manera.az
manera.az

“Üzlük qaramız...”- Çinarə Nüsrətli - MANERA

“Üzlük qaramız...”- Çinarə Nüsrətli - MANERA
Çinarə Nüsrətli

Mənzilimin böyük pəncərəsi Azadlıq prospektinə açılır... Bir neçə il əvvələ qədər prospekt boyu sıralanan on altı mərtəbəli binalar ağacların arasından dikəlmiş boz qayalara bənzəyirdi. Baxılası mənzərə olmadığından qışda otağı soyuqdan (hər halda pəncərənin arasından keçən üzlü Bakı küləyinin qarşısını az da olsa alır), yayda qızmar günəş şüalarından qoruyan qalın pərdəni heç narahat etməzdim. Yuyulandan-yuyulana postunu tərk edən pərdələri alanəm yerinə asırdım.

Mərkəz hər sarıdan bəxtli olduğu üçün binaların abıra salınmasına da buradan başladılar. Görkəmsiz binalardan sənət əsəri yaradılırdı, o tərəflərdən keçmək olmurdu, daşyonanlar elə binaların altında dızhadızla dəzgahlarını işlədirdilər. Fikirləşirdim ki, niyə gileylənirik ki, sənət və sənətkarlar ölüb. Elə deyilmiş. Qürur hissi də keçirirdim. Bir də həsəd... Deyirdim, kimdir 8-ci mikrorayonda sənət əsəri yaradan? Hər şey mərkəz və mərkəzdə yaşayanlar üçün!

Insan necə də babal yumağa həvəslidir, ilahi! Mərkəzdən üzü bizə tərəf abadlıq işləri aparıldıqca, bir ümid oyandı ürəyimdə: biz də unudulmamışıq. Biz adam deyilik? Əlbəttə, bizim binaları da bəzəyəcəklər. Azadlıq prospektinin mərkəzdən başlayan başından ayağına doğru binaların bəzəkləri sadələşirdi. Insan da nankordur, gərək elə mikrorayonda yaşayanlar da saraylarda yaşasınlar? Ağzında deyirsən mikrorayon, heç rayon da deyil, rayonun mikrosu... bizə saray lazım deyil, elə binaları əhəngləsinlər, bəsimizdir.

Yol kənarlarında yaşayanlar nə qədər şanslıymışlar. Artıq buradakı evləri dəmir qəfəslərə almışdılar. Burada da ustalar dızhadızla iri ağ layları doğrayıb binaları üzləyirdilər. Hamının “komendat” adlandırdığı zirək qonşu qadın bizi muştuluqladı, hər yerdən xəbəri var, icradan ona deyiblər ki, bizim bina da üzdən təmir olunacaq.
Avtobus dayanacağının düz böyründəki on mərtəbəli binada üzləmə işləri başladı. Avtobusdan enən kimi üzlənmiş mərtəbələri sayırdım, iki bina sonra növbə bizə çatacaqdı. Ağ lay sandığım bu iri lövhələrdən heç başım çıxmırdı. Ustalar bu lövhələri elə asan doğrayırdılar ki, deyirdim alçibandır. Mənə bax e, indi durub bəy verən atın dişlərinə baxacağam. Havayıdan evlərimizi şəkilə mindirirlər, biz də durub hələ materialların mənşəyini bilmək istəyirik. Bizə bu da azdır. Elə çirkin evlərdə yaşasaq yaxşıdır. Neçə illərdir, boyası tökülmüş binada yaşayırıq, xata kimi yollar da açılıb,hərdən xaricdən qonaqlarımız da gəlir, utandığımızdan qonaqları qaş qaralanda dəvət edib, gecə yola salırıq. Amma indi bu komplekslərimizi arxivə yola salacağıq, bizim də evlərimiz qonaqların üzünə güləcək.

Nə tez-tez “azadlıq” kəlməsi işlədirəm... deyirlər, bu prospekt əvvəllər Leninin adını daşıyırmış. Indi “Azadlıq” adlanır. Müstəqilliyimizin nişanəsinin bu yaxınlara qədər adından başqa heç nəyi dəyişməmişdi. Amma son bir neçə ildə bu prospektlə irəliləmək xoş olmuşdur. Düzdür, yol boyu bəzi beşmərtəbəli evlər (böyüklər bu evlərə “xruşovka” deyirlər) gözdən-könüldən düşmüş kimi bəzənmədən məhrum qalmışdılar. Bəzi evlərin isə sadəcə yola baxan tərəfi üzlənmişdi. Sürətli minik maşınları ilə gedənlər bu incəliyi görə bilməzdilər. Sürünən, tıxanan avtobusların sərnişinləri gözdən tük qapırlar, işlərinin adı nədir, tısbağa kimi sürünən nəqliyyat vasitələrində yol kənarını seyr etməkdən başqa nə işləri var? Deyirəm, mən də yaman deyingən olmuşam ey. Nə olub, nə xəbərdir, anam demişkən, Moskva birdən tikilib?

Hə, axır ki, Azadlıq prospekti adına tam layiq olmasa da, hər halda xeyli şəkilləndi. Xüsusən bu durna qatarı kimi düzülmüş on altı mərtəbəli binalar var e, simasını elə dəyişdilər ki, oldular bəzəkli kibrit qutuları. Hələ gecələr... Gecələr bu yaraşıqlı kibrit qutuları işıq saçmağa başladı. Qalın pərdəm lap gözümdən düşmüşdü, bu gözəlliyin, bu işığın qarşısını kəsirdi. Anamı günahlandırırdım, niyə bu ağırlıqda pərdə sifariş verirdi, heyif deyil ingilis pərdələri, buradan baxırsan Binəqədi görünür... Anam söz verdi ki, yaxın gələcəkdə mənə işıq keçirən pərdə alacaq. O zamana qədər bir təhər keçinərəm. Mülayim, bir də çox isti olmayan günlərdə pərdələri kənara sıyırırdım. Gecələr o yaraşıqlı kibrit binalar iri pəncərəmizdən o qədər gözəl görünürdü ki, hətta ailəmizin ən kiçik üzvü divanın üzərinə çıxıb “Türkiyə, Türkiyə” deyirdi. Az yaşıyla məndən çox Türkiyədə olan balaca bu gözəl binaları görüb “Türkiyə” zənn edirdi. Uşaq inanmır ki, bizim gözəl Bakımızda, vallah, Türkiyədəkindan də gözəl binalar var.

Mayın 19-da imtahandaydım, telefonları söndürmüşdük, qayda belədir. Vallah qayda olmasaydı da, ən qatı telefon azarkeşi də imtahana gedəndə telefonunu söndürər. Imtahanın rəqəmi kimi əhval-ruhiyyəm də 100 bal idi. Tələbə yoldaşlarım təklif etdilər ki, dünya ədəbiyyatı imtahanındakı uğurumuzu qutlamaq lazımdır... Xeyr, düşündüyünüz kimi deyil, qutlama Ədəbiyyat muzeyini ziyarətdən ibarət idi. Nə gözəl gündür bu gün: imtahandan yüksək bal, ilk dəfə gördüyüm muzeydən aldığım zövq. Bax heç internet də yadıma düşməyib.

Avtobusa mindim, nə əcəbsə boş yer də var. Deyirəm də, bu gün gözəl gündür. Oturan kimi internet yadıma düşdü. Bu nədir? Alovlar içində bina... Harada olub yanğın? Vaay, görəsən ölüm-itim var? Aaa, bizimkilər paylaşıblar, nə deyirlər bunlar, Bakıda olub bu fəlakət? Gözlərim “Azadlıq” sözünə sataşdı. Azadlıq, Azadlıq, Azadlıq... Dayanacağa çatana qədər bu söz beynimdə döyündü. Evə qaçaraq gəldim, telefon mənə çox dar göründü, kompyuteri açdım. Yenə Azadlıq... on altı mərtəbəli bina... Mənzilin ən böyük pəncərəsinə qaçdım, qalın pərdəni sıyırdım. On altı mərtəbəli durna qatarının sonuncu durnasını ildırım vurmuşdu, qapqara idi. Gözlərimi qara durnadan çəkə bilmirdim. Sakinlər... sakinlər necə olub? Kompyuterə tərəf qaçdım. Biri mələklər deyir, biri fidanlar deyir... Kimlərsə qıvrım saçlı qız uşağının şəklini paylaşır, qarma-qarışıqlıqda uşaq itib...

Pəncərəyə qaçdım, bu yanmış kibrit qutusundan sağ çıxan olub yəni?

O sonuncu durnanı kül edən şimşək ürəyimdə çaxdı, hönkürdüm, o qıvrım saçlı kiçik mələk bu qara tabutdan necə qurtula bilər, “qurtulmaz”, dedim. Səsimdən diksindim. Bəlkə qurtulub? Kompyuter qara kitab kimi açılmışdı, işığı gəlmirdi, düyməni basdım, qara kitab işıqlandı. Ard-arda qıvrım saçlı mələyin şəkilləri keçirdi, hamı “mələyi gördüm” deyəni axtarırdı...

Qara kibrit qutusu ilə qara kitabın arasında qalmışdım... Bu məsafədə gedib-gəldikcə xəbərlər acılaşırdı... Dörd ölü, altı ölü, on ölü... ölənlərin arasında uşaqlar var...
Gözəl başlayan gün qaralmağa başlamışdı. O biri on altı mərtəbələrin də işıqlarını söndürmüşdülər. Qara kibrit qutusu da görünməz olmuşdu. Amma qara kitab nələr deyirdi, nələr... binaların üzünü ağardan üzlüklər kimlərinsə üzqarasıymış... ağ lay sandığımız lövhələr zəhərli plastik material imiş. Bu xəbər balaca mələklərin ölümü qədər qorxuncdu. Minlərlə insan neçə vaxtmış “dinamit “ qutularında yaşayırmış. İlahi, bu ağılasığmaz bir şeydir. İçimizdə nə dəhşətli millət düşmənləri, vətən xainləri varmış. Körpələri dinamit qutusuna yerləşdirəcək qədər insanlıq düşmənləri, yırtıcılar!

Ailəmizin balaca üzvü televizorda yanan evi göstərir: “Nənə, evi kim yandırıb?” Nənəsi də uşağa təhlükəsizlik dərsi vermək istəyir: “Uşaq kibritlə oynayıb, əvvəlcə pərdələr yanıb, sonra da evlər”. Nənə bununla kifayətlənmir, dərsi möhkəm olsun deyə əyani vəsaiti-yanmış kibrit qutusunu balacaya göstərir: “Uşaqlar kibritlə oynasalar, evləri yanacaq”. Beynimdən bir söz keçdi: “Böyüklər insanların taleyilə oynasa, daha böyük faciələr olar”.

Səhər dayanacaqda avtobusa minib işə gedirəm. Yolboyu qatarlanmış durnaların dərisini soyurlar. “Xruşovkaların” da böyürləri açılır. Sərnişinlər hökumətin qərarından, cinayətkarların ciddi cəzalandırılacaqlarından danışırlar. Hətta toxunulmaz saydığımız məmurları da möhkəm silkələyəcəklərmiş. Qarşıda Olimpiya oyunları var, bəzilərinin “Olimpiyada nəyimizə lazımdır” düşüncələrinə qatılmıram. Xaricilərin ölkəmizə cəlb edilməsi əslində dünyanın ölkəmizlə yaxından tanışlığı, Qarabağ həqiqətlərinin dünyanın kar qulaqlarına çatdırılması, kor gözlərinə dürtülməsi üçündür. Qonaqlar dağılışandan sonra kibrit qutularının, ölən mələklərin, evində dinc oturub, kimsəylə işi olmayan canından olan insanların, üzünə-gözünə dağ çəkilmiş yaralıların, göyə sovrulan vəsaitin, dövlətə vurulan külli miqdarda ziyanın hesabı, heç şübhəsiz, sorulacaq. Gözü ayağının altını görməyən haramzadələr cavab verməli olacaqlar. Cəmiyyət silkələndi, mütləq bir dönüş olacaq. Heç nə səbəbsiz deyl, təsadüf deyilən bir şey yoxdur. Balaca mələklər yerdən göyə xəbər apardılar, onlar canlarını oyanış üçün, dönüş üçün fəda etdilər. Onlar şəhid oldular!

Kibrit qutusunu tez bir zamanda təmir etmək göstərişi verilib. O bina bir daha elə yaraşıqlı olmayacaq. O binanın yerində bir məşəl alovlanacaq. Bu məşəl balaca mələkləri qovurmayacaq, düşüncələri, fikirləri nurlandıracaq...

Manera.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031