manera.az
manera.az

Murad Köhnəqala: "Yuxularınızı qarışdırmayın!" | MANERA.AZ

Murad Köhnəqala: "Yuxularınızı qarışdırmayın!" | MANERA.AZ
Manera.az-ın “Oxucu sualı” layihəsində qonaq olan yazıçı Murad Köhnəqala “YUXULARIM” adlı kitabı əsasında hazırlanan oxucu suallarnını cavablandırır:

Murad bəy, deyirsiniz, yuxugörmədən sadəcə olaraq, bir metod kimi istifadə etmişəm ki, təsvirlər daha geniş olsun. Bəs qorxmursunuz ki, oxucu hekayələri real yox, röyalara əsaslandığı üçün ciddi qəbul etməsin?

- Oxucudan qorxmaq bir yazıçı kimi mənim stilim deyil. Postmodern tekstləri müxtəlif cür izah edirlər. Postmodernizmi izah edən ən yaxşı formula məncə budur: İstənilən izm + real həyat = postmodern tekst.

İstənilən neoyazarın öz fikirlərini hər hansı bir ədəbi cərəyan vasitəsilə, realizm, simvolizm, naturalizm, modernizm, primitivizm, fantastizm, ekzistensializmlə... ifadə etmək azadlığı var, lakin o, postmodenizmə, yeni ədəbiyyata can atırsa, yazdıqlarının fonunda mütləq real həyat durmalıdır. Yəni yaratdığı mətnin ictimai-estetik çəkisi olmalıdı. Daha dəqiq izah üçün deyim ki, bir neorəssam öz əsərində Misir piramidalarını fona qoyaraq qarşısında bugünki real həyatı təsvir edə bilər və s.
Bu mənada mənim yazdığım yuxular bir yazıçının həyat əzablarından yuxu forması vasitəsilə xəbər verən hekayələrdi. Həm də janr kimi seçdiyim yuxular vasitəsilə çatdırdığım yazıçı həyatım insanlar üçün maraqlı deyilsə, mən pas! Ancaq ümidim ona idi ki, yazıçının yuxlarla çatdırdığı hissləri oxucu üçün maraq doğurmaya bilməz.

İnsan ayılanda bəzi yuxuların yaxşı ki, yuxu olduqlarına görə sevinir, bəzilərinin isə reallıqda da baş verməsini istəyir. Bəs Murad Köhnəqala həyatının hansı hadisələrinin yuxu olmasını istərdi?

- Həqiqətən də, mən özüm elə yuxularda olmuşam, ayılanda sevinmişəm ki, nə yaxşı, bu yuxu idi. Yəni, sırf “koşmar” yuxular görmüşəm. Lakin yazdığım bu on dörd hekayə heç də gördüyüm yuxuların məhsulu deyil. Çünki mən bu yuxuları yatarkən deyil, yazarkən görmüşəm. Orada işlətdiyim detallar və təsvirlər demək olar ki, ayıq vaxtımın illüziyalarıdı.

Gənc yaşlarında vəfat edən iki qardaşımın ölümü isə həyatımda yuxu olmasını arzuladığım ən sarsıdıcı hadisələrdi.

Yuxu ruhla bağlıdır, ruh isə insanın heç vaxt sonadək dərk edə bilməyəcəyi anlayışdır. Sizin hekayələrinizdəki hadisələrin də buna görəmi çoxvariantlı izahları var, ya oxucuya sərbəstlik vermək üçün bu mövzunu seçmisiniz?

- Yazıçı olaraq əslində mən özümü realistlər, daha dəqiq desək, naturalistlər cərgəsinə aid edirəm. Bunu yuxulara qədərki yaradıcılıq dövrümdə də tam möhürləmişəm. Bu mənada, ruh anlayışı mənim üçün ciddi deyil. Mən təbiətə, insanlara, heyvanlara, ən uzağı isə ulduza, aya, günəşə bağlı olan adamam. Realist bir yazıçının yuxu adına yazdıqları mücərrəd anlayışlarla yozula bilməz. Əksinə, mənim mətnlərimin simvolik açısı oxucunu real həyatın mərkəzinə gətirməyə hesablanıb. Bax, yuxuların real olmamasına sübut kimi sizə bir əhvalat danışım. Mənim çox savadlı, rusdilli pedaqoq xanım qohumum söhbət əsnasında dedi ki, yuxular gerçəkdi, əslində insan yuxusunda gördüyü adamı öz ruhu ilə yoluxur.

Yuxuların reallığına inanmayan bir insan kimi mən onun fəlsəfəsini xırda bir məntiqlə alt-üst elədim. Dedim ki, irəli sürdüyün məntiqlə, əgər sən kimi isə öz yuxunda görürsənsə, demək, sənin ruhun onun ruhu ilə görüşür. Belə çıxır ki, sənin yuxuda gördüyün adam da eyni zamanda səni öz yuxusunda görməlidi. Lakin reallıqda sübut olunub ki, bu, baş vermir. Xanım biraz düşünüb mənimlə razılaşdı.

Deməyim o ki, mən yuxu məsələsinə qeyri-ciddi baxır, onun simvolik yozumuna inanmıram. Yuxu insan beyni və psixologiyası ilə əlaqəli olduğundan bu forma mənə rəngarəng mətn yazmağa imkan yarandı. Təkrar edirəm, mənim yazdıqlarım yuxular yox, sürreal hekayələrdi.

“Abort” hekayəsində yaradıcı insanın çabaları, əzabları gözəl təsvir olunmuşdur. Hekayənin qəhrəmanı olan oğlan uşağı da, ətcəbala qız uşaqları da yuxu görənə əzab verirlər. Amma nədənsə oğlan obrazı daha qabarıq təsvir olunur. Niyə?

- Əvvəla, əsərdə hansısa bir ideyanı oxucuya daha yaxşı çatdırmaq üçün gözəl və cəlbedici metodlardan istifadə olunmalıdır.
Bu hekayədə obraz kimi oğlan uşağının qabardılması qəsdən yox, təsadüfidi. Təbiət göstərir ki, həmişə erkək dişidən dözümlü və sırtıqdı. Ona görə hekayədə oğlan uşağı uğrunda quşun vuruşması təbiidi. Lakin quş anlamalıdı ki, həyatın davam etməyi üçün bir qız uşaqlarıı da lazım gələcək. Burda bir faciə var. Həyat mənfi və müsbətin vəhdətindən yaranırsa və oğlan abort olunursa, demək, bu sondur. Bir də mən, bu hekayə ilə dünyaya gəlmədən öldürülmüş uşağa danışmaq haqqı vermişəm. Mən bu hekayəmlə indiyəqədərki standart ədəbi süjetçiliyi dağıtmaq, oxucu beyninə rəngarənglik gətirmək istəmişəm. Bəli, insan əzabı da öz yerində.

“Sənin ayaqqabının bağı” hekayəsində zaman və məkanlar tez-tez dəyişir, oxucu vahid bir süjet xətti axtarışında tıncıxıb qalır. Bu nədir, sizin öz arzunuzdur, yoxsa oxucu hələ bu janra vərdiş etməyib?

- Dediyiniz hekayədə məkanların dəyişməsi müəllif olaraq mənim üçün əyləncəli bir priyomdu. Burada rahat, sulu, yaşıl, yosunlu, sakit, sevgili yuxuya üstünlük vermişəm. Mənə elə gəlir ki, oxucu hekayədə bizə qoşulub, həmin sərin sulara baş vurarsa çox rahat olar. Hörmətli oxucu alley sularında bizimlə üzərsə, tərəfdarlarımız çoxalar. Baxışlarla ayaqqabının bağlarını bağlamaq isə sevginin qeyri-adi güclü olanda baş verə bilir. Bəlkə sınaqdan keçirəsiniz?..

“Skeletin gözləri” hekayəsində də bir yığın suallar yaranır. Soruşmaq istərdik, niyə nəhənglər insanın məhz gözlərinə və nakolka yerlərinə toxunmurlar və s. Amma bundan vaz keçib başa düşdüyüm mətləbi izah edirəm. Heç nəyi, heç kəsi incitməyənlərə rəhm olunacaq, su, qar təmizliyinə qovuşacaqlar. Haqlıyammı?

- Bəli, bu hekayədə nəhəng qarışqalar xırda qarışqaların öcünü alarkən, əzasını sorub məhv etdiyi insanların gözlərinə və onların bədənlərindəki “nakolka” yerlərinə toxunmurlar. Bu niyə belədi?

Bilmirəm. Bunun sirrini özgə planetdən gələn nəhəng qarışqalardan soruşmaq lazımdı. Lap doğrusunu desəm, yazarkən gördüyüm yuxu belə olub.

“Naxışların nitqi” hekayəsindəki obrazlar nə qədər qeyri-adi olsa da, hisslər o qədər real və tanışdır. Bəs şair nə etməlidir ki, sonluqdakı kimi başına hava gəlməsin?

- Bu hekayə özünəironiya abidəsidi. Mətn absurd və sürreal detallarla doludu. Bu əsəri məndən başqa kimsə yazsaydı, bu yaşımda onun qarşısında baş əyərdim. Burada təvazökarlıq tarazlığını pozaraq demək istərdim ki, hekayəni müasir Azərbaycan nəsri üçün xeyli irəliyə getmiş ədəbiyyat nümunəsi sayıram. “Bir səbət xəyanət” hekayəsi isə ən azı 50 il əvvəldə durub, bizim gənc nəsrimizin gəlib çatmasını gözləyir.

“Buzlaqda” hekayəsində də real və surreal olayların bir-birini əvəzləməsi insan beyninin sonsuz imkanlarını göstərmək üçün gözəl vasitədir. Mənə elə gəlir ki, hekayələrinizdəki süjetsizlik, yuxugörmə prosesinə hazırlıq mərhələsini izah edir. Çünki yuxu varsa, deməli, hansı şəkildəsə süjet də vardı. Elə deyilmi?

- “Buzlaqda” kitabın sonuncu hekayəsidi. Fikir vermisinizsə, əvvəlki hekayələrin sonluğunda qəhrəman hər dəfə yuxudan oyansa da, sonuncu hekayədə bu, baş vermir. Sürreal situasiya ondan ibarətdir ki, yuxunu danışan adamın özü yuxudan ayılmır. Bu vəziyyət bədii mənada istənilən janrı bulandıra bilir. Ağlagəlməz şaxtada sümükləri çatlayıb parçalanan insanın iztirablarını bu qədər amansız yazmaq üçün güclü, bir az da qəddar olmalısan. Vəziyyəti olduğu kimi duymaq üçün oxucu hekayədəki yüksək atom şaxtasını öz fikrində yüksək dozalı həyat iztirabları ilə əvəz etsə burdakı əzablar ona tam çata bilər.

Hekayədə əks olunan mənzərə ən miskin həyat tərzi keçirən insan üçün təsəlliyə hesablanıb. Düşünürəm ki, ilk baxışdan ölüm saçan əhvalat istənilən oxucuya dayanmadan yaşayıb sağ qalmaq enerjisi ötürür.

Ulularımız yuxuları hər adama deməməyi, səhər-səhər axar suya pıçıldamağı tapşırıblar. Bir də ki, yuxunun nəyə çıxacağının, onun yozulmasından asılı olduğunu deyiblər. Siz “yuxularınızı” hamıya danışırsınız. Bəs onların pis cəhətə yozulacağından ehtiyat etmirsinizmi?

- Bayaq da dediyim kimi, mən nə yuxulara, nə də onun simvolik izahına inanıram. Bir az gülək. Nə vaxtsa feyzbukda təxminən belə bir lətifə paylaşmışdım:
“Mendeleyev müsəlman olsaydı, gördüyü yuxunu axar suya danışardı. Nəticədə Elementlərin Dövri Sistemi Cədvəlindən bəşəriyyət məhrum olardı...”
Üçüncü dəfə təkrar edirəm, bu hekayələr yuxu deyil, mənim yaşadığım gərgin həyatın bədii - simvolik təzahürüdü.

Deyirlər ki, yuxularda rəng olmur. Sizin yuxularınızda isə bol-bol rənglərdən bəhs olunur. Bu da onların nə yuxu, nə reallıq olmadığını göstərir. Hər halda, nədirsə, çox maraqlı janrdır. Bu janrı inkişaf etdirərək daha irihəcmli əsər yazmaq barədə niyyətiniz varmı?

- Məncə, elmi texniki tərəqqinin gedişatından asılı olaraq, yuxular da televizorlardakı kimi ağ – qara və rəngli olur. “Yuxularım” kitabı yuxuların həm də yuxularımızın rəngli olmasına bir sübutdur. Yuxularınızı qarışdırmayın!

Düz tapmısınız, bu stildə irihəcimli əsər yazmaq haqda düşünmüşəm, ancaq, nədənsə, başlamağa hələ tələsmirəm.

Layihə rəhbəri: Şəhla ASLAN
Manera.az

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031