Yad adam - İbrətamiz hekayə

(Olmuş əhvalat)
Sadə geyimli bir nəfər məhəllədəki ərzaq dükanına girir. Salamlaşdıqdan və bir qədər piştaxtaya baxdıqdan sonra satıcıya deyir:
- Qardaş, mənə nisyə çörək, çay və qənd verə bilərsənmi?
Satıcı qayıdır ki:
-Düzü, mən sizi yaxşı tanımıram, odur ki, istədiyiniz ərzağın hamısını verə bilməyəcəyəm. Amma çörək olar, neçə dənə lazımdırsa, götürə bilərsiniz.
Satıcı ilk dəfə gördüyü bu müştəriyə çörəyi uzatdı, sonra isə sözünə davam etdi:
- Məni düzgün başa düşün. Bu məhəllənin sakinlərinə o qədər nisyə mal buraxmışam. Aralarında eləsi var ki, üç aydan bəridir, hər gün gəlib nisyə çörək aparır. Doğrusu, onun bu borcunu nə vaxtsa ödəyəcəyinə heç inanmıram da. Amma neyləyim, yazıq üç yetimə baxır, balalarını ac qoymayacağam ki? Allah böyükdür, bizim də ruzimizi yetirər, inşallah. İmkanın yoxdursa, sənə verdiyim çörəyin pulunu ödəməyə bilərsən. Götür, get, halal xoşun olsun.
Bu sözlərdən sonra yad adamın üz-gözündə təbəssüm dolaşdı. Axtardığını tapan adama oxşayırdı.Soruşdu:
- Deyə bilərsənmi, sənin o nisyə dəftərində indiyədək nə qədər borc yığılıb?
Satıcı təəccüblə yad adama baxdı, sonra bir qədər əsəbi halda dilləndi:
- Nəyinə lazımdır axı?
Yad adam sakitcə dilləndi:
- Bax, qardaş, çox xahiş edirəm, əsəbiləşib eləmə. Mən sənin düşündüyün qədər də axmaq deyiləm ki, gəlib burada sənin əsəblərini korlayım, boş-boşuna vaxtını alım. Mən o dəftəri səndən satın almaq istəyirəm. Xahiş edirəm, dəftərdəki borcları hesablayıb, ümumi məbləğini mənə söylə, yerindicə hamısını ödəyəcəyəm.
Satıcı bir qarşısındakı yad adama baxdı, bir də nisyə dəftərinə. Əvvəlcə yad adamın onunla zarafat etdiyini zənn etdi, amma yad adamın ciddi görkəmini və cibindən portmanatını çıxardığını görəndə fikrindən vaz keçdi. Tez kalkulyatoru götürüb qalın dəftərin səhifələrində yazılmış qeydləri bir-bir saymağa başladı. Məlum oldu ki, məhəllə camaatının bu dükana nə az, nə çox, düz 2 min 345 manat 80 qəpik borcu var.Yad adam portmanatından bir dəstə pul çıxarıb lazımi məbləği satıcının qarşısına qoydu və dedi:
-Qardaş, Allah səndən razı olsun. Sən bu camaata bu qədər güvənirsənsə, Allahın rizası üçün yetim-yesiri ac qoymursansa, demək, çox xeyirxah insansan. Mən müştərilərin indiyədək sənə olan bütün borclarını ödədim.Qarşıdan Ramazan ayı gəlir.Bu da mənim yoxsul ailələrə Ramazan payım olsun. İndi isə o dəftəri mənə ver, aparıb bir tərəfdə basdıracağam. İnanıram ki, Qiyamət günündə bu əməl mənim köməyimə çatar, inşallah.
Yad adam bunu deyib, satıcı ilə salamatlaşdı və nisyə dəftərini də götürüb mağazadan çıxdı.
Dükançı qarşısındakı pulları sayıb, kassaya qoysa da, hələ də baş verənlərin həqiqət, yoxsa yuxu olduğunu tam yəqin edə bilməmişdi. O, baş verən hadisədən sanki şoka düşmüsdü. Dükanın balaca pəncərəsindən boylanıb çölə baxdı. Yad adam görünmürdü.
Axşama az qalmışdı. Satıcı dükanı bağlayıb, evə getmək istəyirdi ki, qonşuluqda yaşayan, əri bir neçə il əvvəl xəstəlikdən vəfat etmiş Sürəyya xalanın azyaşlı qızı qapının ağzında göründü və utana-utana dilləndi:
-Əmi, anam dedi ki, bizə nisyəyə 1 çörək, 10 ədəd də yumurta versin. Gələn ay dayım bizə gələndə, həm bunun pulunu, həm də əvvəlki borcumuzu ödəyəcəyik.
Dükançı adəti üzrə nisyə dəftərini çıxarmaq üçün əlini piştaxtanın altına atdı. Sonra isə sanki yuxudan ayılmış kimi, dayandı və gülümsəyərək dedi:
-Gəl, ay qızım, yumurtaları da götür, çörəyi də. Anana söylə ki, o dayı gəldi də, getdi də. Sizin borcunuzu da ödədi...