Tərcümə Mərkəzinin onlayn kitabları MANERA.AZ
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Açıq Kitab” elektron kitabxanası gənclərin mütaliəyə marağının artırılması məqsədilə yaxın vaxtlarda çap olunacaq üç nəşrin – Patrik Modianonun “Seçilmiş əsərləri”, Ernesto Çe Gevaranın “Boliviya gündəliyi” və “Azərbaycanın enerji siyasəti Qərb mətbuatında” kitablarının onlayn versiyasını yerləşdirib.
İnternet istifadəçiləri www.achiqkitab.az saytının “Tərcümə Mərkəzinin kitabları” bölümünə daxil olmaqla hələ nəşr edilməmiş kitabları oxuya bilərlər.
Görkəmli fransız yazıçısı P.Modiano bu sahədə Nobel mükafatına layiq görülmüş on beşinci fransız yazıçısıdır. Fransız ədəbiyyatında retro üslubunun populyarlaşması məhz P.Modianonun adı ilə bağlıdır. Fransız ədibin yaradıcılığının mövzusunu yaddaş və yaddaşsızlıq, şəxsiyyət və günah hissi, özünə yer tapa bilməyən, qərarsız insanların özünüdərk prosesi təşkil edir.
Oxuculara təqdim olunan bu kitab nasirin Azərbaycan dilinə tərcümə edilən ilk irihəcmli əsərlər toplusudur.
Kitabı Azərbaycan dilinə İ.Əlfi, M.Qarayev, E.Başkeçid tərcümə ediblər.
Ernesto Çe Gevaranın “Boliviya gündəliyi” kitabında bütün həyatını idealları uğrunda mübarizəyə həsr etmiş inqilabçı, Kuba azadlıq inqilabının simvolu Çe Gevaranın yarımçıq qalmış ömrünün son on bir ayından, qəhrəman inqilabçının və onun silahdaşlarının Boliviyanın azadlığı uğrunda apardıqları ölüm-dirim mübarizəsindən bəhs olunur.
Əsəri Azərbaycan dilinə Rövşən Ramizoğlu tərcümə edib.
“Azərbaycanın enerji siyasəti Qərb mətbuatında” kitabında son illər Qərb mətbuatında Azərbaycanın enerji siyasəti, neft və qaz strategiyası, Xəzərin enerji resurslarının dünyaya çatdırılmasında kəmərlərin rolu ilə bağlı dərc olunmuş analitik yazılar, mətnlər və məqalələr yer alır. Kitab iqtisadçılar, siyasətçilər və maraqlı oxucu kütləsi üçün nəzərdə tutulub.