manera.az
manera.az

"Ziyarət" - Sənan Nağının essesi | MANERA.Az

📅 01.11.2016 16:12

"Ziyarət" - Sənan Nağının essesi | MANERA.Az
Sənan Nağı

Əzizim Burhan Əfəndiyə ithaf edirəm...


Yol gedirəm... Avtobusun arxa oturacağında əyləşmişəm. Pəncərədən bayıra baxıb yolu müşahidə edirəm. Ətraf mühit qarışıq rəng çalarlarıyla gözümün önündən sürətlə ötüb gedir. Elə bil bu ağacların, binaların, insanların yanından keçən mən deyiləm. Sürətli bir qatarı xatırladır bu səhnə mənə. Şütüyüb keçən bu hərəkətli mənzərə ürəyimdə sakit və mülayim bir hava əsdirir. Zümzümə edirəm. Sevdiyim bir melodiyanı...

Bornovaya gedirəm. Onu görməyə... Birdən gözüm yolun sağ tərəfində yerləşən böyük həyəti və müxtəlif korpusları olan kompleks bir binaya sataşdı. Üzərində “Ege Universitesi Hastanesi” yazılmışdı. Bu, İzmir şəhərinin ikinci böyük xəstəxanasıdı. Sürücü avtobusu dayanacaqda saxladı. Mən düşdüm. O şəxsin haradasa bu səmtlərdə yaşadığını demişdilər mənə...
Bir neçə dəfə onunla qısa bir söhbətimiz olmuşdu. Düzdü, ancaq səsini eşitmişdim. Axı biz telefonla danışmışdıq. İndi isə gözlərimlə də görmək mənə nəsib olmuşdu. İçimdə qəribə bir həyəcan vardı. Qorxumu, sevincmi, kədərmi? Doğrusu bilmirəm. Bildiyim, hətta əmin olduğum tək bir şey bu duyğunun mənə doğmalığıydı. Avtobusdan düşüb magistral yolu qarşı tərəfə keçdim. Yolun kənarında yerləşən aptekə yaxınlaşdım. Aptekin müdiri mənə ziyarətinə gedəcəyim şəxsin evini göstərəcəkdi. İçəri girdiyimdə hündür boylu, ağ xalatlı orta yaşlarda bir kişinin dərman qutularını rəflərə düzdüyünü gördüm. Əl saxlayıb üzünü mənə tərəf çevirdi. “Xoş gəlmisiniz, buyurun!” dedi.
Sakit bir səslə:
–Salam! İşiniz avand olsun!
–Salam! Çox sağ olun! – deyə cavab verdi.
–Mən sizdən Bürhan əfəndinin ünvanını soruşmaq istəyirəm. Özü mənə telefonla demişdi ki, sizə yaxınlaşım. (Bürhan əfəndinin telefon nömrəsini mənə əziz dostum, gözəl rəssam Soltan vermişdi.)

–Hə, mənə xəbər vermişdi. Aptekin arxasından dəmir yolu keçir. Dəmir yolu istiqamətində 150-200 metr sol tərəfə gedin. Həyət evləri görəcəksiniz, evlərin arasından bir yol keçir. Bu yola girin. Əvvəl sağa, sonra da sola dönün, evi oradadı. Diqqətlə qulaq assam da özüm daha əvvəl bu yolu getmədiyim üçün dedikləri mənə tam çatmadı. Amma utandığımdan artıq sual vermədən, minnətdarlığımı bildirib bayıra çıxdım. Onun dediyi istiqamətdə getdim. Sanki yol özü məni ahəstə- ahəstə qoynunda daşıyırdı. Bu dar yolların özünə məxsus ecazkar və sehrli ahəngi məni həyəcanlandırır, dillə deyilməsi mümkün olmayan sehrli bir nəfəsin içimə dolduğunu hiss edirdim. Mənə elə gəlirdi ki, ziyarətinə getdiyim şəxs özü məni bu görüşə əvvəldən hazırlayır. O, məni məndən əvvəl ruhən ziyarət edib, iç dünyamı saflaşdırıb özünə doğru çəkirdi. Yolu sola döndüyümdə nurani üzünü gördüm. Pəncərədən boylanıb həyətdə oynayan uşaqlara baxırdı. Sehrli, mənalı baxışlarla onlara sevgi dolu hədiyyələr paylayırdı. O da məni gördü. Məni gözləyirdi. Qapını açıb məni içəri aldı. Onun evi arxada bağçası olan balaca bir həyət evi idi. Salamlaşdıq. Amma bu salamlaşma daha əvvəllər digər insanlarla olan salamlaşmaya bənzəmirdi. Qeyri-adiydi... Ordan-burdan danışıb vaxt ötüşdürdüyüm insanlar az olmamışdı. Yolunu gözləyib darıxdığım, görüşdükdən sonra adiləşənlər də nə qədər desən... Söhbətlər də ki, nə söhbətlər...Bəh-bəh, ötüb keçənləri yada salıb fərəhlənənlər kim, hələ gələcəyin qeybətini eləyib min bir xəyala qərq olanları demirəm... Eh nə isə, elə özüm də onların tayı...

Qəribə bir qorxu, hörmət və bitməyən sevgi varlığımı almışdı.. Bu halımın uçub gedəcəyindən qorxduğum üçün artıq bir şey düşünüb danışmaq istəmirdim. Qeyri-ixtiyari mənə yaxın olan masanın arxasında oturdum. O, rəfdən qəhvədan götürdü. Görünür ki, mənə türk qəhvəsinə qonaq etmək istəyirdi. Qəhvəni xüsusi bir zövqlə odun üzərinə qoydu, bir müddət gözlədi. Türklərdə belə bir deyim var, “könül söhbət istər, qəhvə bəhanə”. Qəhvə hazır oldu. O, toppuş, xeyirxah əlləriylə qəhvəni fincana süzməyə başladı. Əllərinin əsməsinə baxmayaraq, çox ustalıqla bu işi görürdü. Qəhvəni süzdükdən sonra əyləşib mənalı, iti baxışla mənə nəzər saldı. Yaşlı, amma cazibəli bir siması vardı. Səliqəli, nurani, ağ bığları üz cizgilərinə çox yaraşırdı. Ətrafı heybətli, fəqət xoş sükut bürümüşdü. Biz aramla qəhvəmizi içib susurduq. Bu susqunluğun içində gizli söhbət də vardı. İçdiyim qəhvə mənə həyat şərbəti, kainatın sirrini içində gizlədən elm və hikmət suyu kimiydi. Hər qurtumumda yeni nəfəs, mənəvi canlanma duyurdum. Zaman dayanmışdı. O, zamanın axarını tutub əlində saxlamışdı. Elə bu anda ziyarətinə gəldiyim Burhan əfəndi təbəssümlə:
–İstanbulda bir dostum vardı. O da hey susardı, – dedi. Mən başımı astaca yuxarı qaldırıb ona baxdım və gülümsədim. Yenə də dinməzcə başımı aşağı saldım. Bir müddət beləcə davam etdi...

–Susmaq gözəldi, amma yerinə görə! – dedi o.

Birdən bir neçə il əvvəl düşünüb cavabını tapa bilmədiyim suallar yığını üstümə çullandı. Dərin fikrə qərq oldum... İnsanın bu dünyaya gəlişinin məqsədi, onun Allaha olan sevgisi, insanın özünü axtarışı, eşqin həqiqəti, aşiqlik prosesindəki məcazi və ilahi eşqin fərqi və bir çox suallar idi bunlar. Xalq arasında “qara sevda” deyə zikr olunan, xəstəlik olaraq bilinən bu ruhani vəziyyət məni içəridən parçalayırdı. Öldürürdü məni! Kim bilir?! Bəlkə də, yaşadırdı, bəlkə, elə əsl həyat budu?! Unuda bilmirdim onu. Hətta ona qovuşsam da nə dəyişəcək ki!? Sevdiyim xəyaldırmı, yoxsa ruhdurmu? Elə zamanlar olmuşdu ki, sevdiyimin, istədiyimin o deyil, öz varlığım olduğunu hiss etmişdim, və hətta... Görəsən düşdüyüm bu vəziyyət əcaib bir xəstəliyin yəni “qara sevda”nın simptomlarıdırmı? Hələ o zamanlar mənimlə rəssamlıq məktəbində oxuyan uşaqlarla “ilahi kasetləri” dinləyib musiqinin ecazkar halından, mənalı sözlərindən qidalanardıq. Hə, belə çıxır ki, qara sevda xəstəliyinə tutulan tək mən deyildim. Biz tək deyildik... Dostlarımdan biri (Şahin) məni Buzovnada yerləşən “Əliayağı” adlanan ziyarətgaha aparmışdı, hətta orada mənə namazı da öyrətmişdi... Şahinlə söhbətimiz yaxşı tuturdu. Sənətdən, mistik-dini fəlsəfədən danışardıq (“İncəsənətdən ibadətə” bu mövzu məni çox maraqlandırmışdı o vaxtlar). Söhbət əsnasında elə hey durmadan maraqlı insan olan rəssam Eldar (Eldar Şəfiyev) haqqında danışardı... Sənətə və dinə məhəbbət onda vəhdət təşkil edirdi. Hətta deyilənə görə o hələ gənc tələbə vaxtlarında inanc yerimiz olan Baba dağında günlərlə ac-susuz qalıb öz iradəsini imtahana çəkmişdi. Amma son zamanlar yaxın dostlarla məhz bu yerdə görüşüb söhbətləşərdi... Hə, bir də Əmircandakı evi... O, evinin qapılarını bu cür söhbətlərə açmışdı... Quran oxunub ilahilər də söylənərdi orada. Nəsimi, Yunis Əmrə, Fizuli kimi dahilərin dərin mənalı beytləri ətrafında söhbətlərin getdiyini də eşitmişdim. Elə rəssamlığın incəliklərindən, musiqidən də danışılardı. Bir sözlə, ürəkdən, səmimi, həm də maraqlı söhbətlər... Bir neçə il sonra gördüyüm heyrətamiz yuxu nəticəsində rəssam dostlarıma zəng elədim. Məni Əmircana dəvət elədilər. Çox gözəl bir gün yaşadıq. Oxuduğumuz dualar, ilahilər könlümüzü aydınladıb bizləri əsrarəngiz bir aləmə aparırdı. Fani keçici dünyadan bizi əbədi, ülvi, olan bir varlığa aparardı... Cənnətin həqiqətini elə bu dünyadaca birlikdə yaşayırdıq. Əfsanəvi inancdan qopub canlı, hiss oluna bilən məna aləminə qərq olardıq... Bu aləm necə də gözəldi! Bir araya toplanan insanlar zahirən fərqli təbiətə, fərqli peşəyə malik olsalar da aradakı ilahi sevgi onları birləşdirmişdi. “Mən”dən “biz”ə doğru çəkmişdi bizi. Səslənən Allah sədaları bir ürəkdən, bir könüldən təcəlli edirdi, çalınan dəfin ritmi, söylənən ilahilərin avazı, tək bir varlığı tərənnüm edirdi, o varlığı ki, bizdən ayrı deyil, canlıdı, zaman və məkan onun ixtiyarındadı. Nə gözəl dostur O! “Biz bu dünyanın insanı deyilik. Əbədi aləmdə üz-üzə baxacağıq, toplanacağıq, bir-birimizə nə qədər məhəbbətlə baxa bilsək, o qədər də gözəlliklərə ucala bilərik. Bu həyat burada bitməz, davam edər. Əsl həyat əbədidi! Ağıl bunu asanlıqla qəbul edib, həzm edə bilməsə də zaman insanı yetişdirib bu nöqtəyə gətirər. Heeey dost!” sözlərinin sehrli məna nəfəsi bizi sarmışdı...

Bunları ona danışıb bu şirin sükütü pozmaq yerinə düşərmi, düşməzmi heç onu da bilmirdim. Dilim, dodağım mənim ixtiyarımda deyildi. Birdən Burhan əfəndi məxməri və ürəyə yatımlı səslə dedi:

–Bir insan sevdiyini gördüyü zaman sevinib, görmədiyi zaman unudarsa buna həvəs deyərlər. Bir insan sevdiyini gördüyü zaman sevinib, görmədiyi zaman hüznlənərsə, bu məhəbbət halıdır. Bir insan sevdiyini gördüyü zaman hüzünlü, görmədiyi zaman yenə də hüzn içindədirsə buna da eşq halı deyərlər. Bu sözlər ürəyimə yağ kimi yayıldı. Deyəsən axı bu mənə yazılan bir resepti... Xəstə həkiminin ona məsləhət gördüyü dərmanları içdiyi kimi məndə bu sözləri qəhvəylə qurtumlayıb içirdim...

Biz bir müddət bu minvalla oturub söhbət etdik... Onun yanından ayrıldığımda sehrli hava hələ də içimi sarmışdı. Qəlbimdə zümzümə etdiyim ilahi bir səda vücuduma yayılıb məni məndən almışdı. Artıq məni narahat edən suallarım yox olub getmişdi. Xəyali təsəvvürün yerini həqiqi varlıq sevgisi doldurmuşdu. Burhan əfəndinin hazırladığı qəhvənin xoş dadı damağımda, içimdə də eşqin xoş havası əsirdi. Ruhumda səslənən lətif bir musiqinin ahənginə uyğun olaraq, əks səda verib bütün kainata səs salan “Səndən gəldik, sənə dönəcəyik” ayəsi bu havaya xüsusi bir nəfəs, qəribə bir zövq qatırdı.




Baxış sayı - 1 841 | Yüklənmə tarixi: 01.11.2016 16:12
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031