manera.az
manera.az

Tanrıya özünü asdıran qadın...

📅 12.12.2017 11:48

Tanrıya özünü asdıran qadın...
Mehman Qaraxanoğlu yazır...

“TANRIYA ÖZÜNÜ ASDIRAN QADIN...”
Esse

Poeziyamız yüz illərdir ki, bu Xanımın – Bahar Zamanovanın yolunu gözləyirmiş... Bəlkə də çox. O gəldi. Uçub gəldi! Burada “uçmaq” həm də viran olmaq, dağılmaq, dərbədər olmaq və toza çevrilib göyə sovrulmaq anlamındadır.

Hissin sözlə tam ifadəsi mümkünsüzdür. Olmur! Hisslər bölünməyi, parçalanmağı sevir. Və sən onların bitişməsi qayğısına qalma! Özləri bir-birini taparlar. Adəm və Həvva kimi... Bahar eynən bu cür edir – onları Yerdə dağıdır, ayırır, Göyün hansı küncündəsə cəm edir bir yerə, sonra yenə dağıdır, yenə yığır və heç nə olmamış kimi çəkilir qeybə...

O, ağrılarla oynayır. Sözün missiyası elə budur. Yalnız oynamaq, vəssalam. Pikassonun “Şar üstündə qız” rəsminə baxmayan yoxdu, zənnimcə. Şar elə haman Sözdü. Sən oyna! “Dünyanın ki, mətn olduğu”nu bilirsən! Oxu və Oyna! Səndən bir az aralıda dahi rəssam Sakit Məmmədova bax! Gör rənglərlə necə oynayır! Bax və Oyna!

Bahar çox zərif oynayır, poeziyamızda at oynadan “bir sürü arvat” (Rüstəm Kamal) kimi yox. “Bir sürü kişi” də demək olar. Bir deyən yoxdu nə olub sizə?! Yatıb yuxusunu qarışdıranlar, sevib ayrılanlar, boşananlar və boşanmayanlar, gözlərini şöhrət tutanlar və tutmayanlar, sosial şəbəkələrdə “qız tutanlar”, “oğlan tutanlar” və bunların heç birisini edə bilməyib boynunu əyri tutanlar nəfəslərini dərmədən yazırlar. Feysbuk bunların əlindən qan ağlayır, qan. Bunlar Markda bir damcı göz yaşı saxlamadılar! Bəs sizdən sonra gələnlərə necə “ağlayacaq” bu Mark bədbəxt?!
Bahar “kişi və qadın poeziyası” deyilən bir bölgünün boş bir cəfəngiyyat olduğunu təkrarən sübutladı. (Niyə “təkrarən”? Çünki bunu XII əsrdə Məhsəti xanım eləmişdi) Poeziya elə poeziyadır, onun erkəyi, dişisi yoxdur. Əslində bu, ilahi nizama uyğun bir nəsnə - ayrılıqda nə qadın, nə də kişi də vardır. Qadın nə qədər kişidirsə, kişi də bir o qədər qadındır. Bax, bu proporsiya pozulanda “qiyam”ın sözlə ifadəsi belə olur: "Tanrı, məni qınama, sən heç vaxt qadın olmamısan”. (Marina Sevetayeva)
Kişi deyir: Mən kişiyəm! Qadın da deyir: Mən də qadınam! Və bir az da irəli gedib: “- Mən kişi kimi bir qadınam”, - deyir. Bəs boş qalan o qabırğa yeri?! Yoxdu o yer! O yer qadınla dolub. Tamlaşıb, bütövləşib. Biz Baharda belə bir doluluq, tamlıq, bütövlük görürük. Onun poeziyası simfonik bir musiqini xatırladır. Bu polifonikliyi çeşidli hisslər yaradır. Sanki hər bir hiss sehrli bir dirijor çubuğu ilə öz işini məharətlə görüb yığılır, cəmləşir, bütövləşir:
Bax, bu iki nöqtədən sonra onun şeirlərindən bir-iki bənd vermək istədim, çox əlləşdim, tapa bilmədim o bəndləri. Şeirlər sanki qışqırır: Ya bütöv, ya heç nə... İlk dəfədir “Şeir təhlil olunmur” fikrinin haqq olduğunu sezirəm. Daha doğrusu, çox ağır bir nəsnə olduğunu! Şeirlərini oxumağa başladınmı, sona çatdırmalısan, O son, əslində həm də əvvəldir. Amma yenə gedirsən, o son nöqtə qoyulacaq yerə özünü qaranəfəs çatdırmaq istəyirsən. Bilmək istəyirsən ki, nə baş verir? Sadəcə, heç nə! Məhz o “heç nə”dən başqa mətnlərə keçirsən. Bəs orada nə var ki? Yenə də həmin “heç nə” və qarabasmalar... Bu, yarıyuxulu, yarıoyaq bir adamın şeirləridir.
Amma israrlıyam, nə baş verdiyini bilmək istəyirəm. Şeirlərindəki “havalı” havasızlığın adı nədir?! Tapıram: Antik qüssə. Bu qüssə mehi şeirimizdə təkəm-seyrək əsib, “əsib” deyirəm, bu, donuq bir qüssə deyildir və klassiklərimizin çoxunda gördüyümüz dərdə bənzəmir. Bu qüssənin içi hava ilə doludur və ya içərisinə tüstü doldurulmuş şar kimi bir şeydir, ipi əlindən çıxdımı, uçur göyə. Deyəsən, tam izah edə bilmədim, ona görə də paralellər gətirməyə məcburam. Səməd Mənsurdan çox sevdiyim “Həpsi rəngdir” şeirini alaq. Gördüyümüz nə varsa, bir ilğım, bir boya, bir rəng olduğunu hayqırır şair. Hətta dürlü matəmlərin də... Deyir! Çox gözəl! Şeirimiz bu cür təcrübəyə, buna ənənə deyək, söykək olub gedib. Necə deyərlər, “ağır oturub, batman gəlib”. Dərdən (müəyyənlikdən!) danışıb, az qala dərdin anatomiyasını açıb, amma axı, dərd həm də sirli (qeyri-müəyyən) bir şeydi, bu, oturduğun yerdə darıxmaq kimi bir şeydi. Bu, Adəmin darıxmağına oxşayır... Adəm bilirdimi niyə darıxır? Onu yalnız Tanrı bilirdi. Və bu qədər sadə...
Sirli dərd və ya antik qüssə! Dediyimiz kimi, olub şeirimizdə. Nizami onu bəşəriləşdirdi, dünyəviləşdirdi, öz içindən bir qədər “aralıda” saxladı... və dünya şairinə dönüşdü. Xaqani ona konkretlik, müəyyənlik verdi. Onu sonsuz mənalarla doldurdu və “Mənalar Xaliqi” oldu. Həyatı müəmmalar tülünə bürünən Məhsəti xanım ona “toxunmadı”, əksinə, o sirliliyi, qeyi-müəyyənliyi daha da əsrarlı etdi. (Bahar bu nöqtədən Məhsəti xanımla ruhən birləşir) Məhz ona görə də bugünəcən “Məhsəti xanım – olduğu kimi” (R.Hüseynov) görünə bilmir.
Poeziyamızın sonrakı inkişafını bu üç xətt müəyyənləşdirməli idi. Təsssüf ki, belə olmadı, çox şeylər unuduldu, konkret olaraq şeirimiz öz üzünü “izm”lərə tutdu, özü də ”izm”ləşdi. Nəsimiyə bir baxın! Bu şairin qüssə “ehtiyatı” bütün dünyaya bəhs edərdi. Amma özünü qəlibə-cərəyana-hürufizmə saldı. Dərd öz dəqiq ünvanını tapdı. “Qəm karvanının sarbanı Füzuli!”. Məlum qəlibdir! Burada qəm də, karvan da, onların gedəcəyi məkan da məlumdur! Amma Füzuli belə “məlumluğ”a layiq deyildir. Onun dərdi dünyəvi gözəllik meyarı və estetik anlayış kimi açılmalıdır. O, dünya poeziyasını “nərmü-nazik” etdi. Şeirdə elmi islahatlar apardı. Füzulidən sonra (“davamçıları” yazmıram! Zəhləm gedir bu sözdən, qurama bir şey, guya Füzulini böyüdürük!) poeziyamız sanki dincini aldı. (Ruhən!) Ta Mirzə Şəfi Vazehə qədər. Mirzə Şəfi tərcüməçisi Bodenştedtin “dəstəyi” ilə dünyaya çıxa bildi. Şərqin Qərb üçün çox əsrarlı olduğu çağlarda bu lap yerinə düşdü.
Nəhayət, sözümüzün canı: Antik qüssə özüylə naməlumluq, qeyri-müəyyənlik, şərtilik, sirlilik və bütün bunlarla bir yerdə qədimlilik gətirir. Qeyd elədiyimiz kimi, poeziyamızda bunlar olub, bugün də var, amma adda-budda, tək-tük, təkəm-seyrək. Yalnız Kamal Abdulla istisnadır. Onun elmi və bədii yaradıcılığı bu ədəbi prinsiplər üzərində dayanır. Xüsusən, onun şeir və esselərindəki qüssə klassik rus poeziyasının Gümüş dövründən əsib gəlir. Gümüş dövrünün sənətkarları – Bryusov, Qumilyov, Axmatova, Mandelştam və başqaları da öz üzlərini Antik dövrə - bəşəriyyətin pak, məsum və ülvi uşaqlıq çağlarına tutmuşlar. Kamal Abdullanın heç bir ədəbi sifariş almadan adıçıkilən sənətkarlardan tərcümələr etməsi də qənaətimizi müəyyən dərəcədə qüvvətləndirmiş olur. Amma Kamal Abdulla şeirdə dayanmadı, sadəcə, uçuş zolaqlarını müəyyənləşdirdi və özü də naməlum səmtlərə uçub getdi. Həmun zolaqlar sanki Baharı gözləyirdi...
Bahar elə bil tamam fərqli dünyalardan bizim dünya ilə danışır. O, çox uzaqlardadır. Onun bizimlə yeganə ünsiyyət forması Sözlədir. Əgər rəng və səslə olsaydı, bu bağlantı baş tutmazdı. Biz sözün mistik gücünü görür və öz dünyamızda boş yerə sağa-sola xərclədiyimiz sözlərin tamam başqa şəkillərdə bizə gəlib çatdığını görəndə heyrətimizi gizlədə bilmirik: Aman Allah, bu ki hər gün işlətdiyimiz sözlərdir!
Yəqin ki, R.Rövşənin “Qara paltarlı qadın” şerini oxumusunuz: “Hər bir kişinin öləndən sonra qəbri üstə ağlayası Bir qara paltarlı gözəl qadına ümidi var”. (Sağlığında və öləndən sonra!) Hər bir kişi bu sirli ümidi çox-çox dərinlərdə gizlədib. Bahar məhz ümid bəslədiyimiz həmin qadınları simvollaşdırır. O, hamıya- özünə və bizə “ağlayır”. Amma bir fərqlə: sadəcə, o, qara paltarda deyildir. Həm də tək deyildir. Rəssam Sakit Məmmədovun “Yatmış mələk” tablosu ilə həmahəngləşən silsilə rəsmlərində gördüyümüz güllü-çiçəkli geyimlərdə olan qadınların cəmidir. Misilsiz dərəcədə gözəl geyimli bu qadınların gözlərinin dərinlklərində gizlənmiş hüzn də, qüssə də rəngli və boyalıdır. Qüssənin bu qədər saysız-hesabsız gözəl çalara malik olduğunu ilk dəfə Baharda görürük.
“Əsl adının Bahar olub-olmadığı belə bəlli olmayan, kimsənin şəxsən tanımadığı bu şairin bir özəlliyi mətbuata verdiyi bircə müsahibədə üzə çıxdı: onun nə şairlik iddiası var, nə yazdıqlarının şeir olması haqda düşünür. O, sadəcə insan ruhunun hüceyrələrini, insan nəfəsini sözlərə çevirir və bəlkə heç özü də bilmir ki, nə vaxt bizim hamımızın olan o nəfəsi maddiləşdirib, şəkilləndirib, sözə köçürüb. Onun şeirləri nəfəs alır, nəfəs verir, yaddaşımızın ən məhrəm nöqtələrini dirildir, həyata qaytarır”. Pərviz Cəbrayılın fikirləridir. Doğru qənaətlərdir.
Baharı ilk dəfə “danışdıran” Orxan Bahadırsoy da heyrətini gizlədə bilmir.
Nədir Bahar şeirlərinin özəlliyi?
Birincisi, Bahar, rasionallığa gəlib çıxacağını bildiyindən bərbəzəkli təşbehlər, “bədheybət” metaforalar, “əjdaha” epitetlər haqda düşünərək şeir yazmır. Hər şey anidən baş verir. Amma bu adi “An” deyil. İllərlə gözlənilən bir “an”dır. Elə bu gözlənti də qeyri-şüuri baş verir. Elə bu “an”dan da Baharın heç xəbəri olmur.
Vaxtilə Rəbiqə Nazimqızı haqda yazımızda “xəbərdar” etmişdik: “Poeziyamızın dünyaya çıxışında başlıca əngəllərdən biri də metafora və təşbehlər üzərində improvizə eləməklə şeirlər yazmaqdır. Metaforalar qədim cəza alətlərini xatırladır. Məlum olduğu kimi, qədim cəza alətləri insan əzalarına qarşı iblisanəlikdən başqa bir şey deyildir. Metaforalar da hisslər aləmini kəsib doğrayır. Bu hal hazır musiqi parçalarına sonradan mətn əlavə etməyə bənzəyir. Təbii ki, söz cəzalanır”. Rəbiqə bundan qaçdığına görə təqdir eləmişdik.
İkincisi, qadın dünyası (Hanı o dünya? Bəlkə, bizi yanlışlığa çəkən də bu ifadədir?! Çünki dünya müəyyən nizama tabedir. Qadın dünyası isə bizə bəlli nizamların fövqündə duran və nizamsızlığın nizamı olan bir dünyadır!) bütün qabarma və çəkilmələri, sakitlik və tufanı, nizam və xaosu ilə qeyri-adi bir dünyadır. Biz kişilər “qeyri-adi” deməklə canımızı qurtarırıq, vəssalam. Bahar bu “qeyri-adiliyi” göstərir bizə. “Qadın ruhuyla əlaqədar otuz il davam edən araşdırmalarımın sonucu olaraq cavablandırmağı bacara bilmədiyim çox əhəmiyyətli bir sual var: Qadın nə istər”. Əgər dahi Freyd qadının nə istədiyini bilmirsə, onda biz haradan biləcəyik?! Baharın şeirlərini oxuyanda Freydin harada səhvə yol verdiyini yavaş-yavaş başa düşür və onun çəkdiyi otuz illik zəhmətə heyfim gəlir. Deyimmi harada səhv edib? Gərək ta əvvəldən bu işə girişməyəydi! Qadının nə istədiyini özündən başqa heç kəs bilə bilməz! Bunu bilmək üçün ona şans və zaman vermək gərəkdir. Tanrı bu şans və zamanı Bahara əta edib!
Üçüncüsü, Baharın şeirlərinin özünəməxsus ruhu və ritmi vardır. Qeyd etdiyimiz kimi, bu, rus poeziyasının Gümüş dövrünə gedib çıxır. Bu dövr şairlərinin əsas özəlliyi onda idi ki, sanki üzərində dayandıqları zamanla Antik zamanı birləşdirirdilər. Qovuşub birləşən isə yalnız ruhlar idi. Marina Sevetayeva və Anna Axmatovada olduğu kimi... Baharı da bu sıraya yaza bilərik. O, misraları mənalarla yükləmək baxımından isə bizimkilərə - R.Rövşənə, Salama, Aqşin Yeniseyə və başqalarına çəkib. Şeirlərindəki dinamiklik, ritmilik və melodiklik isə dünya və rus poeziyasından, daha çox Vısotskidən gəlir.
Bugün gənc və istedadlı şairlərimizin haradan gəlib hara getdiyini təxmin etmək olar. Haradan – hansı “şinel”dən çıxdıqları məlumdur, amma... hara getdikləri hələ qeyri-müəyyəndir. Bahar artıq özünü təsdiq edib – hara getdiyini bilir və tutduğu Yol da məhz ona məxsusdur!
Dördüncüsü, qadın şairlərinin çoxu ya mətnlərində ifrat dərəcədə “abırlı”, ya da ifrat dərəcədə “açıq-saçıq” görünməklə diqqəti cəlb etmək istəyirlər. İkincilərdən yalnız Nuridə Atəşi sərhədləri aşa bildi. Hər iki anlamda. Amma arxasınca gedənlərin gücü evlənənə qədər oldu. Ən yaxşı halda, öz əvvəlki “azadlıqlarından” utandılar. Hər iki hal yolverilməzdir. Hər iki halda ədalət prinsipi pozulub. ”Mədəniyyətin ilk şərti ədalətdir”. (Z.Freyd) Bahar nə birincilrərdən, nə də ikincilərdəndir. O, obraz və simvollarla danışmağı sevir. O bilir: “Həqiqət bu bu dünyaya çılpaq vəziyyətdə yox, simvollar və obrazlar şəklində gəlib. O, bu dünyaya ayrı şəkildə qismət olmayacaq”. (İsa Məsih)
Beşincisi, Baharın şeirlərində əlahiddə sevgi, qüssə, fərəh, həsrət, darıxmaqlıq hissi, yoxolma qorxusu, varoluş sevinci yoxdur. Monotonluq ona yaddır. Bütün bunlar bir yerdə mövcuddur. Mətnlərini əsrarəngiz edən də budur. Üstəgəl, hərəkətlilik və ya dramatizm... Hisslər durmadan axırlar. Buna şeirdə şüur axını da demək olar. Adama elə gəlir ki, o, şeirə son nöqtəni qoya bilmir, ona nəsə “mane olur” və sonrakı mətnlərində o “nəsə”nin nədənini görürük.
Altıncısı, Baharın şeir dili, dilimizin “tamam” fərqli bir damarından şirələnir. O, damara düşmək hər təbibin işi deyildir. Elə bil o damar Baharı gözləyirmiş. Obrazlı desək, dil də insan kimi üst və altşüurdan biçilib. “Üst” həmişə işlək olub. Altşüur isə tam açılmayıb. Dil istəməyib bunu və ya hər kəsə açılmayıb. Dil, altşüurunu Bahara, Bahar da öz ürəyini Dilə açır...
Gözəl tablodur...



BAHAR ZAMANOVANIN ŞEİRLƏRİ


Mən bir az qəribəm, bir az qəribə,
Əlim bu dünyanın işinə yatmır.
Mənim çəkdiyim ah, Füzuli demiş,
Bu yatmış bəxtimə çatır, oyatmır.

Məndən əl üzməyə əl yeri saxla
Bir gün getməyə də dodaq yeri qoy.
Bütün ürəyini vermə ha mənə,
Yarsın ver, yarsın da bir az geri qoy.

Mən yol qadınıyam, yolçu qadınam,
Səndən uzaqdadı yolum... incimə.
Mən ağac qadınam, budaq qadınam,
Köksüz sarmaşıqdı qolum... incimə.

Sən məni sevməyi sabaha saxla,
Sonra dərd çəkərsən, əzab tutarsan.
Sən mənlə sevişmə şeir yaz, adam,
Haramam, günaham... etmə, batarsan...

Bunun cəhənnəmi, bunun odu var,
Mən qır qazanıyam, günaham, şərəm.
Cənnətdən qovulmuş mələk də mənəm,
Mən bir az qəribəm, mən birtəhərəm.

Get! Uzaq dur məndən! Gəlmə yaxına,
Nə səndən küskünəm, nə də gileyli.
Ağlıma yüz dənə günahın gələr,
Mən bir az dəliyəm, bir az he-heyli.

Oğlum, get sevməyə başqa adam tap,
Harama yaraşır sevgi - bu yaşda?
Mən leysan qadınam, tufan qadınam,
Səni tərk edərəm qarda, yağışda.

Mən bir az qəribəm, bir az qəribə.
Məni unutmağa indidən basla!
Mən Tanri Qadınam, Tanrı, qadınam!
Səni öldürməmiş məni bağışla...



***
Bir zamanlar
mən anama,
anam atama,
atamsa…
başqasına aşiqdi.

Və illər keçdi
indi mən atama,
atam anama,
anam isə…
şirin olan nə varsa
ona həsrətdi…

Və gün gələcək
anam mənsiz,
mən atamsız,
atam da bizdən xəbərsiz
öləcək.

Və qiyamət qopacaq
dünya dağılacaq
biz qarşılaşacağıq.

Və o zaman əfv edəcəyik
mən tanrını
tanrı anamı,
anamsa atamı…
Tamammı?!



***
Yenə yağış yağdı bura..
Kimdi gözləri yol çəkən?
Ölmək üçün gecdi, Şair,
Yaşamaq uçun erkən…

Yox olmağa o qədər yol..
Gedək birində yox olaq.
Gəl kəpənək ömrü sürək,
Bircə gecəlik çoxalaq.

Alıb dünyanı başıma..
Çaxacam hara gəldi.
Sənin bircə şeirin belə
Alın yazımdan gözəldi.

Bəxtinə qoşa düşmədi,
Həmişə sə- bir atanın..
Bu gün toyudu Şairim
Taleyimə toy tutanın.

Bu gecə də belə keçər,
Səhər də olar əlbət…
Bu kədər də öldürməsə,
Nə yaşasaq qənimət…



***
Bu kəndə günəş doğdu,
bahargəldi qışına.
Bu kənddə ən gözəl qız,
sənin də daş başına!

Sağ əlini sol əlin
qızdırır neçə ildi...
Elə bil, başqa əllər,
heç gəlmədi xoşuna...

Gözündə böyütdüyün
o oğlan da qocalıb.
İlk öpüşdüyünüz yer
kök salıb yaddaşina...

Uşaqlığın boylanır -
atan, anan, eviniz...
o ev, o dağ, o həyət,
gəldimi qarğışına?

İndi nə itiniz var,
nə qara pişiyiniz.
Ümidin bircə qalıb
Tanrının baxışına.

Bu kənddə mağar qurun,
bu kənddə toy çaldırın.
Anamın öldüyünü
deməyin qardaşıma...

Bir vaxt səndən doymayan
o ağac da kəsilib,
Hamıdan küsüb gedib
sığınıb koğuşuna...

Bu kəndin yolu bağlı,
gedənin gəlməzi var.
Bu kənddən keçən qatar
çatmaz mənzil başına...

Bu kənddə ən gözəl qız,
sənin də daş başına!
Səndən adam olmadı,
dönürsən baş daşına!.






Tanrıya özünü asdıran qadın

Bu yoldan illərdi kimsə keçmədi,
bu qapı illərdi açılmır, adam!
Baxma qanad çalır, son uçuşudu,
bu qollar illərdi quculmur, adam!

Unudub Tanrı da onun adını,
atıb gedənləri ata bilmədi.
Bir ömür yaşadı, ömür deyirəm:
ana hiss etmədi, ata bilmədi.

Əvvəl ağlamağı unutdu, sonra,
bir dəli qəhqəhə çəkdi həyata.
Yığdı, yumurladı bütün kinini,
o gecə nəyi var tökdü həyata.

Üzdü ayağını bu yer üzündən,
qanaya-qanaya qanadı oldu.
Yaşamaq nə azad, nə də firavan;
yaşamaq Tanrıya inadı oldu.

İndi sərxoş-sərxoş gecə yarısı,
saçında bir qutu siqaret ətri...
Hündür mərtəbənin boş eyvanında,
yazacaq bu dəfə sonuncu sətri.

Yazacaq son sözü, son şeirini,
sonra da kagızı boğub, atacaq.
Dünyanın ən qəddar anasıdı o,
gündə bir şeiri doğub, atacaq.

İti, pişiyi də tərk edər onu,
dünyanı özündən küsdürən qadın...
Özü xitam verər öz ölümünə,
Tanrıya özünü asdıran qadın!



***
Mənə heç nə qalmadı,
nə atamdan, nə anamdan,
nə də sevdiyim adamdan.
Özüm öyrətdim özümə
şeir yazmağı,
çay dəmləməyi
və sevişməyi...

Bütün qəfəslərin
bir qapı yeri ümidi var.
Bütün qışların bahara çevrilmə həvəsi…
Ölümü deyirəm e,
ilk gözlərdə başlayır…
Əvvəl baxışları ölür adamın,
sonra bütün tanışları...
Məncə, bütün şüurundan vurulmuşları
tanımaq olar dırnağından.
İnsan özünü yeməyə dırnağından başlayır,
sonra da utanır barmağından...

Məndən heç nə qalmayacaq,
nə oğluma, nə qızıma,
nə də sevdiyim adama...
Oğlum şeir yazacaq,
qızım çay dəmləyəcək
və sevdiyim adam
məzarımın üstündə
dırnağını yeyəcək...



İndi hardasan sevgilim
Nə yeyib, nə içirsən?
İndi harda həyət salıb
Hansı evə köçürsən?

Yenə sərxoş sürücülər,
Yenə soyuq gecələr..
Yenə süret həddin aşıb,
Qəza edir küçələr.

Bizdən qalan ləpirləri
Külək silib süpürür..
Yağıs deyil..qoca tanrı,
Üzümüzə tüpürür..

İndi kimlə savaşırsan,
Qanın qadan olurmu?
Sənə uduzub özünü
Qadan alan olurmu?

Səndən qalan şəkillər,
Bir də köhnə gödəkcən
Oxşayıram gecə gündüz,
Deyirəm " laylay Təkcəm.."

Mən elə bildiyin mənəm,
İynə, dərman, siqaret..
Bir də sənin xəyalların
Gəl halal et sonra get..

Yenə baş ağrıları,
Yenə yuxu həbləri
Yenə ürəyim əlimdə
Gəzirəm təbibləri..

Məni boş ver..Yaraşıqlım
Yaşayıram daa görək.
Evlənmisənmiş.. xoşbəxt ol!
Oğlun qızın mübarək..

Sənin evin bizim kücə,
...Və ürəyimdəki hər yer..
Mənim evim səndən sonra,
Onkoloji dispanser.



***
İndi harda itib batıb,
Harda yuva quracam?
Bir də sənə şeir yazsam
Barmagimi qıracam.

Səndən başqa da yol var,
Səndən başqa da vətən..
Bir də mənə "ev" olarmı
Hər kücəmizdən ötən..

Cırıb atdığın şəkildə
Qəşəng düşmüşəm.. yerə
Bizim bu ayrılığa
Bir ad qoyacaq hərə..

Biri deyəcək, ölmüşdü
yerdən göturəni idi..
Biri deyəcək-saxlayıb,
alıb gətirəni idi..

Biri deyəcək əyridi,
yolu hamıdan gözəlin,
Biri deyəcək bəxtəvər,
öz başın idi öz əlin...

İndi daha nə desələr,
Sənə mənə yapışmaz..
İndi darıxmağım qalıb,
Eh.. o da ki az-maz..

Bir qurtumluq şərab saxla,
Gəlim mənlə yarı böl..
Ya şeir ol ,ya da şair,
Ya deli ol ,ya da öl!


Baxış sayı - 2 974 | Yüklənmə tarixi: 12.12.2017 11:48
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031