manera.az
manera.az

Orxan Fikrətoğlu üslubu olan yazıçıdır, amma... - RƏY | MANERA.AZ

📅 30.07.2015 11:35

Orxan Fikrətoğlu üslubu olan yazıçıdır, amma... - RƏY | MANERA.AZ
manera.az

Bir roman, bir povest, bir hekayə


Əlacımı Allah kəsib, şəhərin isti yay günlərində dincəlmək imkanım olmadığından vaxtımı büsbütün mütaliəyə həsr etmişəm. Necə deyərlər, çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu! Dostoyevskinin “Karamazov qardaşları”nı ikinci dəfə oxumağa başlamışam. Oxuyub bitirdiyim əsərlərə təkrarən qayıdıb ötəri nəzər salmaq kimi bir vərdişim var, amma bu roman başdan axıra kimi təzədən oxuduğum ilk əsərdir. Arada Azərbaycan ədəbiyyatından da xeyli əsər oxudum. Onların içərisində Orxan Fikrətoğlunun “Tək” romanı, Mübariz Cəfərlinin “Halə” povesti, gənc nasir Hədiyyə Şəfaqətin “İt hürüşü” hekayəsi də var. Bu əsərlərin hər biri haqqında ayrı-ayrılıqda fikirlərimi yazmaq qərarına gəldim.

“Tək”

Orxan Fikrətoğlu üslubu olan yazıçıdır. Amma “Tək” romanı onun digər əsərlərindən tamamilə seçilir, bu əsər sırf realist üslubda yazılıb. Əsərin qəhrəmanı tarixin atası sayılan Herodotun altı səhvini tutmuş bir kişinin təkgöz oğludur. Ermənilər kəndə girib onun atasını öldürürlər, təkgöz anasıyla birlikdə qaçır, yolda ermənilərin əlinə keçəcəklərini görüb üstündə gəzdirdiyi tapança ilə anasını vurur ki, qadın ermənilərin əlinə diri keçməsin. Təkgöz onda bilmirdi ki, hələ bundan sonra onlarla adamı öldürməli olacaq. Bu uşaq yetimlər evində böyüyür, amma ona insan olmağa imkan vermirlər. Onun azadlığı əlindən alınır, o, bu könüllü əsarətin qoynuna atılır, çünki müstəqil yaşamağı bacarmır. O, kiminsə itaəti altında olmalıdır. Onu Ağdamdakı uşaq evinə təhvil verirlər. Ağdam işğal olunandan sonra isə uşaq evindəki uşaqlar taleyin ümidinə qalır. Təkgöz onları aclıq təhlükəsi gözlədiyini görüb bu çarəsiz uşaqlara çörək gətirmək üçün ağdamlı qıza qoşulub oranı tərk edir. Gəlib İran sərhədinə çıxırlar və sərhədi keçirlər. İranda onu həbs edirlər, buradan onu Naxçıvandan bura mis alverinə gəlmiş bir polis xilas edir və Bakıya gətirir. Bakıda gizli şəkildə fəaliyyət göstərən mədrəsədə onu satın alaraq terrorçu kimi yetişdirirlər.

Bu qapalı hermetik idrakın doğurduğu fəsadlar bütün dünya üçün təhlükə mənbəyinə çevrilir. Başıpozuq gəncliyin həyatı üçün səciyyəvi olan bu hadisənin kökündə həm də sosial problemlər dayanır. Həyat təkgöz üçün o qədər cansıxıcıdır ki, mədrəsədə keçdiyi təlim onun ömrünə bir məna qatır, amma o, bu mənanın arxasındakı təhlükəni dərk etmək iqtidarında deyil. Gənc terrorist Şərq əxlaqına yiyələnsəydi, bu ölüm toruna düşməzdi. Ona öyrədilən din insanlıq dini deyil, bütün dinlər insana sevgi aşılayır. Dində öldürmək feli yoxdur. Təkgöz bütün keçmişini unutmaq istəyir, amma bu keçmiş onu gələcəkdə gözləyir. O, bütün günahlarının bədəlini ödəyir. O, Əmir Tarikin əlindən qaçıb Türkiyədə ailə qurur, oğlu dünyaya gəlir. Amma tale Əmir Tarik cildində onu xoşbəxt günlərinin birində yaxalayır. Arvadı və oğlu öldürülür. Sonda isə təkgöz onu kabus kimi izləyən Əmir Tariki özü axtarmalı olur, nəhayət tapır və həm onu, həm özünü bomba ilə məhv edir.

Gündəlik həyatın böyük və kiçik həyəcanları içərisində başını itirmiş təkgözü uşaqlıqdan əhatə etmiş bədbəxtliklər sonucda ölümlə nəticələnir. Əsərdə qətiyyən didaktik ton yoxdur, əvvəldən sonadək hadisələr soyuqqanlı şəkildə təsvir edilir. Müəllif hadisələrə müdaxilə etmir. Orxan Fikrətoğlunun təkgöz qəhrəmanının dəhşətli həqiqəti bilirsinizmi, nədən ibarətdir? Onun doğulduğu gündən öldüyü günəcən insan kimi yaşamağa macalı, fürsəti olmur. Yazıçı bu romanda məhz gənclərə ciddi mesaj verir.

“Halə”

Mübariz Cəfərli realist yazıçıdır, amma o, bütün əsərlərinə xörəyə duz atırmış kimi bir çimdik mistika qatır. Mənim oxuduğum əsərlərin (“Dünyanın ikinci üzü”, “Qarabasma”, “Rəqqas”, “İlğım” povestləri) hamısında real dünya ilə irreal dünya arasında mistik, mistik olduğu qədər də məntiqi bir əlaqə var. Boynuma alım ki, dostumun son dövrdə yazdığı üç romanı (“Bərpaçı”, “Bənna” və “Bağban”) hələ də oxumamışam. Onun nəsri haqqında xalq yazıçısı Elçin, tənqidçi Cavanşir Yusifli yazılar yazıblar. Mübariz mənim çox sevdiyim yazıçılardandır, onun nəsri sanki mistik bir haləyə bürünüb və bəlkə də onun nəsrini mənə sevdirən elə bu halədir.

“Kəndə gələn günü eşitdim ki, prokuror Şura ölüb”. “Halə” povesti bu cümlə ilə başlayır. Təhkiyə birinci şəxsin dilindən nəql olunur. Əsərin adını tam mənada müəyyənləşdirmək, çözmək bir qədər çətindir, bütün hadisələr o halənin içindədir. Halə təbii ki, simvolik elementdir.

Prokuror Şura kimsəsizdi, düşüb öləndən sonra öz vəsiyyətinə uyğun olaraq onun evi Xatirəyə qalır. Xatirə üç dəfə ərə gedib, ərə getdiyi kişilər də az keçməmiş dünyasını dəyişib, ona görə də kənddə ona “başyeyən” deyirlər. Xatirə povestin əsas qəhrəmanlarından biridir, bütün hadisələr onun ətrafında cərəyan edir. Xatirə kəndə qayıtmış oğlana bütün həyatını danışır və həm də onun üçün almaq istədikləri xalası qızından, xalasının ərinə necə xəyanət etməsindən danışır. Xatirənin müəmmalı şəkildə yoxa çıxmış çəkməçi qardaşı və şəhərdə pivəxana işlədən Faxı arasında hansı əlaqənin olduğunu fəhmli oxucu mütləq biləcək. Oğlan gecə yuxusunda Faxını görür və şəhərə qayıdanda eşidir ki, Faxını öldürüblər. Əsərin süjetini burda yazmaq fikrim yoxdur. Povest “Azərbaycan” jurnalının bu il – 2015-cil, 3-cü sayında dərc olunub, maraqlananlar tapıb oxuya bilər. Bircə məqamı qeyd etmək istəyirəm. Bilmirəm nədənsə mənə elə gəlir ki, Mübariz bu əsəri çoxdan yazıb, sonra yenidən üzərində işləyib. Ola bilsin, gümanımda yanılıram. Bu, povestin natamam təsir bağışladığı anlamına gəlmir. Mübariz Cəfərli artıq professional yazıçıdır, oxucu ilə kontakta girməyi bacaran yazıçıdır, o, sanki əhvalat danışır, söhbət edir. Obrazların danışığı o qədər canlı, o qədər təbiidir ki, hansısa əsəri oxuduğunu zənn etmirsən. Bilirəm, bu yazını oxuyandan sonra da Mübariz deyəcək ki, ay kişi, bunlar bir yana, get o romanları oxu. Söz verirəm ki, oxuyacam. Çünki Mübarizin əsərlərini oxuyanda mən vaxta heyfsilənmirəm, qazanc kimi baxıram.

“İt hürüşü”

Amerikalı gimnast, dünya çempionu Millmen Den "Sülhsevər savaşçının yolu" kitabında yazır ki, savaşçı ölüm axtarmır ,amma həm də ondan qaçmır. Gənc ədəbi nəsil içərisində istedadıyla çoxlarından seçilən Hədiyyə Şəfaqətin “İt hürüşü” hekayəsinin qəhrəmanı Sadıq kişi də öz içində savaş açmış bir adamdır və o da ölümü axtarmır, ölümdən qorunmaq fikri də yoxdur. Sadıq kişinin arvadı kənd həkimidir, hamının hayına yetən xeyirxah bir qadındır. Bir gün xəstə üstünə gedərkən həyətin iti ona cumur və qolunu parçalayır. Qadın dünyasını dəyişir və həmin gündən Sadıq kişinin faciəsi başlanır. O, yeganə oğlunu evləndirir, amma özü qəfildən içkiyə qurşanır. Bədbeybət itin gözləri xəyalından çəkilmir, bu it həm də aramsız olaraq hürür və onun rahatlığını əlindən alır. Sadıq kişinin dilinə araq dəyən kimi itin səsi kəsilir və o, bir müddət toxtaqlıq tapır. Oğlu da, gəlini də onu bu yoldan çəkindirə bilmirlər, infarkt keçirir, həkim deyir ki, dəyməyin, qoy içib rahatlansın. Onsuz da bundan sonra düzələn deyil.

İlin-günün bu vaxtında, oxucunun ədəbiyyatdan uzaq düşdüyü bir cəmiyyətdə əyalətdə oturub fədakarcasına söz adına nəsə yazmaq çox çətin bir işdir. Hədiyyə Şəfaqət bu yolun ağırlığını göz altına alanlardandır. Onun şeirləri də, hekayələri də təndirdən bişmiş halda çıxıb, bu mətnlərdə hansısa söz, ifadə qulağı cırmaqlamır, fikirlər rəvandır, söz sözün yanında doğmalar kimi dayanır. “İt hürüşü” hekayəsində də situasiya, adi bir məişət hadisəsi o qədər canlı boyalarla təsvir edilib ki, düşünürsən ki, bu mətn püxtə bir qələm adamının məhsuludur.

Manera.az


Baxış sayı - 3 268 | Yüklənmə tarixi: 30.07.2015 11:35
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031