manera.az
manera.az

Heç kimin gəlmədiyi şəhər -Tərcümə

Heç kimin gəlmədiyi şəhər -Tərcümə
Rey Bredberi

Birləşmiş Ştatları gecə və ya gündüz qatarla dolaşarkən heç kimin gəlib-getmədiyi bir sıra miskin şəhərləri görmək mümkündür. Daha doğrusu, bura yad adamlar gəlmirlər. Əsli-nəcabəti buralı olmayan və ya yerli qəbiristanlıqda yaxınları dəfn olunmamış bir kimsənin buralardakı boş, tənha qatar stansiyasını yaxından görmək, şəhərin darıxdırıcı mənzərəsini seyr etmək ağlının ucundan belə keçməz.

Bu barədə mənim kimi satıcı olan yol yoldaşımla Çikaqo-Los Anceles reysi ilə Ayova ştatını keçərkən söhbət edirdim.

– Tamamilə doğrudur, – həmsöhbətim razılaşdı. – İnsanlar hamı bir nəfər kimi Nyu-Yorka, Çikaqoya, Los Ancelesə, Bostona axın edirlər. Buralarda nəinki yaşamayan, hətta qohumları belə olmayan adamlar ən azından şəhəri gəzib görmək və sonra da tanış-bilişə həvəslə danışmaq məqsədilə gəlirlər. Amma, insafla deyin, hansı turist Nebrask ştatının Fok-Hill şəhərinə gəzməyə gələr? Məsələn, siz ya mən, gələrik?! Heç də yox! Nəyimizə gərəkdir?! Orda tanışlarım yoxdur, işlə bağlı desən, o da bu yerlərlə bağlı deyil. Kurort şəhərinə də heç bənzəmir, elə isə nə itim azıb?..

– Bəs sizcə, rəngarənglik naminə məzuniyyəti həmişəkindən fərqli olaraq bu yerlərdə keçirmək əla olmazdı?! Özü də hər şeyə tüpürüb cumursan düzənlikdə itib-batan, bir canlını belə tanımadığın hansısa kəndə...

– Oralarda sıxıntıdan adamın bağrı çatlayar.
– Nədənsə bu ideya mənə sıxıntı gətirmir, – deyib pəncərədən baxdım. – Növbəti stansiya hansıdır? Şəhər necə adlanır?
– Rempart.
– Pis səslənmir. – Gülümsədim. – Bəlkə də orda düşdüm.
– Siz axmaqsınız. Nə axtarırsınız? Macəra? Romantika? Qatar stansiyada gözdən itəndən on saniyə sonra özünüzü ən müxtəlif sözlərlə lənətləyəcəksiniz. Tez bir taksi tapıb qatarın dalınca sürdürəcəksiniz.
– Ola bilər.
Mən ötüb keçdiyimiz telefon dirəklərinə baxırdım. Hardasa uzaqlarda şəhərin artıq incə çizgiləri sezilirdi.
– Ancaq çətin ki... – öz səsimi eşitdim.
Qarşımda əyləşmiş adam mənə təəccüblə baxırdı. Çünki artıq yavaş-yavaş ayağa qalxırdım. Əlimi şlyapama uzatdım. Digər əlim sanki öz-özünə çamadandan yapışdı.
Məm özüm də az təəccüblənməmişdim.
– Dayanın! – yol yoldaşım qışqırdı. – Nə edirsiniz?
Qatar dik aşırımdan dönəndə mən səndələdim. Artıq şəhərin kilsələrinin milləri, qalın meşəsi və buğda sahələri aydın görünürdü.
– Görünür, qatardan enməli olacam, – dedim.
– Əyləşin! – yol-yoldaşım çaşıb qalmışdı.
– Yox, – cavab verdim. – Yaxınlaşdığımız bu şəhərdə nəsə var, bunu mütləq görməliyəm. Vaxtım çoxdur. Əslinə baxanda Los Ancelesdə növbəti bazar ertəsi olmalıyam. Əgər indi qatardan düşməsəm, ömrümün sonunacan düşünəcəm ki, fürsət düşsə də nəsə xüsusi bir şey görmək imkanını əldən vermişəm.
– Biz ki sadəcə söhbət edirdik! Burda xüsusi heç bir şey yoxdur.
– Yanılırsınız, – etiraz etdim. – Burda nəsə var.
Şlyapamı başıma qoyub çamadanımı qaldırdım.
– İlahi! – adam donub qaldı. – Deyəsən, siz həqiqətən də, dediyinizi etməyə hazırlaşırsınız.
Ürəyim çırpınırdı, yanaqlarım od tutub yanırdı.
Lokomotiv siqnal verdi. Qatar relsləri üzərində sürətlə irəli gedirdi. Şəhərə lap az qalmışdı!
– Mənə uğur diləyin, – deyə xahiş etdim.
– Uğurlar! – yol yoldaşım çarəsiz halda dilləndi.
Bərkdən haylayıb özümü bələdçiyə yetirdim.
Stansiyanın divarında, düz platformada köhnə taxta stul qoyulmuşdu. Stulda isə yetmiş yaşlarında, paltarının içində itib-batmış bir qoca çox rahat vəziyyətdə oturmuşdu; elə bil kişini stul qarışıq yerə mıxlamışdılar və bu stansiya tikiləndən bəri elə burda oturub qalmışdı. Günün altında oturmaqdan qapqara olmuşdu, üzü isə kərtənkələ dərisi kimi cadar-cadar idi. Qırışları elə qat bağlamışdı, sanki üzünü büzüşdürmüşdü. Yay mehi kül rəngli saçlarını azacıq yellədirdi. Mavi köynəyinin açıq yaxasından ağımtıl səmadan heç fərqlənməyən, saat mexanizmini andıran ağ qıvrım tükləri görünürdü. Ayaqqabıları odlu sobanın qarşısında saatlarla qalmış kimi çatlar və qabarcıqlarla örtülmüşdü. Qocanın kölgəsi keçilməz zülmət tək ayaqlarının arasında gizlənmişdi.
Mən perrona düşəndə qoca cəld qatardakı heyətə göz gəzdirib təəccüblə mənə baxdı. Düşündüm ki, elə indicə mənə əl yelləyəcək. Ancaq onun yarıaçıq gözlərində ani qığılcım parladı, sanki hansısa kimyəvi proses baş verdi, gözlərinin rəngi azacıq dəyişdi. Buna baxmayaraq, qoca hələ də tərpənmədən yerində oturub qalmışdı, üzünün heç bir əzələsi – nə ağzının kənarları, nə də gözətrafı küncləri dəbərmədi. Mən ötüb-keçən qatarı baxışlarımla yola saldım. Platformada başqa heç kim yox idi. Lövhəsi hörümçək toruna bürünmüş kassanın yanında bir insan belə yox idi. Təkcə mən arxamı dəmiryoluna çevirib platformanın yad, çürük döşəməsinə ayaq basdım. Uzaqdan təpənin üstü ilə şütüyən qatarın boğuq fiti eşidildi.
“Mən necə də axmağam! – deyə düşündüm. Yol yoldaşım tamamilə haqlı idi. Bu kiçik şəhərdə hökmranlıq edən darıxdırıcılıq, bütün varlığımla hiss etdiyim üzüntü məni dəhşətə gətirdi. – Yaxşı, razıyam – mən axmağam. Amma artıq geri addım atmağın yeri deyil, əsla!”
Qocaya əhəmiyyət vermədən çamadanımı götürüb platforma boyu irəlilədim. Qocanın yanından ötəndə mənim diqqətimi çəkmək üçün onun zəif bədəninin tərpəndiyini, ayaqlarının platformanın tamam çürümüş döşəməsində çıxardığı xışıltısını eşitdim. Dayanmadım.
– Günortanız xeyir, – qulağıma güclə eşidiləcək səs gəldi.
Mən bilirdim ki, o, mənə baxmır, gözləri nəhəng, buludsuz, sayrışan səmaya dikilib.
– Aqibətiniz xeyir, – deyə cavab verdim.
Çirkli yolla şəhərə doğru istiqamət aldım. Yüz metr getmişdim ki, dayanıb geriyə boylandım. Qoca hələ də öz stulunda oturub günəşə baxırdı, elə bil ona sual vermişdi, cavabını gözləyirdi. Addımlarımı yeyinlətdim. Nəhayət məni heç kəsin tanımadığı, mürgülü əyalət şəhərinə daxil oldum. Mənim gümanım özünü doğrultdu. Bu şəhərdə heç vaxt, heç nə baş verməmişdi. Yəni gündəlik həyat xronologiyası təxminən belə deyirdi: düz saat dörddə xırdavatçı dükanının qapısı çırpıldı, oradan bir köpək çıxıb toz-torpağın içində eşələnməyə başladı. Yarım saat sonra, yeməkxanada boş limonad stəkanının dibinə dəyən qaşıq səssizlikdə elə şappıldadı ki, sanasan göy guruldadı. Saat beşdə çaya daş yağdıran balaca oğlanların səsi gəldi. On beş dəqiqə sonra axşam günəşinin maili şüaları altında qarışqa sürüsü nizamla qoca qaraağacın gövdəsiylə hərəkət etdi.
Bütün bu ətalətə baxmayaraq, mən yenə də küçələrdə sakitcə dolaşır, mütləq vacib bir hadisənin şahidi olacağıma inanırdım. Mən bunu bilirdim... Bilirdim ki, qətiyyən dayanmaq olmaz; ən əsası – ətrafı diqqətlə müşahidə etməkdir. Əmindim ki, yaxşıca axtarsam, istədiyimi tapa bilərəm.
Dayanmadan ətrafa göz qoyurdum.
Bütün bu gəzintim boyu mən daimi, dəyişməz bir şeyin şahidi olurdum: stansiyada gördüyüm həmin o mavi köynəkli, nimdaş şalvarlı qoca həndəvərimdən çəkilmirdi. Yeməkxanada olanda o da gəlib qapı ağzında oturaraq papirosunu tüstülədib, ağzındakı tütünü tüpürürdü. Yerə düşən tüpürcəklər dərhal tozlu kürəciklərə çevrilirdi. Çayın qırağına gələndə isə qoca sanki əlini yuyurmuş kimi axına tərəf çömbəlmişdi.
Axşam hardasa saat səkkizin yarısında mən artıq səkkizinci, ya da doqquzuncu dəfəydi ki, bu kiçik şəhəri dolanırdım, birdən arxada addım səsləri eşitdim. Dönüb baxdım. Həmin qoca idi, dişində hansısa quru ot tutub qarşısına baxa-baxa yeriyirdi.
– Çoxdandır, – o, sakitcə danışmağa başladı. Biz getdikcə qatılaşan qaranlıqda dayanmadan irəliləyirdik, – platformada gözləyirdim.
– Sizmi? – soruşdum.
– Bəli, mən, – ağacların altından keçəndə dedi.
– Stansiyada kimisə gözləyirdiniz?
– Hə, – dedi. – Səni!
– Məni?! – Təəccübləndiyim səsimdə açıq-aşkar sezildi. – Niyə? Siz ki məni ömründə bir dəfə də olsun görməmisiniz!
– Məgər mən deyirəm ki, görmüşəm? Sadəcə gözlədiyimi dedim.
Biz artıq şəhərin kənarında idik. Qoca getdikcə qaralan çayın sahilinə, dayanmadan şərqə ya qərbə doğru istiqamət almış gecə qatarının keçdiyi qum təpələrinə tərəf döndü, mən də onun ardınca...
– Mənim haqqımda nəsə öyrənmək istəyirsiniz? – deyə soruşdum. – Siz polissiniz?
– Yox əşşi, nə polis. Sənin haqqında da heç nə bilmək istəmirəm. – Qoca əllərini ciblərinə saldı. Günəş tamam batmışdı, hava soyumuşdu. – Sadəcə olaraq, sənin əvvəl-axır gəlib çıxdığına təəccübləndim.
– Təəccübləndiniz?
– Təəccübləndim, – dedi, – və sevindim.
Mən qəfil dayanıb qocaya baxdım.
– Neçə vaxtdı stansiyada oturmuşdunuz?
– İyirmi ildir. Təxminən az ya çox ola bilər.
Qəribə olsa da mən ona inanırdım; onun səsi çayın suyu kimi sakit və tələsmədən xışıldayırdı.
– Məni gözləyirdiniz? – yenidən soruşdum.
– Ya da sənin kimi birisini... – qoca cavab verdi.
Biz yola davam etdik. Hava artıq tamamilə qaralmışdı.
– Şəhərimiz xoşuna gəldi?
– Xoşagələn, sakitdir.
– Xoşagələn və sakit... – O, başını yellədi. – Bəs sakinləri necə?
– Görünür burda insanlar da səmimi və sakitdirlər.
– Elədir, – qoca təsdiqlədi. – Səmimi və sakitdirlər.
Mən artıq geriyə qayıtmağa hazırlaşırdım, ancaq yol yoldaşımın qımıldanmadığını görüb nəzakətsizlik etməyim, ona qulaq asım deyə onunla yanaşı addımlamağa məcbur oldum. Artıq şəhərin düzənliklərində idik, gecənin zülməti bizi əhatələmişdi.
– Həə, – qoca dilləndi. – İyirmi il bundan qabaq təqaüdə çıxanda, gedib stansiyada özümə yer elədim, beləcə illərlə orda oturub bir gün nəyinsə baş verəcəyini gözlədim. Məhz nəyin baş verəcəyini bilmirdim, kimsə soruşsaydı belə deyə bilməzdim. Ancaq əmin idim ki, bu, nə vaxtsa baş verəndə mən dərhal anlayacam. Baxıb deyəcəm: “Bax, uzun müddətdir gözlədiyim budur!” Bu nə ola bilərdi: qatar qəzası? Yox. Keçmiş sevgilimin əlli ildən sonra geri qayıtması? O da yox. Demək çətindir. Mən kimisə və ya nəyisə gözləyirdim. Məncə, sənin gözlədiyim həmin şeyə aidiyyatın var. Təəssüf ki, mən bacarmıram...
– Niyə də cəhd etməyəsiniz? – deyə təklif etdim.
Qara səmada ulduzlar bərq vururdu. Biz əvvəlki kimi dayanmadan irəli addımlayırdıq.
– Axı... – qoca sakitcə sözə başladı, – daxilində nəyin olduğu sənə məlumdur?
– Qarnımı və psixologiyamı nəzərdə tutursunuz?
– Başını və beynini nəzərdə tuturam. Bununla bağlı çox şey bilirsən?
Ayağımın altındakı otlar xışıldayırdı.
– Belə də!..
– İndi çoxuna nifrət edirsən?
– Elə də yox.
– Hamının başına gələn şeydir. Nifrət normal hissdir, deyilmi? Təkcə nifrət yox... Məgər bizi incidən adama əzab vermək, hətta onu öldürmək istədiyimizi deyirik?
– Hətta elə həftə olmur ki, bu hiss baş qaldırmasın. – deyə cavab verdim. – Sadəcə, bu fikri özümüzdən kənarlaşdırırıq.
– Biz bütün ömrümüz boyu bu fikirləri beynimizdən çıxarmağa çalışırıq. – qoca dedi. – Şəhərdə söz-söhbət gəzəcək, ata-anamız nə deyəcək, qanun necə olacaq?! Buna görə də ilk qətli təxirə salırsan, sonra ikincini, üçüncünü... Sonra mənim yaşıma gəlib çatanda ürəyində o qədər kin yığılıb qalır ki!.. Hansısa müharibəyə getməsən, çətin ki qəlbindəki yükdən can qurtara biləsən.
– Kimlərsə gedib tirdə ördəklərə güllə atır, başqaları tələ qurur, – qeyd elədim. – Digərləri boksla və ya güləşlə məşğul olur.
– Amma elələri də var ki, bunların heç birisini eləmir. Mən indi onlar haqqında danışıram. Biri elə mən! Bütün ömrüm boyu az qala beynimi duzlamışam, buza qoymuşam ki, içindəki düşüncələrim xarab olmasın. Bəzən hiddətlənirsən ki, yaşadığın şəhərdəki insanlar səni öz ideyalarından imtina etməyə vadar edir. Beləliklə, qədim dövrlərdə mağarada yaşayan vəhşi insanlara həsəd aparırsan – onlara bircə döyüş çağırışı etmək yetərdi ki, dəyənəklərini işə salıb kiminsə başını əzsinlər, vəssalam! Hər şey öz qaydasındadır!
– Bu bizi o...
– Bu bizi o nəticəyə gətirir ki, hər bir insan həyatında heç olmasa bircə dəfə qətl törətmək, çiyinlərindəki yükü atmaq istəyir. Bununla da indiyədək düşməninə əl qaldırmağa cəsarət etmədiyindən həyata keçirmədiyi qətllərdən yaxa qurtarmağa can atır. Bəzən belə imkan yaranır: kimsə maşınını gətirib digərinin maşınının burnuna dirəyir, o da əyləci basmağı unudur və... irəli sürür. Burda heç nəyi sübut etmək olmaz. Bu insan hətta özünə belə etiraf etməyəcək ki, bunu qəsdən edib. Deyəcək ki, çatdırıb əyləci basa bilmədim, vəssalam! Lakin sən və mən, biz ki bilirik əslində nə baş verib, elə deyilmi?
– Bəli, – deyə razılaşdım.
Şəhər artıq xeyli uzaqda qalmışdı. Biz üzərində dəmiryolu salınmış təpələrin yaxınlığından, kiçik çayın üzərindəki taxta körpüdən keçdik.
– Bax belə! – qoca suya baxa-baxa sözünə davam elədi. – Yalnız ideal şəkildə planlaşdırılmış qətli törətmək lazımdır. Heç kəs sübut edə bilməyəcək ki, günahkar kimdir, qurban kim... və nə səbəbə bu cinayət baş verib, düzdürmü?! İyirmi il bundan qabaq mənim ağlıma bir ideya gəldi. Mən bu barədə heç də hər gün və ya hər həftə düşünmürəm. Bəzən aylarla yadımdan çıxdığı olub... Mənə diqqətlə qulaq as: bu şəhərdə gün ərzində bir qatar dayanır. Arabir heç o da olmur. Əgər kimisə öldürmək istəyirsənsə, gözləməlisən. Bəlkə də qatardan elə-belə, səbəbsiz düşən və onu heç kimin tanımadığı şəhərə ilk dəfə gələn adamı görməyə illərin gedəcək... Platformadakı stulumda oturub düşünəndə mən anladım ki, yalnız bu halda o adama tənha bir yerdə yaxınlaşıb öldürmək, sonra da cəsədini çaya atmaq olar. Onun meyitini axın apardığından burdan çox aralıda tapa bilərlər. Bəlkə də heç ümumiyyətlə tapmadılar. Bu zavallını Rempart şəhərində axtarmaq heç kəsin ağlına gəlməyəcək. Axı o, bura gəlməyə hazırlaşmamışdı. O, harasa başqa yerə gedirdi. Bax, iyirmi il qabaq ağlıma bu fikir gəlmişdi! Bilirdim ki, bu adam qatardan düşən kimi onu tanıyacam. Həm də əminliklə tanıyacam...
Mən ayaq saxladım. Tam qaralmış zülmət səmada ayın çıxmasına bir saat qalmışdı.
– Deməli tanıyarsınız.
– Bəli, – qoca cavab verdi. Başını qaldırıb ulduzlara baxdı. – Nə isə... deyəsən, çox danışdım.
Qoca mənə yaxınlaşıb dirsəyimdən tutdu. Əli elə isti idi ki, sanki mənə toxunmazdan qabaq onu sobaya tutmuşdu. O biri, sağ əlini isə gərgin halda cibinə salmışdı.
– Söhbətə yekun vurmağın vaxtıdır.
Tükürpədici səs eşidildi. Təpənin üstündən görünməz relslərdən gecə qatarı keçirdi; meşənin, fermer evlərinin, şəhər binalarının, düzənliyin, çəmənliyin, şumlanmış və suvarılmış əkin sahələrinin yanından ötüb, vəhşi fəryadı xatırladan fitini verə-verə hardasa uzaqlarda gözdən itdi. Qatar gedəndən hələ bir neçə saniyə sonra relslər hələ də titrəyib, cingildəyib sonra sakitləşdi.
Qoca və mən qaranlıqda, bir-birimizdən gözümüzü ayırmadan dayanmışdıq. O, elə bayaqkı vəziyyətdə – sol əli dirsəyimdə, sağ əli isə cibində dayanmışdı.
– Bir şey deyə bilərəm? – nəhayət dilləndim.
O, başını razılıq əlaməti kimi yellədi.
– Özüm haqqında! – Azacıq susmalı oldum, çünki nəfəsim çətinliklə gedib-gəlirdi. Özümü danışmağa məcbur etdim. – Məzəli alınır. Mənim də tez-tez ağlıma belə fikirlər gəlirdi. Elə bu gün, Los Ancelesə gedən qatarda düşündüm: necə də möhtəşəm, əla, gözəl olardı... Son vaxtlar işlərim yaxşı getmir. Arvadım da xəstədir. Keçən həftə ən yaxşı dostum dünyasını dəyişdi. Dünyada müharibə baş alıb gedir. Özüm də elə bil dartılmış yay kimiyəm. Heç də pis olmazdı, hətta əla olardı...
– Nə? – qoca əlini dirsəyimdən götürüb soruşdu.
– Heç kəsin məni tanımadığı hansısa kiçik bir şəhərdə qatardan düşüb, – deyə cavab verdim, – cibimə bir tapança qoyub, kimisə öldürüb basdırım, sonra da stansiyaya qayıdıb qatara minim və evimin yolunu tutum. Heç kəsin də dünyasında ağlına gəlməz ki, bunu kim edib. “İdeal qətl” – deyə düşünüb qatardan enmişdim.
Biz qaranlıqda təxminən bir dəqiqə də bir-birimizə baxdıq. Bəlkə də ürəyimizin necə döyündüyünə qulaq asırdıq. Qəlbimiz şiddətlə, yüksək səslə döyünürdü.
Ayağımın altından yer qaçırdı. Yumruqlarımı düyünləmişdim, yerə yıxılmaq, qatar kimi bərkdən bağırmaq istəyirdim. Çünki qəflətən anladım ki, dediklərim canımı qurtarmaq üçün uydurduğum yalan deyil. Bir saniyə əvvəl bu kişiyə dediklərimin hamısı həqiqət idi. Mən yalnız indi anladım ki, qatardan niyə bu stansiyada düşüb tanımadığım şəhəri dolaşmışam. Nəhayət nəyi axtardığım bəlli oldu!
Qocanın ağır, amma tələskən nəfəsini eşidirdim. O, yenə də mənim dirsəyimdən yapışdı, bu dəfə sanki yıxılacağından qorxurdu. O, dişlərini sıxıb mənə doğru əyildi, mən də ona... Bizim aramızda eynən partlayışqabağı qısa, gərgin sükut hökm sürdü. Nəhayət o, özünü danışmağa məcbur elədi. Mən dəhşətli yükdən əzilmiş adamın səsini eşidirdim:
– Hardan bilim ki, səndə həqiqətən də tapança var, ya yox?
– Heç hardan! – sözlər yağlanmış kimi özləri dilimdən tökülürdü. – Yəqin ki, heç nə öyrənə bilməyəcəksiniz.
Qoca gözləməkdəydi. Mənə elə gəlirdi ki, o, elə bu dəqiqə huşunu itirəcək.
– Belə... bəs bu necə alınacaq? – deyə soruşdu.
– Elə belə də alınacaq, – cavab verdim.
Qoca gözlərini qıydı, dodaqlarını büzdü. Beş saniyə sonra yavaş-yavaş, çətinliklə barmaqlarını mənim dözülməz dərəcədə ağırlaşmış qolumdan çəkdi. Sonra o, sağ əlini cibindən çıxarıb baxdı, boş idi.
Ehtiyatla, gərgin halda, qətiyyəsiz şəkildə biz bir-birimizdən aralandıq. Və gecənin qaranlığında tamamilə heç nə görmədən hərəmiz bir tərəfə yönəldik.
Sərnişinlərin tələbi ilə dayandırılmış gecə qatarının işıqları relslər üzərində rəqs edirdi. Qatar hərəkətə gəlib stansiyadan uzaqlaşanda mən qapıdan dönüb geriyə boylandım. Mavi köynəkli, nimdaş şalvarlı qoca özünün divara söykədilmiş stulunda oturmuşdu. Qatar yanından ötüb-keçəndə onun günəşdən yanıb-qaralmış üzü heç mən tərəfə baxmadı da. Onun gözləri şərqə, boş relslərə doğru yönəlmişdi; o qatara ki, ona sabah ya o biri gün, bəlkə də illər sonra kimisə, – bu vacib deyil –, gətirmək üçün stansiyaya yaxınlaşacaq, sürətini azaldıb dayanacaqdı. Qocanın üzü heç nə ifadə etmirdi, şiddətli şaxtaya məruz qalmış kimi görünən rəngsiz gözləri isə şərqə zillənmişdi. O, indi yüz yaşında görünürdü.
Qatarın səsi sanki fəryad qopardı. Qəflətən özümü çox qoca hiss etdim gözlərimi qıyıb qapıya söykəndim.
Bayaq bizi bir araya gətirən zülmət indi ayırırdı. Qoca, stansiya, kiçik şəhər, meşə – hər şey qaranlıqda yox oldu. Küləyin vıyıltısına qulaq asa-asa düz bir saat dayanıb geriyə, qaranlığa boylandım.

İngiliscədən tərcümə : Şəfiqə Şəfa
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031