manera.az
manera.az

Vətən yaşda şair... - Musa Yaqubla söhbət

📅 01.05.2017 13:01

 Vətən yaşda şair... - Musa Yaqubla söhbət


“Arxa da seçəndə dağdan arxa seç” deyən, dağlara sığınmış Buynuzda məskən salmış dağ vüqarlı şair Musa Yaqubun görüşünə gedəndə sanki Babadağın ziyarətinə gedirdim- elə Sözdən dağ yaratmış fərqli bir İnsanın ziyarətinə. Taleyimdə ən yaddaqalan, daha çox özüm olduğum, ilahi dünyada olduğum günlərdən biri də dahi şairimizlə söhbət etdiyim gün oldu.. 20 ildir içimdə yol gəlirdim bu böyük poeziyaya, Sözə topdağıtmaz heykəl ucaltmış şairə doğru- məni mənə, məni həyata qaytaran poeziyaya.. Güclü depressiya yaşadığım aylarda, illərdə mənə həyat eşqi bəxş etmiş dərddaşım, sirdaşım, qəlbdaşım Musa Yaqub poeziyası.. və nəhayət, mənə nəsib oldu bu böyük insanla söhbət edib onu dərindən tanımaq. Adətən həmsöhbəti, alim ya sənətkar olsun- titullarına görə təqdim edirlər. Həmsöhbətimin isə ən böyük titulu elə xalq arasında qazandığı ən yüksək ad, özü kimi sadə və təvazökar titulu var- Şair MUSA YAQUB.


Şairlə söhbətimiz təbii ki, elə poeziyasından bəhs etdi, çünki bu poeziya hər şeyi deyirdi- yaşamı, həyatı, sevgini, insanlığı.. və bütün insani duyğuları ifadə edirdi. Musa Yaqub poeziyasının gücünü, qüdrətini ifadə edə biləcək kəlmə ədəbiyyatda yoxdu məncə.. Onun bənzərsiz, özünəməxsus poeziya dünyasının kiçik bir sakini olduğum üçün çox şanslıyam. Şairlə söhbət boyu böyük heyranlıq içində idim. Şairin dünyası o qədər gözəl, rəngarəng, işıqlı idi ki, o dünyada qalmaq istəyirdim daim, heç vaxt tərk etmək istəməzdim.. Yalnız və yalnız səmimiyyətdən, saflıq və ucalıqdan gələn misralar bizi başqa- reallıqdan uzaq, səmimi və günahsız poetik duyğular dünyasına aparmışdı. “Qara daş əfsanəsi”ni yaradan şairlə söhbət zamanı yaşadığım hissləri, duyğuları, o isti ovqatı dilə gətirməkdə, olduğu kimi təsvir etməkdə acizəm...

Musa müəllim özünəməxsus incə yumoru ilə bizi həm güldürür, həm də düşündürürdü. Şairlə ilk əyani görüşümüz olsa da, mənə elə gəlirdi ki, uzun illərdi onu tanıyıram. Bilirəm ki, bundan sonra neçə görüşümüz olsa da, əsla ilk görüşü əvəz etməyəcək. Elə şairin özünün dediyi kimi “Hələ min-min belə payız gələcək, amma ki, bu payız qayıtmayacaq”... Musa müəllim Azərbaycan poeziyasının ən danılmaz və təvazökar simalarından biridir. Bu baharda da ziyarət etdim şairi. Ruhuyla bağlı olduğu doğma yurdu Buynuzda qarşıladı novruzu. Yurda bağlılıq Musa müəllimdə bir başqadır. Bənövşəsiz bir yazı olmaz. Elə mənim də ən çox sevdiyim güldür bənövşə. Poeziyası da bənövşə ətirlidir yaza vurğun şairin. Musa müəllimi mənə çox sevdirən əsas xüsusiyyətlərindən biri də bənövşə kimi təvazökar olmasıdır...

Qarşıdan 80 illik yubileyi gəlir “Təbiət filosofumuzun”.. Elə təbiət gözəli İsmayıllının da yaranmasının 85 illiyidir- cəmi 5 yaş kiçikdir Vətəndən Vətən ruhlu şairimiz. Demək ki, elə Vətən boyda, Vətən yaşdadır Vətənə Sözdən heykəl ucaltmış Söz korifeyimiz!.. Musa Yaquba Vətən torpağı kimi möhkəm olmağı, torpaq qədər zəngin və əbədi ömür arzulayırıq. Qoy şairin Vətən sevgisi bitməsin, tükənməsin! Vətən torpağı da sevinir ki, belə dahi yetişdirib. Şair söhbətində də qeyd etdi ki, “Mənim bu cür şair olmağımda İsmayıllı təbiətinin rolu əvəzsizdir. Dəyərli ziyalımız, Musa Yaqub poeziyasının və şəxsiyyətinin pərəstişkarı Xeyrulla Ağayevin dediyi kimi “Süleyman peyğəmbər quş dilini bilirdisə, Musa Yaqub təbiətin, gül-çiçəyin, dağların- daşların dilini bilir, təbiət dilinin tərcümanıdır insanlar üçün”. Poeziyası da təbiətə bənzəyən “Ömrümün həştadındayam” deyən şairimizi 80 Zirvəsində ürəkdən təbrik edir, poeziya vurğunlarını, çoxminli oxucularını yeni ədəbi Söz çiçəkləri ilə sevindirməyi arzulayırıq...

“SOYUQ BULAQ”da İSTİ SÖHBƏT...

Nəhsə son qoyduğum gün…

Şairlə söhbətimiz ayın 13-də baş tutdu, xalq dilində desək- nəhs gündə.., ancaq yaddaşımda nəhsə son qoyan gün kimi əbədi həkk olundu məni təbiət qədər zəngin və əzəmətli Söz dünyasına aparan bu qeyri-adi gün...

Ü.N.- Sizi görməyimə çox şadam Musa müəllim! Məqsədim sizi görmək, sizinlə söhbət eləmək, danışmaqdı- sizin dərin, zəngin, gözəl poeziyanızdan sönbət açmaqdır. Əslində istərdim- siz danışasınız, mən dinləyəm. Sizin hər sözünüz, hər kəlməniz özü bir poeziyadı, şeirdi. Fikirləşirəm ki, sizə nə qədər suallar versəm də, cavab alsam da- elə sizin poeziyanız həm sualdır, həm cavabdır. Poeziyanızı çox sevirəm. Yeganə şairsiniz ki, poeziyanızı ruhuma belə yaxın bilirəm. Yazdıqlarınız hamısı adamın içindən gəlir, sanki özüm yazmışam bu şeirləri, siz sadəcə qələmə almısınız o hissləri. Pərəstiş edirəm poeziyanıza, hər mövzu var sizdə- fəlsəfə, sevgi də var, mübarizə, həyat fəlsəfəsi, vuruşma da var, savaş da var- barış da var. Sizə təbiət şairi desələr də- deyərdim siz HƏYAT şairisiniz. Sizi hamı eyni cür dərk edə bilməz- dərindən dərk edə bilsəydilər- bu poeziyanın ucu haralara gedib çıxa bilərdi, bəlkə də adi insan buna qadir deyil….

M.Y.- Şeiri başa düşmək elə şairlə yarılıqdir. Başa düşmək dedikdə- o hissə girmək çətindir. Hamı başa düşə bilir, ancaq onu kapilyarlarıyla, xətləriylə şeirə girə bilmir, sevə bilmir. Hisslər üst-üstə düşəndə elə bilirsən bu şeiri sən özün yazmısan- bu çox qəribədir…

Ü.N.- Bu dünya vəfasız gözələ bənzər,

İşi kimə, kefi kimə qalıbdır.

Kəpənəklər üçün oyuncaq çiçək

Arını gör necə işə salıbdır…

Bu misraların fəlsəfəsini duysam da, açması çox dərindir…

M.Y.- Çox qəribədir ki, bunlar çox sadə şeylərdi. Hamı görür onu, adi müşahidədən doğur. Bir misal çəkim. XIV əsrdə Saib Təbrizi deyir:

Bir qədəh badə ilə könlümü açmaq dilədim,

Bilmədim ki açılmazdır düyün islansa əgər…

Yəni istədim ki, badə ilə könlümü açım, daha bilmədim ki, badə ilə düyün açılmır, daha demir ki, könlüm düyün bağlayıb. Bu da çox güclü müşahidədən doğub. Saibin 6 yaşında olanda anası deyir ki, get buzovu aç gəlsin anasının altına, gedir o, yer şeh, çomağı islanıb, islaq düyünü aça bilmir, anasına deyir ki, bir buzovun düyününü aça bilmədim.. 40 yaşında yada düşür ki, o düyün açılmadı axı.

Yəni müşahidə özünəməxsusdu. Göyçay çayı həmişə bulanıq olurdu, bir bulaq vardı- qadınlar gedib çiyinlərində səhəng bulaqdan su gətirirdilər, zəy vururdular ki, durulsun bu su. Sel gələndə düşürdülər çaya, orda bir damcı su çökür torpağa, 2 metr o yanda durulub çıxır üzə.. bəli- bu da müşahidələrimdi- poeziyama ayaq açdı.

Orda bulanıq su hopur torpağa,

Burda çıxır üzə dönür bulağa.

Hələ vaxtımız var durulmağa..

Torpaq çox qəribə şeydi- həm bulandırır, həm duruldur. Dünya üzündə bu dağlar var- bax elə bizim Babadağdan milyon illərdi bu çaylar- Dəmiraparan, Göyçay, Girdiman, Axox, Ağsu və başqa çaylar daş gətirir, daşınır, elə o dağdan da böyük binalar tikilir, ancaq dağlar qurtarmır ki qurtarmır... Heç dağlar bircə santimetr kiçilibmi, alçalıbmı ya azalıbmı?. Yox, bax bu çox qəribə sirdi. Niyə qurtarmır bu dağlar, bu qum? Bunlar hikmətdi. Bu hikmətləri başa düşəndə hiss edirsən, poeziya belə yaranır. Poeziyada da elə hikmət olmalıdır ki, söz rəng götürsün. Söz ta qədimdən, Füzulidən keçərək söz həmən sözdü. Dilimiz elə gözəldir ki, hər cür rəng götürür. Hər cür sözü deyə bilirsən- təki fikrin olsun, təki ideyan olsun, hoqqabazlıq etməyəsən. İndi bəziləri hoqqabazlıq edirlər sözü dəyişdirirlər ki təki başa düşülməsin. “intellektual səviyyəli” olsun desinlər. Kəpənəklər üçün oyuncaq çiçək… bax gecə gündüz arılar hey vuruşar-vuruşar- ancaq indikilər qarışdırıb deyirlər bu da sözdür. Xalq yazıçımız Əbülhəsən bizə deyərdi, siz danışmayın, siz ancaq şeir yazın, şeir deyin… (Musa Yaqub əyləşdiyi stolun tərpəndiyini görüb “Hər yerimiz oynayır, stolumuz oynamasın barı...” deyib araya bir incə gülüşlə rahatlıq və sərbəstlik gətirdi)

Ü.N. A baxışı kobud, o tərəfə bax,

Zərif hisslərimə heyfim gəlir.

Hansı hisslərdən qaynaqlanaraq demisiniz bu sözü?

M.Y.. İnsan çox qəribədir. Allah nə qədər möcüzə kimi yaradıb ki insanı, bir barmaq cizgisində fərqlənir hami, barmaq izləri bir-birinə bənzəmir, bu insan xarakterində var ki, bənzəmir başqasına. Xarakterlər də düz gəlməyən adamlara baxanda könlüm qana dönür.

Ata, bir barmağın cizgisində dönür yada.

Bəli.. İnsan Tanrının yaratdığı ən böyük möcüzədir. Belə gözəl bayatımız var.

Əzizinəm min qandı,

Min qadadı, min qandı,

Kəbə yıxmaq bir evdi,

Könül yıxmaq min qandı.

Kəbə çox müqəddəsdi- milyardlarla insanın inam bəslədiyi məkandı, ona toxunmaq olmaz, amma könülə dəymək ondan da ağırdı. Bax, baxışı kobudlar da var dünyamızda, paxıllar da, baxanda eşitməsən daha yaxşı olar, üzünü çevirəsən ki, görməyəsən o baxışları. O şeirin mənası da içindədir. Kimə deyilir, nəyə deyilib- bu çətin məsələdir. Bəzən mənə sual verirlər- filan sevgi şeirin kimə həsr olunub, məkanı hardan götürülüb, ünvanı kimdir? Çətindir bunu demək. Fotoqraf şəkil çəkir- kim necə varsa elə düşür, rəssam isə hissini, duyğunu çəkir. Şair də belədir. Birini sevir, bir adama sevgi duyur, ancaq o hissi insanların üzündə çəkir, sevdiyinin üzündə çəkir. İlk məhəbbət şimşək kimi bir şeydir, çaxır, vurur, o dünya üzündə o baxışı heç tapmayacaqsan. O bir də çaxmayacaq….

Bitməyəcək solan çiçək,

Yaz o xəzəli ayıltmayacaq,

Düzdü, min belə payız gələcək,

Amma heç bu payız qayıtmayacaq…

Payızdı da, tale, baxışla seçilən şeydi, çətindi fərqləndirmək. Kobud baxışlar- bəlkə də ona xoşdu bu baxış, amma mən istəmirəm onu, istəmirəm incə hisslərimə toxunsun, könlümü qırsın, duyğularımı, inamımı qırsın. Paşa Qəlbinur deyir ki “ümid insanın gözlərinə çox fayda verir, nur gətirir”. Böyük məna var bu fikirdə. Bir şeirim var.

Yağış deyiləm yağışlanam,

Böyük fikirlərlə müdrikəm, pirəm…

Ümidsiz olanda balalarım da

Birdən gözlərimdə yazıqlaşırlar…

Ümidsiz baxanda xal balaca görünür, ümidlə baxasan gərək dünyaya..

Ü.N.- Ümidsiz olmarıq yəqin ki., ümid sarıdan dünyanın zənginləriyik...

M.Y.- Müharibədən çıxdılar, hər şey dağılmışdı. Insanlarda ümid vardı, gecə-gündüz bu ümidlə çalışdılar, qurdular, yaratdılar və bizi gözəl günə çıxartdılar. Hamı bərabər idi. Bir tikə çörək sən də tapırdın, o da. Ümid qırıldı getdi. İnsanlar indi baş kəsirlər, gedib müsəlmanların Peyğəməbərin məzarına sataşırlar. Ümidsiz insanlar, “nə edim, necə edim” deyən insanlar, ümiddən doymuş insanlar çoxalıb, nifrəti, kini duymuş insanlar- çox çətindi, niyə bu belədir. “Dağdağan” şeirimdə dediyim kimi- dağdağanın yarpağı dərmə-deşikdi, baxıram yazığım gəlir ona, əvvəllər qadanı-gözü qaytarırdı, az idi belə baxışlar, indiki vaxtda gülləyə dönüb, bombaya dönüb, nifrətə-kinə dönüb, təyyarəyə dönüb- axı sən bunlarla bacarmazsan ay dağdağan ağacı…. Çox dəyişib indi dünyamız.. əvvəllər poeziya əsl poeziya idi, indi isə iqtisadi poeziya, maddiləşmiş poeziyadı.. Poeziya ancaq fikir qanadı- məhəbbət, hiss. İndi yol qırağında quş satmağa icazə verirlər, kitab satmağa yox.. Belə şey olarmı?!.. Kitab daha çox reklam olunmalıdır, nəinki digər lüzumsuz şeylər. Reklamı yox, bir deyəni yox, fərqləndirəni yox, qiymət verəni yox.. Deyirlər biz o kitabları oxuyub qutarmışıq. Onları oxumuşuq- təzəsini yazın oxuyaq.. Nə deyim, çox çətindi poetik hisslərin içində., bunların içində sən öz dünyanı yaradasan. Süleyman Rəhimov deyirdi ki, “bala, zərər yoxdu, məni tədbirə dəvət etmişdilər, dedilər gəlməsən də olar?!”.. gərək yaradıcı əhval- ruhiyyəni saxlayasan, enməyəsən adamlar səviyyəsinə, yaratdığı ağacda qalmağı bacarasan, o auranı saxlamalısan. İndi şairlər var ki, imkanları var, TV-də 1-2 şeir deyir ki, dünyada məndən yaxşı şair yoxdu.. Mənə sual verirlər “doğrudanmı, onlar bilmirlərmi ki, zəif şairdirlər?”.. Deyirəm “yox, bilmirlər, onlar elə bilir ədəbiyyat elə bundan ibarətdir”. Gərək o məqamda olasan, o məqamda ucalıb o məqamı görəsən ki, o məqamdan baxa biləsən sənət nə deməkdir. Yüngül baxsan səni o tərpətməz. Ürəyinin ən dərin guşəsində bəslədiyin hisslər, sevgilər, məktublar- onda məhəbbət tam başqa şeydi. Yəni heç olmasa məktubun özünü ürəyin əsə-əsə yazmısan, ürəyin yumşalır.., kimə verim, kim aparsın, gözləyəni var- necə verim?.. İndi isə dağılıb bu hisslər, telefonla həll olunur hər şey.. “Sevmirsən, heç sevmə, cəhənnəmə ki”... budur indikilərin sevgisi... Burda hisslər varmı?.. O hisslər insanın əlindən alınıb... elə axşamacan keflə məşğul ol, çal, oyna, dur., görürsən şənlikdən gəlir.. bu da bezdirir adamı, qədərini bilmirlər.. Bəzi şeylərdə biz Sovet hökümətinin qədrini bilməmişik. Ayrıca onun dövlət siyasəti olaraq yol açmaq fikri vardı, vətənpərvərlik dünyası vardi ki, bunu belə eləyin. Katiblərdən biri ideoloji işə baxırdı, biri iqtisadiyyat işinə. İndi hamısı ixtisara salınıb. Indi nəfskarlıqdı, neçə vəzifəni zəbt eləyib, neçə ad alacaqsan. Heç özünü sevmək qədər dünyada əclaf şey yoxdu- ancaq özünü sevmək, və hər şey özü üçün.. İndi dünyada bəzən elə yazılmamış qanunlar işləyir ki, xalqın burda duyğusu yoxdu. Gərək bu ağrılar ürəyindən keçə ki, bunu duyasan ki, o sözü deyə biləsən.. Kor olmuş hisslər var, o vuruş da, o sevgi də, o duyğular da hamısı onun içində... İndi biraz maddiləşib poeziyamız, kim onunla yaşayır- yaşaya bilir...

O vaxt ədəbiyyat günləri olanda Türkiyədən böyük yazıçı Yaşar Kamal gəlmişdi, dedilər onun papaq dükanı var Türkiyədə. Hamı məəttəl qaldı ki, yazıçı, şair nədi- alver nədi, papaq nədi?.. elə şey olar?? Ancaq indi papaqsız-dükansız yaşamaq mümkün deyil, elə şair üçün də, hamısı üçün də. İndi belələri öyrəşib gəlib meydana.. ən böyük bədbəxtliyimiz budur, nələrlə vuruşuruq?!..

Ü.N.-Amma SÖZ yenə gedir..

M.Y.- Bəli.. Söz yenə gedir... Xəqani 900 ildir gəlir..., bütün müharibələrdə, bütün vuruş- savaşlarda, bütün döyüşlərdə, bütün formasiyalarda Xəqani yaşayıb və gəlib bu günə çıxıb.. Əgər bu şeir olmasaydı:

Başdan başa xəstə və yorğun, hünərim yox.

Yonqar kimi yonmuşların dövranıdır, xəbərim yox.

Bu poetik dünya olmasaydı gələ bilməzdi.. Poetik söz yaşayır. Bir az o birilər, Tofiq Bayram demişkən- “şair zəif olanda oxucu şairləşir”, doğrudan da, zəif şairin oxucusu deyir ki, bunu mən də yaza bilərəm., ancaq bu gün onun kitabı daha çox təbliğ olunur, daha çox deyilir, və ona görə yaxşı pisə elə qarışıb ki, onları seçmək çox çətindi. Düz təbliğat lazımdı. Belə şeylər çox ləngidir poetik sözün ahəngini.. ağırdı. Çox ağırdı belə şeyləri yaşamaq....

SAVABA GÖRƏ CƏHƏNNƏM ÇƏKƏN ŞAİR...

Ü.N.- Çox şairləri oxumuşam, poeziya həvəskarıyam, onunla nəfəs alıram, hər şeyi poeziyada axtarıram, hətta bədbinləşəndə, ruhsuzlaşanda, özümə qapananda belə poeziyada özümə təsəlli tapıram, şeirlərə köklənirəm, bu yolla özümə qayıdıram. Çox şairləri oxumuşam, elə dünya şairlərini də, Azərbaycan şairlərini də. Yenə deyirəm ki, Musa Yaqub poeziyası əvəzsizdi, bənzərsizdi, təkrarsızdı, yoxdu sizdən., bəlkə də hər adam bunu anlamır, dərk eləmir. Ancaq mənə elə gəlir ki, zaman gələcək mənim kimi 2-3, neçə-neçə adam anlayacaq ki, sizin poeziyanız insanı həyata döndərən poeziyadır, yəni həyatı o qədər gözəl təsvir edirsiz ki, məni bədbin halımda geriyə- həyata qaytardı poeziyanız.. “Nanə yarpağı” ən sevdiyim kitablardandı ki, ən gözəl şeirləriniz orda cəmləşib, (əslində sizin pis ya zəif şeiriniz yoxdu).

Bəlkə də birinci müsəlmanam mən,

Cəhənnəm çəkirəm savaba görə.

Allahım heç sənə əzab verməsin

Sən mənə verdiyin əzaba görə...

Sizcə insanlar real həyatda savaba görə cəhənnəm çəkirlərmi?..

M.Y.- İndi daha çox çəkirlər bunu.. Cəhənnəm deyirlər.. Hələ deyirlər Qiyamət olacaq- deməli hələ cəhənnəm də boşdu, cənnət də. Bilmirəm bu dünyasını dəyişənləri hələ harda saxlayırlar?!.. Hələ Sırat körpüsündən keçməyiblər. Peyğməbər durur müsəlmanların yanında, ... savab tərəfə atır ki, günahı az olsun müsəlmanların... hələ ki çəkilməyib Sırat körpüsü...keçilməyib də.. Doğrudan da, insan elə cəhənnəmi bu dünyada görür. Məsələn, haqsız işləri görürsən.. onun çörəyini verirsən, suyunu verirsən, elə bilir ki, doyur, dəyişir... Insanın xisləti çox mürəkkəbdi.. İndi o cəhənnəmi çəkirlər.. mən də çəkmişəm. O məhəbbət şeiridir, həm də tək sevgi şeiri deyil.. “Özünü öyrətmə belə”- bu da eyni.. bu cəmiyyət bizi cəhənnəmə salır. O qadına əzab verməyini istəmərəm, ancaq Allah-Təalla o adama əzab versin ki, bizə bu əzabı verir., bircə bu fərq var.. Bəli, Həqiqətdir bu, mən də çökürəm, sən də çökürsən, çünki insanlar ayılandan sonra bir-birinə çox zülm edirlər. Misir kimi böyük tarixi olan dövləti ələ salmaq olursa- hər şey etmək mümkündü...Yəni bu məna da var....

Ü.N.- “Özünə öyrətmə belə”- çox populyar şeirdi, hər yerdə yayılır, sevilir, sosial şəbəkələrdə ən çox sevilən şeirlərdəndi.. bir çox müsahibələrinizdə də o barədə sizə çox suallar ünvanlanır. Siz dediyiniz kimi, mən də o şeirə ümumi anlamda yanaşıram, ana-bala da öyrəşir bir-birinə, bacı-qardaş, insanlar hamısı yaxın olduqca öyrəşir... ancaq sonra ayrılmaq...

Yox buna taqətim, yox buna tabım.

Əlini əlimdən üzmək əzabım,

Sonra bu əzaba dözmək əzabım...

Sizi çox mütaliə etdyimdən şeirlərinizi geniş anlamda anlamağa çalışmışam. Təkcə sevgi fəlsəfəsindən yox.. hərçənd sevgi fəslsəfəsi də özü də çox dərindir- həyatda sevgisiz yaşamaq olmur. Sizin müsahibələrinizdən oxumuşam ki, sizin də elə sevginiz olub, hətta şeirləriniz də var

Qış olub üstümə niyə gəlmisən?

Ağlayan hirsimi soyutmağamı?

İncik ürəyimi uyutmağamı?...

M.Y.- Bəli, olub.. Bəlkə də sevgi deyil heç, münasibət şeiridir.. Sevgi şeirləri tam ayrı olur- təmiz, şəhvətdən uzaq.. Sevgi şeirləri çox azdı, lap az.. ağırdı əsl sevgidən yazmaq... ona da yazılan şeirlər də olub, ancaq bütövlükdə sevgi şeirləri deyil, təsirlər də olub- o misraların içinə hopub duyğularım- Qar yaddaşım kimi, xınalı daşlara çilənib qalan qar yaddaşı kimi-çox hopub, ilk sevgim hopub əksər şeirlərimə.., “Əzablar”da da o var. İlk sevgim bütün şeirlərimə səpələnib.. Qəribə hiss var- əgər sevgidən, həyatdan doymamısansa, sevgi səni doydurmayıbsa- istənilən yaşda, lap 50-60 yaşında da o dirilə bilər. Məsəl deyirlər, “utanmır ee, yekə kişidi, filankəslər, qadın-kişi sevirlər bir-birini”.. İnsanın hissi doymalıdir, yəqin ki, o doymayıb.. O- sevgidir, şəhvət deyil.. O, çox nadir hallarda baş verən bir sevgidir. Payızda qızılgüllərin solmasıyla müqayisə eləmişəm belə sevgini, solub, ancaq nə vaxtsa yenə bitəcək, çiçək açacaq, dəxli yoxdur nə vaxt...

Ü.N.- Sevgi günaha çevrilə bilərmi?

M.Y.- Ən böyük günah bilirsənmi nədir?.. Bax- sevirlər, istəyirlər, ata-ana sevinir, hamı sevinir, hamı gəlir nişan, toy... 1 il sonra ailədə nəsə baş verəndə- məsləhət vermək istəyəndə deyir ki, “qarışmayın, biz azadıq, özümüz bilərik”.. əgər sən özün biləcəkdinsə özün tək gedəydin, bizi, ata-ananı niyə elçi aparırdın?. Toya niyə bu qədər adamı sevgi-ailə şahadlığına niyə yığırdın ki?. Biz onların şərikləriyik, sən bizi pərt eləyirsən, bizi öldürürsən, o mənada günahı var sevgilərin, daha çoxdu, günah ucbatından ayrılırlar. Hamının içində bir günah var... Bir günah sənindir, bir günah mənim..

Ü.N.- Bayaq qeyd etdiniz ki, insan 50-60 yaşında da sevə bilər. Bəs o sevgi günah deyilmi?

M.Y.- Yox, mən belə hesab etmirəm. Əgər tərbiyədən, adət-ənənədən, milli dəyərdən çıxmırsa- günah deyil. Əgər qadının başqasına mehribanlığı dəyişirsə- əlbəttə, günahdı. Dəyərlər qorunmalıdır. Belə şeylər çox olubdu. O da bizim dəyərlərə oxşayır. Avropada bu hisslər daha çoxdu, onlar 2-ci kəbini kəsmirlər. Sevirlər, ayrılanda da ayrılırlar sadəcə, göydə sanki, münaqişə yaratmırlar, çünki onlar maddi cəhətdən bir-birinə bağlı deyillər. Kəbinsiz sadəcə yaşayırlar. Biz müsəlmanlarda niyə kəbin kəsirik? Bu həm də maddiyatla da bağlıdır, kəbin daha çox maddiyat üçündür ki. bir-birinə bağlasın.. Bu da günahdır. Avropada isə görürsüz ki, kəbin yoxdu əsasən- əvvəli var, sonu yoxdu. Biz də onlar kimi eləsək- biz günah işlətmiş olarıq.

Ü.N.- Hər zaman qeyd edirsiz ki, haranı gəzsəm də, İsmayıllı təbiətinin bənzəri heç yanda yoxdu. Çox yeri gəzmisiniz, amma doğma yurda bağlısınız. Bilirik ki, şairlik ruhunuzdadır, harda olsanız da yazıb yaradacaqsınız, amma İsmayıllı torpağının, Buynuz təbiətinin, yaşadığınız bu məkanın sizin şairliyinizdə rolu nə qədərdi, bəlkə elə təbiət ruh verir sizə?

M.Y.- Yaradıcılığımın hamısı təbiətə bağlıdır.Bax burda oturmuşuq, bu ağaclar, bu təbiət mənim ədəbi qəhrəmanlarımdı, çoxları, elə siz də vurğuladınız ki, təbiət şairiyəm, doğrudu, mən təbiətin şairiyəm, mən təbiəti sadəcə təsvir etmirəm, öz fikrimi, duyğumu onunla bölüşürəm, ağac da, insan da əslində ömrüdə-gündə eynidi, ağac da bir yerdə bitir, mən insanam, nəfəs alır, susaya bilir, xarakterləri eyni şeydi, yəni onu insanla uyuşdura bilirəm, ona görə fərqlənir poeziyada.

Mən yol gedəndə Muğanlıdan keçirəm, orda bir kənd var. Gözəl təbiəti var, hər payız ora gedirəm, qəlbim titrəyir, 10-15 şeir yazıram..

Ü.N.- Tülkü, dilin qurusun, ağzın çürüsün

Bizim toyuqları aparan yerdə..

Tülkü toyuqları aparanda belə yasnamə yazmışdınız. Anamgilin toyuqlarını tülkü hamısını aparmışdı. Anam çox məyus idi, doluxsunub, həm əziyyəti zay olmuşdu, həm də toyuqları çox istəyirdi.. Baxdım anama, ürəyim ağrıdı, bilmədim necə təskinlik verəm, gəlib evdən kitabınızdan bu şeiri oxudum.. İnanın ki, bu şeiri dinləyəndən sonra anam qəribə bir rahatlıq tapdı. O da gənc yaşlarından sizin poeziyanızın pərəstişkarlarından olub. Müsahibələrinizdə həmişə başqa şairlərdən misallar, nümunələr gətirirsiz, sanki onları ucaldıb öz poeziyanızı kiçildərək danışırsınız, bunu duymuşam, sanki siz özünüzə kifayət qədər dəyər vermirsiniz, qədrinizi bilmirsiniz, halbuki o sitat gətirdiklərinizdən sənətiniz qat-qat yüksəkdədir, hər halda mən belə düşünürəm, mən bir oxucu kimi bilirəm ki, poeziyanız hansı qatda dayanır. Necə düşünürsünüz- indiki zəmanədə xalqımız sizə və poeziyanıza lazımi qədər dəyər verə bilirmi?..

M.Y.- Mənim ilk poemam 1958-ci ildə çıxıb, çox böyük idi- 1300 misradı, “Azərbaycan gəncləri” qəzetinin 4 nömrəsində çap olundu, böyük əks-səda doğurdu. Kənd həyatından bəhs edirdim. Mən ondan sonra 2 il bir dənə olsun şeir yaza bilmədim, nə qədər yazsam da biri də çap olunmadı. Yəni tapa bilmirdim, təcəzə poeziyaya gəlirdim, məhəbbət poeziyasına gəlirdim, mənim gördüyümü heç kim görə bilmirdi. Bax bu İsmayıllı təbiəti məni özünə bağladı, şair elədi. Həmişə sevinmişəm ki, Babadağa çox yaxınam, ziyarətə gedirəm., baxıram- xəyallara dalıram.. bunlar hamısı təbiətdi, poeziyamdı..

Qədirbilməkdən deyirsənsə- çox razıyam. Millətimdən, xalqımdan çox razıyam, məni çox seviblər, dəyərləndiriblər...

HƏM YANAN, HƏM YAMAN ŞAİR...

“Məni bu alaçıqda saxlayanım var”..

( Musa Yaqub “Məni bu yaraşıqda saxlayanım var” şeirini deyib, xəyala dalır, baxışları çox uzaq bir məchul nöqtəyə zillənir)..

Məni poeziyam saxlayıb bu görkəmdə, məni poeziyam yaşadıb... Bir xanım gəlir Məhəmməd Hadinin yanına ki, “mənə bir şeir yazın satın”. “Mənim şeirimin ümidi, qanadı yoxdu, neynirsən şeirimi, qanadların sınar. Mən elə ümidli şeir yazmamışam ki, sən onunla fəxr edəsən, sən Allah, sənə şeir satmayacam. Ürəyinlə, könlünlə necə sevirsənsə - elə sev”.. Uşaq çantası əlində gəlir ki, “Hadi əmi, mənə bir şeir yaz”. Şair deyir “Bala, sənə şeir yazanmaram, sənin ahından qanadların od tutub yanar, get a çantası belində, yazıqsan, safsan, get nura tərəf sən Allah, sənə təsəlli verəcək şeirim yoxdu”... Sonra bir boynu yoğun gəlir Hadinin yanına deyir “Hadi, al bu pulu, mənə bir şeir yaz”. Hadi gülür deyir “Sən şeir qanmazsan, milyon da versən sənə şeir satmaram”. Boynu yoğun bilmir axı şeir nədir?. O kef üçün istəyir şeiri. Şeir kef üçün deyil, şeir yaşam üçündür, həyat üçündür. Şeir dərk etmək üçündür...

Məclis, xoş və səmimi ünsiyyət həvəskarı Musa m qədəhinə süzülmüş arağa baxıb zarafatından da qalmadı:

- Mənim araq içməyim durnanın boşqabdan dovğa içməyinə bənzəyir.. (gülür) Həmişə içən olmuşam. İndi səhhətimlə bağlı biraz azaltmağa “məcbur olmuşam”.. ( Şair bu arada yenə incə yumorundan istifadə edib bizi güldürdü.. Bir neçə il əvvəl arağı tərgidib çaxır içməyə başlamasından, çaxırla bağlı “macəralarından” danışdı.. deyir o vaxtlar dostlarımdan biri mənə sual verdi ki, araqdan çaxıra keçməyin mənası nədir?”- dedim ki, 70 il araq içmişəm, bir 50 il də çaxır içim görək nə olur?!.... ( gülüşürük)..

QARA DAŞI GÖYƏRDƏN ŞAİR..

Söhbətimizi davam etdirmək üçün Şairin Buynuzdakı həyətinə getdik. “Qara daş”ın yanına tələsirdim. Çox arzuladığım bu daşı görəndə qəlbimi qəribə hisslər bürüdü, özümü nağıllar aləmində hiss etdim.. Kitablardan, şeirlərindən, qəzetlərdən oxuduğum əfsanəvi Qara daş bir yanımda, bu əfsanəni yaradan Şair bir yanımda. Bəli- əfsanəylə onu gerçəkləşdirən SÖZ arasındaydım... Deməli- nağıllar, əfsanələr həqiqətə çevrilə bilərmiş, gerçəkləşə bilərmiş. Bəli- Musa Yaqub özü də gerçəkləşmiş bir əfsanədir, göz önündə gördüyümüz, müasiri olduğumuz, “Qara daşı” göyərdən SÖZ əfsanəsi...

İsti poetik söhbətimizi davam edirik “qara daş” masasında.. və diqqətlə baxanda gördüm ki, qara daşlar göyərib.. “Qara daş” memarı şair baxışımdakı heyrət dolu sualı duyub dərhal cavab verdi “Qara daş yaxşı insanları görəndə göyərir.., indi də göyərib”. Deməli, şair qara daşı da göyərdə bildi Sözünün, qəlbinin hikmətiylə, poetik oduyla...

Bax beləcə Musa Yaqub xarakterinə xas səmimi və xoş zarafatlarla ilk söhbətimizə nöqtə (əslində vergül) qoyduq... Söhbətlərimiz davam edəcək.. elə 80-dək də.. 80-dən sonra da... 100-də də... və Zaman gələcək, Nizami, Xəqani, Nəsimi, Füzuli, Sabir, Hadi kimi Musa Yaqub adı da klassiklər, Söz korifeyləri sırasında çəkiləcək.. və ona, onun poetik söz çeşməsinə müraciət edəcəklər- təkrarsız poetik xəzinə kimi... Mənim üçünsə Musa Yaqub Söz dünyasının fətholunmaz Zirvəsi olaraq qalacaq hər zaman- Şeirimizin Babadağı kimi...

ÜLVİYYƏ NİYAZQIZI


Baxış sayı - 2 394 | Yüklənmə tarixi: 01.05.2017 13:01
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031