manera.az
manera.az

İşıqlı adamlar işıqpulu yazmır... ŞEİRLƏR

📅 02.06.2016 12:29

İşıqlı adamlar işıqpulu yazmır... ŞEİRLƏR
MANERA.AZ Furqan Sadiqin şeirlərini təqdim edir:
________________________

açıq-aydın eşidirəm:
bu qoca ağac
hər gün,
hər saat,
hər dəqiqə
yarpaq pıçıltısıyla
şükür edir Allaha-
insan yaradılmadığı üçün...

***

gedəndə
arxamca su atdılar
və dedilər ki, yeri!
atdıqları su
ləpirlərimi yuyub apardı,
qayıda bilmədim geri...

***

günlərin bir günü
rentgenə salacaqlar səni...
gözlərinə inanmayacaq həkim,
heyrətlənəcək
və eynilə belə deyəcək:
“oy daaaaaaaaa...”

sinəndə daş tapılacaq
yumruq boyda...

***

...məsələn,
bu ağac
öz kölgəsini qoruyur
günəşin istisindən...

...və biz də
yarpaq olmalıydıq əslində...
...olammadıq-heyif!

***

gecənin sükutunu
yorğan kimi yox,
asfalt kimi çəkib üstünə
daş yuxuya gedib şəhər...

xatirələrini
ağ neft kimi töküb üstünə
qəsd edir özünə-
yata bilmir bir nəfər...

***

bu yağan yağışın ucundan tutub
ancaq yoxa çıxmaq olar, qadası-
toz üstə yıxılıb qalmış
bir sərxoş ləpir kimi...

***

hər gün bir kərpic ucalan
bu qəm ev olmayıb hələ...

***

bir gecə yuxuda
bir taksi tutub
düz ömür yolunun başına-
uşaqlıq yaşına sürdürəsən...
neçəyə aparar
görəsən?!

***

...görən niyə söndürürlər
bu işıqlı adamları?!
axı işıqlı adamlar
işıqpulu yazmır, dost...

***

eynəyimin şüşələri
nə qədər böyüdür böyütsün-
fərqi yox...

nəsən ki, guya?!

elə o boydasan, elə əvvəlkisən,
elə balacasan,
cılızsan, dünya...


Baxış sayı - 2 223 | Yüklənmə tarixi: 02.06.2016 12:29
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031