manera.az
manera.az

Ruğu Rügzödan YENİ HEKAYƏ - “Tanrı Set” | MANERA.AZ

Ruğu Rügzödan YENİ HEKAYƏ - “Tanrı Set”  | MANERA.AZ
Ruğu Rügzö


“Tanrı Set”
hekayə


Adamların arasında qorxulu xəbərlər yayılırdı. Amma bütün qorxulu xəbərlər kimi bu xəbərin də həqiqət, yoxsa yalan olduğunu hələ ayırd etmək mümkün deyildi. Adamlar heç özləri də bilmirdilər, onlar bu xəbərə inanmalıdırlar, yoxsa əhəmiyət verməyib beyinlərindən rədd etməlidirlər? Ümumiyətlə, axı nədir həqiqətlə yalanın fərqi? Harada bitir yalan? Bəs harada başlayır həqiqət? Nədir yalanın səbəbi? Bəs nədir həqiqətin meyarı? Bu suallar adamlar üçün cansızdan canlıya keçidin necə baş verməsi qədər sıxıntılı və anlaşıqsız bir sual idi. Amma dəqiq bilinən bircə şey var idi: adamların arasında qorxulu xəbərlər yayılırdı.

Bəs kim idi bu xəbərləri yayanlar? – Elə adamlar özləri. Bəs mənşəyi nə idi bu xəbərlərin? Bax daha bunu heç kim bilmirdi. Elə ən təhlükəlisi də budur: əgər mənşəyindən heç kimin xəbəri yox idisə, deməli, o xəbərlər mütləq bir bəla gətirəcəkdi. Bəzən yalanın ardında hansısa bir müəmmanın gizlənməsi onu daha ciddi və mötəbər göstərir. Elə tanrı özü də öz mövcudluğunu uzun minilliklər boyu belə bir yalan hesabına sürdürə bilmişdi ölməmişdən qabaq.

Adamlarsa hər yerdə elə hey bu xəbərdən danışırdılar. Amma lap ehtiyatla, astadan və pıçapıçla. Bir-birindən gizlədərcəsinə və sanki bir-birinə üz vurmayaraq. Onlar süni bir sakitliklə özlərini guya nə olduğundan, yaxud nə olacağından xəbərsiz imiş kimi aparmağa çalışsalar da, əslində, hər biri atasının arvadının kim olduğunu bildikləri qədər dəqiq bələd idilər bu qorxulu xəbərlərin mahiyətinə. Bu xəbərləri dilə gətirəndə çarələri olsa, nəfəs də çəkməz, udduqları oksigeni belə elə qarınlarında saxlayardılar. Ancaq nə yazıq ki, bəlkə də, tənəfüs etdikləri oksigeni qarınlarında saxlaya bilərdilər, amma bu xəbərləri qarınlarında saxlaya bilməzdilər ki, bilməzdilər.

Hətta guya bu xəbəri sadəcə ən yaxınları ilə bölüşürmüş kimi və başqa heç kəsə bir kəlimə də qəti deməmək şərtilə danışırdılar. Öz danışıqlarının xofu öz canlarını bürümüşdü. Bu xofu bir az da şişirtmək və danışdıqları adama özlərini sığortalamaq istədiklərini göstərmək üçün ciddi cəhdlə əlləşirdilər. Elə buna görə də sözlərinə təxminən bu cür başlayırdılar:

— Məndən eşitmiş olmayasan...

Yaxud da belə:

—Mən eşitdiyimin yalançısıyam...

Əslində hamısı gözlərinin bəbəyinə qədər, bəlkə, bir az da ondan o yana bilirdilər ki, onlar elə doğrudan da, yalançıdırlar. Ancaq bununla belə vicdanlı bir insan, abırlı bir adam kimi onlar bu şayələri yalnız ötəri, lap qulaqlarının dalıyla eşidirdilər. Düzdür, əslində, şayə və onu yaymaq bu adamların ata peşəsi sayılardı. Axı bu Tanrı Setin birinci əmri idi! Onun dininə itaət edənlər – rezuylar isə dinməz-söyləməz buna əməl etməli, öz iman eşqlərini daha çox şayə yaymaqla, daha çox yalan uydurmaqla, daha çox həqiqəti təhrif etməklə sübuta yetirməli idilər. “Daha çox kyal qazan, daha çox kyal xərclə!” – onun rezuylarına Tanrı Setin ulu dini belə əmir edirdi. Kyal qazanmaq kyal xərcləməkdən çətin olsa da, rezuylar Tanrı Setin Müqəddəs Elçisi, Əlahəzrət Şab Manaş Qrebrekuzun xoşuna gəlməkdən ötrü dəridən-qabıqdan çıxır, daha çox kyal qazanmaq üçün əldən-ayaqdan gedirdilər. Kyal üstə kyal qazanmaq üçün daha nələr etmirdilər ki? Ya kimisə söyür, ya kiminsə paxırını açır, ya da kiminsə intimini faş edirdilər. Rezuylar bu məsələdə lap yarışa girmişdilər: məsələn, adicə – əgər onlardan biri dostlarına bayağı bir musiqi parçasını dinlətsəydi, başqa birisi hökmən ondan da betərini tapıb ortaya qoymalı idi. Yoxsa paxıllıqdan ürəyi qubar gətirər və bu paxıllıq da inçəmaraz azarı kimi onun bütün vücudunu sovurub əldən salardı. “Kim daha bayağıdır?”, “Kim daha axmaqdır?”, “Kim özünü daha çox rəzil edə bilər?” – bax bu yarışmanın qanunları bu qədər sərt və amansız idi. Beləliklə, Tanrı Setin səltənəti, əslində, nəhəng bir yalan və rəzalət göydələni idi. Elə bir göydələn ki, onun lap yuxarı mərtəbəsində Müqəddəs Elçi, Əlahəzrət Şab Manaş Qrebrekuz özünə məskən salmış və şəxsən bəslədiyi uzun quyruqlu qara siçovulunu ovcuna alıb bu cəh-cəlal üçün qorxu törədən bütün adamları yox etməyə hazır dayanmışdı. Onun bircə çırtması bəs idi ki, sayı yüz minlərlə, milyonlarla ölçülən rezuylar kütləsi hücum çəkib həqiqətin hər qalasını yerlə bir edəydilər – daşı-daş üstə, başı da baş üstə qoymayaydılar. Tanrı Setin səltənətində hər şey tamam kəllə-mayallaq idi: burada heç bir ağıllı sözə, məntiqli fikrə, vicdanlı etirafa yer yox idi. Aylarca, illərcə, hətta on illərcə həmin o ağıllı sözə, məntiqli fikrə və vicdanlı etiraflara sahib olan insanlar rezuylar tərəfindən təhdid və təqib olunmuş, kimisini mənən sındırmış, kimisini isə Tanrı Setin məbədində daşqalaq etmiş, hər tərəfdən başına işlənməmiş prezervativlərin içində tüpürcəklə, insan və heyvan nəcisi ilə bulaşdırılmış kyalsidlər atmışdılar. Yüzlərlə kyalsid eyni anda adamın təpəsinə dəyərsə, əlbəttə ki, O, çox davam gətirə bilməz və həlak olardı. Buna görə də, minlərlə aydın insanlar rezuyların əlində məf olmuş, həyatlarını birdəfəlik itirmişdilər. Onların içindən sadəcə kiçik bir dəstə, ən zirək olanları qaçıb canlarını qurtara bilmişdi. Həmin qaçqınlar isə nəsildən nəslə ötürülən və yerini yalnız İçtsetorpların bildiyi qədim yeraltı Anaxbatik şəhərinə sığınmışdılar.

Anaxbatik şəhəri çox qədim qəsirlərdən ibarət böyük bir paytaxt şəhəri və İşıq səltənətinin sonuncu sığınacağı və ordugahı idi. Burada axtarsan, bir dənə də lazımsız bina tapa bilməzdin. Mərkəzi küçələrdə içində nəhəng və heybətli qurğular olan böyük zavodlar yerləşirdi. Bu zavodlarda Anaxbatikin birinci dərəcəli məhsulları olan işıq tabloları istehsal olunurdu. Onlardan bir az aralıda isə işıq tablolarını ərsəyə gətirən razayların emalatxanaları var idi. Hər 7 razayın bir nəfər də datsu razay dərəcəli rəhbəri olurdu. Bu cür səkkizlik qrupların emalatxanaları üzük qaşı kimi şəhərin mərkəzi hissəsini çevrələmişdi. Onların ardında isə tsinikubların dəftərxanaları yerləşirdi. Bu dəftərxanalarda razaylarla nayuxoların yolları kəsişirdi. Şəhərin kənar hissələrində isə nayuxoların kiçik hücrələrdən ibarət məhəllələri yerləşirdi. Bu məhəllələrdə həmişə qələbəlik müşahidə olunardı. Başqa şəhərlərdən fərqli olaraq Anaxbatikin mərkəzi yox, məs kənar küçələri səsli-küylü idi.

Onu da demək lazımdır ki, Anaxbatik şəhərinin qeyri-adi quruluşu olduğu kimi, özünün də xüsusi qayda-qanunları, sakinlərinin də heç yerdə rast gəlinməyən həyat tərzləri var idi. Onları birləşdirən cəhət isə hamısının İçtsetorp Şadraqlığının əzimkar və inadkar üyələri olmaqları idi. Bu Şadraqlığın tarixi çox qədim zamanlara dayanırdı. İçtsetorpların arasında dolaşan və dildən-dilə yayılan əfsanələrə görə, onların ulu babaları bu Şadraqlığı hələ insan övladı danışmağa yeni başlayandan bir az sonra qurmuşdular. Zaman o zaman idi ki, hələ nə insanlar parçalanmış, nə qəbilələr yaranmış, nə də dillər ayrılmışdı. Bir az sonralar isə, təxminən, 6 min il bundan əvvəl İçtsetorpların ulu babaları Otorp-İçtsetorplar böyük bir ixtira etmişdilər – bu ilk işıq tablosu nümunəsi idi. O tablo nümunəsi ki, sələflər öz biliklərini və tarixlərini qayalara, daş parçalarına həkk edərək bu günlərə qədər ötürə bilmişdilər. Tarixin şahları, sultanları həzm edən polad mədəsi bu daşları həzm edə bilməmiş və onları xələf İçtsetorpların zamanına qədər gətirib çıxara bilmişdi. “Daşdan yumşaq hər şeyi yeyə bilən adam” ifadəsi də, təxminən, elə həmin vaxt ortaya çıxmışdı. Eralar, əsirlər və qərinələr keçdikcə İçtsetorplar daha da möhkəmlənmiş, inkişaf etmiş və bəşəriyətin taleyini dəyişdirən on minlərlə kəşfə və ixtiraya imza atmışdılar – hamısı da işıq tablolarının sayəsində. Bunların arasında kağız, mürəkkəb, kitab çapı, mətbəə, elektrik və bu kimi şeylər ən vacib ixtiralardan idi. Ancaq İçtsetorplar bununla həmahəng hər yeni mərhələdə, hər yeni güc qazandıqlarında xeyli üyələrini də fəda etməli olmuşdular. Onların nümayəndələrini gah kilsə, gah krallar, gah da “Ləbbeyk!” hayqıran terrorçular məf etmişdi. İçtsetorplar həmişə sadə adamların arasında dolanır, onlara məllimlik edir, düzgün yol göstərirdilər. Vaxtilə antik yunan müdrikləri də, qədim Roma dühaları da, sofistlər də, stoiklər də, kiniklər də, lap elə Sokrat da, Diogen də, Senekanın özü də İçtsetorp Şadraqlığının ən kamil üyələrindən idilər. Qədim Asiyada isə Zərdüşt və Budda, onlardan sonra Konfutsi, Fərabi, Averrois, Nəsimi və başqa nurlanmışlar Şadraqlığın Şərq vilayətlərinə canişinlik etmişdilər. Qaranlıq çağı, İntibah mədəniyətini, Yeni və nəhayətində Ən Yeni Dövrü vəhşi alovların üzərindən bəşəriyət məs İçtsetorpların görünməz təxti-rəvanında keçmiş, mağaralardan lap gedib kosmosa qədər çıxmışdılar. Belə bir nəhəng Şadraqlığın bu gün küncə sıxışdırılması, obskurantizmin Yer üzünü caynağına keçirməsi, Tanrı Setin Yer üzündə dolaşan qaranlıq kölgəsi, Şab Manaş və onun əlaltılarının fərdləri başıboş rezuylara döndərməsi İçtsetorpların tarix boyu gördüyü ən böyük sınaq idi, bəlkə də. Onları nə qədim dövrün quldarlığı, nə feodalizmin boyunduruqları, nə də kapitalizmin istismarı bu qədər sarsıda bilmişdi. Şadraqlıq tarix boyu ən böhranlı günlərini yaşayır, ancaq bununla belə ən parlaq İçtsetorpların rəhbərliyində Şab Manaşa mütəsiredici bir dirəniş göstərirdi. Burada azadlıq cövlan sürdüyü qədər də xüsusi bir intizam var idi. O intizam da bundan ibarət idi ki, hər kəs öz işi ilə məşğul olacaq. Hər iş üçün bir və yalnız bir adam cavabdeh olanda bütün işlərin qaydasında getməsini İçtsetorplar acı təcrübələrlə öyrənmişdilər.

Bu üzdən də, Anaxbatik şəhərində insanlar əsas dörd qrupa bölünmüşdülər: razaylar, rişanlar, tsinikublar və nayuxolar. Razaylar Anaxbatik sakinlərinin elə bir əlahiddə hissəsi idi ki, onlarsız Anaxbatik Anaxbatik olmazdı, elə Tanrı Setin zəvzəklərlə dolu səltənəti kimi bir yer olardı. Razayların bir neçə vəzifəsi vardı: müşahidə etmək, öyrənmək, hiss etmək, düşünmək və sehirli çubuqla sehirli parçaları işıq tablolarında birləşdirərək böyük salnamələr əmələ gətirmək.

Rişanlar – onlar isə razayların vuran əli idilər. Bu adamlar öz xarakterlərinin təsirilə ötkəm, konkret və bir az da qaş-qabaqlı idilər. Onlar bütün gün harasa zəng edir, tapşırıq verir, işlərin düzgün yerinə yetirilməsinə nəzarət edirdilər. Onların əsas işi razayların sehirli çubuğundan çıxan işıq tablolarını bir yerə yığıb çoxaltmaq və tsinikublara yaymaq idi.

Tsinikubların isə öz növbəsində vəzifəsi razayların həmin sehirli çubuğundan çıxıb, rişanların diqqətlə çoxaltdıqları işıq tablolarını nayuxolara çatdırmaq idi. Razaylardan başlanan iş, beləcə, rişanların əlindən keçib tsinikublar vasitəsilə nayuxolara çatdırılırdı. Tsinikublar hər şeyi bilməli, hər şeydən baş çıxarmalı, hər nayuxonun baş aça biləcəyi işıq tablolarını ona göstərməli idilər. Hansı nayuxoya hansı işıq tablosunu verəcəyini bilməmək bir tsinikub üçün ən təhqiredici hadisə idi. Rəvayətə görə, tsinikubların ulu babalarından biri bir dəfə belə səf etdiyi üçün öz şagirdlərindən birini 100 nayuxonun aça biləcəyi qədər işıq tablosunu açmaqla cəzalandırmış, O da uzun illər saç-saqqal ağardandan sonra bu tapşırığın öhdəsindən gəlmiş və bir də görmüşdü ki, o artıq nə tsinikubdur, nə də nayuxo. O, artıq ən yuxarı pillələrdə dayanan datsu razaylardan biri, bəlkə də, ən böyüyü olmuşdu. Bəzi əfsanələrə görə, həmin datsu razay tarixdə elimlərin atası Aristotel kimi tanınırdı.

Nayuxolara isə yəqin ki, razayların özündən də böyük məsuliyət düşürdü, zira hər bir nayuxo yalnız özü hər bir işıq tablosunun işlətmə qılavuzunu tapıb onların nurundan faydalana bilərdilər. Əgər onlar bu tabloların sirrini çözə bilməsəydilər, onda tablolar açılmaz və ortalığa işıq saçılmazdı. Anaxbatik şəhəri yeraltı bir şəhər olduğu üçün burada heç bir işıq yox idi. Ancaq bütün İçtsetorplar istəyirdi ki, şəhər işığa qərq olsun, zülmət öz yapıncısını şəhərin üstünə sala bilməsin. Buna görə də nayuxolar Anaxbatikin işıq ehiyatını təmin etməklə məşğul idilər. Hər işıq tablosu açıldıqca, hər tablonun qatları tərpəndikcə oradan damla-damla işıq süzülür və qədim şəhəri ən ucqar küçələrinə qədər işıqlandırırdı. Nə qədər ki nayuxolar var idi, bu şəhərə Tanrı Setin kölgəsi təşrif buyura bilməyəcəkdi. Çünki bu şəhərin işıqları üçün nayuxolar gözlərinin nurunu sərf edirdilər. Bəli, əslində, bu şəhəri nayuxoların mərd gözləri işıqlandırırdı.

Anaxbatikdə şəhər işığının yaşaması uğrunda gözlərdəki işığın sərf olunduğu bir dönəmdə isə Müqəddəs Elçi, Əlahəzrət Şab Manaş Qrebrekuz vaxtaşırı Tanrı Setin adından yeni əmir və qanunlar yazıb öz köməkçiləri Böyük Metsis Svodniv və Kiçik Metsis Diordna vasitəsilə əmrə müntəzir dayanan rezuylər sürüsünə ötürürdü. Onlar da lap atlanıb düşə-düşə mərkəzi küçələrdə nümayişkaranə surətdə bir neçə dəfə dombalaq aşandan sonra yeni qaydaları yerinə yetirmək üçün əllərini ciblərinə atıb oradan şəffaf lövhəciklər çıxarırdılar. Bu lövhəcikləri sifətlərinin bərabərində tutub ona dil çıxarır, göz vurur, sağ əllərinin baş barmağını burunlarına dayayıb zurna işarəsi verir, gah da ovurdlarını şişirtib balaca uşaqlar kimi osturaq səsi çıxarır, gic-gic bağırıb, səfeh-səfeh gülürdülər. Sonra da cəld ciddi bir sifət alıb qaşlarına Şab Manaşın möhrü boyda yekə bir düyün vurur, köhnə tumanlarının yırtığından düzəldilmiş güllü qalstuklarını xirtdəklərinə qədər sıxıb pörtləyirdilər. Bir az da keçəndən sonra möhkəmdən qışqırıb, doğuş edən qadın kimi nalə çəkir, gah ağlayır, gah da qəzəblənirdilər. Onların etdikləri hansısa bir ritualın əzəmətli parçası idi, ancaq heç kim bu ritualın nə üçün icad edildiyindən xəbərdar deyildi. Rezuyların bildiyi bircə şey var idi: nə deyiblərsə, onu da elə! Elə və əvəzində çoxlu-çoxlu kyal qazan. Burada bircə şey yaxşı idi ki, xərclənilən kyalların qazanılan kyallardan çıxılmırdı. Ona görə də kyallar bir tərəfdən böyük sərvət, var-dövlət hesab edilsə də, digər tərəfdən də, əslində tədavülə yararsız və üstündə orta barmaq şəkli daşıyan əskinasdan başqa bir şey deyildilər.

Bəli, rezuyların bütün həyat fəaliyəti ondan-bundan eşitdikləri söhbətlərin mayasını çıxararaq çoxlu-çoxlu şayələr istehsal edib Tanrı Setin səltənətini gücləndirməkdən və Onun kyal xəzinəsindən öz nəsiblərini almaqdan ibarət idi. Ancaq baxır ki hansı şayə?! Məsələn, əgər kimsə Şab Manaşın 1 milyard kyallıq sərvəti barədə nəsə artıq-əskik bir söz işlətsə, bunu qulaqardına vurar, özlərini də elə aparardılar ki, əslində, hələ bu 1 milyard kyal lap az imiş – 7, ya da heç olmasa, ən azından 5 milyard kyal olsa imiş, onda bundan danışmaq vacib olardı.

Hələ bu harasıdır ki?! Bəs Şab Manaşın sağ əli Böyük Metsis vəzifəsinə, bəlkə, 200 ildir ki kök atan Cənab Svodnivin əməllərinə nə deməli? Heç ondan danışan var idi mi, görəsən? O, son Qurban bayramında neçə ton işıq tablosunu neçə kyala satın almışdı? Tanrı Setin kölgəsinə qurban vermək üçün neçə min işıq tablosunu çəkic altında çilik-çilik eləmişdi? O, necə olurdu ki, min bir zəhmətlə ərsəyə gəlmiş işıq tablolarını cəmi 20-30 kyala gözdən salır, əvəzində bayağı fikirləri ilə Tanrı Setin səltənətinə nam salmış istedadsız, hissiyatı kar, müşahidəsi kor, beyni fındıq boyda olan ara razaylarının cəfəngiyatla dolu saxta tablolarını azından 300-500 kyalla rezuyların qabağına atır, belə demək mümkündürsə, məhşur misaldakı kimi lap poxdan konfet düzəldirdi?

Kiçik Metsis vəzifəsini daşıyan, Əlahəzrət Qrebrekuzun əlaltılarının başında duran Xanım Diordna da heç Cənab Svodnivdən geri qalmırdı. O, öz qadın məkri və həyasız ehtirasları ilə harada bir az işıldayan razay görürdüsə, Onun bakirə qəlbinə yol tapır, əl dəyilməmiş hislərini barmağına dolayıb fırfıra kimi fırlayırdı. Xanım Diordna öz vəzifəsinin öhdəsindən çox böyük peşəkarlıqla gəlirdi. Arada-bərədə dolaşan şayələrə görə, Xanım Diordna hələ “xanım” olmamışdan qabaq Poksirep pabında qulluqçu işləyirmiş. Şab Manaş kefinin yaxşı vaxtında ofisiant Diordnanı görür və deyilənə görə də, ofisiant Diordnanı görən sonuncu canlı elə Əlahəzrət Qrebrekuzdur. Qalan adamları isə elə həmin gecə o məsələ... Buna görə də, kimsə bu haqda bir söz işlədirdisə, o saat Onun başını əkirdilər. Xanım Diordna indi yüksək mənsəb sahibi və əlində hökmü olan şıltaq bir qadın idi. Müqəddəs Elçini yoldan çıxarmağı bacarmışdısa, qabağında davam gətirə biləcək ikinci bir kişi heç tapıla bilməzdi. Beləcə, Kiçik Metsis da xeyli böyük işlər görür və onlarla istedadlı razayı yolundan çıxarıb, onların sehirli çubuqlarını sehirsiz buraxırdı. Bir müddət sonra isə həmin bəxtsiz razaylar korşalıb adi rezuylardan birinə çevrilir və ömürlərinin axırına kimi burunlarının fırtığını köynəklərinin qollarına silə-silə vəfakarlıqla Tanrı Setə xidmət edirdilər.

...Anaxbatikdə və Tanrı Setin səltənətində hər şey öz qaydasına uyğun davam edərkən adamlar arasında həmin qorxulu xəbər hələ də yayılmağa davam edirdi. Adamlar bu şayədən danışanda üzlərini başqa tərəfə tutub, sözlərini başqa səmtə deyirdilər. Adamlar bu şayələri səsləndirməkdən elə qorxurdular ki, özlərini aldatmaq üçün şayəni dillərinə gətirdikləri vaxt barmaqlarını qulaqlarına tıxayıb möhkəm-möhkəm sıxırdılar ki, guya heç bu sözləri heç kimdən eşitməyiblərmiş. Birdən əgər Cənab Svodniv onları şayələrdən danışarkən yaxalayıb kyalsidlə daş-qalaq olunmaq cəzasına məhkum etsəydi, bu halda, onlar da Ali Hakim Əlahəzərt Qrebrekuzun qabağında rahatlıqla əllərini vicdanlarına qoyub and içə bilərdilər ki, onlar bu barədə nəsə dediklərini heç özləri də eşitməyiblər və bu, əlbəttə ki, tamamilə düzgün olardı.

Bu qədər ağlasığmazlığın və darbeyinliliyin qabağında isə Anaxbatikdə xüsusi bir hərəkətlənmə hiss olunurdu. Həmin hərəkətlənmənin başında özünün ağır işıq tabloları ilə tanınan datsu razay dərəcəli Namoet dayanırdı. Namoet özünü Tanrı Setin ən güzəştsiz düşməni sayır və hər yerdə deyirdi ki, tüpürüm Tanrı Setə də, lap elə onun poxlu səltənətinə də! Datsu Razayın səs-sorağı Anaxbatikin gizlin küçələrindən də bir yol tapıb çıxmış, gedib ta Müqəddəs Elçi, Əlahəzrət Şab Namaş Qrebrekuzun qulaqlarına çatmışdı. Hər yerdən hər səsi eşidə bilən bu şəlpə qulaqlar Tanrı Setin Şab Namaşa ən böyük hədiyəsi idi. Əlahəzrət Qrebrekuz ömründə bircə dəfə də olsun, Namoetlə qarşılaşmasa da, Ona böyük kin bəsləyirdi. Bununla yanaşı, datsu razayla bağlı xeyli məlumata da sahib idi. Bəzən gecə yarıdan sonra Əlahəzrət Qrebrekuz Tanrı Setin vəhiylərini qəbul etmək adı ilə inzivaya çəkilir, qapı-pəncərəni möhkəm-möhkəm bağlatdırır və göydələnin sonuncu mərtəbəsində buludların içində təkbaşına qalıb saatlarca tədbir tökür, Namoeti ələ keçirmək haqda dürlü-dürlü planlar cızırdı. Müqəddəs Elçinin ürəyi ancaq o zaman soyuyardı ki, bu dildən iti datsu razayın o kəskin dili kəsilib eşafotun qabağına atıla və rezuylar da şalvarlarının zəncirbəndini açıb oxqay deyə-deyə bu dilin üstünə bol-bol işəyəydilər. Namoeti kyalsidlərlə daş-qalaq edib öldürmək yox, Ona bu cür işgəncə verərək alçaltmaq Əlahəzrət Qrebrekuzun öz düşməni barəsində ən böyük arzusu idi. Hərçənd Onun bu səhnəni öz gözləri ilə görməyincə hələ bu dünyadan köçmək fikri yox idi. Ən azından özü də lap gözəl bilirdi ki, dünyadan başqa dünya yoxudur, Tanrı Set isə insanların axmaqlığından başqa bir şey deyil. Əlahəzrətin bu kinli planlarından xəbərsiz olan, daha doğrusu, Qrebrekuza qoz qoymayan Namoet isə Anaxbatikdə şəhər şurasını Tanrı Setin səltənəti ilə açıq vuruşmaya, əslində ölüm-dirim müharibəsinə, son döyüşə girməyə razı sala bilmişdi. Datsu razay Namoetin başçılığı ilə Anaxbatikin ən güclü razaylarından 12 nəfərlik bir dəstə hazırlandı. Həmin dəstəyə Anaxbatiklilər tnedissidlər adını vermişdi. Tnedissidlər xüsusi təlim görmüş, ağır şərtlərdə razay dərəcəsi almış 12 adamdan ibarət idi. Bu razaylar ən çətin şərayitlərdə, ən qorxulu vəziyətlərdə sakitcə və təmkinli halda böyük işıq tabloları düzəldə biləcək bacarığa sahib idilər. Onların düzəldəcəyi hər bir işıq tablosu Tanrı Setin qaranlıq səltənətini sarsıda biləcək qədər gur işıq yaymağa qadir idi. 12 datsu razayın tnedissid dəstəsinin başında isə Namoet özü 13-cü adamı təşkil edirdi. Şuranın qərarından sonra onların statusu yaddaşlarda elə tnedissid kimi dəyişdirildi.

Tnedissidlərin son vuruşma üçün xüsusi döyüş planı var idi. Buradakı hər bir tnedissidin səriştəsi Şab Manaşın əlaltılarını dəf etməyə yetərdi. Ancaq düşmənlə onun meydanında vuruşmaq üçün gərək ki güclərini birləşdirib toplu hücuma keçə idilər. Hər şey dəfələrlə ölçülüb-biçilmiş, Tanrı Setin qaranlıq səltənətinin ən xırda deşiyinə qədər xəritəsi çizilmiş, kyallarla donatılmış bütün gizli keçid və tunellər də xəritələrdə işarələnmişdi. Rezuyların hansı hissələrdə daha zəyif olduğunu da anaxbatiklilər əllərinin içi kimi bilirdilər. Namoetin tnedissidlər arasındakı ən yaxın köməkçisi isə Onunla eyni vaxtda razay həyatına qədəm qoymuş sevgilisi Rafulin idi. Qaranlıq səltənətinin xəritəsini də elə Rafulin şəxsən özü işləmişdi. Namoetin Tanrı Setə və Əlahəzrətə qarşı olan kəskin çıxışları Onu anaxbatiklilər arasında qorxmaz bir insan və sarsılmaz bir razay kimi məhşurlaşdırmışdı. Rafulin da datsu razayın bu cəsarətini yüzlərcə razaya, rişana, tsinikuba və nayuxoya vermədiyi qəlbi ilə mükafatlandırmış, Namoetin əsəbdən əsən çənəsinə və qığılcım saçan gözlərinə aşiq olmuşdu. Anaxbatik adətlərinə görə qız öz sevgilisini seçəndən sonra qalan bütün sevdalılar Namoeti təbrik edib, Ona öz işıq tablolarından hədiyələr etmişdilər. Bunlardan yalnız biri, çox zəhmət çəksə də, datsu razay dərəcəsinə qalxa bilməyən və tsinikub qrupuna keçən keçmiş razay Niqtas Namoeti lap könülsüz və dilucu təbrik etmişdi. Səbəb də o idi ki, Niqtas uzun müddət Rafulinin qəlbini qazanmaq eşqi ilə alışmış, ancaq Namoet Onun üçün amansız rəqib olmuşdu. Niqtas həmin vaxtlar bir az da sırf Rafulinin gözünə girməkdən ötrü datsu razay dərəcəsi almağa çalışmış, ancaq uğursuzluğa düçar olub birdəfəlik razaylıqdan imtina etmişdi. O, zahirən sakitləşib vəziyətlə barışmış kimi görsənsə də, nə Namoet, nə də Rafulin özü Niqtasın aşıb-daşan kin-küdurətinin fərqində deyildi: tnedissidlərin son vuruşma üçün xüsusi planları olduğu kimi Niqtasın da Namoet üçün ayrıca planları var idi.

Anaxbatiklilərin tnedissidlər dəstəsi Tanrı Setin Qaranlıq Səltənətinə yaxınlaşmış ikən şayələr get-gedə daha da çoxalır, hər küçədən, hər daxmadan, hətta zirzəmilərdən belə məşum bir səs böyük bir sarsıntı və qorxu içində ikicə kəliməlik bu ifadəni təkrarlayırdı. Səslər si notu kimi lap astadan, kanalizasiyalarda gəzişən siçanların ciyiltisi kimi hamının beyninə işləyir, rezuyların rəngi-ruhunu saraldırdı. İş axırda o yerə çatdı ki, zirzəmilərdə fısıldanan bu səslər çoxalıb yüksəldi, yüksəldi və qalxıb ta Əlahəzrət Qrebrekuzun buludlar arasındakı imarətinə qədər çatdı. Şab Manaş bu fısıltıları eşidəndə az qaldı başı gicəllənib göydələnin başından təpəsi üstə yerə dəysin. Bir təhər qucağındakı uzun quyruqlu qara siçovulunun belini sıxıb özünü ələ aldı. Siçovul cəld uzun dilini çıxartıb Əlahəzrətin əsəbdən köpüklənmiş dodaqlarını acgözlüklə yaladı. Əlahəzrət tez toparlanıb Böyük və Kiçik Memtisi təcili surətdə yanına çağırdı. Cənab Svodniv və xanım Diordna Əlahəzrət Qrebrekuzu heç vaxt bu qədər əsəbi və pörtləmiş görməmişdilər. Elə birinci baxışdanca işlərin fırıq olduğunu və Şab Manaşın heç olmadığı qədər qəzəbləndiyini başa düşdülər. Şab Manaş çığıra-çığıra onlara eşitdiyi fısıltıdan və bu fısıltının gəlib Onun mərtəbəsinə qədər necə yüksəlməsindən danışıb köməkçilərini fərasətsizlikdə və səriştəsizlikdə günahlandırdı. Bu dəfə hətta Xanım Diordna da Əlahəzrətin qəzəbindən yan keçə bilmədi. Xanım rəng alıb rəng verdi. Qızardı, bozardı. Axırda da sakitcə başını aşağı salıb ofisiant vaxtlarındakı kimi dalı-dalı Əlahəzrət Qrebrekuzun qəbul otağını tərk etdi. Sonra da aşağı düşüb bütün acığını rezuylardan çıxdı. Cənab Svodnivə isə əmir olundu ki, yarım milyon kyal ayırıb, necə olursa-olsun, Anaxbatiklilərin partizan hərəkatı haqqında ətraflı məlumat toplasın.

Səkkizinci gün 13 tnedissid artıq gizli yollarla Tanrı Setin səltənətinə daxil olub, işıq tablolarını təyin edilmiş nöqtələrdə yerləşdirmişdilər. Hər tablo bir-birindən 30 dərəcə aralıqla mövqe tutub göydələnin ətrafında nəhəng bir dairə əmələ gətirmişdi. 12 tablo öz yerinə qoyulmuş olsa da, sadəcə bircəciyi – Namoetin tablosu hələ növbəsini gözləyirdi. Hər şey çox ani və qəfil baş verdi. Müqəddəs Elçi, Əlahəzrət Şab Manaş Qrebrekuz, köməkçiləri Böyük Metsis Cənab Svodniv və Kiçik Metsis Xanım Diordna nə baş verdiyini anlayana qədər iş-işdən keçmiş bir-birinin ardınca 12 tnedissidin işıq tablosu açılıb kəsif qoxusu kimi Tanrı Set səltənətinin hər tərəfinə yayılan qaranlığın xirtdəyindən yapışmış, rezuyların öz funksiyasını itirməkdə olan domba gözlərini bərələ saxlamışdı. Bircə sonuncu işıq tablosu qalırdı ki, tnedissidlərin alatoran hücumu uğurla yekunlaşıb Tanrı Setin səltənətini Əlahəzrət Qrebrekuzun başına uçurtsun. Bunun üçünsə tnedissidlər son ana qədər gözləməli, öz qalın işıq tablolarını son qatlarına qədər açmalı və var gücləri ilə zülmətin bağrını dəlməyə davam etməli idilər. Ta ki Şab Manaş məcbur olub özü şəxsən ortaya çıxana qədər. Bu anda isə Namoet qəfildən peyda olub Onunla haqq-hesabı çürütməli və Əlahəzrət Qrebrekuzu da Tanrı Setin “dərgah”ına yollamalı idi. Hər şey o ana qədər tam düşünüldüyü kimi gedirdi. Anaxbatik Şadraqlığının 12 partizan övladı yalan göydələninin ətrafını sarmış və ap-aydın, dup-duru işıq selindən keçilməz bir sədd yaratmışdılar. İşıq tablolarının parlaqlığı o qədər kəskin oldu ki, Müqəddəs Elçi axırda davam gətirməyərək özü uzunquyruqlu qara siçovulunu sinəsinə sıxmış halda bir andaca 99-cu mərtəbədəki mansardan hoppanıb göydələnin qabağına – işıq selinin mərkəzi hissəsinə düşdü. Bunu görən kimi tnedissidlərin başçısı, 13-cü datsu razay Namoet işıq tablosunu açıb sərt bir zərbə ilə onu Əlahəzrətin sifətinə tolazladı. Elə bunu atdığını görmüşdü ki, qəflətən ayağının altı silkələndi və lağım quyusundan tanış bir sima Namoetlə Qrebrekuzun arasına sıçrayıb çıxdı. Namoet bir anlıq gördüyü adamın doğmalığından şaşırıb işıq tablosuna ötürdüyü beyin dalğalarını qeyri-ixtiyari kəsdi. Qrebrekuz da sivişməyə imkan taparaq qara kölgəyə çevrilib tnedissidlərin rəhbərinin arxasında peyda oldu. Xəzinəsi diskyallarla doldurulmuş silahını qara şinelinin altından çıxararaq namoeti kürəyindən nişan alıb təslim əmri verdi. Bu bir neçə saniyənin içində Şab Namaşın hələ də Namoeti diri tutmağa və Onun barəsində ehtirasla təxəyyül etdiyi işgəncə səhnəsini gerçəkləşdirməyə gümanı var idi: – “Namoetin kəsilib meydana atılmış qanlı dili üstündən rezuyların sidiyi buğlana-buğlana qalxıb havaya qarışırdı!” – varmıydı bundan daha zövqlü səhnə Əlahəzrət üçün? Lakin cəsur Namoetlə üz-üzə gələn anaxbatikli tsinikub Niqtas şəxsi haqq-hesabını çürütməyə fürsət tapmış kimi xayincəsinə yüksək dozalı kyal zəhərinə batırılmış oxunu partizanların başçısının düz alnından tuşlayaraq nifrətlə yayı gərib buraxdı. Bu andaca 12-ci işıq tablosunun sahibəsi onu əsas hədəfdən ayırıb sevgilisi Namoetlə xayin Niqtasın arasına atılaraq tablonu zərblə Niqtasın kamanına doğru fırlatdı. Göydələni saran işıq selinin ən güclü qaynağı olan 12-ci tablo Niqtasın alnından dəysə də, kyal zəhərinə batırılmış ox artıq yaydan uçmuşdu. Elə bu bircə saniyənin içində də Niqtasın atdığı ox Namoetin başından dəymək yerinə Rufalinin düz qəlbinə sancıldı. Rufalin sərsəmləyib Namoetin qucağına yıxıldı. Sevgilisi bağıraraq Rufalini qolları arasında tutdu. Rufalinin dodaqlarından şəffaf, dup-duru işıq damlaları köpüklədi. Namoet sevgilisinin başını qalxızıb Onu rahatlasın deyə azacıq geri tutaraq aralıda çapalayıb qap-qara köpük qusan Niqtasa nifrətlə nəzər yetirdi. Cənab Svodniv və Xanım Diordna da qaçıb hövülnak özlərini döyüş meydanına yetirmişdilərsə də, gördükləri mənzərə qarşısında duruxmuş və sarsaq-sarsaq Tanrı Setin zülmət səltənətini bəm-bəyaz nurda əridən 13 tnedissidin əzimkar, qətiyətli, nə olursa-olsun vaz keçmədən, intizamla öz vəzifələrini yerinə yetirmələrinə tamaşa edirdilər. Gözlərini qırpa-qırpa gəzib əlləri ilə qaranlığı tutmağa çalışan, gözlərindən sel kimi yaş axıdan rezuylar dəstə-dəstə zombi sürüləri kimi tnedissidlərə doğru axın edir, ancaq işıq baryerini yara bilməyərək bankada həbis olunub şüşəyə çırpılan milçək kimi gicələk olub geri çəkilir, sonra yenidən, yenidən və yenidən özlərini bu işıq divarına çırpır və hər dəfə əvvəlkindən daha möhkəm zərbə ilə nur divarından geriyə atılırdılar. Şab Manaş köməkçilərinin belə bu mənzərə qarşısında karıxdıqlarını görüb ikinci həmləni etmək üçün kyalsidlə dolu silahını yenidən Namoetə tuşladı. Rafulin sevgilisinin yanağını sağ əli ilə sıxıb astaca Onun dodaqlarından bir öpüş götürdü və son nəfəsini çəkib axır vaxtlar adamlar arasında yayılan şayəni təkrarladı:

—Şəbəkə yoxdur.


Fikirlər müəllifin şəxsi mülahizələridir və heç bir düzəliş edilmədən dərc olunub.

MANERA.AZ



Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031