manera.az
manera.az

Rəşid Bərgüşadlının povestləri oxucu üçün maraqlıdırmı? - MÜNASİBƏT| MANERA.AZ

Rəşid Bərgüşadlının povestləri oxucu üçün maraqlıdırmı? - MÜNASİBƏT| MANERA.AZ

manera.az
Rəşid Bərgüşadlının povest yaradıcılığında işğal altında qalmış doğma torpaq və cəmiyyətdə düzgün qiymətləndirilməyən insan faktoru,insan münasibətləri harmoniya təşkil edir.Oxucunu düşünməyə ,nəticələri əvvəlcədən göz qabağına gətirməyə sövq edir.

Müasir Azərbaycan ədəbi mühiti öz inkişafını çoxşaxəli şəklidə inkişaf etdirməkdədir.Gözə çarpan ümdə cəhət bu prossesin qəzet və jurnalar,almanaxlar,məcumələr,kitablar vasitəsilə yayımlanması ilə yanaşı,daha çox elektron vasitələrlə -sosial şəbəkələr,müxtəlif saytlar vasitəsilə oxucu ixtiyarına verilməsidir.Onsuz da sayca az olan müasir oxucu cəlbedici və məzmunlu bədii nümunələri tapır, seçir,oxuyur.Müasir bədii söz sənətimizdə irihəcmli nəsr nümunələrinin köşə yazılarından,esselərdən, hekayələrdən fərqli öz oxucuları olur.

Bu gün müasir Azərbaycan nəsrinin əsl nümunələri yaranırmı? Onlar öz oxucusunu tapıbmı? Əldən-ələ ,dildən-dilə gəzib şöhrət qazanıbmı? Qeyd etdiyim kimi,bu gün müasir nəsrin oxucu ixtiyarına verilmiş pis və ya yaxşı nümunələri o qədər çoxşaxəli və xaotik şəkildədir ki, tələbkar oxucu,ədəbi mühiti daim izləyən tənqidçi belə bu inkişafın əsl qiymətini verə bilmir.

Nəsrin inkişafı özünü müxtəlif mövzulu povestlərin yaranmasında da göstərir.Bu povestlərin bir çoxu povestin yaranma qayda-qanunlarına,ənənələrinə cavab verməsə də,günümüzün reallıqlarını əks etdirir.Bu gün yaranan Azərbaycan povestləri dünya ədəbi prosesindən təcrid olunmuş şəkildə deyildir.Zəif də olsa,bu inkişafın dalınca irəliləyir.

Azərbaycan nəsri möhtəşəm,fəxredici, işıqlı bir povest tarixinə malikdir.Məqsədim bu gözəl povest nümunələrini sadalamaq və sıralamaq deyil.Məqsədim şanlı sələfi olan ,bu gün yazılan müasir povestlərin əsl mahiyyətini ,ictimai həyatımız,sosial-mədəni inkişafımız üçün olan ideya-bədii əhəmiyyətinin olub-olmadığını oxucuya çatdırmaqdır.Oxucu bu bədii nümunələri oxusun, ya əlinə almasın.Demək olar ki, hər gün yaranan müasir povestləri də sadalamaq və sıralamaq fikrindən uzağam.Təkcə soruşmaq istəyirəm ki,bu povestləri oxumağa dəyərmi? Bu povestlər müxtəlif yaş səviyyələrində olan oxucularımızı hansı milli-mənəvi dəyərlərlə zənginləşdirəcək?Ya əksinə ,olub-qalan oxucu zövqünü də korlayacaq? Əgər bu gün müasir yazar Qarabağ müharibəsi haqqında povest yazarsa,onun başlıca məqsədi oxucunu humanistliyə ,Vətəni sevməyə səsləmək olmalıdır,yoxsa fərdin cəmiyyətdə mürəkkəb siyasi vuruşlardan baş açmasını istəməsi olmalıdır? Yazıçı oxucusunu şəxsiyyət kimi yetişdirmək istəyir ya yox? Bütün bu suallara cavab çağdaş povestin inkişaf yoluna işıq tutmalıdır.

Hekayələri,povestləri,romanları vasitəsilə Sizlərlə ünsiyyət quran yazıçı Rəşid Bərgüşadlının povestləri bu tələblərə cavab verirmi?

Bu gün hekayələri haqda artıq danışdığım yazıçının povestləri barəsində araşdırmalarımı Sizlərlə bölüşəcəyəm. R.Bərgüşadlı məhsuldar yazıçıdır.Müxtəlif mövzulu hekayələri ilə öz yaradıcılığını zənginləşdirir.Eyni zamanda yazdığı povestləri də onun yazıçı kimi yetkinləşməsində mühüm rol oynayır.Yazıçı “Yarımçıq qalan gündəlik”,”Sahibsiz yolçu” kimi povestlərin müəllifidir.Bu gün onun bu iki povesti üzərində təhlil və araşdırmalar aparacaq ,povestlərin ideya- bədii yükünü dəyərləndirəcək,oxucu qarşısında vacib amilləri işıqlandıracağıq.

R.Bərgüşadlının “Yarımçıq qalan gündəlik “povesti mövzu və ideyasına görə ciddi ,seçilən,Vətənin real vəziyyətini,vətəndaşların vətən yaralarını əks etdirən ,gözəl ,müasir povest nümunəsidir.Yadınıza salım ki,işğal,Vətən mövzularından daha tez və çox oxunan digər mövzular çoxluq təşkil edir.Lakin Vətən,doğma torpaq mövzusu bizim əzəli və əbədi bədii əsər mövzumuzdur və yazıçının vətəndaşlıq mövzusudur.

Əvvəlcə “Yarımçıq qalan gündəlik”povesti,onun mövzusu,ideyası,oxucusunun olub-olmaması haqda və bədii xüsusiyyətlərinin zənginliyi ilə bağlı araşdırmalarımı açıqlamaq istəyirəm.Hər şeydən əvvəl povestin adı cəlbedicidir.Azərbaycan və dünya nəsrində bu və buna oxşar əsər adları geniş yayılmışdır.Əsər2014-cü ildə R.Bərgüşadlının “Əsərləri”adlı kitabda çap olunub,çoxsaylı Azərbaycan povestlərinin sırasına qoşulmuşdur.Bundan əlavə povest hissə-hissə müxtəlif saytlarda yerləşdirilir.Oxucu ilə təmasa can atır.Əsər milli nəsrimizin müasir nümunəsidir.Onun müəllifi yaradıcılığa yeni başlayan gənc yazıçı deyil.Ona görə də əsərdə onun vətəndaşlıq mövqeyi ,nə demək istəməsi aydın duyulur.O,Vətən sevgisini .torpaq təəssübünü qəlbində gəzdirən vətəndaş yazıçıdır.Vətənin bir ovuc torpağı ,otu-ələfi,mal-qarası,meşələri,çayları,insanları,cilalanmış adət-ənənələri,hətta yurdun insanlarının adları belə ona əzizdir,əvəzedilməzdir.Bu povest yazıçının hekayələrinin məntiqi davamıdır.

“Yarımçıq qalan gündəlik “povesti kimin üçün oxunaqlı ola bilər?Yazıçı nə üçün bu mövzuda yazmışdır? Bu povestlə yazıçı oxucusuna nəyi aşılamaq istəmişdir?
Oxuduğumuz əsərlərdən ,baxdığımız kinofilmlərdən tanıdığımız insanların həyat yolundan bilirik ki,həyat mübarizə meydanıdır.Mübarizəsiz insan ömrü mənasız,çürük bir ömürdür.Mən Rəşid Bərgüşadlının əsərlərini oxuyanda qəhrəmanlarda mübariz ruh gördüm.Amma əsaslı şəkildə açıqlamaq istəyirəm ki,hər şeydən əvvəl -əsərlərin ideya dəyərini,obrazların daxili aləmini müasir oxucuya göstərməkdən əvvəl,hər cür təhlil və araşdırmadan əvvəl yazıçının diqqətli oxucusu olmağa çalışmışam.Ona görə də hər povesti iki dəfə və müxtəlif vaxtlarda oxumuşam .Düzgün təhlil mövqeyində dayanmaq,oxucuya hər şeyi yerli-yerində ,düzgün təqdim etmək üçün isə bu mövzuda yazılmış müasir əsərlərin ideya dəyərini ,təhkiyə üsulunu müqayisəli şəkildə öyrənmək tələbini öz qarşıma məqsəd qoydum. Fərqi nədə gördüm?Tərk olunmuş torpaq,işğal olunmuş Vətən ,torpaqlarını “atıb”gəlmiş insanların düşüncələri,torpaq həsrəti çəkənlərin mövqeyi,əsir düşənlərin aqibəti,gənclərin mübarizə əzmi haqda yazılmış müasir bədii əsərlərin bu gün oxunaqlı olması üçün müasir nəsrimizdə bir aparıcı meyil gördüm .Hadisələrin dinamikasında belletristika xüsusiyyətləri,dedektiv çalarlar gördüm.Və ya Qrabağ müharibəsi mövzusunda alternativ yol bundan əlavə gündəlik,xatirə kimi təqdimetmə formalarıdır.Amma bu üsulların heç biri R.Bərgüşadlının irihəcmli əsərləri üçün seçilmiş yol deyil.Nə yaxşı ki ,belədir.Yoxsa əsəri dedektiv əsər sərhəddinə aparıb çıxarardı.R.Bərgüşadlı yaradıcılığında həmişə leytmotiv xətt olan şirin təhkiyə ona əsərlərinə digər təqdimetmə formaları seçməyinə ehtiyac yaratmır.Bir neçə sualı oxucularla bölüşmək istəyirəm.Yazıçı oxucusunun kim olduğunu bilməlidir? Hansı oxucu üçün yazdığını nəzərə almalıdır? “Başına gələn başmaqçı olar” atalar sözü yadıma düşür.Bu mövzulu əsərləri qaçqınlıq ,köçkünlük həyatını yaşamayan azərbaycanlı oxumalıdır? Ya keçirdiyi agır günlərini unutmaq istəyən ,“o günləri heç düşmənimə də göstərmə “deyən ,ağır el-obasını ,zəhmətlə yığıb –yumurladığı ev-eşiyini ,bağ-bağatını,axarlı-baxarlı yurd-yuvasını düşmən tapdağında qoyub gələn qaçqın,köçkün,didərgin oxumalıdır bu əsərləri?

Yazıçı nə üçün bu mövzuya müraciət edir?Bu- onun həyatının ,taleyinin çıxarıb ata bilmədiyi bir hissəsidirmi? Bəzən bu mövzulu əsər yazan yazıçılar haqda belə bir fikir formalaşır:yazıçının qarşısında 2 yol durur.Birincisi,Qarabağ məsələsini ,tapdaq altında qalmış torpaq məsələsini aktuallaşdırmaq ,yaddan çıxarmamaq.İkinci yol isə millətin faciəsini ,torpaq ,doğma yurd həsrətini önə çəkib böyük ədəbiyyat nümunəsi yaratmaq istəyi .Mənim fikrimcə ,bunların heç biri Bərgüşadlı yaradıcılığındakı mövzu seçimlərinə aid edilə bilməz. Onun əsərlərini oxuduqca mənim başa düşmədiyim ,düzgün qərar qəbul edə bilmədiyim bir fikir axır ki,öz düzgün həllini tapdı. Bugünki oxucu kimdir? Yazıçı özünü tapmaq üçün yeni oxucu təbəqəsi yaratmalıdır?

Məni düşündürən ,narahat edən məsələ hər bir yazıçının özünün öz oxucusunu yaratması,formalaşdırmasıdır. Bu müasir dövrün tələbidir.Müasir dünya nəsrində ,Avropa ədəbiyyatında ,Azərbaycan bədii söz sənətində də bu istiqamət özünü göstərir.Daha 80-ci illərin tendensiyası (yazıçı özü demişkən ) bu gün müasir yazıçı ,tənqidçi və oxucu üçün də keçərli deyil.Biz istəsək də,istəməsək də R.Rövşənin öz oxucusu, E.Elatlının öz oxucusu,A.Yeniseyin öz oxucusu var.Ən mütərəqqi addım bu olar ki,ən gözəl ədəbiyyat nümunələri yaradasan və digərlərinin oxucularını “oğurlayıb” öz oxucuna çevirəsən.Bu məqamda vurğulamaq istəyirəm ki,R.Bərgüşadlı yaratdığı gözəl nəsr nümunələri ilə oxucu qıtlığı ilə rastlaşmır,oxucularının ürəyindən xəbər verir.Onun oxucusu müxtəlif yaş təbəqələrindəndir.Çünki onun əsərlərinin qəhrəmanları da müxtəlif yaş dövrlərindən olanlardır.Və ya bu obrazların müxtəlif yaş dövrləri oxucunun gözü qarşısında dəyişir.Oxucu bu qəhrəmanları sevir,onlarla bir dəyişir,inkişaf edir,həyatın əsl anlamını tapır.”Yarımçıq qalan gündəlik” və “Sahibsiz yolçu” povestlərində insan faktoru cəmiyyətin əsas faktoru kimi oxucunun qarşısına qoyulur,ona olan müsbət və mənfi münasibətlər açıqlanır.

“Yarımçıq qalan gündəlik” povesti Azərbaycan kəndinin dərdlərinin şəklidir.Saf kənd adamlarının yaşayış,məişət qayğıları,çatışmazlıqları ,sonda isə didərginlik qisməti əks olunub.Qeyd etdiyim kimi ,yazıçının əsərləri sanki bir-birinin davamıdır.Obrazların həyatı,adları kimi arzu və istəkləri də oxşar və eynidir.Məsələn,xırnazlılar eyni məqsəd üçün çalışırlar;kəndin rahat yolu üçün,kəndin gənci İsmilin təhsili üçün.Hamı bir amal üçün birləşə bilir.”Yarımçıq qalan gündəlik” povestinin süjet xətti yavaş inkişaf edir.Hadisələr ardıcıl olaraq inkişaf edir.Povestdə 2,3 təhkiyə üsulu var.Yazıçı öz təhkiyəsindən istifadə edərkən Dostəli surətini hərtərəfli,əsərin qəhrəmanı səviyyəsində mükəmməl təsvir edə bilərdi.Amma buna povestdə rast gəlinmir. Eləcə də İsmil və Fərqanə obrazlarının daxili aləmləri də sonadək açılmır,yarımçıq işlənmiş qalır.Əslində İsmil də,Fərqanə də müəyyən sədləri keçmək baxımından fədakar surətlərdir.Əsl saf məhəbbətlə sevən sadə insanlardır.Müsbət obrazlardır.İsmil şəhər mühitinə düşən yaraşıqlı gənc olsa da,sevgisinə sadiq qalır,şəhərdə macəra axtarmır,onun qədir-qiymətini bilən sevgilisinin yanına qayıdır.Povestin süjet xəttini xatirələrin ardıcıl danışılması təşkil edir.Povestin mövzusu ucqar Azərbaycan rayonunun kənd həyatı,saf kənd adamlarının yaşayışıdır.Əsl xeyirxah insan necə olmalıdır? Bu suala dolğun cavabı povestdə qonaq ,işçi kimi bu gözəl yerlərə gəlmiş ,buranın təbiətinə,insanlarına heyran qalmış Dostəli obrazının timsalında tapmış oluruq.Qeyd etdiyim kimi,cəmiyyətdə əsl insan faktoru bu gün problemli məsələ olaraq qalır.Bu zəmanədə kimə inanasan? –sualı tez-tez eşidilir.Amma bu povesti oxuyanda ,Dostəli obrazını yaxından tanıyanda qocaların dediyi”dünya yaxşı adamlardan xali deyil”kəlamı yada düşür. Dostəli kimdir? Yazıçı bu qəhrəmanı yaratmaqla bu gün cəmiyyətin içindən aşılanmasında ,yüksək mənəvi dəyərlərin azalmasında əsl insan faktorunun az olmasını əsas götürür.İctimai münasibərlərin,ünsiyyətin düzgün qurulmaması yadlaşmaların yaranmasına ,kütləvi laqeydliyə gətirib çıxarır.Bu səbəbdən yazıçı Dostəli obrazını çağdaş nəsrimizdə gözlərimiz qarşısında yaradır,bizə nümunə kimi göstərir,obraza seçilmiş ad da bizə çox şey anladır.Dostəli heç əslən xırnazlı da deyil.O,qayğıkeşdir,xalq üçün gecə-gündüz yanandır,çalışıb-vuruşandır.Fiziki və zehni qüvvəsini Xırnazın abadlığı,inkişafı üçün sevə-sevə sərf edir.Ailə sevgisini Xırnaz əhlində tapır.Dostəli İsmil üçün əsl əxlaqlı,fədakar ata,kənd üçün canıyanan kəndli,tədbirli ağsaqqal,savadlı mütəxəssisdir.El-obası üçün ən sərfəli işləri yerinə yetirir .Xırnazın adı,rahatlığı,əxlaqı,namusu onun üçün hər şeydən önəmlidir.Dostəlinin əsl daxili aləmi İsmilin ali məktəbə qəbul olması xəbərini xırnazlılara çatdırması səhnəsində açılır.Uşaq kimi xınazlıların sevincinə ağlamaqdan gözəl nə ola bilər?! Bu təsvir həm də yazıçının povest qəhrəmanını tanıtmaq uğurudur.Xırnazın radiosu,yolu,isti-soyuq suyu,hamamı, düzgün ticarəti,insanlarının aldadılmaması Dostəlinin həyat meyarıdır.Çünki o da öz növbəsində sağlamlığını,həyat həvəsini, Xırnazda ,xırnazlılarda tapıb.Onların yanını özü üçün həyat seçib,xırnazlıların açılan doğma qucağına sığınıb.İsmili özünə doğma övlad bilir,eləcə də digər xırnazlı balaları.Ona görə də İsmilin saf sevgisinin üzərindən xətt çəkməyi qarşısına məqsəd qoyur və bu yolda uğur əldə edir.Xırnaz adı,qayda-qanunları onun üçün daha əzizdir,daha əsasdır.Son ana qədər Xırnaz üçün mübarizə aparan ,doğma yurd üçün ölümə gedən ,əsir düşən bu fədakar obraza oxucu heyran kəsilir.Onun müsbət cəhətlərini özündə axtarır.Bu,yazıçı R.Bərgüşadlının obraz yaratmaq uğurudur.Dostəli müasir,təəssübkeş,yurddaş,xalq dərdini içində gəzdirən qeyrətli ziyalı,kəndli kimi yenidir,təkrarolunmaz və hərtərəfli işlənmiş povest qəhrəmanıdır.O ,torpaq həsrətilə yaşayan yurddaşlarımıza əsl xəzinənin torpağın özü olduğunu,onun qoynunda saysız-hesabsız xəzinələrin gizləndiyini aşılayır.Oxucuda torpaq sevgisinin mübarizlik ruhunu qaldıracağına inam yaradır.
Povestdə Qəniş ağa surəti el ağsaqqalıdır.Ölçülüb-biçilmiş hərəkətlər ,qaydalar,kəndi qəlibə salan yazılmamış vəzifə bölgüləri bu kəndi varlı,saf saxlayır.Bu işin də çox hissəsi Qəniş ağanın payına düşür.İsmil necə imtahan verdiyini danışanda onun ağır seyid nəslindən olduğu,hörməti bir daha oxucuya aydın olur.Qəniş ağa dədə -babadan qalan qayda-qanunu,adət-ənənələri nəzarətdə saxlamaqla kəndi idarə edir.Bu ,yaxşı örnəkdir.Qəniş ağanın tutduğu yol düzgün,atdığı addım vicdanlı olduğu üçün idarəetmədə uğur qazanır.Eləcə də İsgəndər kişi obrazı yaddaqalandır.Sərt dövrlərin şahidi olan bu insan mərdliyin ,düzlüyün,el sevgisinin ,torpaq həsrətinin nə demək olduğunu hər şeydən yaxşı bilir.Həm də doğma Xırnazı,əsl-nəcabətini unudan deyil,ömrünün sonuna yaxın doğma el-obasına qovuşur.Xırnaz dağlarından,igidlərindən nümunə götürdüyünü əməli ilə sübut edir.Xırnaz gənclərinə ata-babalarından danışır,adət-ənənələrini göstərir ki, bu el,oba öz əsl-kökünü bir daha yaxşı tanısın,unutmasın.

İsmil surəti povestdə ağıllı,elinə-obasına bağlı,özündən böyüyə dərin hörmət bəsləyən ,vicdanlı,yeniliyə can atan ,seçilmiş gəncdir.Əsl xırnazlı kimi sağlam,işlək və xeyirxahdır.Eyni zamanda fikirləri də,sevgisi də ,insanlara münasibəti də səmimidir.İsmil obrazı yazıçı tərəfindən sevə-sevə qələmə alınmışdır.Amma müəllif onun daxili aləminə sonadək işıq salmır.Oxucu ali təhsilli,zabit İsmillə dərindən söhbət edə bilmir.İsmil xırnazlı gənclərin elm yoluna ilk cıgır salanıdır.İsmilin məhəbbəti yolundakı fədakarlığı əsərdə sona çatdırılmır.Çünki bu fədakarlıq başqa bir fədakarlığa qurban verilir.Xırnaz əxlaqına .Ən düzgün olanı da elə budur.

Fərqanə xırnazlı olmasa da,əsərin parlaq,yaddaqalan müsbət qadın surətidir.Xırnaz gözəlliyinin, igidliyinin əsiridir.Müsbət obrazdır.Ədəb-ərkanlı,səliqəli,gözəl, zəhmətkeş,böyük sözünü eşidən,öz məhəbbətini qurban verəndir.

Rəxşəndə xala Xırnaz qadınlarının ,analarının ümumiləşmiş obrazıdır.O,yurdunu sevən anadır .Öz ölümü ilə ,döğma torpaq harayı ilə , “ver, mənim torpagımı” nidası ilə , yallı zopasını Dostəlinin bədənində tikə-tikə etməsi ilə povestin ən təsirli epizodunu - kulminasiya nöqtəsini yaratmışdır.” Onun güvəndiyi dağlara qar yağıb artiq”. Güvənc yeri, hər işin öhdəsindən gələ bilən Dostəli” onun yurdunu qaytarmaq işində “acizdir.Rəxşəndə xala üçün doğma torpaqsız yaşamaq mənasızdır.Yazıçı toyda –şən gündə ölüm yaratmaqla xalqın əsl faciəsinin kökünü açıb göstərmək istəmişdir.Rəxşəndə ananın ölümü Dostəlinin torpaq üçün mübarizə yolunda son sırpıntısına,şəhidlik yolunu tutmasına təkan verir.

Əsərin bədii xüsusiyyətləri o qədər zəngindir ki,əsəri maraqlı,oxunaqlı edir,təbiiliklə bədiiliyi tamamlayır.Yazıçı doğma el-obanın adlarını sadalayır.Xırnaz haqqında oxucuda tam aydın təsəvvür yaratmaq üçün sanki onun əlindən tutub Camov,Atlıxan,Dəvəüçən ,Cin kahası,Vəl düzü,Böyük düz,Saray xanım,Qaçaq kahası,Səngər dağı,Hidayət bulağı,İldırımın gəri,Nal parası,Zübeydənin dədə yurdu adlı yerləri qarış-qarış gəzdirir.Vətənin əsrarəngiz təbiəti oxucunu heyran edir və bu torpağın bu gün mənfur düşmənin əlində olması oxucuda acı təəssüf hissi doğurur.Yazıçının qəhrəmanları yaşlarına,peşələrinə ,yaşadıqları məkana uyğun danışır,davranırlar.Əsərdə yurdun əvəzsiz nemətlərinin ,şəfalı bitkilərinin, meyvələrinin adları da sadalanır.İtburnu,mərmərə,çiriş,mərvəzə,yemlik,quzuqulağı,qarellə,çaqqala ,dağdağan,xincilovuz,çaşır,baldırğan,biyan,dombalan kimi adlar içərisində ,bəlkə,oxucu ilk dəfə eşitdiyi adlara təəəccüblə gülümsəyir.

Hekayələrində olduğu kimi,”Yarımşıq qalan gündəlik “povestində də yazıçının dil zənginliyi,şifahi xalq ədəbiyyatına yaxından bələd olması özünü göstərir.Atalar sözlərindən,deyimlərdən ağsaqqalların,ağbirçəklərin danışığında istifadə etməsi,dialektlərin obrazların danışığına ,dialoqlara şirinlik qatması povesti kənd həyatının gözəl mənzərəsini yaradan povest pilləsinə qaldırır.Obrazlar canlıdır,həqiqidir,bədiiliklə yoğrulublar.Keçmiş zamanlarda baş vermiş ,qaçaqların başına gəlmiş əhvalatları,qarı düşmənin çirkin əməllərini,qaçaqların igidliklərini,şanlı Xırnaz keçmişinə aid hadisələri ,Zübeydənin aqibətini həyəcənsız oxumaq olmur.Bu da yazıçının təhkiyə uğurudur,nəqletmə bacarığıdır,sözdən istifadə etmək ustalığıdır.Sanki yazıçı o hadisələrin içindən çıxıb gəlib.Xain çoban və erməniləri çıxmaq şərtilə ,povestdə mənfi obraz yox dərəcəsindədir.Povestdə konfilikt,ziddiyyət təşkil edən mənfi və müsbət surətlərin mübarizəsi azdır.Povest olub-keçənləri danışan şəxsin xatirələri təəssüratı bağışlasa da,ağır bir elin şanlı qəhrəmanlıq tarixini bizə açıb göstərir.Hekayələrindən üzü bəri yazıçının püxtələşməsi ,söz demək ustalığının artması povesti artıq-əskiyi az olan sənət nümunəsinə çevirmişdir.Amma bir faktı çıxmaq şərtiylə. Obrazın “mən Azərbaycansız qala bilərəm,Xırnazsız yox” deməsi düzgün qəbul edilmir.Düzdür,döğma yurddan,doğulub,boya-başa çatdığı yerdən ayrı yaşamaq çətindir.Amma Xırnaz da Azərbaycanın ayrılmaz bir hissəsidir.Bu axar oxucunu düzgün istiqamətləndirmir.
Əsərin ideyası və müəllif qayəsi haqqında nə düşünülür?Rəxşəndə xalanın Qədimin toyunda dediyi sözlər,Dostəlinin doğma Xırnaza gedişi müəllifin bizə nə demək istədiyinə işıq salır.Doğma torpaq,hər şeydən qiymətli torpaq üçün birləşmək lazımdır.Laqeydlik isə qeyrəti,bizi çağıran torpağı unutmağa aparan yoldur.Burada yazıçının yaratdığı yeni tipli povest qəhrəmanı narahat Dostəli obrazı müəllif qayəsini tamamlayır.Onun povestdə qarşıya qoyduğu Vətənin azadlığı probleminin həlli yolu Dostəlilərin azalmasında yox,çoxalmasındadır.Burada Rəxşəndə arvadın ölümü yadıma belə bir xalq deyimini salır:”İgid altında at ölər,qeyrət altında ər ölər”.Fərqi yoxdur,qadın ya kişi .Torpağı sevən vətəndaş ,elə əsl vətəndaşdır.Əsərin qəhrəmanı Sumqayıt,Bakı kimi şəhərlərdə laqeydlik azarına tutulmuş xırnazlıların mübarizə ruhunun ölməsindən narahatdır və bu narahatlıq vətəndaş vicdanının harayıdır.

“Yarımçıq qalan gündəlik “simvolik olaraq bizim yarımçıq qalan Vətən azadlığı işimizdir.Bu işi başa çatdırmaq bizim torpaq qarşısında olan borcumuzdur.Dostəlinin yarımçıq qalmış “bütöv Vətən “işini azərbaycanlı gənclər tamamlamalıdır .

İndi isə yazıçının əlimdə olan “Sahibsiz yolçu” povesti haqqında fikir və araşdırmalarımı Sizlərlə bölüşmək istəyirəm.İkinci irihəcmli bədii nümunə olan bu povestdə yazıçının vicdanlı vətəndaş mövqeyi aydın görünür.”Sahibsiz yolçu “ povestində qeyd etdiyim kimi ,cəmiyyətdə insan faktoru, istimai münasibətlər,fərdin ailədə yerini tapması,ona verilən qiymətin düzgünlüyü,vətəndaşlıq borcu kimi amillər önə çəkilib oxucu qarşısında həllini gözləyən problemlər kimi qoyulur.Əsərin mövzusu mövzu baxımından yenidir və ya az işlənmiş mövzudur.Adətən ,keçmiş sovet Azərbaycanında respublikanın hüdudlarından çıxıb “iş dalınca “ gedən gənclər və ya evli kişilər çox vaxt qınaq obyekti kimi tuşlanırdı,ailələrinə,doğma elə-obaya qayıtmalarına çalışılırdı.Bu bədii əsərdə isə vəziyyət tam əksinədir.Ailə, camaat, “yuxarılar” fərdi ailədən ,el-obadan ayırır ,ölkədən uzaqlaşdırır.Əsər oxunduqca obrazlar oxucunun dostlarına çevrilirlər.Yazıçının oxucusuna çatdırmaq istədiyi fikir nədir?Əgər cəmiyyət qəbul etmədiyi bir hal ,məfhum mövcuddursa ,toplum düzgün mövqedə deyilsə belə ,yenə cəmiyyətdə o hal,məfhum qəbulolunmaz olaraq qalacaqdır.Çünki azlıq çoxluğa tabedir.Haqsızlıqlara dözmək,onları üzə çıxarmaq,həll etmək formaları müxtəlifdir.Əslində Şəmşid kişinin yazdıqları da ,söylədikləri də düzdür.Həllini gözləyən cəmiyyət bəlalarıdır.Amma o təkdir,səsinə səs verən ailəsi, iş yoldaşları yoxdur.Ona görə də onun müdafiə etdiyi ,əsərlərinin müsbər qəhrəmanı seçdiyi adamlar,hətta doğmaları belə ona qarşı çevrilirlər.Onu yurd-yuvasından qovurlar.Hələ” başı xarab olub”sözünü də adına əlavə edirlər. Əsərin ideyası mübarizə yolunu düzgün tuta bilməyənlərin aqibəti,başqasını düşünən ,daxili aləmi zəngin olan tək-tək insanların cəmiyyətdə mövcudluğu və onların cəmiyyətə xeyirini açıb oxucuya göstərməkdir.

Şəmşid kişi real,müasir,gözüaçıq ziyalı,cəmiyyətin eybəcərliklərini görən və bunları yazan yazıçı surətidir.Oxucu çox təəssüflənir ki,o,təkdir, səsinə səs verən yoxdur,əslində onun yazdıqları, dilə gətirdikləri hamının ürəyindəndir,hamının dərdidir,amma başlarını ağrıtmamaq üçün ,birtəhər dolanmaq üçün susurlar.Məncə,Şəmşid kişi bunları demək üçün yazıçılıqdan savayı başqa bir yol ,vasitə seçməli idi.Şəmşid həyatın acı dadını yaxınları tərəfindən də dadmış biridir.Təkliyin ,Vətən həsrətinin nə demək olduğunu bilir.Mübarizə yolu zəif olduğu üçün verilən “getmək “hökmünə boyun əyir.Vətəni tərk edir.Amma hər şey ailədən başlanır.Ailədə özünə qarşı inam yaratsa idi,şəhərdə,yurd-yuvasında ucala bilərdi,hörmət-izzət sahibi ola bilərdi.Bəzən sözü,fikri demək formasını dəyişmək daha xeyirli təsir göstərir.
Yazıçı əsərində yazıçılar və yazıçılıq haqqında Şəmşid kişinin dilindən danışır.Onlara düzgün qiymət verilmədiyindən söhbət açır.Məncə,bu tam şəkildə düzgün deyil.Bu gün müasir dövrdə yaxşı yazan ,istedadlı şair və yazıçılar hörmətə ad-sana çatırlar və tanınırlar.Heç bir qüvvə istedadın qarşısını ala bilməz.

Şəmşid kişi “Sahibsiz yolçu“povestinin qəhrəmanıdır.Sevimli,xeyirxah,insanpərvər,vətənini,ailəsini sevən ,nurani insandır.Əlindən yalnız yaxşılıq etmək gəlir.Amma özünün dediyi kimi,”Allah onu kövrək yaradıb”,mübarizədə zəif mövqe tutur,mübarizə yolunu düzgün seçə bilmir.Amma bütün bu özünəməxsus cəhətləri ilə birlikdə oxucu bu obrazı sevir,onun başına gələnləri öyrənmək istəyir,onun həyat yolunun sonuna acı təəssüflə baş bulayır:”Kaş belə olmazdı”-deyir.

Və yazıçı müasir oxucusuna insanlarla münasibətdə nə vaxt,niyə səhvə yol verə biləcəklərini xatırladır.Oxucuda ətrafındakı insanlara qarşı diqqət və məsuliyyət hissi aşılayır.Cəmiyyətdə ən qiymətli olan insanın insana münasibətində bir yenilik ,bir inam ,təəssübkeşlik paylaşmaq istəyir.Və bu da alınır.Yazıçının əsərlərində ən xoşagələn cəhət yeni ,diqqətcil,əsl insan obrazı yaratmaq cəhdidir.Bir-birini dinləyən,bir-birini başa düşən insan obrazı.Yazıçının düşüncəsinə görə, cəmiyyətin irəli getməsi üçün vicdanlı insan faktorunun olması əsas amildir.İstər müəsissələrdə ,istərsə də ailədə müsbət subyekt çox işin uğurlu həllinin başlanğıcıdır.Təsəvvür edin ,iki sevən gənc Şəmşid kişi və jurnalist Validin təşəbbüsü və xeyirxahlığı nəticəsində xoşbəxt olurlar.Bu nə qədər sevindirici haldır.Əgər əksinə olsaydı,necə olardı?

Valid Qılınclı müsbət obrazdır.Povest əvvəldən axıradək onun dilindən danışılır.Valid ziyalı, ,ailəsini ortabab dolandırmaq üçün çalışan,dəridən-qabıqdan çıxan bir atadır.Hər şeyi olduğu kimi danışan ,vicdanlı,xeyirxah insandır.Dostluğa,yoldaşlığa qiymət verən insandır.Başqasının sevincini,qəmini özününkü edə bilir.Bu gün Valid kimi ziyalılar çoxdur.Əsər boyu Valid öz səmimiliyində qalır.Təəssüflərini ,uğurlarını ,insanlar haqda olan düşüncələrini oxucudan gizlətmir.Oxucu onunla birgə onun keçdiyi yollardan keçir,dəyişir,müsbər insanı izləyir,hərəkətlərini götür-qoy edir.Valid surəti də oxucu tərəfindən Şəmşid kişi surəti qədər sevilir.Valid Qılınclının etirafları ,düzgün seçimi,vicdanlı hərəkətləri,əmanətə xəyanət etməməsi,Şəmşid kişini hörmət-izzətlə dəfn etməsi onu oxucunun gözündə ucaldır.Valid sənətini sənət üçün yox, güzəran, ailənin dolanışığı üçün işlədən real surətdir.Bu gün belələri aramızda yüzlərlədir.Valid Qılınclı povestdə özünü təqdimetmədən ta özünü və balalarını Şəmşid kişinin övladları hesb etməsinə qədər- əsərin sonuna qədər təbiidir,oxucu ona inanır,onu düzgün tanıyır və sevir.

Selen və Namiq müasir,imanlı,ziyalı gənclərdir.Nə yaxşı ki, bu gün belə gənclərimiz çoxdur.Onların bir çoxu saf məhəbbətlə ailə qururlar.Cəmiyyətdə öz yerlərini tutub ailələrinə ,elə-obaya xeyir verir,Vətənin layiqli övladı olurlar.Onların yetişməsində cəmiyyətin ,ali məktəblərin,ailənin böyük rolu var.Belə gənclərlə övladlarımızın ,millətimizin rifahını düşünmək olar.Belə ziyalı,savadlı gənclər, həqiqətən ,millətimizin ugurudur.Onların çox olması bizə baş ucalığı gətirər,mədəni inkişafımızı irəli aparar.

Əsərin adı maraqlıdır.”Sahibsiz yolçu”...Əslində yola çıxanın sahibi Allahdan başqa kimsə deyildir.Əslində bütün yolçular sahibsizdirlər.Amma Şəmşid kişi həyat yollarında sahibsiz irəliləyir,cəmiyyətdə mübarizədə sahibsizdir,arxasında duranı,səsinə hay verəni yoxdur. Misal var,”həqiqət nazilər,amma üzülməz”.Onun sahibi,onu dinləyən ,başa düşən bir adamı –Validi Allah ona tərəf göndərdi.Həyatının son günlərini ürəyindəkiləri yol yoldaşı,dostu Validə,ona ehtiram ,hörmət göstərənNamiqə danışdı,yüngülləşdi,Vətənində ,qohumlarının yanında torpağa dəfn olundu.Əsərin adı əsərə yaraşır,oxucunu onu oxumağa sövq edir.

Povestin epiqrafı Q.Q.Markesin sözləri ilə verilmişdir:”Xoşbəxtlik yaranızı sağalda bilməyəcəksə,başqa əlac axtarmayın”. Epiqraf yazıçının qayəsi ,demək istədikləri ilə səsləşməlidir.Amma oxucuya bu uzlaşma ilk baxışda aydın olmaya bilər.Səriştəli oxucu isə povest müəllifinin xoşbəxtlik düsturunu görə bilir.Əsərin dili aydın,oxunaqlı,süjet xətti sadə və maraqlıdır,oxucunu yormur.Bu povestdə gözəl təbiət təsvirləri,duzlu-məzəli kənd həyatının sərgüzəştləri olmasa da , ,R.Bərgüşadlı oxucusu və tənqidçisi eyni şirin təhkiyənin sehrinə düşür,əsəri sonadək maraqla oxuyur.Yazıçının axıcı üslubu onun əsərlərini birnəfəsə içilən sərin su kimi edir,sona çatdırmamış rahatlanmırsan. R.Bərgüşadlıya irəlidəki illərdə böyük oxucu kütləsi qazandıracaq ümdə cəhət onun bu gözəl dil xüsusiyyəti olacaq. O,sözü,fikri seçib gözəl formada təqdim edə bilir.Əsərdə baş verən hadisələrin həqiqətən jurnalistin,yazıçının həyatından alındığına oxucu inanır.Çünki personajlar həqiqətən jurnalist,yazıçı kimi danışırlar.Əsərin digər obrazlarının ,həqiqətən, həkim olduğuna inanırsan,çünki dialoqlarındakı terminlər, davranışları bunu təsdiq edir.Surətlərin işlətdiyi ifadələr,müxtəlif dövrlərin ,ölkələrin yazıçıları və şairləri haqqında olan dürüst fikirləri ,söylədikləri,yerli-yerində işlənmiş terminizmlər yazıçının bədii portret yaratmaq bacarığından xəbər verir.Əsərdə ata,ana obrazlarının dil xüsusiyyətləri də uğurludur.Onların davranışı ,danışığı təbiidir.Ümumiyyətlə,”Sahibsiz yolçu”povestində təsvir olunmuş surətlərin hər biri özünəməxsus və dolğundur.İstər Şəmşid babanın meyidini qucaqlayıb ağlayan bacısı Fatmanın danışığı ,təsviri olsun,istərsə də qatarda yol gələn, öz şən gənclik çağlarını yaşayan üç gənc Ülvi,Cavid və Əsgər surətlərinin təsviri olsun .Yazıçı hər bir surəti yaradanda onların danışığını,davranışını,təsvirini dəqiq ölçüb-biçib yaradır.Biz avtobus sürücüsünün surətini ondan düzgün necə təsəvvür edək? Bütün bu müsbət dil xüsusiyyətləri povestin dərin həyati müşahidələr ,seçimlər əsasında yarandığından xəbər verir.Müəllifin xoş məramı,insanları gözəl ,vicdanlı ,bir-birinə qarşı səmimi ,mehriban görmək istəyi onun yaradıcılığında gözəl ,müsbət insan obrazlarının yaranmasına gətirib çıxarmışdır.Poemanın başqa bir uğurlu dil xüsusiyyəti də Şəmşid kişinin özünün özü haqqında danışması və buna oxucusunu ,onu dinləyən digər surətləri inandırmasıdır.Şəmşid kişi danışır,başına gələn ən acı həqiqətləri belə onu dinləyənlərdən gizlətmir,öz həyat səhifələrini vərəqlədikcə sanki yurddaşlarına həyatı necə yaşamaları haqda düzgün yol göstərir ,düzgün mübarizə yolu tutmağı məsləhət görür,oyunda uduzduğunu açıq-aşkar bildirir.Amma yazıçı bu obrazı başqa şəkildə də yarada bilərdi.Məsələn,Ukraynada yüksələ bilərdi,iş adamı ola bilərdi,əsərlərini dünya şöhrətli edə bilərdi.Amma reallığı üstün tutan müəllif” hər quşa öz yuvası əzizdir” fikrini önə çəkir.Yarımçıq mübarizənin məhsullarından səmərəli istifadəni Valid obrazına verir,onu adlı-sanlı edir.Əsərdə iki cəbhə reallaşır.Şəmşid kişiyə qənim kəsilən doğma ailəsi və el-obası.Şəmşid kişini dinləyən ,ona dəstək olan ,hörmət edən səmimi insanlar.Onun itirdiyi və qazandıqları bir-birini tamamlayır.Povestin bu sonluğu oxucunu bir az sakitləşdirir.Əgər əsərin qəhrəmanı Şəmşid kişi sonadək “sahibsiz”,başa düşülməmiş şəkildə qalsaydı,müasir oxucu bədbinləşər,həyata ,insanlara inamı azalardı.

R.Bərgüşadlının povest yaradıcılığında müsbət insan surətinin tapılmasının həlli yolu yenidir.Onun müsbət obrazları çoxluq təşkil edir və `təbiidirlər.Povestdə əşya təsvirləri də maraqlı və cəlbedicidir.Valid vasitəsilə müəllifin köhnə çamadan haqqındakı təsviri oxucunun üzünə təbəssüm qondurur.Yazıçı məharətlə təsvir içində hadisə göstərə bilir.

Povestlərdə olan redaktə və koorrektə işlərinin zəifliyi haqda danışmağı özümə borc bilirəm. Redaktor işi məsuliyyətli, istedad tələb edən işdir .Həm müəllif ,həm də redaktor bir fikir həmrəyliyi əsasinda əsərə yeni bir don geyindirməli,təzə ruh gətirməlidirlər Bu hiss olunmur .Bəlkə də diqqətli bir redaktə hər iki povestin kəm-kəsir hesab etdiyimiz tərəflərini ustalıqla bərpa edə bilərdi .O ki qaldı koorrektə işlərinə bu haqda çox danışmaq istəmirəm. Yəqin orforqafik səhvlərə müəllifin yeni yaranacaq kitablarında rast gəlməyəcəyik .

R. Bərgüşadlının povestləri müasir oxucu üçün tərbiyə vasitəsidir.Onun povestlərinin oxucusu insani keyfiyyətləri özündə daşıyacaq bir şəxs ,Vətən torpağının ,daşının ,gülünün-çiçəyinin qədrini bilən vətəndaş ,dağları ondan igidliyi öyrənəcək Vətən övladı olmalıdır.

P.S. Əsərlər tənqid və təhlildən sonra ikinci həyatını yaşamağa başlayır.Vətəndaşlıq hüququ qazanaraq dərindən nəfəs alırlar.Gələcək yaradıcılıq yolları yazıçını səsləyir,ondan gözəl əsərlər gözləyirəm .Və əsərləri haqda tənqidi fikirlərimə görə üzrxahlıq diləyirəm.

Tamara Məmmədova
Manera.az





Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI