manera.az
manera.az

Yüz ilin yalanı və həqiqətin 100 yaşı

Hocabəy İhsan Doğramacı fenomeni - Türk İnsanının hüdudsuz qüdrətinin və ölçüyəgəlməz humanistliyinin sübutu, qondarma “erməni soyqırımı”nı tanıtmaq istəyənlərə qarşı qoyulası aşkar dəlildir

Yüz ilin yalanı və həqiqətin 100 yaşıErməni təbliğat maşını uydurma soyqırım məsələsinin yüzüncü ilini daha hay - küylü keçirməkdədir. Dünya ictimaiyyəti bu apreldə qulaqlarını çox möhkəm tıxamalıdır ki, var gücü ilə çığırıb həqiqəti boğmağa uğursuz cəhd edən erməni yalanının təsirinə duruş gətirsin. Hərçənd, sözdə “erməni genosid”ini tanıtmaq istəyənlərə qarşı qoyulası gerçək arxiv materiallarından başqa bir əsr yaşı olan daha bir Türk Həqiqəti də vardır - Hocabəy İhsan Doğramacı insanlıq nümunəsi. Bu örnək şəxsiyyətin apreldə qeyd olunan 100 illiik yubileyində cənnətməkan ruhunu şad etmək istəyində olan insanların sayəsində professor Məmməd Novruz oğlu Əliyevin (Məmməd Novruzoğlu) bir neçə il əvvəl işıq üzü görən “Hocabəy” kitabı bu dəfə rus dilində İsveçin paytaxtı Stokholm şəhərində nəfis tərtibatla nəşr olunmuşdur. Kitabın redaktoru Giya Paçxataşvili, tərcüməçisi Rəhim Əliyevdir.
Diplomat sənəti çox qədimdir. Diplomatik fəallıq Azərbaycan tarixinin müxtəlif dövrləri üçün səciyyəvidir. Ölkəmizin beynəlxalq münasibətləri tarixi dövlətimizin salnaməsinə şanlı səhifələr yazmış bir çox diplomatın adını özündə saxlamışdır. Azərbaycan Demokratik Respublikasının 1918 - ci ilin mayında Milli Şura tərəfindən təsdiq edilmiş birinci hökumətində ilk xarici işlər naziri M.H. Hacinski olmuşdur. Həmin il iyunun 4 - də Azərbaycan və Türkiyə arasında sülh və dostluq haqqında bağlanmış müqaviləni Milli Şuranın sədri M.Ə. Rəsulzadə və M.H. Hacinski imzalamışdılar. Bir millətin iki dövlətinin arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edən görkəmli diplomatlarımızın Fətəli Xan Xoyski ilə, Yusif bəy Vəzirovla, Cahangir bəy Əfəndiyevlə. Azərbaycanın Türkiyədə ilk səfiri İbrahım Əbilovla... davam edən siyahısında əlbəttə ki, professor Məmməd Əliyevin də mötəbər ismi keçir. Elmi, pedaqoji müstəvidə uğurları ilə tanınan Məmməd Novruz oğlu Əliyev 1992 - 2005 - ci illərdə Azərbaycan Respublikasının Türkiyədə, 2005 - 2009 - cu illərdə İspaniya krallığında səfiri olmuşdur.
Şübhəsiz ki, əlaqələrin inkişafı səfirliklər, səfirlər qarşısında yerləşdikləri ölkənin iqtisadi və ya mədəni tərəqqisinin ayrı - ayrı məsələlərini öyrənmək vəzifəsini qoyur. Söz yox ki, səfirin bu və ya digər xadimlərlə ünsiyyəti, yerləşdiyi ölkənin böyük şəxsiyyətləri ilə şəxsi münasibəti vacib əhəmiyyətə malikdir. Azərbaycanın Türkiyədəki ilk böyük elçisi İbrahim Əbilovun Böyük Mustafa Kamal Atatürk ilə yaxın dost olduqları məlumdur. Dövlətlərimiz arasındakı diplomatik əlaqələr tarixinin bu mühüm məqamını Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Azərbaycanın Türkiyədəki səfirliyinin yeni binasının təməlinin qoyulduğu 1997 - ci il 6 may tarixində çıxışında da xatırlatmışdı.
Belə parlaq nümunələrdən biri də professor Məmməd Əliyevin dünya şöhrətli alim - pediatr, Türkiyənin məşhur elm və ictimai xadimi, Türkiyə Cümhuriyyəti Ali Məktəb Rektorları Şurasının ilk sədri, maarifçi, xeyriyyəçi, Türkiyə - Azərbaycan Dostluq və Əməkdaşlıq Vəqfinin rəhbəri olmuş professor İhsan Doğramacı ilə dostluq münasibətləriydi. Gözəl qələmi ilə tanınan Məmməd Novruzoğlu bu dostluğa hələ professor İhsan Doğramacının sağlığında mükəmməl ədəbi abidə qurmağa başlamış, onun həyatı və fəaliyyətinə həsr etdiyi kitabı isə qəhrəmanının vəfatından (2009 - cu il) az sonra (2010 - cu il) işıq üzü görmüşdür. Bu səbəbdəndi ki, türk xalqının aydınlarının dərin ehtiram əlaməti olaraq ona verdikləri ləğəblə eyni “Hocabəy” adını daşıyan həmin kitabda prof.dr. İhsan Doğramacı haqqında söhbət indiki zamanda, sanki sağmış kimi gedir. Əslində insanlığa örnək və həmişəcavan olan, əsrlər boyu yaşayacaq, tərənnüm ediləcək saleh əməllərin sahibi, qudsal ideyaları, humanist arzuları ilə təkcə Türk Dünyasının deyil, bütün bəşəriyyətin inkişaf yoluna işıq salan fenomen şəxsiyyət haqqında bunca mükəmməl yazılmış kitabda vəfatının heç bir ili tamam olmamış felin keçmiş zaman şəklində söz açmaq qədirşünaslıqdan uzaq bir təhkiyə kimi qiymətləndirilə bilərdi. Çünki Hocabəyin millətə əmanət etdiyi mirasın verdiyi fayda haqda, təməlini qoyduğu cahanşümul işlərin vəd etdiyi perspektiv barədə həmişə gələcək zaman, özü də qəti gələcək zaman feli ilə danışmaq və yazmaq daha doğrudur.
Kitabın arxa üz qabığına yerləşəcək ölçüdə qısa təqdimatda müəllif öz qəhrəmanı haqda ən zəruru məlumatları verir:
...Dünyada tibb və təhsil çevrələrində HOCABƏY kimi tanınan Prof. Dr. İhsan Doğramacı uzun müddət Beynəlxalq Pediatriya Assosiasiyasının (İPA) İcra Komitəsinə və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİSEF) İcra Şurasına başçılıq etmiş, 1946 - cı ildə Dünya Səhiyyə Təşkilatının qurulmasına imza atmışdır. Dünyada tibbə, təhsilə, sülhə, mədəniyyətə böyük xidmətlərinə görə Professor Doğramacı dünya dövlətlərinin əksəriyyyəti tərəfindən 250 - yə yaxın orden - medallara layiq görülımüş, İngiltərə, Fransa, Almaniya, ABŞ, Yaponiya, Türkiyə, Azərbaycan, İsveç, Finlandiya da daxil olmaqla, 30 - dan çox ölkənin universitetinin Fəxri Doktoru, 25 - ə yaxın milli pediatriya cəmiyyətinin Elmlər Akademiyasının Fəxri Üzvü seçilmişdir.
Türkmənelinin Ərbil şəhərində zəngin və soylu bir Osmanlı ailəsində dünyaya gəlmiş İhsan Doğramacı ailəsində, Ərbil ibtidaiyyəsində, Beyrut Amerikan Kollecində, Bağdad, İstanbul tibb fakültələrində, Harvard və Vaşinqton universitetlərində mükəmməl təhsil gördükdən sonra , həyatını Türkiyədə müasir tibb vəı təhsil sistemi yaratmağa həsr etmişdir.
Hocabəy İhsan Doğramacı Türkiyədə siyasi partiyalar tərəfindən təklif edilmiş nazir, baş nazir, ölkə prezidenti vəzifələrindən imtina etmiş, alimlərin alimi, müəllimlərin müəllimi kimi qəbul edilən Hocabəy olmağı üstün tutmuşdur. Ailəsinin böyük maliyyə imkanlarını və istedadını səfərbər edərək, dünyada şöhrət qazanmış Hacəttəpə və Bilkənt universitetlərini qurmuş, ölkəsində ən müasir tələblərə cavab verən tibb və ali təhsil sistemini yaratmışdır.
Həyatda ikən Türkiyədə, Azərbaycanda heykəlləri, büstləri qoyulmuş, adına İhsan Doğramacı beynəlxalq mükafatları təsis edilmişdir. Hocabəy dünyanın ən xoşbəxt insanı idi. O, öz həyatı ilə isbat etmişdir ki, həqiqi xoşbəxtlik böyük vəzifələrdə, böyük var - dövlətdə deyil, insanlara, insanlığa xidmət edərək, onların sevgisini, dərin hörmətini qazanmaqdadır.
Hocabəy həqiqi xoşbəxtliyin yolunu - formulunu kəşf etmişdir. Əsil xoşbəxtliyin almaqda deyil, verməkdə olduğunu göstərmişdir. O, malik olduğu hər nəyi varsa - biliyini, zamanını, enerjisini, var - dövlətini millətinə, insanlara verməklə həqiqi xoşbəxtliyə nail olmuşdur.
Pediatriyada olduğu kimi, iqtisadiyyatda da dahi olan Hocabəy İhsan Doiğramacının ailəsinin maddi imkanları ilə qurduğu fondlar və yaratdığı Bilkənt holdinq vasitəsilə Hacəttəpə, Bilkənt universitetlərinə, başqa təşkilatlara və şəxslərə indiyə kimi etdiyi yardım 6 milyard dollara yaxındır.
İbadət kimi çalışan, çalışaraq dincələn, liderlik - təşkilatçılıq dahisi olan Hocabəy İhsan Doğramacı son dərəcə təvazökar, comərd, vəfalı, yaradıcı, dostcanlı xarakteri ilə, şəxsiyyəti ilə, sözün tam mənasında gənclərə, insanlara, insanlığa örnək olmuşdu...
XVII əsr ispan mütəfəkkiri Baltasar Qrassian “Kamillik elmi” fəlsəfi traktatında görkəmli ərlərin qarşılıqlı rəğbətinə belə tərif verib: “Qəhrəmanla dostlaşmaq qəhrəmana xas xüsusiyyətdir. Bu sirli və gözəl xüsusiyyət təbiətin möcüzələrindən biridir. Ürəklərin və xarakterlərin oxşarlığı mövcuddur. Rəğbətin başlanğıcı hörmətdir, sonra bu, artaraq heyranlığa, axırda isə bağlılığa çevrilir. Rəğbət olan yerdə nəyə isə inandırmaq üçün sözə, əldə etmək üçün isə zəhmətə ehtiyac yoxdur. Rəğbətin iki - məlum və məchul növü vardır, hər ikisi yüksək ruh üçün xoşbəxtlikdir. Rəğbəti hiss etmək, duymaq, anlamaq, fərqləndirmək və qazanmaq böyük məharət tələb edir. Belə əsrarəngiz meyl öz - özünə yaranmasa, heç bir inadlı səy onun yaranmasına kömək edə bilməz”.
M. Novruzoğlunun Hocabəyə olan rəğbətinin kökündə duran birinci səbəb əgər hamıda simpatiya oyadan və hər yerdən görünən həqiqət - İhsan Doğramacı fenomeni idisə, digərləri də vardı: Xüsusi qeyd etməyə dəyər ki, müəllif də, qəhrəmanı da alimdirlər. Təsadüfi deyildir ki, M. Novruzoğlu Hocabəyin elmin, təhsilin, maarifçiliyin inkişafına göstərdiyi təmənnasız xidmətləri təqdim etməklə yanaşı, prof.dr. İhsan Doğramacını Nobel mükafatı laureatı, lazerin yaradıcılarından olan akademik Alfred Kastlerlə, serb ixtiraçısı Nikola Tesla ilə müqayisə edir, onların oxşar və Hocabəyin xeyrinə olan fərqli cəhətlərinin altını cızır.
Rəğbət doğura biləcək başqa bir xüsusiyyət mahir diplomat olan M. Novruzoğlunun eyni müstəvidə Hocabəyin də diplomatiya məharətini alqışlamasıdır. Siyasətə qarışmasa da, Hocabəy İhsan Doğramacının iyerarxiya intizamına riayət etməsi, fantastik ikna etmək (insanları inandıra bilmək) gücünə və fateh xarakterinə malik olması, dövlət xadimləri, siyasətçilər, millət vəkilləri ilə münasibət qurmaq bacarığı, çətin adamlarla deyil, problemlərlə mübarizə aparması, təhlükələri çox əvvəldən hiss edib lazımi tədbirləri zamanında almaq uzaqgörənliyi müəllif tərəfindən xüsusi vurğulanmışdır.
M. Novruzoğlunun fikrincə, dahilər haqqında yazılmış ən uğurlu kitablar onları çox yaxından tanıyan, onlarla çox səmimi münasibətdə olan insanlar - dostları tərəfindən yazılmış kitablardır. Məmməd müəllimin qol qoyduğu, məsuliyyəti altına çiyin verdiyi işin uğurlu alınacağına kitabın qəhrəmanı özü də inanmış, müəllifi də inandırmışdı. Hocabəyin öz bacısı qızı, eyni zamanda əmisi nəvbəsi olan Faxirə xanıma söylədikləri M. Novruzoğluna sanki qol - qanad verir, onu daha şövqlə işləməyə ruhlandırır.: “Faxirə, ingilis səfiri mənim həyatım haqda bir kitab yazmışdı, bu kitab 6 dilə çevrildi... İndi Məhməd Novruzoğlu mənim həyat hekayətimi daha geniş şəkildə yazır. Burada əsas fərq ondadır ki, ingilis səfiri bir yabançıdır, Məhməd Novruzoğlu bizim ailəmizin üzvüdür”.
Türk tarixinə, türk mənəviyyatına, türk mədəniyyətinə gözəl bələd olan M. Novruzoğlu bir türk ziyalısı kimi yaxşı bilir ki, qədim türk ictimaiyyətində ailə ən vacib sosial birlik olduğundan, ailənin əsasını təşkil edən qadın türk dastanlarında, türk əfsanələrində çox uca mərtəbəyə qoyulmuşdur. Qadına bunca yüksək qiyməti verən mədəniyyətə hörmət etməmək mümkün deyil. Qadın kişinin həyat yoldaşı və uşaqlarının anası olmaq kimi çox vacib bir vəzifə ilə öhdələnmişdir. Daha vacibi isə türk millətinin tək bərəkət qaynağı, ona verilən bir sıra haqlara görə xanların, xaqanların, döyüşçülərin önündə hörmət ilə əyildikləri bir şərəf abidəsidir.
Müəllif həm də təcrübəli diplomat olduğundan, təşrifat qaydalarına uyğun olaraq, qadınların da öz diplomat ərlərinin rütbəsini daşıdıqlarını diplomatik protokolun mühüm tərkib hissəsi olan qəbul və görüşlərdə daim nəzərə almışdır. Bu gözəl etiket nümunəsi onun ailəvi dostluq etdiyi şəxslərlə ünsiyyətinə də bəzək olmuşdur. Təsadüfi deyildir ki, Məmməd müəllim Hocabəy İhsan Doğramacının ömür - gün yoldaşı, müəllifin təbirincə desək, qoruyucu mələyi, üğürlarının zərif memarı Aysər Doğramacıya münasibətini çox yüksək fikirlərlə bildirmişdir:
“Aysər Xanım Doğramacı, Azərbaycan, Türk və bütün dünya qadınlarına, qızlarına nümunə bir xanıməfəndidir. Onun şəxsiyyətini tədqiq etmək, tanıtmaq üçün böyük əsərlərin, kiitabların yazılacvağına, filmlərin çəkiləcəyinə inanıram”.
Hocabəyin inanılmaz fantastik uğurlarının ən böyük ilhamçısı və dəstəkçisi Aysər xanıməfəndi ilə ailə qurması planlı bir işdiymi, yoxsa, Dr. İhsan Doğramacının həyatının ən böyük şansıdırmı? M. Novruzoğlunun Hocabəyə və Aysər xanıməfəndiyə dərin ehtiramı onlara bu sualı verməsinə imkan yaratmamışdır. Amma o, həmin suala professor Cəlal Ərtuğun kitabında cavab tapmışdır: “Aysər və İhsanın son dərəcə uyumlu və xoşbəxt bir cütlük olmaları təsadüfi deyildir. İki yaxşı ailənin yaxşı yetişmiş uşağı br - birlərini görmüş, tanımış və öz qərarları ilə yuva qurmuşlar”. Bununla belə, M. Novruzoğlu əminlik ifadə edir ki, İhsan Doğramacı ilə Aysər xanım Süleymanın Bağdadda görüşməsi hətta təsadüf hesab edilsə də, gənc doktor İhsan məhz öz qabiliyyəti, səviyyəsi, ağlı və biliyi ilə Aysər xanımın məhəbbətini qazanmışdır.
Kitabda Hocabəy İhsan Doğramacının nailiyyətləri, əsərləri, fəxri adları, təltifləri, nişanları, mükafatları sadalanır, incəsənətə bağlılığından, dünya sülh hərəkatına göstərdiyi xidmətlərdən bəhs olunur, Türk Dünyasında yeri göstərilir. Yaratdığı universitetlərin dünya elm - təhsil müəssisələri arasında çəkisindən söz salınır, qəbul edilməsinə nail olduğu mütərəqqi qanunların əhəmiyyəti açıqlanır, vətənini inkişaf etdirəcək birinci sinif insan nəsli yetişdirməyə həsr etdiyi həyatının ekstremum dönüşləri şərh olunur.
Sanballı elmi-ictimai monoqrafiya da sayıla biləcək bu kitabda Hocabəyin Azərbaycanla bağlılığını əks etdirən məqamlar diqqəti cəlb edir. Müəllif yazır ki, İhsanı örnək İnsan - Hocabəy edən ən önəmli özəlliklərindən biri onun son dərəcə vəfalı dost, ədalətli insan olmasıdır: “Əziz dostu, qardaşı, Azərbaycanın Ulu Öndəri Heydər Əliyevi 1999 - cu ildə Klivlenddə ziyarət etmək üçün 84 yaşlı Hocabəyin 15 saat davam edən Ankara - İstanbul - London - Çikaqo - Kilivlend səfərini sevə - sevə etdiyini yaxşı bilirəm”.
M. Novruzoğlu həmçinin qeyd edir ki, Hocabəyin yaxın dostları da daima ona güclü mənəvi dəstək vermişlər:
“Azərbaycanın Ulu Öndəri Heydər Əliyevin, prezident İlham Əliyevin Hocabəyin təntənəli şəkildə yubileylərini keçirmələri, Azərbaycan dövlətinin ən yüksək mükafatlarını vermələri, Azərbaycan Respublikasının prezidenti cənab İlhan n Əliyevin, Azərbaycanın birinci xanımı, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə Professor İhsan Doğramacını Ankarada xəstəxanada ziyarət etmələri onu və ailəsini çox qürurlandırmış, məmnun etmişdir.
M.Novruzoğlu xatırladır ki, İhsan Doğramacı dünyaya göz açdığı ana yurdu Türkmənelinə dili, bayatıları, musiqisi, şeiri ilə ən yaxın və doğma Azərbaycanın olduğunu hələ uşaqlığından bilmiş, gəncliyindən bəri Azərbaycan musiqisini vallardan, lent yazılarından dinləmiş, Azərbaycanı görməyi çox arzu edərmiş. İlk imkan onun əlinə sovetlər dönəmində - 1970 - ci illərin əvvəllərində düşüb: “Beynəlxalq Pediatriya Cəmiyyəti (İPA) prezidenti kimi Moskvada keçirilən dünya pediatriya konfransında iştirak edirdi. Konfransın açılışında geniş məruzə ilə çıxış edən Hocabəy rus dilində nitq söyləyərək, moskvalıları və qonaqları heyrətə salır. Akademik Adilə xanım Namazova və Azərbaycandan gəlmiş başqa pediatrlarla sərbəst, rahat danışması ev sahiblərini bir daha heyrətləndirir... Konfrans işini başa vurandan sonra xaricdən gələn yüksək səviyyəli qonaqlara Leninqrada səfər etməyi təklif edirlər. Hocabəy Leninqrada deyil, Bakıya getmək istədiyini bildirir. Təşkilatçılar Bakının proqramda olmadığını deyirlər və Kiyevi, Minski təklif edirlər. Professor İhsan Doğramacının israrı, İPA prezidenti olduğuna görə nəzərə alınır. Moskva bir nəfər müşayiətçi ilə Aysər xanımın və Hocabəyin Bakıya səfər etməsinə icazə verir.Bakıda bir neçə gün Aysər xanımla köhnə “İnturist”də qalırlar. Taksidə, restoranda, maqazində türk olduqlarını biləndə pul almaq istəmirlər. Hocabəy və Aysər xanım israr etmək məcburiyyətində qalırlar”.
M. Novruzoğlu öz qəhrəmanının şəxsiyyətini bir insan materialı kimi tədqiq edib oxucularına örnək göstərərkən, yalnız özünün tutarlı arqumentləri, məntiqli izahları ilə kifayətlənmir, böyük mütəfəkkirlərin, müdriklərin sözlərinə, aforizmlərə, xalq deyimlərinə istinad edir. Olduqca uğurlu seçilmiş bu kəlamlar professor İhsan Doğramacınınxarakterini açmaqda, qəhrəmanının portret cizgilərini təsvir etməkdə müəllifə yardımçı olur. Proloqu Çarlz Burrun söylədiyi: “Alıcılar” ümumiyyətlə, xoşbəxtliyi ala bilməzlər, xoşbəxtliyi “vericilər” alırlar”, - sözləri ilə başlayan kitabın epiloqu “Dahilik 1 faiz istedad, 99 faiz tərdir”- deyən Tomas Edissonun qənaəti ilə yekunlaşır. Müşahidəli oxucu sətirlərin arasından müəllif və qəhrəmanın özlərinə məxsus dərin məna tutumlu, ibrətamiz kəlamları da sezəcək, professor İhsan Doğramacının türk musiqisinə, ədəbiyyatına verdiyi töhfələrlə də tanış olacaq.
“Hocabəy”in rusca variantının da uğurlu alındığına şübhə yoxdur. Onu da qeyd edək ki, kitabın ərsəyə gəlməsində zəhməti keçən qədirşünas türk övladları ilə birgə gürcü oğlu G. Paçxataşvilinin yaradıcı heyətdə yer alması təsadüfi deyildir. Giya Revazoviç Azərbaycan ədəbiyyatının böyük dostu, şair -tərcüməçi, üç olkənin yazıçılar birliklərinin üzvü, bir çox ədəbi mükafatların laureatı, Türkiyə - Gürcüstan - Azərbaycan mədəni əlaqələrinin inkişafına ictimai və ədəbi fəaliyyəti ilə töhfələr vermiş görkəmli ziyalıdır.
İnanmağa dəyər ki, müəllifin ümidləri doğrulacaq, bu kitabın oxucuları, xüsusilə gənclər və yeniyetmələr Hocabəyi özlərinə örnək alacaq, insanlıqda, zəhmətsevərlikdə, comərdlikdə, vəfada, dostluqda ona bənzəməyə çalışacaqlar. Dünya elm ictimaiyyəti isə bir daha xatırlayacaq ki, Hocabəy sağlığında Nobel sülh mükafatını haqq etmişdi. Yaxşı olardı, dünyanın sülhsevər , tərəqqipərvər qüvvələri bu həqiqəti - Hocabəy Haqqını İhsan Doğramacının anadan olmasının 100 - cü ildönümündə etiraf etməklə, həm Türk İnsanının hüdüdsuz qüdrətini və ölçüyəgəlməz humanistliyini , həm də yüz ildir ki ayaq tutan erməni soyqırımı yalanının heç vaxt yeriməyəcəyini ucadan təsdiqləmiş olardılar.

Pünhan Şükür

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031