manera.az
manera.az

Zəfər kinodramaturgiyası: Xəyal Rzanın Allahla danışan lal filmi

Zəfər kinodramaturgiyası: Xəyal Rzanın Allahla danışan lal filmi
Azərbaycanın Vətən müharibəsində Qələbəsinin beş yaşının tamam olduğu 2025-ci ilin 8 Noyabr – Zəfər Gününün ən əlamətdar hadisəsi əlbəttə ki, möhtəşəm təşkil olunan Zəfər Paradı oldu. Zəfərin yubileyi ölkənin hər yerində tariximizin bu şanlı səhifəsinə həsr olunan tədbirlərlə, konsert proqramları ilə qeyd olundu. Kütləvi informasiya vasitələri də bu qürurverici mövzuya geniş yer ayırdılar. Həmin gün yayım mediasında Zəfərə həsr olunan yaradıcılıq məhsulları izləyicilərə təqdim olundu. O sırada “RealTV” televiziya kanalında ilk dəfə nümayiş etdirilən “Allah salam” adlı bədii film xüsusi dəyərləndirilməyə layiqdir (Filmin premyerası oktyabrın 31-də Nizamı Kino Mərkəzində keçirilib).

İstedadlı kinorejissor Xəyal Rzanın (Xəyal Rzazadə) ssenarisi və rejissorluğu ilə ərsəyə gəlmiş bədii filmin qəhrəmanı Birinci Qarabağ müharibəsinin qazisidir. O, döyüşdə hər iki ayağını itirib və əlil arabasına məhkumdur. Ötən bir qərinə ərzində şikəstliyindən, səhhətinin get-gedə pisləşməsindən dolayı ağırlaşan, onu dərmanlara möhtac edən xəstəliyin fiziki iztirablarından daha çox məğlubiyyətin acısı ona mənəvi əzab verir. Lakin o, torpaqlarımızın düşmən tapdağından azad ediləcəyinə, şəhidlərimizin qanının yerdə qalmayacağına inamını bir an olsun belə itirməyib.

Gününü pəncərə önündə oturmaqla keçirən, gözləri daim yol çəkən qazinin məşəqqətləri Vətən müharibəsi başlayanda böyük ümidlə əvəz olunur. Müharibənin sürdüyü 44 gün ərzində cəbhədən gələn xəbərləri diqqətlə, həyəcanla izləyən, qulağı daim səsdə olan qəhrəmanımızın əsəbləri daralıb, psixoloji gərginliyi apogeyə çatıb. Siqareti siqaretə calayır, yuxusu ərşə çəkilib, yorulub yatanda da keçdiyi döyüş yolunun dəhşətli səhnələrini görür. O, artıq çoxu bu dünyada olmayan döyüş yoldaşları ilə birgə çəkildikləri fotoşəkillərə baxıb kədərlənir. Dağlıq Qarabağda erməni işğalçılarının törətdikləri vəhşiliklərin, qaçqın və köçkünlərin doğma yurdlarından didərgin düşmələrinin canlı şahidi olmuş amerikalı jurnalist Tomas Qoltsun “Azərbaycan gündəliyi” kitabını oxuyur, dərd yaddaşını təzələyir.

Nəhayət, onu real həyata bağlayan yeganə vasitə olan köhnə radioqəbuledicidə Ali Baş Komandanın Qarabağın döyünən ürəyi Şuşanın azad edildiyini müjdələyən bəyanatı səslənir. İyirmi yeddi il bu xəbəri gözləyən qazinin sevincinin həddi-hüdudu yoxdur. O, uzun müddət divardan asılı qalan hərbi geyimini əzizləyə-əzizləyə əyninə geyinir. Ayaqqabı dolabından əsgər çəkmələrini götürüb təmizləyir. İlkin iş olaraq Şəhidlər Xiyabanına yollanır, şad xəbəri mərhum silahdaşlarına çatdırmağa tələsir. Şəhidlərin ruhlarına fatihə oxuyur. Ziyarət etdiyi iki yanaşı məzarın biri Birinci, digəri isə İkinci Qarabağ müharibəsi şəhidinə məxsusdur. Birinci şəhidə gözaydınlığı verir, ikinciyə minnətdarlığını bildirir. Sonra isə...

Sonra isə qəbristanlıqda vaxtilə xıncım-xıncım olmuş ayaqlarını basdırıb yerini işarələdiyi uşaq qəbrinə bənzəyən xırda təpəciyi tapır. Arabasından sürüşüb təpəciyi qucaqlayır. İşğal olunan vaxt tərk etmək məcburiyyətində qaldığı ərazidən götürüb saxladığı bir ovuc torpağı kisədən boşaldıb təpəciyin torpağına qatır. Apardığı çəkmələri təpəciyin bir tərəfinə cütlənmiş halda pərçimləyir, özü isə digər tərəfində uzanıb üstünü torpaqlayır. Beləliklə, qazinin canının qalan hissəsi itirmiş olduğu ayaqlarına qovuşur. Bu, olduqca təsirli epizod həm də Vətənin torpağının tamlığının təmin olunmasını simvolizə edir.

O, indi yeganə arzusuna çatıb – daha ölsə də, fərq eləməz. Necə deyərlər, gora başlı-gözlü, əli-ayağı yerində gedə biləcək. Arxası üstündə uzanılı halda üzünü səmaya tutub onu və Azərbaycan xalqını arzusuna yetirən Uca Yaradana minnətdarlığının, şükranlığının ifadəsi olaraq: “Salam, Allahım!” deyir. Özü də salamı məhz hərbi qaydada verir, əlini gicgahına dirəyib şərəf quraraq...

Müəllif əsərdə müharibənin cəmiyyətə vurduğu sağalmaz yaralar sırasından haqqında heç də həmişə ucadan danışılmayan ağrılı birini də diqqət mərkəzinə gətirir: Savaş başlayanda əsərin qəhrəmanı təzəcə ailə qurmuş olur. Amansız müharibə gənc ailənin xoş günlərinə son qoyur və ər müharibəyə yollanır. Çox təəssüf ki, gənc qadın cəbhədən şikəst qayıdan ərinin əzablarla müşayiət olunacaq həyatına şərik olmaq istəmir. Qadın evi tərk edərkən göz yaşı töksə də, sonda məlum olur ki, taleyin hökmü ilə barışan kişi vəfasızlığı bağışlamayıbmış. Bu həqiqət qəhrəmanın şəhid ruhları ilə danışdığı və Allaha salam verdiyi kulminativ momentlər istisna olmaqla, əvvəldən axıradək sözsüz, dialoqsuz çəkilən filmdə təsvir dili ilə, böyük rejissor ustalığı ilə təqdim olunub. Belə ki, qazi Şəhidlər Xiyabanına yollanmaq ərəfəsində özünün əsgər çəkmələrini götürərkən, dolabda qadın ayaqqabıları da görüntülənir. O, həmin hündür kabluklu, qırmızı rəngli, bir tayı sevgini, o biri tayı sədaqətsizliyi xatırladan ayaqqabıları etinasız tərzdə lazımsız əşya kimi kənara atır. Dogrudur, kişi öz yarımçıq məzarının üzərində solmuş qərənfil görəndə başa düşür ki, qadın bütün ötən vaxt ərzində onun natamam qəbrini ziyarət edirmiş. Amma bu, bağışlanılmaq üçün yetirmi?

Müəllif müşahidəli izləyicinin diqqətini bu kimi həssas nüanslara cəlb etməklə özünün də vəfasız insanlara qınayıcı münasibətini ortaya qoyur. Xəyal Rza Birinci Qarabağ müharibəsinin ağrılı nəticəsi kimi ortaya çıxan bu problemin Vətən müharibəsindən sonra da aktuallaşdığını yaxşı bilir. Odur ki, əsərin ümumi ideyası içərisindəki bu haşiyə də sosial sifarişin diktəsidir desək, yanılmarıq.

Xəyal Rza xronometrajı çox da uzun omayan filmin nümayişindən əvvəl “RealTV”-yə verdiyi qısa müsahibədə bildirib ki, əsər məhdud imkanlarla, yaradıcı heyət tərəfindən təmənnasız, qonorarsız olaraq ərsəyə gəlib. Bu da sözsüz ki, bütün heyət üzvlərinin hədsiz vətənpərvərliklərindən irəli gəlir. Onu da qeyd etməyə dəyər ki, filmdəki əməyi uğurlu alınan operator Məmmədəmin Əlizadə Birinci Qarabağ müharibəsi şəhidi Hacıbaba Əliyevin övladıdır.

Filmdəki baş rolun ifaçısı, Xalq artisti Məmməd Səfa (Məmmədsəfa Qasımov) üzərinə düşən çətin işin öhdəsindən məharətlə gəlib, qəhrəmanın yaşadığı hissləri izləyiciyə yalnız hərəkətlərin, mimika və jestlərin dili ilə ötürmək vəzifəsini layiqincə yerinə yetirib.

Film “lal” olsa da, süjeti müşayiət edən fon musiqisi əsərin yardımçı vasitəsi kimi yox, onun əsas komponenti kimi çıxış edib. Bu nöqteyi nəzərdən, bəstəkar Gövhər Həsənzadənin, səs rejissoru Əli Babanın əməyi təqdirə layiqdir.

Əminliklə söyləmək olar ki, “Allaha salam” bədii filminin orijinal ideyası bundan sonra analoji mövzuda yaradılacaq daha uzun metrajlı, əhatəli ekran əsərləri üçün istinad mənbəyi, yol göstərən mayak olacaqdır.

Pünhan Şükür


Baxış sayı - 145 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
1234567
891011121314
15161718192021
22232425262728
293031