manera.az
manera.az

Dağlar anama oxşayır - Şeirlər

Dağlar anama oxşayır - Şeirlər
Manera.az tanınmış şair Nurafizin şeirlərini təqdim edir:

***
Ömür dərs otağı... tərs oxutdular,
...əlim boş, nəfsim tox, əsəbim tarım.
Görən neçə dəfə sinifdə qaldım,
Nəyə yaradı ki oxuduqlarım?!

Səbrimin altında neft kimiydim,
Söz-söz, misra-misra sızmaq öyrəndim.
Ömrümün hər günü yazı lövhəsi
Bəxtimin diliylə yazmaq öyrəndim.

Dərdi qanım ilə əzbərləmişəm,
Göstər qrupunu sevib oxuyum.
Məni öz dilimdə oxuyan yoxdu,
Məni dərd dilinə çevir oxuyum!


***
Səsim ağrı geyəli
İçim ayaqyalındı.
Gümanlar sığal çəkdi,
Çölüm yaman alındı

Yenə tərs inadla
Öz üstümə yeridim.
Fikrin ayağı altda
Sükut kimi əridim.

Güvənc yerləri çat-çat,
Tanrı niyə görmədi.
Yeyib doydum ömrümü,
...nağıl dadı vermədi.


***
Bəxtəvər başına, ana,
Oğluna bax, fərli çıxıb;
Dərdnən qumar oynayıram,
Əlim çox düşərli çıxıb.

Bu qəm çoxdan əkiləndi,
Çəkən varsa çəkiləndi.
Bir əkmişdim ikiləndi,
Yaman bar-bəhərli çıxıb.

Bu yol yoldu, bu bənd deyil,
Baxışlarım rübənd deyil.
Ürək elə hey...kənd deyir,
Ayağım şəhərli çıxıb.


***
Getdin... sözün, duan qaldı,
Ötdün... həzin havan qaldı.
İtdin... gözüm yavan qaldı,
Yolam qəribsəyən vaxtı.

Qəm adında peç ortada,
Qoymur səbrim puçur tuta.
Bir dodaqlıq pıçıltıda
Lalam, qəribsəyən vaxtı.

Güvənc yerim Göydü daha...
Bir xoş söz də öydü daha.
Könlüm şahdan yeydi daha,
Qulam, qəribsəyən vaxtı


***
Çox uzaqdı el-obam,
Qəlb isitmir qəm sobam.
Yadıma düşdü babam,
Nənəm, ay ömrüm-günüm.

Gün batıb axşamlanıb,
Dodaqda ah şamlanıb.
Yenə fikrim şumlanıb,
Dənəm, ay ömrüm-günüm.

Dilimdə bitib adın,
Dəyişib tamı-dadı.
Deyəsən tanımadın?!
Mənəm... ay ömrüm-günüm.


***
Nə biləsən nə çəkirəm
Çəkdiyim ahdan o yana.
Ötürmüsən neçə kərə
Yolumu ,,Yox!''- dan o yana.

Yaram sevmir duz ərkimi,
Ovudammır buz ərkimi.
Dərd əlində bu zər kimi
Düşmüşəm çoxdan o yana.

İpək yolum varıb getməz,
Durna səsim sənə yetməz.
Daha dilim nəğmə ötməz
,,Dön geri bax..."- dan o yana!

GÖYNƏYİR

Sinəmlə dağ arasında,
Bir ahın yolu göynəyir
Pətəklə bal arasında
Arının balı göynəyir.

Yorulan yolu oxşayır,
Qar döyür, dolu oxşayır.
Gözlərim yalı oxşayır,
Kəhərin nalı göynəyir.

Bişibdi sözün odunda,
Çox sirlər qalıb yadında.
Bir Akif Səməd adında
Bir yurdun halı göynəyir.

ANAMA MƏKTUB

Gümanım daş altdan boylanan çiçək,
Açılmır yığvalın paslı kilidi.
Ay ürək, sən Allah, əlimdən əl çək,
Əllərim cibimdə məhbus kimidi.

Neyniyim, arzunun yaxası ahdı,
Əl atsam, əlimdə boşa çıxır hey.
Ömrümün-günümün bu sınıq vaxtı,
Nəyi dəyişər ki, kövrək bir giley.

Uzaq bir ünvanda doğma səsiydim,
Dalımca gələmmir o yol-iz mənim.
Səni əl üstündə gəzdirəsiydim,
Yaman günə qoydu yavan söz məni.

Gözümün içində yorğun bir nida,
Belədən-beləyə yelləyir papaq.
Elə ki əllərim qalır daş altda,
Adını tuturam Allahdan qabaq.

DAĞLAR ANAMA OXŞAYIR

Çiçəkləri zərif, ürkək,
Bulağının qəlbi kövrək.
Sığal çəkən əli-külək
Dağlar anama oxşayır.

Qucaqladı duman-çəni,
Qəlb oxşadı göz görəni
Bulaqları öpdü məni-
Dağlar anama oxşayır.

Ağ saçıydı ağ qar, gördüm,
Qocalmışdı dağlar, gördüm
Qırışları-yollar gördüm
Dağlar anama oxşayır.

Dağlar məni sınadımı,
Gec gələndə qınadımı,
Yol gözləyən anadımı?
Dağlar anama oxşayır.

ƏN UZAQ YOL SÜKUTMUŞ

Söz vermişdim, gəlmədim,
Ordan necə qayıdım?!
Vaxtım çoxalsın deyə,
Vurub üçə qayıdım?

Ən uzaq yol sükutmuş,
Sükuta yol tapmadım.
Vaxtın əlində bişdim,
Kündəm hanı? -Yapmadım.

Bir az səbrim var hələ,
Bölünməyib vaxt yarı.
Harda yoxamsa, elə
Məni orda axtarın.

BAX

Ömrümcə yol yormuşam,
Geri dönüb vaxta bax.
"Qazancım nə" sormuşam,
Səndə itən baxta bax.

Səbrimin üşüməyi
Ürəyimə düşməyir.
Ömür sona işləyir,
Vaxt sabaha baxtabaxt.

Ah qarışdı yellərə,
Kilid düşdü dillərə.
Ötüb keçən illərə
Kövrəl, göynə, bax, ta bax.

YENƏ YOLLAR MƏNDƏN KEÇİR

Məni də sevdilər bir gün,
Şənimə sağlıq dedilər.
Hələ ki, biz ölməmişik,
Hələ ki, sağıq, dedilər.

Daha yol, iz də yorulub,
Çəliklə gəzir inadım.
Sevdiklərim aldatdılar,
Yenə özümü qınadım.

Yenə yollar məndən keçir,
Gah yaz oldum, gah da qışam.
Özümdən çıxıb tükəndim,
Gərək özümə yığışam.

SÖZƏ HAYIFDI DEDİM

Güvəncim yığval, baxtsa,
Dönəcəksən nə vaxtsa.
Yalanın qızıl taxtsa,
Düzə hayıfdı dedim.

Ah çəkdim göy enmədi,
Gözümlə əyəmmədim.
Köhnəni geyəmmədim,
Təzə hayıfdı dedim.

Qara gün nəğmə demir,
Baxıb utanır kömür.
Bircə misradı ömür,
Sözə hayıfdı dedim.

YUXARI YOLUM MANŞIR

Di dillən, a qart dərdim,
Dilənib dil açmadım.
Ömrünü mənə verdin,
Mən sənə əl açmadım.

Ha döşə qabırğama,
Yuyub sər dizin altda.
Kipriyimin kölgəsi
Yol çəkir gözün altda.

Səni şəhərdə tapdım
Mən yetim kənd uşağı.
Yuxarı yolum manşır,
Dartma məni aşağı.

SÖYKƏNMİŞƏM İÇİMƏ

Varın hər üzü birdi,
Yoxun qapısı çoxdu.
Güvənc yeriydi ümid,
Baxıram, o da yoxdu.

Söykənmişəm içimə,
Kimsə yox əl tutmağa.
Uduzduğum şeyləri
Səbrim çatmır udmağa.

Söykəndiyim gümanın
Əl yerindən qan damır.
Sevə-sevə aldadıb
Öldürürlər adamı.

BU İMZANIN ALTINDA

Get, desən, gedərəmsə,
Dərdin günü xoş olar.
Yoxluğuma söykənib
Tənhalığın boş qalar.

Sənlə keçən bir günü
Min yerə atacağam.
Birində itirsəm də,
Minində tapacağam.

Səndən çıxıb gedəndə,
Kimsəsiz yol qalacaq.
Bu imzanın altında
Kəsilmiş qol qalacaq.

İÇİM ÜŞÜYƏCƏK...

Ağacların
əli üzündə qalıb,
ovcundan payız damır
yarpaq-yarpaq.
Qarşıda qış havası,
köçəri quşlar
uçub gedəcək ah kimi.
Çayların səbri donacaq.
Dostların biganəliyi
ümidimi üşüdəndə,
isti otaqda
içim üşüyəcək gecələr.
Dən yerinə
qarın soyuğunu dənləyəcək
çöldə sərçələr.
Ağacların əlləri
uzalı qalıb göyə,
bir tumurcuq tapmır
dərdini deməyə.

BAXIŞLARIM İNTİHAR ELƏDİ

Qatarların dalınca
qaçan relsləri
yerdən qaldıra bilmədim.
Atamın dalınca
üzüqoylu ağladığım
uşaqlığım düşdü yada.

Qatarın işığı
çölə qovdu qaranlığı,
Ümidim yıxıldı qatar səsindən.
Siqaret tüstüsündən
asdım özümü.

Baxışlarım
intihar elədi
qaranlığın içində.

İLİN SÖZ FƏSLİYƏM

Bu gecə də
ümidimin çat yerindən
qəlbimə girən səssizliyi
candərdi yola verdim
kefli sükutla.
İçimdə qaldırdığım
ağ bayrağın kölgəsində
xatirəndən ocaq çatıb
ürəyimi isitdim.
Bu ili də yola verdim
ilin dərd, bağışlayın,
ilin dörd fəslini.
Fəsillərin heyi yoxmuş,
ilin söz fəslindəyəm,
başlamışam dərd vəsfini.

BİR DƏ GÖRDÜM ANAM OLDU BU ŞƏHƏR

İlk gələndə qəfəs kimiydi hər yan,
Bu çoxluqdan təkliyim də çoxuydu.
Yan-yörəmdə qəribliyin qılığı,
Məni mən tək başa düşən yoxuydu.

Göy enirdi darıxanda Yerəcən,-
Onda mənə gecə-gündüz bir idi.
Güvəndiyim ağcaqayın ağacı
Sirr açdığım ocaq idi, pir idi.

Mən Bakıdan məktub kimi gəlmişdim,
Gün-gün, ay-ay oxunurdum dözümə.
Dil öyrənib çoxalırdım beləcə,
Yavaş-yavaş qayıdırdım özümə.

Bir də gördüm anam olub bu şəhər,
Gecə-gündüz ürəyimi oxşayır.
Bir də gördüm… Nə tez ötdü iki il,
…qırx ildir ki, ürəyimdə yaşayır.

HƏSRƏT ADLI SAAT GÖRƏN NEÇƏDİR?

Gecə keçir… saat üçə işləyir,
Yuxum dəcəl uşaq kimi oynayır.
Fikirlərin dodağına gün doğub,
Duyğularım bulaq kimi qaynayır.

İtirmişəm burda vaxtı-vədəni,
Sözə sığmır nə eni, nə uzunu.
Başdan-başa bələnmişəm işığa,
Əridirəm yaddaşımın buzunu.

Yenə sizə yol gəlirəm xəyalnan,
Aya baxıb daranan lal gecədir.
Sizdə- ”Saat zavodu’’nda, soruşun,
Həsrət adlı saat görün neçədir?!

BEŞ YAŞ MƏNDƏN KİÇİK ŞƏHƏR

Qoca deyil, ondan beş yaş kiçiyəm,
Əllərinin sığalı xoş, ahıldı.
Dörd yanında halay tutub ağaclar,
Bir az nəğmə, bir az şirin nağıldı.

Min illərin sirri yatır təkində,
Cicək-çiçək, ağac-ağac dillənir.
Yerdən göyə sirr daşıyır yaddaşı,
Ağacları göy üzünə millənir.

Hər tərəfi göz oxşayan gözəllik,
Ürəklərdən silir qəmi, qəhəri.
Bilirəm ki, adamlardan daha çox
Ağacları qoruyur bu şəhəri.

ÜRƏYİMDƏ SƏN BOYDA BİR ŞƏHƏR VAR

Eh… yuxuma gəlməyin var hərdənbir,
Yuxularda yolun ömrü bir andır.
Oyandımmı hər şey çıxır əlimdən,
Bu gerçəyi gəl ürəyə inandır.

Ayrılığın ağrısı var arada,
Aralıqdan əsən yellər vaxt sayır.
Ümidimin ətəyindən tuturam,
Görürəm ki, hələ güman axsayır.

Çox şəhərlər gəzib döndüm Bakıya,
Qalammadım heç bir yerdə, bənddə mən.
Ürəyimdə sən boyda bir şəhər var,
Doğulsam da uzaq, ucqar kənddə mən.

PIÇILTIMDAN SÜKUT QULAQ TUTURDU

Əsgər idim, vurulmuşdum mən sənə,
Məni qul tək gəzdirirdin dalınca.
Gündüz deyə bilmədiyim sözləri
Mən gecələr söyləyirdim balınca.

Pıçıltımdan sükut qulaq tuturdu,
Cavab tapa bilməyirdim ,,neynim?”-ə.
Gecələri köynək kimi fikrimə
Geyinirdim, dar gəlıirdi əynimə.

Hər tərəfi buz örtsə də, beləcə
Əridirdim ürəyimin yağını.
Komandirin əmrindən də çaşırdım,
İtiririrdim mən “sol”umu, “sağ”ımı.

Ürəyimdə əmr edirdim özümə,
Heyif, tabe olammırdım həmişə.
…Lütf eləyin, darıxmağa qoymayın,
Ürəyimi orda qoyub gəlmişəm.

GƏLƏMMƏDİM,ANQARSK,MƏNİ BAĞIŞLA

Gəncliyimdən gəlib keçdi o illər,
Orda qaldı ürəyimin havası.
Kolya əmi heç çıxarmı yadımdan,
Nə xoş idi onun qınaq-davası.

Halallıqdan pay düşmüşdü bəxtimə,
Adamları elə safdı, duruydu.
Hər sözümə, hər günümə, anıma
Özü boyda işıq salan nuruydu.

Dodağında izim qalan yolları
Xəyal ilə oxumaqdı gümanım.
Sirr verdiyim ağaclardı, bilirəm,
Gör nə vaxtdır məndən görüş umanım.

Sibir boyda soyuqluğun içində
İsinərdim bircə oğrun baxışla.
Xatirələr daha fikir üşüdür,
Gələmmədim, Anqarsk, məni bağışla.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031