Yeni tədris ili 15 sentyabrdan başlayır - xüsusi şərtlərlə
Azərbaycanda tədris ili sentyabr ayının 15-dən başlayır, bu belədir. Təhsil bərpa olunacaq, ancaq xüsusi şərtlər daxilində.
Manera.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən brifinqdə deyib.
“Sentyabrın 15-dən başlayaraq ali təhsil müəssisələrinin distant qaydada fəaliyyətinin bərpa edilməsi planlaşdırılır”. I kursa qəbul olan tələbələrin isə oktyabrın 1-də tanışlıq məqsədi ilə universitetə gəlməsi nəzərdədir. "Oktyabrın 15-dən etibarən müvafiq ixtisaslar üzrə qismən əyani təhsil təşkil edilə bilər" - deyə nazir qeyd edib.
Təhsil naziri Emin Əmrullayev brifinqdə orta məktəblərdə də dərslərin keçirilməsi qaydalarından danışıb.
“İbtidai siniflərin 15 sentyabr tarixdən həftədə 2-3 dəfə dərsə gəlməsini təklif edirik. 5-9, 10 və 11-ci sinif şagirdlərinin dərsləri 15 sentyabrdan onlayn qaydada başlayır. Oktyabrın 1-dən V-IX siniflərin mərhələlərlə məktəbə əyani şəkildə gəlməsini planlaşdırırıq. Situasiyadan asılı olaraq 2 və ya 3 dəfə. Burada ölkə üzrə əlavə olaraq 737 min şagirddən söhbət gedir. Bakı şəhəri üzrə bu rəqəm 286 mindir. Beləliklə, artıq hər şey yaxşı gedərsə və epidemioji vəziyyət imkan verərsə, oktyabrın 1-nə 1 milyon 300 min şagirdi uyğunlaşdırılmış proqramlarla hissə-hissə məktəbə qaytarmağı planlaşdırırıq. Bununla yanaşı, əgər yenə də hər şey yaxşı gedərsə, 15 oktyabrdan 10 və 11-ci siniflərin məktəblərə qayıtmasını planlaşdırırıq”, - o bildirib.