manera.az
manera.az

Xanım Fatimənin sığalı, yoxsa hallüsinasiya? - MANERA.AZ

Xanım Fatimənin sığalı, yoxsa hallüsinasiya?  - MANERA.AZ
Orxan Bahadırsoy yazır...

2008-ci ilin bir payız gecəsi sol qulağımdan bir ağrı başladı ki, qışqırığım ərşə çıxırdı. Ağrı kəsici atdım, evdəkilər duz qovurub bağladılar, ətirşah məlhəmi düzəltdilər. Nə etsək də ağrı keçmədi ki, keçmədi.

Birtəhər səhəri açdıq. Yollandıq 2 saylı uşaq xəstəxanasına. Lor şöbəsində bir qadın həkim qulağıma baxdı. Dedi ki, təcili əməliyyat lazımdır. Saldılar məni əməliyyat otağına. Əvvəlcə həkim və tibb bacısı daxil oldu. Sonra da təqribən on nəfər Tibb Universitetinin tələbəsi içəri girdi. Həkim əlindəki bir aləti qulağıma salıb iş görürdü. Elə bil heç keyəldici vurmamışdılar. Bu alət əməlli-başlı kəsirdi qulağımı. Tələbələrdən biri “mən görmədim” deyəndə, həkim bu prosesi təzədən edirdi. Sanki, üzərində təcrübə aparılan meyit idim.

Dözmədim. Elə qışqırdım ki, bir də gördüm anam əməliyyat otağının qapısını sındırır. Tibb bacısı qapını açan kimi anam özün içəri atıb, nə baş verdiyini soruşdu. Şikayətləndim ki, bu həkim mənim üstümdə təcrübə aparıb, öz tələbələrinə dərs öyrədir. Anam bütün tələbələri otaqdan çıxardı. Həkimi polislə hədələdi. Sağ olsun, o, həqiqətən xilas etdi məni. Yoxsa o həkimin aləti qulağımı doğram-doğram edəcəkdi.

Sözümün canı bu deyil. Yadıma düşdü, danışdım. Belə ki, xroniki orta otit xəstəliyindən əməliyyat olundum və on gün yatdım xəstəxanada. Sonra həkim sağaldığımı deyib, evə göndərdi. Heç bir həftə keçmədi ki, gördüm sağalmaq nədir? Ağrı, nə ağrı!? İltihab da ki, öz yerində. Təzədən yollandıq həkimə. Yenə on gün yatmalı oldum xəstəxanada.

İkinci on gün də bitəndən sonra həkim mənə tapşırdı ki, hər həftənin şənbə günü müayinəyə gəlim. Doğrusu sağlamlıqdan əsər-əlamət yox idi. Ağrı bitmir, iltihab kəsilmirdi. Amma dərmanlar sayəsində əziyyətim xeyli yüngülləşmişdi. Hər şənbə günü də müayinəyə gedirdik.

Bu şənbə günlərinin birində başıma elə bir hadisə gəldi ki, bu günə qədər gözümün önündən getmir. Deməli, o vaxt şəhər tərəfdən gələndə indiki Koroğlu metrostansiyasının yanından bir yol Qara Qarayevə gedirdi. Metrostansiyanın yanına gəlmək üçün o yolu keçmək lazım idi. İndiki kimi orda keçid yox idi. Anamla bu yolu keçmək istəyəndə bir yaşlı qadın mənə yaxınlaşdı ki, “bala, mənə də kömək elə, keçim yolu”. Anama dedim ki, öndə getsin, mən də qadını keçirim.

Anam öncədən yolu keçdi. Yaşlı qadın çox asta yeriyirdi. Əlimdən möhkəm yapışmışdı. Birtəhər yolu keçdik. Keçəndən sonra gözlərimə baxıb, başıma sığal çəkdi, bir xeyli dua etdi və “oğlum, mən Fatimeyi-Zəhrayam, sənə şəfa vedim, bir də bu yolu həkim qapısına getməyəcəksən” dedi. Uşaq ağlımla sevinib, qadına təşəkkür etdim, sonra anamın yanına qaçıb qadının dediklərini ona çatdırdım. Amma qadını ona göstərmək üçün nə qədər axtardımsa, tapa bilmədim.

Bəstəboy, nurani qadın idi. Yaşıl don geyinmişdi və başında ağ örpəyi vardı. İndiyə qədər mənə maraqlıdır ki, onca metrəlik maşın yolunu zorla keçən yaşlı qadın 2-3 dəqiqənin içində necə gözdən itdi? Bir də ki, o, mənim həmin yolu həkim qapısına getdiyimi hardan bilirdi?

Hadisənin ikinci müəmmalı tərəfi də odur ki, həmin gündən sonra qulağım necə sağaldısa, şənbə günləri müayinəyə getməyi də lazım bilmədim. Çünki həqiqətən də qulağım əvvəlki kimi sağlam idi. İndiyə qədər də o yolu həkim qapısına getməmişəm.

Sizə demişdim axı mən şiəliyin ən qatı şəkildə hökmranlıq etdiyi bölgələrdən birində - Lerikdə doğulmuşam. Bu səbəbdəndir ki, peyğəmbərlər, imamlar, imamların ailələri, ağır cəddi olan və şəfa verən seyidlər haqqında rəvayətlərlə böyümüşəm. Onların hamısını eşitmişdim, amma bunu mən özüm yaşamışam. Bu gördüyüm həqiqət idi, yoxsa hallüsinasiya? Yazımı oxuyanların içində psixoloq varsa, çox xahiş edirəm ki, ya mənim özümə, ya da elə media vasitəsi ilə hər kəsə bu hadisəylə bağlı elmi açıqlama versin.

Fikirlər müəllifin şəxsi mülahizələridir.

MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031