İki jurnalistimiz Kəlbəcərdə minaya düşərək həlak oldu
Azərbaycan Televiziyasının (AzTV) operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc) əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.
Manera.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Məlumata görə, 4 iyun 2021-ci il tarixdə saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb. Nəticədə AzTV-nin operatoru Sirac Abışov və AzərTac-ın xüsusi müxbiri Məhərrəm İbrahimov, həmçinin Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olmuş, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.
Həlak olanlara Allahdan rəhmət diləyir, onların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik.