülün ağzından eşitdim ki,
azıx buludlar ovuclarımızın yuvasıdır,
əllərim öz dilini tapdı.
Bu qaya baharda
mərmər çiçəklər göz açdı.
Yaddaşı döyəclənmiş çınqıl daşında
Qobustan rəsmləri dil açdı.
Oğuz ellərinin harayı çırpınırdı,
daşın içindən titrək çiçəklər doğulurdu.
Tanrı bir gün
Orxon daşını yer üzünə atdı.
Tatar düzəngahlarında
min illər axdıqca
dağ sahibsiz qayanı udurdu.
Əqrəbləri yaralanmış zamanın külünü
bir qoca gizləyirdi.
Uluyurd Boğazından
bir qadın canını qoparıb qaçırdı.
2-ci pərdə
ÇÖL
Səhranın damarları quruyurdu,
boz sular ay işığının qanını içirdi.
Qarışqalar müharibənin qara şirəsinə
imperiya kimi daraşmışdı.
Günəşin adamabənzər gülüşünü
daşürəkli pəncərələr içirdi.
Taxt-tacın kölgəsini oğurlayırdı üsyançı güzgülər,
qaranlığın çiyinlərində yaşayırdı azad yarasalar.
Minarələrin səsi
əsarətin notunu
yenidən oxuyurdu.
Küçələr azadlıq vəbasının
yorğanını başına çəkib yatırdı.
Çaylar öz adlarında
uşaqların taleyini yuyub aparırdı.
Ürəyi açıq qılınclar
körpə dumanın başını kəsirdi.
Göy üzü
ayağını torpağa basdı,
buludların ağzını güllələdi.
Ana göllər qan ağlayırdı,
su qırmızını sevirdi.
Məchul yağışlar
bozartdı addımlarımızın şəkilini.
İnsanın dilindən “savaş” sözü cırılıb
kağız kimi havada uçurdu.
Hər ləpir
itirilmiş bir cığır oldu.
3-cü pərdə
KÖÇ
Qamışlı dərəsinin
kötük bədənləri düzülmüşdü;
sıra otların arasında
köç arabalarının kölgəsi
gecəyə bənzəyirdi.
Göyçə sahillərində
bir kəndin yaddaşını
çamadana yığmışdı babam.
Babam Fərzəliyev Fərzəli
Hun dağının yuxularını,
Cul kəndinin gözlərində görürdü.
Hər fəsilin ətəyində,
Dədə Qorqud boyunu xatırladırdı:
…İşıq haradan düşürsə,
kölgə də ordan boy atır.
…Qara libaslı yel soldurur nar çiçəyini,
köç yolunda didərgindir hər bahar...
...Göylər çöllərin boyun basanda əyilməz,
insan özü dəvə yükündə donqardır...
…Yollar ayağına can atanda yox,
ürəyi yananda gün ağlayar sənə.
Köç arabalarının ahuzarı
bir körpənin yuxusuna qarışmışdı,
taxtanın cızığında ölmüş oğlunun
əl izlərini götürmüşdü bir ana.
Sancıdan qıvrılan dumanın altında,
Zərintac nənə kələğayını açıb
ana torpağın üstünə sərdi.
Toz havanın sifətini örtürdü,
elə həmin an köçün alatoran ləpirlərində,
bir uşaq dünyaya göz açdı.
Atası onun adını Köçəri qoydu.
Köçəri böyüyəcəkdi,
köçün doğuluşuna dönəcəkdi deyə,
Köçəri adında bir ölkə yaşayacaqdı deyə,
imperiya yağışları altında isladıldı körpə hərfləri,
adını əlindən aldılar məmləkətimin.
4-cü pərdə
AĞI
Kür-Araz boyunca
bu ağı səsini duyan
doğma yaddaşımın gövdəsi
Becan Fərzəliyev söyləyirdi.
Rəngbərəng hənadı bu,
axirəti fənadı bu,
qulaq kəsən dünyadı bu,
ha, bu dünya belə dünyadı.
Gah ucaldır, uca edir,
yolları düzdür, əyridir,
sanki ilan zəhəridir,
ha, dünya belə dünyadır.
Satan qəpiyindən keçmir,
zaman təpiyindən keçmir,
güllə tətiyindən keçmir,
ha, dünya belə dünyadır.
Kərəntisi ovxarlıdı,
dünya şirin, baxarlıdı,
qapıları çıxarlıdı,
ha, dünya belə dünyadı.
Yaranandan belə gedir,
gedir, karvan hələ gedir,
gözdən itib belə gedir,
ha, dünya belə dünyadı.
İnsan bazarı bahadı,
alıb satıldı muradı,
ucaldı göyə fəryadı,
ha, dünya belə dünyadı.
Zaman ələyin ələdi,
unu, kəpəyi belədi,
tarixin üzü gülmədi,
ha, dünya belə dünyadı.
Becan, niyə düzəlmədi,
bu dünya ilmə-ilmədi,
yaşadı, çoxu bilmədi,
ha, dünya belə dünyadı.
(Becan Fərzəlibəyli)
5-ci pərdə
ÇAĞIRIŞ
Arazın üstündə
körpüləri dimdikləyir süd durnaları...
Uşaqların yıxıldığı divarları
atalar hörmüşdü.
Həsrətin gözləri
tavandan asılan yarımkölgələr kimi
əlini-qolunu yelləyirdi.
Divarlar daha isti
xatırlayırdı kölə dibçəyin fotosunu.
Bu səsi
doğma yaddaşımın tut ağacından
Fəxrəddin Fərzəlibəyli
duymuşdu:
Arpa çayı, selin-suyun sərindi,
erkən yazda talatümlü, dərindi.
Allah bilir nə gündəsən sən indi?!
Doğma elim, ata yurdum, can, vətən,
qayıdacağam sahilinə yenidən.
Saranı aparan sellər dərdindi,
həsrətdən əyilmiş bellər dərdindi,
qoçqınlı, köçkünlü ellər dərdindi.
Çağırır doğma yurd, çağırır vətən,
qayıdacağam sahilinə yenidən.
Yurduma uzandı fitnəkar əli,
heyif, yağmalandı Şörəyel eli.
İgidlər, atlanın-haydı, irəli!
Çağırır doğma yurd, çağırır vətən,
bir də bu yerlərə dönəcəyəm mən.
Düşmən tapdağında Dərələyəzim,
tükənib hövsələm, bitibdir sözüm.
Gərək mən yağının başını əzim.
Çağırır doğma yurd, çağırır vətən,
bu elə, obaya dönməliyəm mən.
Bizə layla çalan nəğməkar Arpa,
indi sən olmusan dilsiz, kar Arpa.
Hanı təmtərağın, füsunkar Arpa?
Çağırır doğma yurd, çağırır vətən,
bu elə, obaya dönməliyəm mən.
(Fəxrəddin Fərzəlibəyli)
6-cı pərdə
SƏS
Daşın sərtliyini
Nizami Orucun döyəclədiyi gündən
əsarətdən qurtulur
bir səsim, deyəsən.
Deyirlər, dağlardan nə çox yazırsan,
elə yazdığın da dağdır, dumandır.
Döyün döyülməli şeirlərimi,
dağlara dəyməyin ancaq, amandır.
Əsin, xəzri kimi üstümə əsin,
batırın səsimi dərədə, kəsin.
Axı, bu büllurluq kəhrizlərində
boyanan, bəzənən xallı kəkliyi
vəsf edə bilməsəm, dağlar neyləsin?
Dağlar əzəmətli, dağlar vüqarlı,
dağları görənlər ondan halıdır,
köksü dağ ürəkli, dağ etibarlı,
müdrik babalar da dağ timsalıdır.
Tündləşir dağlarda şeirin dəmi,
İlhamın hikkəsi yaman, yamandır.
Döyün döyülməli şeirlərimi,
dağlara dəyməyin, ancaq amandır.
(Nizami Orucov)
7-ci pərdə
VƏTƏN
Ömür divarında
ayaqlarımızın kölgəsi dayanmışdı.
Qar əridi,
arzular dərənin dibinə düşdü.
Yetim dalğalar, köçkün sahillər
Xəzərə üz tutdu.
Bir pəncərədən
hirsinin küncündən qollarının savaşını
atırdı bir adam.
Bir zülmətdə işığı
yaddaşımın budağından
Hikmət Nikbin asacaqmış.
Şaxta, sazaq az görməyən,
dumanında naz görməyən,
sən ömründə yaz görməyən
köçəri quşlar kimisən,
Vətən!
Asılmısan ha canından,
dar ağacı tavanından.
Sən bəxtinin dabanından
soyulmuşlar kimisən,
Vətən!
Uzun, çox uzundur gecən,
yaranda duzundur gecən,
ahında qızınır gecən,
unudulmuşlar kimisən,
Vətən!
(Hikmət Nikbin)
Hər ağlayan çiçək
bir itkinin yaddaşı idi.
8-ci pərdə
UŞAQ
Qaragölün üzündə
buz bağlamış xatirəm var.
Qaragöldə
atam çay içirdi,
müharibə rəngində
balaca qardaşım əllərindən silah düzəldirdi,
uçuq divarların tinindən
tuşlayırdı məni.
Bir gecənin içində
bir kənd Qafqaz dağlarından
küsüb gedirdi.
Uşaq yaddaşımın yarpağında
Nurlan Vaqifoğlu
danışırdı.
Sığmaz
Evləri özündən balaca adam,
Ürəyin Tanrının ovcuna sığmaz.
Sən min il, milyon il yol gəlirmişsən,
Düşüncən “yer” adlı xurcuna sığmaz.
Sözlərin dilində tüstünə düşər,
Ulduzlar içində sürgünə düşər,
Başın buludların üstünə düşər,
Ayağın dünyanın ucuna sığmaz.
Gör nələr söylədin, a bəxt yiyəsi,
Düşdün misra-misra şeirə əsir.
Bəlkə də sözün də qalacaq kəsir —
Bu yolda bir ömür xərcinə sığmaz.
(Nurlan Vaqifoğlu)
9-cu pərdə
AZADLIQ
Adını çağıranda
daşların üsyanı
qulaqlarımı batırırdı;
külək gözlərinin içinə
qədim yurdların şəklini çəkirdi.
Alovlu gecələr
qollarında köhnə ocağın közünü oyadırdı,
mən isə külündən boy atan duman kimi
sənə sarı qaçırdım.
Təbrizin ürəyində Quruçayın lal sularında
itmiş uşaq səsi yatırdı.
Dərbəndin qala qapıları
Qarayazı gecələrində
üzünü ayrılığın daşına söykəmişdi.
Köhnə bir qopuzun səsi
küçələrin ürəyini göynədirdi.
İrəvan dağlarında
yuxularım minillik ozan çağırışına
qarışırdı.
Bakı sənə arxa dayananda
küləyin səsi qılınc kimi
küçələrdən boylanırdı.
Bir qızın baxışından
bəxtimin köçü keçirdi;
hər üşüyən qızcığaza,
hər səsi itmiş dərvişə
bir ocaqsan, Vətən.
Sən bir sar quşsan,
qanadında daşların yaddaşı var.
Sinəndə ayaq izləri gördüm:
istiqlal dərir göydələnlərin boyunu.
Bülbül yuvasısan,
bir ağaca yazılmış
qayıdış evimsən.
10-cu pərdə
AZƏRBAYCAN
Yarpaqlar yağışdan balaca ovuclarını gizlədirdi.
Bir gənc balaca güzgüdə günəşi diyirləyib
bir qızın gözlərinin üstünə atırdı.
Qatarın səsi sərt küləyin boynunu əyirdi.
Şərqdən qərbə ayaq açmışdı səmavi rənglər.
Bir rəssam əbədi suların rəsmini
saralmış ana çaylara çəkirdi...
Bir sabahın pəncərəsində oğlum məni haraylayırdı.
Qırıq səslər havanın dişlərindən canını qurtarıb,
yenicə qulaqlarımın qucağına atılmışdı.
Bu sabahdan o sabaha,
zamanın əlindən tutub
içimdən bir məmləkət keçirirdim;
Kəhər səmadan Tanrı dərib adını,
ey milyon çırağın körpə işığı.
Küləklərin dizləri öpür torpağı,
kağız göyləri bulud hərflər yazar.
Hər axşam barmağında ulduz doğar,
yer üzündə bir şəfəq ləpirisən.
Sən bir ağac doğulmusan
gözlərimin budağında,
boyun göylərin harayı,
əllərin palıd yarpağı.
Həsrətin saçından örpəyin açar,
elin yaddaşından ayrılıq köçər.
Səndən solğun xəzəldir yurdumun üzü,
Azərbaycan!
Bir ana laylasında azadlığın övladısan.
Küçələr oyanar qundaq yuxusundan,
hər səhər bir vətən yuxusu böyüyər.
Dağların sinəsində duman yanar,
səhranın xəyalından bir çay axar.
Xarıbülbül nəğmə dərir ürəklərdən,
hür qələmin mürəkkəbi çiçək açır.
Nar yanaqlı bayrağında
ay işığı üzün yuyur.
Gözlərinin sübh çağında
günəş üz qoyur pəncərənə,
Azərbaycan!
(Cavid Fərzəli)
11-ci pərdə
Annotasiya
Bu lirik-epik poema həm şəxsi yaddaşımın izlərini, həm də xalqın minillik yaddaşından süzülüb gələn sədaları bir araya gətirir.
Əsərdə xalq folklorunun nəfəsini, Dədə Qorqud dastanının ruhundan doğan həyat təcəssümünü aydın görə bilərsiniz.
Poemanın müxtəlif nəfəs yerlərində mənim nəslimdən olan şairlər-Becan Fərzəliyev, Nizami Orucov,
Fəxrəddin Fərzəlibəyli, Hikmət Nikbin və Nurlan Vaqifoğlunun misralarından yığılmış şeirlər də öz yerini tapıb...
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.