manera.az
manera.az

Evlilik həyatımı xatırladıqca qızarırdım... - HEKAYƏ | MANERA.AZ

📅 17.09.2016 11:30

Evlilik həyatımı xatırladıqca qızarırdım... - HEKAYƏ | MANERA.AZ

Manera.az Rəşid Bərgüşadlının "Qadın gücü" hekayəsini təqdim edir:


"Qadın gücü"
hekayə


“Fəvvarələr bağı”yla avtobus dayanacağına gedərkən ani gördüyüm tanış üzün kim olduğunu iki-üç addım ataraq anışdıran kimi qəfil duruxdum, addımlarımı yavaşıtdım, – “Ola bilməz!” – az qaldı həyəcandan dizlərim qatlansın. Polis nəfəri rezin dəyənəyin ucuyla sanki murdar ətə toxunurmuş kimi çimkinə-çimkinə onu adamların gur yerindən taksi dayanacağına qədər itələyib qayıtdı. Ayaq saxladım, onu xeyli izlədim. Günortadan yağan payız yağışı xırda çalaları doldurmuşdu, o isə ayağına cırıq ayaqqabı geymiş, gölməçələrin içiylə gəlib-gedənlərin qabağına yüyürür, büzüşüb qəpik-quruş dilənirdi. Dayanan taksilərin üstünə cumur, düşən sərnişinə qapı açıb yardım etmək istəyirdi. Əslində isə yöndəmsiz hərəkətlərilə maşından düşənə mane olurdu. Ona tərəf getdim. Mənə də əl uzadanda başını qaldırdı və məni qarşısında görəndə elə bil başına daş düşdü – yerində mil qaldı, bir az da büzüşdü, tısbağa qınına girən kimi kirli əllərini sökük-tökük pencəyinin biləyində gizlətdi. “Aman Allah, nə hala düşüb..!” – bir biləydiniz, o, necə yaraşıqlı, nə qədər xeyirxah insan olub. Dili topuq vurdu, – Kəmalə.., sənsən?!

– Hə, mənəm. Bu nə haldır, nə gəzirsən küçələrdə? – onun üzündəki balaca çapıq zərif gülüş kimi onu hələ də yaraşıqlı göstərirdi.

– Özümü.., özümü axtarıram... – barmaqlarıyla alnına tökülən telini daraqladı, bəlkə də üzünü qapamaq istəyirdi. Balacalaşmış, cır-cındırın içində itib-batmış, sarı saqqalı boyun-boğazını basmış, soyuqdan titrəyirdi.

– Bəs sən nə axtarırsan buralarda? – “Yox, qısqanmırdı, sadəcə söz xatirinə soruşurdu bunu”.

– Salondan gəlirəm. Bu gün xalaqızının toyudur…

– Xatirənin?! O da böyüdü? – gözünü yarımçıq qaldırdı. Yanağındakı çapığın şirinliyini bir də duydum. Gülümsündüm, – Hə, Xatirənin. Böyüyüb də sözdür, görsən tanımazsan... – qohumcanlığını yadırğamaması içimdə rəğbət oyatdı. Bilirdim ki, o da mənim kimi evlərindən didərgin düşüb.

– Çox gözəl olmusan… – yenə gözlərini gizlətdi. Sanki qəlbimin bacasından içimə işıq doldu, – “Hələ də gözəllikdən anlayan halı qalıbmı görəsən?” – bu dəqiqə onun gözlərinin içinə doyunca baxmaq istəsəm də, – “Sərxoş adam yatıb ayılar, axmaq adam isə yox!” – ani olaraq fikrimdən döndüm...


...Səfərlə ayrılmağımızdan iki il ötürdü. Bu iki ildə insanın bu qədər dəyişə biləcəyi ağlıma gəlməzdi. Böyük dayımın nəvəsidir, atalarımızın təhrikiylə ailə qursaq da sonradan bir-birimizi istəmişik. Adamın üstündə Allah var – qayğıkeş, yaxşı adamdır, amma cilov görməyən dayça kimi dəli çılğınlığı vardı – ağlına bir şey batdısa, onu yolundan döndərmək əbəs işdir. Bərbər dostu “cəbhəçi” Şahinin şirin dilinə uyub “Müsavat”a qoşuldu – durduğu yerdə özünü atdı siyasətin düz ortasına. Partiya rəhbərliyilə görüşdü, siyasətə elə bulaşdı ki, palçığa batdıqca gecəsi-gündüzü zəhər oldu.

Mitinqlərin birində qolunu burmalayıb basdılar polis maşınına, apardılar təcridxanaya. İctimai asayişi pozduğuna görə yeddi sutka həbsdə yatdı. Bundan sonra elə bil öyrəncəli oldu – özü öz ayağıyla türməyə dürtürdü özünü, “yatıb-çıxmaqdan” sanki zövq alırdı, amalı uğrunda döyüşməkdən, inadından fərəhlənirdi. “Yaxın günlərdə hakimiyyətə gəlirik, Avropa da razılıq verib” – özünün inandığı cəfəngiyyata məni də ciddi-cəhdlə inandırmağa çalışır, lüzumsuz iş görmədiyinə haqq qazandırmaq istəyirdi. “Allahın almışlığıdır...” – ondan şikayət edəndə dayım bircə bunu dedi.

Hardansa dilinə yapışdırdığı bu sözü gəvəzəliyib dururdu, – “Dövlət gəmiyə, xalq da suya bənzəyir – gəmini daşıyan sudur, amma gəmini devirən də sudur” – o dövləti devirmək arzusundaydı. Bir dəfə səbrim tükəndi, – Amma gəmini yönləndirən su deyil axı! – o zamanlar artıq aramızdan su keçirdi, – Sən axı siyasətin içində genbalaq şalvardakı kimi görünürsən! Əl çək bu murdar, mənasız işdən. Gül kimi sənətkarsan, səndən prezident olmaz, baş nazir olmaz axı, niyə anlamaq istəmirsən?! Niyə başqasına ucuz alət olmağı kişiliyinə, şərəfinə sığışdırırsan? – amma kimə deyirsən...


Evdə həyansız keçirdiyim günlər məni təngə gətirəndə onunla diz-dizə oturub danışdıq. Özümüz də istəmədən söhbət o qədər şişdi ki, – Ya mən, ya da sənin azadlıq ideyaların! – həddinə çatdı. O da “kişi kimi”, – Mən ideyalarımı seçirəm – deyəndə ata-anamı, qohum-əqrəbanı yağır elədim, – Bu adam dəli olur, uşağımız olmamış alın məni bu səfehin əlindən! – ayağımın ikisini bir başmağa dirədim. Gözgörəsi ayrılığın qarşısını almaq üçün ciddi cəhd göstərməməsi mənə lap od qoyurdu. Evliliyimizin ikinci ili uzun müalicədən sonra hamilə qaldığım ikiaylıq uşağı hamıdan xəlvət götüzdürdüm. Ana kimi istəklərim burnumda qaldı, o, indi həm də mənim balamın qatili idi. Özümə etdiyim nifrətin minqatını ona edirdim. Bir-birimizi xeyli vaxt dindirmədik. Sonra rəsmən boşandıq. Bundan sonra dayımgillə də aramız soyudu. Uğursuz evlilikdən əsəblərim korlandı...


Nəşriyyatda işə düzəldim, başımı qatmağa bir məşğuliyyət tapdığıma sevinirdim. Başqasına ərə getmək barədə anamın cik-bikindən anladım ki, atam evdə dul kimi qalmağımın xiffətini çəkir. “Daha heç kimin kirli corablarını yumayacağam!” – deyib kirayə ev tutdum. “El-aləm nə deyər?” – atamın giley-güzarını qulağardına vurdum. İnsan ömrünü "el-aləm nə deyər?" sözü qədər hündür divarlı həbsxanaya soxan ikinci iblisanə şey yoxdur. İnsan, "öncə mən!" deyə bilməlidir, yoxsa ömrünü bu kifli həbsxana divarları arasında keçirməyə məhkumdur. Mən təkliyə sığınmaqla canımı bu məngənədən qurtardım. Anlayırdım ki, tənhalığa çəkilməsəm nəyisə yenidən başlamaq üçün bir daha şansım olmayacaq. Təkliyim yeganə təsəllim, qazancım oldu – taleyimə biganə, dərdimdən xəbərsiz yad insanların arasında tənha ömür sürmək, tanınmamaq təsəllisi. İndi də belə... Həyat özü unutduğum insanı murdar qaşıq kimi təzədən qabağıma atmışdı. Mənimçün nə vaxtsa qiymətli biri olmuş insan yenidən qabağıma çıxmaqla bu dincliyimi, tək təsəllimi uçurub-dağıtmışdı. “Birdən qarşıma çıxsa, neyləyərəm görəsən?” – hələ indiyədək bu sualı ağlımdan keçirməyə macalım olmamışdı. Elə ona görə də bu qəfil görüş məni mat qoymuşdu. Başqa nə cür ola bilərdi ki? Nə vaxtsa isti qoynuna qısıldığım o adam indi səfil dilənçidirsə, əyin-başına fikir verən o yaraşıqlı oğlan indi pinti küçə qoxursa, bu o demək deyil ki, az da olsa xoşbəxt günlərimin səbəbkarının dar günündə asanlıqla yanından ötə bilərəm. Onu mənim əlimdən murdar siyasət aldı və murdarlığın tam dibinə çəkdiyi hər halından bəllidir, – “Yəqin başı daşdan-daşa dəyib, ağıllanıb” – onun üzündəki məsum üzrxahlığı görməmək mümkün deyildi. “Öldürsən də peşiman olduğunu dilə gətirməz” – çantamı açıb bütöv əlliliyi çıxardım, onun əlini ovcuma aldım, yarıbükülü kirli barmaqlarını ehmalca araladım və əlliliyi ovcuna qoyub barmaqlarıyla qapadım, – Götür. Mən tez-tez gələcəyəm bu bağa. Yığışdır bu dilənçiliyi, əyyaşlığı. Çalışacağam gücüm çatan köməkliyi edəm. Eşidirsən? Söz ver ki, bir də camaatdan qəpik-quruş dilənməyəcəksən. Nə gözünü döyürsən, eşitmirsən?! – ona çox əzab vermək istəmirdim – baxışlarımız xeyli toqquşdu. Nəsə demək istəyəndə ondan aralandım, birbaş dayanacağa doğru tələsdim.

Avtobusda başım özümü girləmirdi, – Bu nə zibildi düşdüm, bu nə imtahandır, ya Rəbb, məni sınağa çəkirsən? Gərək Səfəri qarşıma çıxarmayaydın. Kaş ki öləydi, bir də bu adamın varlığından xəbər tutmayaydım – içimdəki unudulmuş nifrəti get-gedə mərhəmət əvəz edirdi. Onunçün darıxdığımı anladım. Özümü aldatdığım böyük bir yalanla indi üz-üzə qalmışdım. “Siyasət yedi boş başını... Axı səndən siyasət adamı olmazdı, min dəfə dedim sənə! Beyninə girmədi! İndi çək altını, kütbeyin! Sənin qızıl əllərin vardı – soyuducu olsun, radio, televizor olsun, təmir etməmiş əl çəkməzdin. Uf-f..! Bir vaxtlar necə xoşbət idik... Sənin yediyin zəhərə dönsün, siyasət çıxaran!” – onun məhrəm, kədərli baxışları gözlərimin qabağından getmirdi.

Əmin idim ki, bu saat dalda bir yerə çəkilib xısın-xısın ağlayır – “Heç olmazsa bu dəfə incitməyəydim, alçatmayaydım kaş”. Getdikcə əmin olmağa başlayırdım ki, çınqıllıqda itən brilyantı axtaran biri kimi – əsəbiləşib itə tulladığım daş elə axtardığım brilyant imiş, sadəcə üstünü mamır basıbmış. Yaxşı deyiblər, – “Xəzinəni sellər, daşqınlar yer altına apardığı kimi, elə sellər də yer üzünə çıxarır” – onu indi başqa gözlə tam fərqli şəkildə görürdüm. Səfərin indiki halını görəndən sonra indiyədək ağlıma gəlməyən şeyləri görməyə məcbur oldum, – ondakı məsumluğu, günahsızlığı görə bildim, hələ də məni arzulayan sevgisinə toxuna bildim...

...Ümid etmək kimi bir şey var – birini tanıyırsan və hər şeyin onunla daha başqa olacağını düşünürsən, hər şeyin yaxşılığa getdiyini sanırsan, daha da gözəl olacağını düşünürsən və buna varlığınla inanırsan... Və bu nöqtədən sonra başlanır əslində hər şey. Səfərə ərə gedəndə də beləydi – inanmışdım xoşbəxt olacağıma. İndi də eyni hiss kor düyün kimi sinirlərimi dolayıb beynimdə bir fikri dolandırırdı, – “Bəlkə?”...

Arvadından qayğı, anlayış, nəhayət sevgi görməyən ər əlbəttə ki, səmtini bilmədiyin şiddətli axına düşüb əl-ayağını hər şeydən üzməlidir. “Mən aydan arı-sudan duru deyiləm” – mənim qüsurlarım lap çox olub. Səfərin azadlıq eşqinə düşməyinə, hansısa amal uğruna siyasət meydanına girməyinə, hardasa, mən də baiskaram – iş-işdən keçməmiş qabağını ala bilərdim. Bəlkə də müqəddəs saydığı bu işdən çəkindirməkdə günaha batmışam. Bircə onu bilirəm ki, birinin getmə zamanı gəlibsə, ona "dur" deməyin, zaman keçmişsə "dön" deməyin, sevgi bitmişsə “qal” deməyin faydası yoxdur... “Bəs.., bəs, hər şeyi yenidən başlamağın?”... – nə bilim, vallah, deyəsən mən də başımı itirirəm...

O axşam Xatirənin toyunda o ki var oynadım, şənləndim. – Yox, onu itirən mən olmuşam! O, elə durduğu yerdədir, mənəm onun yanında olmayan! – indi özümü asanca qınayırdım və bundan gözüm yaşarırdı. İnsan bircə şeyi dəyişməklə bütün həyatını dəyişmiş olur. Mən onun xasiyyətini dəyişmək istəyirdim, amma özüm ona uyğunlaşmağa, onu anlamağa cəhd etmədim. Özgəsini ittiham edən adam nə vaxt öz gözündəki tiri görüb ki? Mən ancaq, – “Sən pissən, mənsə mələk kimi günahsızam!” – bunu isbat etməyə çalışmışam. Doğma ərimdən şikayət etmədiyim yaxın adam qalmadı, amma o bircə dəfə də olsun əleyhimə dil tərpətmədi. Hər dəfə onun üstünə düşəndə ki, – “Sən fərsizsən, ağlını itirmisən, əyyaşlığa yuvarlanırsan!” – əslində məni xoşbəxt etməməkdə onu yersiz yerə qınayırdım. Özüm də bilmədən daxilən ona qarşı olan hisslərimi kütləşdirir, münasibətlərimizi məhv edirdim. Ta, o vaxtadək ki, özüm “əmin oldum” – “O pis adamdır və əlindən heç nə gəlməyən fərsizdir!” – axırda özüm cızdığım dairənin içində özümü tək qoydum. Onu saldığım quyunun dibində tıncıxan görürdüm və bundan doymayaraq üstünə daha hiddətlə gedirdim. O, məndən yardım əli gözləyəndə, əvəzində dirsək göstərirdim. Mən beynimi pis və mənfur fikirlərlə doldurdum, yaratdığım obrazın “pisliyinə” inandım və dağıtdım hər şeyi. Hansı ki, canıyananlarımın hamısı dönə-dönə deyirdi ki, – “Səfər pis adam deyil, bir özündə də günah axtar” – mən indi anlamağa başlayıram günahlarımı... Onun vaxtilə mənə sarı atdığı xoşniyyətli addımlarını da ikiüzlülük kimi qəbul edib başına qaxmışdım. İnsan soyuduğu adama nifrətini, acığını sözlə deməsə belə, baxışlarıyla, hərəkətlərilə bunu daha kəskin ifadə edə bilir. Mən onu hər addımda acılamış, dikəlməyə aman verməmiş, qızıldan saray tikmək arzusunda olsa da buna bəribaşdan inanmamışam, əksinə, gülüb lağa qoymuşam. Başqasında gördüyümüz eyib özümüzdə də var. Birinin içindəkini biz ancaq çöldən baxaraq görürük. Demək, onu görmək istədiyimiz kimi görürük, olduğu kimi yox. Elə öz içimizə baxmağa da nəfsimiz mane olur – kim öz ayranına turş deyib ki? Qadın ərinin mənliyini görürsə qanad çalıb uçmalıdır, zamanı qaçırmamalıdır – arzuladığı qalan şeyləri özü yaratmalıdır. Belə kişi heç vaxt divana sərilib yatmayacaq, qadınının başına fırlanacaqdır. Çünki, kişilər xoşbəxt etməkdən çox, xoşbəxt olmağı bacarırlar. Bunu isə öz qadınlarından alırlar və əvəzində öz xidmətlərilə bu xoşbəxtliyə mərdanəliklə layiq olmağa çalışırlar. “Mən ona bacardığım sevgini yetərincə verməmişəm” – evlilik həyatım kino lenti kimi gözlərimin qabağından keçdikcə pörtüb qızarırdım...

İtirdiyim qiymətli daşı tapdığıma sevinirdim, indi bu dəyərli xəzinəni başqalarından qorumağın qarğaşasına qatlaşmalıyam. Elə bil Allah bütün sirlərini bu gün mənə açmışdı, Səfərlə aramızdakı nifrət pərdəsini götürüb, – “Bax, it yerinə qoymadığın ərinə indi bir də diqqətlə bax!” – deyib sevməyin dilini öyrətmişdi mənə, gözlərimi açmışdı. Anam da mat qalmışdı mənim qol açıb toyda oynamağıma, dayanmadan deyib-gülməyimə. Axı o hardan bilsin ki, mən itirdiyimi yenidən tapmışam və bir daha onu dünya dağılsa da itirmərəm, çölə atmaram, kimsəylə bölüşmərəm. O mənim qismət payımdır – pisi də, yaxşısı da mənimdir. Dünən nəşriyyatda cildlədiyim “Sevginin dadı” adlı kitabdan oxumuşdum: – “Qadın bir kişi haqqında necə düşünürsə, elə o günə də salır və həmişə də bunu bacarır. Bu gücün qarşısında dayanmaq mümkün deyil. Çox sirli, dəhşətli, dağıdıcı və müdhiş gücdür bu – o qədər zərif, gizli və nüfuzedicidir ki, kişilər bundan baş aça bilməzlər. Əgər qadın səni əclaf hesab edirsə, sonda mütləq əclaf olacaqsan. Bir iş də var – əgər qadın hesab edirsə ki, – “Əsl mən deyən, mənə lazım olan kişidir, tam mənim axtardığım adamdır” – bax onda o çiçək kimi açılır, xoşbəxtlik yayır ətrafa, səni öz rayihəsiylə bihuş edir”...

– Mən də qadınam və gizli silahımın gücünə inanıram. Bir qadın üçün ən böyük uğur, istədiyini əldə etməkdir. Onu soyuq küçələrdə kimsəsiz buraxmamalıyam. Səfər mənimdir və mən əbədəlik onun qadınıyam – hələ ilk gecə buna and içmişik! Qadın uzun zaman tək qalanda başqasına ehtiyac duyur – bunu qadınlar daha yaxşı anlayar – Səfər mənə hava-su kimi lazımdır. Başqa çarəm də yoxdur – bu yaşdan sonra ər seçəcək halda deyiləm...

Eşikdə yağış elə bil sevincimə qoşulmuşdu. “Axı sən nə vaxtsa ağacların insan dilini bildiyinə inanırdın, ulduzlarla danışan ağacların pıçıltısını özün dinləmişdin”... Mən bunu bacararam! – o gecə yatağıma girəndə heç olmayan kimi xoşbəxt idim, çünki, sabah həyatımı qırılan yerdən təzədən davam edəcəyəm...




Baxış sayı - 4 953 | Yüklənmə tarixi: 17.09.2016 11:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031