manera.az
manera.az

Memarlar İttifaqının XIX qurultayı keçirilib

📅 21.12.2017 13:37

Memarlar İttifaqının XIX qurultayı keçirilib
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Respublikasının Memarlar İttifaqının XIX qurultayı keçirilib.

MANERA.AZ xəbər verir ki, qurultay iştirakçıları əvvəlcə filarmoniyanın foyesində təşkil edilmiş "Azərbaycan memarlığı" sərgisi ilə tanış olublar.

Qurultayda Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov Prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub. Həmçinin Prezident İlham Əliyevin Sərəncamı ilə təltif edilmiş bir qrup tanınmış memara mükafatlar təqdim olunub.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Memarlar İttifaqı ötən 5 ildə kifayət qədər böyük işlər görüb. İttifaqın təşəbbüsü ilə onlarla mühüm layihə reallaşdırılıb, müsabiqələr təşkil olunub.

Nazir vurğulayıb ki, bu gün Azərbaycan Prezidentinin apardığı sosial-iqtisadi siyasətin məntiqi nəticəsi olaraq şəhər və kəndlərimiz simasını dəyişir, yeni görkəm alır. Respublikamızın bölgələrində aparılan yenidənqurma işləri, - gözəl və müasir binaların, yolların tikintisi, - memarlarımızın səyləri nəticəsində mümkün olub. Heydər Əliyev Mərkəzi, Alov qüllələri, Xalça Muzeyi və bu kimi digər memarlıq nümunələri qədim Bakının müasir simvollarına çevrilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov Azərbaycan memarlarının şəhərsalma sahəsindəki uğurlarından söz açaraq qeyd edib ki, son illərdə həm paytaxtda, həm də bölgələrdə möhtəşəm müasir binalar, beynəlxalq standartlara cavab verən mehmanxanalar, olimpiya idman kompleksləri tikilib. Bu tikililərin ərsəyə gəlməsində danılmaz xidmətləri olan memarlarımızın əməyi ölkə rəhbərliyi tərəfindən layiqincə qiymətləndirilib, onlar yüksək dövlət mükafatları ilə təltif olunublar.

Sonra Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadənin təşkilatın 2012-2017-ci illər ərzində fəaliyyəti barədə hesabatı dinlənilib.

E.Qasımzadə bildirib ki, təmsil etdiyi qurumun fəaliyyətinin əsas məqsədi Azərbaycan memarlığının inkişafına nail olmaq, memarlıq və şəhərsalmanın inkişaf istiqamətlərini müəyyənləşdirmək, orijinal və müasir layihələri müəyyənləşdirmək üçün sərgi və müsabiqələr təşkil etməkdir.

Qeyd olunub ki, hesabat dövründə Memarlar İttifaqının 10 plenumu və katibliyin 49 iclası keçirilib, həmin iclaslarda respublika memarlığına dair aktual məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib. 2013-cü ildə Azərbaycan Memarlar İttifaqının orqanı olan “Memar” elmi-analitik informasiya jurnalının ilk nömrəsi çapdan çıxıb. Jurnal ildə dörd dəfə olmaqla, 1000 nüsxə tirajla çap olunur.
Memarlar İttifaqının XIX qurultayı keçirilib
Qurultayda Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinə və Təftiş komissiyasına namizədlər irəli sürülüb. Elbay Qasımzadə yekdilliklə yenidən Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri seçilib.

Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov Elbay Qasımzadəni yenidən Memarlar İttifaqının İdarə Heyətinə sədr seçilməsi münasibətilə təbrik edib, onun ötən beş ildəki fəaliyyətini və respublikanın şəhərsalma və memarlıq sahəsinə verdiyi töhfələri yüksək qiymətləndirib.


Baxış sayı - 1 521 | Yüklənmə tarixi: 21.12.2017 13:37
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031