manera.az
manera.az

“iPhone”, əyləncə və Pamuk romanı “Kafamda bir tuhaflık” - MANERA

“iPhone”,  əyləncə və  Pamuk romanı “Kafamda bir tuhaflık” - MANERA Ülvi Babasoy

Tarix Pamuk romanlarında ədəbi-estetik dekorasiya xarakteri daşıyır. Keçmişin bədii şərhi Pamuk nəsrində bu günün – gündəlik həyatın necə və nə şəkildə formalaşdığını diqqət mərkəzinə çəkən faktlar toplusu kimi rəsm edilir. Orxan Pamukun yeni romanı “Kafamda bir tuhaflık” İstanbulun son yarım əsrdəki tarixini səyyar satıcı Mövludun həyatı ilə paralel şəkildə əks etdirir. Sosial həyatın ən ziddiyyətli məqamları romanın mövzu dairəsini genişləndirir, küçə satıcısı Mövludun həyatı İstanbula, İstanbul isə bütün ölkəyə - Türkiyəyə güzgü olur. Romandakı hadisələrin miqyas vüsəti və dinamizmi gerçəkliyin bədii inikasına xidmət edir. Gündəlik həyatın çətinlikləri, sosial ziddiyyətlər, məhrumiyyətlər Mövludun xarakterinin və mətnin məzmunundakı alt qatın açılması üçün əyani vasitə olur. Bu cür keyfiyyət romanın əsas mündəricəsini obrazların həyatı ilə paralel şəkildə mənalandırır. Yazıçının üslubundakı məxsusi keyfiyyət göstəriciləri, bədii mətn yaratma bacarığı, ideya və məzmunun ifadə etdiyi fikrin əhatə dairəsi xaricində əsərin, müəllif obrazının əlavə olaraq bizə nə demək istədiyi romanın poetikasını səciyyələndirir.

“Kafamda bir tuhaflık” Orxan Pamukun ən realist romanıdır. Lakin bu reallığın bədii təcəssümü ənənəvi təhkiyə və təsvir sərhədlərinə sığmır. Pamuk qələminə məxsus rəngarəng, əvəzedilməz ab-hava başqa romanlarla müqayisə edilməyəcək qədər oxucunu özünə bağlayır. Orxan Pamuk romanlarına xas qəribəlik, oyunbazlıq, fərqli ifadə tərzi kimi hallar ədəbiyyatdakı əyləncə motivinə xidmət edir. Bəs, nədir bu əyləncə qavramı? Bildiyimiz kimi XX yüzilin 60-cı illərindən etibarən cəmiyyətin bütün sahələrində sürətli dəyişmə, qeyri-sabitlik təzahür etməyə başladı. Qısacası, fransız filosof Lyotarın “postmodern vəziyyət” adlandırdığı sənaye sonrası çağın yenilikləri ədəbiyyata da öz təsirini göstərdi.

1980-ci illərdə fərdi bilgisayarlar, mobil telefon, internet (ilk dəfə1969-cu ildə kustar səviyyədə) kimi yeni texnoloji kəşflər dövrün inkişaf dinamikasını əks etdirirdi. Belə bir dövrdə ədəbiyyatın texnoloji icadlar, “hollywood” filmlərindəki cazibədarlıq, rok musiqisindəki gənclik ehtirası qarşısında məğlub olmaması üçün yeni metod və vasitələrdən istifadə etmək zərurəti yarandı. Nümunə üçün Avropa ədəbiyyatında Umberto Eko və Milan Kunderanın romanları və ədəbiyyatla bağlı nəzəri fikirləri yeni estetik ideallar və ədəbi bəyanatlar polifoniyasını tənzimlədi. Bir çox yazıçı dövrün ardıcıl, sürətlə dəyişən atmosferinə uyğunlaşmaq və oxucunu öz maraq dairəsində saxlamaq üçün müxtəlif ədəbi “əyləncə” priyomlarını öz əsərlərində tətbiq etdi. Türk yazıçısı Orxan Pamuk 1985-ci ildə nəşr olunan “Bəyaz qala” romanında şəxsiyyət, “mən” prizması müstəvisində mədəniyyətlər arasındakı fərqlilikləri olduqca yeni biçimdə bədii ədəbiyyatın predmetinə çevirdi. Pamuk “Bəyaz qala” romanından başlayaraq oxucunu mətnə cəlb etməyi, əyləndirməyi və eyni zamanda fikrini eyhamlı bədii sözlə ifadə etməyi bacardı. Artıq, ədəbiyyatda əyləncə anlayışı metod kimi dövrün təlabat dairəsinə daxil oldu. XXI əsrdə isə, dünyanın son dərəcə innovativ və çoxçeşidli inkişaf tempi insanlarda heyrət və maraq hissini adiləşdirdi. “iPhone”, “iPad”, “MacBook” dövrünün insanlarını mətn daxilində heyrətləndirmək, “əyləndirmək” onları roman oxumağa cəlb etmək o qədər də asan deyil. Nəzərə almalıyıq ki, bədii əsərdə əyləncənin necə və nə şəkildə təqdim edilməsi də vacib əhəmiyyətə malikdir. Yazıçının bunu məqsəd, yoxsa metod kimi istifadə etməsi ədəbi tənqidin (hətta arif oxucunun) diqqətindən qaçmamalıdır. Hazırda dünya və Azərbaycan ədəbiyyatında əyləncəni məqsəd görən, oxunmaq ehtirası ilə alış - yanan (y)azarlar var. Əlbəttə ki, ədəbiyyatda əyləncə kultu mövcuddur və dövrün ehtiyacından yaranıb. Lakin əyləncə kultu məzmunsuz oyunbazlığa deyil, ədəbiyyata, bədii sözə xidmət edən vasitə olmalıdır. Bu baxımdan “Kafamda bir tuhaflık” romanında əyləncə metodlarına nəzər sala bilərik.

“Kafamda bir tuhaflık” romanının ən böyük uğuru təsvir və təhkiyədəki dolğun, çoxsəsli, dinamik və qəribə (tuhaf) məzmunlu estetika komponentləridir. Romanda yazıçının müşahidəsi, həyata baxışı və mövqeyi təhkiyənin predmeti olan İstanbulun, Mövludun həyatının təsvirində öz əksini tapır. Pamuk ilk romanı “Cevdet bəy və oğulları”ndan “Kafamda bir tuhaflık”a qədər klassik təhkiyədən fərqlənən modern və məxsusi nəql etmə üsulundan istifadə edir. Bu cür təhkiyənin klassik təhkiyədən fərqi ondadır ki, oxucu əsərdəki hadisələrin qurama olduğunu bilir. Ancaq təhkiyəçi o qədər orqanik şəkildə nəql edir ki, roman hədsiz dərəcə marağa səbəb olur. “Kafamda bir tuhaflık” romanının ilk baxışda quramaçılıqla ifadə edildiyi düşünülə bilər. Lakin yazıçının ədəbi oyunbazlığı oxucunu hadisələrin gerçəklik sehri ilə ovsunlayır. Nümunə üçün roman belə başlayır: “Bu, boza (buğdadan hazırlanan, tərkibində az miqdarda spirt olan və qışda içilən içki növü) və qatıq satıcısı Mövlud Qarataşın həyatının və xəyallarının hekayəsi” (Yapı Kredi Yayınları, Orhan Pamuk, “Kafamda bir Tuhaflık”, 480 səh, səh 15) Elə ilk cümlə oxucuda maraq oyadır. Daha sonra yazıçı Mövludun fiziki görkəmi, xarakteri və bütün həyatı haqqında bir neçə cümləlik yığcam məlumat verir. Bu qısa məlumat o qədər maraq oyadır ki, 451 səhifəlik romanı oxumaq oxucuya ağır gəlmir. Çünki romanın proloqu sayılan “Mövlud ilə Rayiha Qız qaçırmaq çətin iş” adlı hissədə Pamuk əsərə hadisələrin ortasından başlayacağını, Mövludun Rayihanı qaçırdığı (1982) ildən 4 il əvvəl əmisi oğlu Qorqudun (Rayiha Qorqudun baldızıdır) toyunda gördüyünü, 3 il fasiləsiz Rayihaya (gözlərinə) məktub yazdığını və gözəl Rayihanın onu qəbul etməsinə çox sevindiyini nəql edir. Mövlud əmisi oğlu Süleymanın köməyi ilə Rayihanı qaçırır və roman bu səhnədə kulminasiya nöqtəsinə yüksəlir: “... şimşək çaxdı, bütün göy üzü, dağlar, qayalıqlar, ağaclar, hər yer bir an uzaq xatirələr kimi aydınlandı... Həyatı boyu bu anı, bu qəribəlik duyğusunu çox tez – tez xatırlayacaqdı”. (səh 18) Bu səhnədə aydın olur ki, Mövludun qaçırdığı qız Rayiha deyil, əslində Rayihadır, ancaq Mövludun 3 il məktub yazdığı Rayiha deyil. Proloq belə tamamlanır: “... Rayihaya qarşıdakı adaları göstərdi. Bir gün mütləq adalara gəzməyə gedəcəklərdi. Amma bunu Rayihanın qısa həyatı boyunca bir kərə olsun edə bilmədilər”. (səh 24) Romanın proloqunu Pamukun “saf və düşüncəli romançı” fikrinin bədii – estetik inikası adlandırmaq olar. (Yazıçı Harvard Universitetində söylədiyi “Saf və düşüncəli romançı” adlı mühazirələrində romançının həyat hadisələrinə həm düşüncəli, fikri, həm də mənəvi, saf, ruhi istedad və ilham meyarları səviyyəsində yanaşmağının vacibliyindən söhbət açır). Romanda hadisələr irəlilədikcə Süleymanın Mövludu aldatması aşkarlanır. Süleyman düşünür ki, gözəl Samiha Mövluda “hə” deməz və ona görə Samihanın Rayiha olduğunu bildirir. Üstəlik Süleymanın da Rayihadan xoşu gəlir. Mövlud evin ortancıl və çirkin qızı Rayihaya məktub yazmış olur ki, bu hadisə evliliklə nəticələnir. Yazıçı romanın proloqunun ilk cümləsindən son cümləsinəcən oxucunu əyləndirir, çox qəribə bir həyat hadisəsinin icmalını nəql edir. Ancaq bu əyləncə məqsədə çevrilən oxucu auditoriyası qazanmağa, məzmunsuz replikaya xidmət etmir. Tənəzzüldə olan söz sənətinin yenidən dirilişinə, qeyb olan oxucunu tapmağa doğru addım kimi məna kəsb edir. Həyat gerçəkliklərinin bədii inikası, sərhədsiz təxəyyül gücü, polifonik ifadə üsulu romanın üslubunu səciyyələndirir. Romana hadisələrin ortasından başlamaq postmodern fənddir. Pamuk Mövludun “həyatını və xəyallarını” ifadə edə bilmək üçün hekayətə ortadan başlayacağını bildirir. Bu cür nəql etmə vasitəsi hadisələrə tən ortadan, paralel şəkildə yanaşmaq, onları dəyərləndirmək, şərh etmək imkanı verir. Oxucu obrazın əvvəlki və sonrakı həyatını səbrsizliklə izləyir. Rayihanın “qısa həyat” yaşayacağının bildirilməsi ciddi maraq doğurur. Artıq, qəhrəmanın taleyi və aqibəti haqqında düşünməyə başlayırıq.
“Kafamda bir tuhaflık” romanında obrazların xarakter açımı, mətnin ideya qatları, qələmə alınan həyatın bütöv inikası təhkiyədəki dinamizm və hərəkətliliyin geniş vüsəti ilə müəyyənləşir və konkret məna kəsb edir. Pamuk Mövludun həyatına yaxından və həssas yanaşmaqla yanaşı onu İstanbul və zamanla paralel şəkildə, daha geniş çərçivədə rəsm edir. İstanbul küçələrində boza, qatıq, noxudlu plov, dondurma satan Mövlud fərqli düşüncədə insanlarla qarşılaşır, ziddiyyətli və gərgin hadisələrə şahid olur. Eyni zamanda Mövludun daxili aləmi, həyata optimist baxışı ailəsinə - Rayihaya olan münasibətdə açılır. Urbanizasiyanın gətirdiyi çətinliklər, xaos və ümidsizliyin insan mənəviyyatına, düşüncəsinə təsir dairəsi Pamuk qələmində həssas və dəqiq həyat ştrixləri ilə təsvir olunur. Bütün bunlar təhkiyənin predmetinə çevrilən zaman yazıçı müdaxiləsinə və şərhinə ehtiyac qalmır. İnsana xas ehtiras və fikirlərin dramatizmindən doğan gərgin süjet, hərəkətdə olan canlı təhkiyə bizləri hadisələr haqqında düşünməyə yönləndirir. Yazımızın əvvəlində vurğuladığımız kimi Mövludun kiçik həyatı böyük İstanbul həyatına güzgü olur. Kənddən İstanbula gələn insanların iqtisadi problemləri, sürətlə dəyişən, inkişaf edən şəhərə uzlaşa bilməmələri, tənhalıqları Mövludun həyatı fonunda işıqlandırılır. Mövludun düşüncəsindəki qəribəliklərin bir səbəbi də gündəlik məişət dərdlərinin ağırlığı, çətin güzəran və şəhərdə gördüyü, yaşadığı hadisələrin mürəkkəbliyidir. Bu mürəkkəbliyin mahiyyəti bəşəri məzmundadır, romanın ədəbi miqyas vüsəti yalnız Mövludun – İstanbulun problmlərini əhatə etmir. Bütövlükdə dünyadakı meqapolislərin çox çalarlı mədəniyyəti, maddi – mənəvi deformasiyası bədii idrakın predmeti olur. Elə bu zaman Orxan Pamuka “Nobel” mükafatı verilməsinin səbəbini xatırlayırıq: "doğulduğu şəhərin melanхolik ruhunun izlərini aхtararkən mədəniyyətlərin bir-birləri ilə qarşılaşması və bir-birinə nüfuz etmələri üçün yeni rəmzlər tapdığına görə" verilir. Yazıçı “Kafamda bir tuhaflık” romanında İstanbula xas melanxolik ab-havanı Mövludun düşüncələrindəki qəribəliklərə yükləyib. Daha doğrusu, Mövlud melanxolik temperamentə sahibdir. Bütün hadisələr qəhrəmanın təbii davranışlarından doğur. Bu baxımdan Pamukun təhkiyə tərzin ucsuz – bucaqsız kosmosa bənzətmək olar. Bu kosmosun ən fərqli, mürəkkəb və qəribə qalaktikası İstanbuldur. Pamukun qələmi kosmosdakı dalğa implusları rolunu oynayır. Təhkiyə və təsvir implusları vasitəsi ilə İstanbul həyatı təcəssüm etdirilir. Qələmə alınan hadisələr müsbət və mənfi yönləri ilə efirə - kosmosa yayılır. Yarım əsrlik İstanbul həyatı uca yaradanın mehvərində hərəkət edir və orada yaşanan hadisələr yox olmur, anbaan enerji halında qapalı çevrədə - kosmosda dövr edir. Tanrının enrjiyə çevirdiyi həyat hadisələri “Kafamda bir tuhaflık” romanında poetik sözün gücü kimi təzahür edir və gələcək nəsillərin də yaddaşında yaşamaq imkanı qazanır.

Romanın təhkiyəsindəki əyləncə metodlarından biri də çoxsəslilikdir. Əsər müəllif tərəfindən nəql edilməklə yanaşı fərqli – fərqli obrazların dilindən danışılır və rəngarəng xarakterlərin özünü ifadə tərzi ilə qarşılaşırıq. Obrazların istifadə etdiyi kəlimələrdən davranış və hərəkətlərindəki detallara qədər fərqlilik nəzərə çarpır. Hər bir insan öz baxış bucağından hadisələrə münasibət bildirir. Yalnız, Mövludun başına gələn hadisələr müəllif tərəfindən ifadə edilir. Çünki Mövludun həyatı təsvir və təhkiyənin əsas obyekti kimi mənalanır. Qəhrəmanın həyatı digər obrazların həyatı ilə müəyyən məqamlarda kəsişir. Bu cür kəsişmə digər obrazların mənəvi və əqli yöndən simasını əks etdirir.

Orxan Pamuk Mövludun ömrüboyu insanın öz mənəvi saflığını qoruya bilməsinə ədəbi şərh verə bilmişdir. Dini, siyasi, ideoloji qruplaşmaların dünyadakı mənəvi ekologiyanı zədələməsi, insanları bir – birinə düşmən və rəqib etməsini bədii sözlə mənalandırmağı bacarmışdır. Yazıçı “iPhone” dövrü insanlarında öz romanına qarşı maraq oyadır və qeyri – ixtiyari müxtəlif əyləncə vasitələrinin verdiyi xaotik vəziyyətdən uzaqlaşıb “Kafamda bir tuhaflık” romanını oxumaq istəyirik.

Manera.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031