manera.az
manera.az

Ağsaqqal, gedək? - Məhəmməd Mahmudlunun HEKAYƏSİ _MANERA

📅 16.02.2016 12:04

Ağsaqqal, gedək? - Məhəmməd Mahmudlunun HEKAYƏSİ  _MANERA
MANERA.AZ Rəşid Bərgüşadlının təqdimatında Məhəmməd Mahmudlunun "Bazarlıq" hekayəsini təqdim edir:

– Ay rəis, ay başına dönüm, vallah-billah, and olsun anamın südünə ki, mən günahsızam. Günahım varsa, varsa, ömrümdə bir dəfə o bazar dağılmışa getməyimdi. Sizə söz verirəm ki, bundan sonra bazara getmək nədi, heç həndəvərindən ötsəm kişi deyiləm. İcazə ver, çıxım gedim, şairəm, bu gün məclisdə çıxışım var.

– Nə dedin? Nəçisən? Şairsən?

Rəisin dodağı qaçdı. Kabinetdəki polis işçiləri onun istehzasına bənd imiş kimi bir üzümə baxdılar, paltarlarımın torpağına-tozuna baxdılar, nə zamandan taraş olunmayan saçıma-saqqalıma baxdılar və başladılar əllərini əllərinə vurub qəhqəhə çəkməyə. Rəis əlinin arxası ilə gözlərinin yaşını siləndə polislərdən biri tez cibindən dəsmal çıxardıb rəisə uzatdı:

– Ə, şəhərin küçələri ağzınacan doludu sənin kimi cındırından cin hürkən alasəylərlə! – rəis dəsmalı əlinin arxası ilə geri itələdi, – Utanmırsınızmı, ə! Cavanlıqda min hoqqadan çıxırsız, qocalan kimi hərəniz döşünüzə bir qələm taxıb atılırsınız ortalığa. Şair idi Səməd Vurğun, o birinin adı nə idi, ə?
Polislərdən biri tez dilləndi: – İsmayıl İkinci Şıxlı!

– Savadsız yığını, savadsız! Ədə, İsmayıl İkinci Şıxlı şairdi, yoxsa anekdot yazan? Söyün Arifzadəni deyirəm, meşəbəyini yazanı, – bunu deyib təzədən mənə sarı çöndü: – Nə istəyirsiniz o rəhmətliklərdən? Niyə boğazınıza qırıq salıb ölmürsünüz? İndi, onlar da şairdi, sən də? Ayıbına kor ol, ə!
Polislərdən birinin rəisə ərki çatırdı deyəsən, qayıtdı ki:

– Rəis, deyəsən, Söyün Arifzadə hələ yaşayır axı… O gün xanəndə Bəşir məclisdə onun sözünü oxuyurdu...

– Sən də bunun bir tayısan! – rəis məni göstərdi, – İyirmi il bundan əvvəl dəfn eləmişəm şairi. Başınız qarışıb cibinizə, öləndən-qalandan xəbəriniz yox! Şairin sözünü öləndən sonra oxuyarlar, ay axmaq!

Sonra ədayla mənə çöndü: – Danış! Burda nə işin var?

– Danışım. Əgər altdan-üstdən bir şey qoysam lənətə gəlim. Necə olubsa, elə də danışacağam… Məsələ budur ki, siz də bağışlayın, bizim külfət bir az nasazlamışdı. Cibimə beş-on manat pul qoyub əlimə də bir sicilləmə siyahı verdi ki, bazardan alacağım şeyləri unutmayım. Dedim:

– Ay arvad, dinin-imanın olsun, vallah-billah mən indiyə kimi bazarlıq etməmişəm, nəyin nə qiymətə olduğunu da bilmirəm!

Əlimdən siyahını dübarə dartıb aldı, alınası şeylərin qabağına bircə-bircə qiymətlərini yazıb dedi:

– Di, yeri get!

Bazara çatar-çatmaz siyahını cibimdən çıxardıb başladım oxumağa:

– Birinci: kələm, iki kiloqram, qiyməti 60 qəpik.

Ətrafa boylandım. Elə bil bazara kələm yağmışdı, dümappağ kələm tığları, nə qədər istəsən! Piştaxtanın arxasında kələm satan qadınlardan birinə yaxınlaşdım, soruşdum:

– Bacı, bazar olsun, Allah bərəkət versin! Kiloluq kələm istiyirəm.

Yağlı peraşkinin birini birdəfəyə ağzına dürtüb şəhadət barmağı ilə irəli təpişdirdi. Ağzı “zənit” olduğundan başını tərpətdi. Barmağından tüpürcək qarışıq günəbaxan yağı daman əlini ağzından çıxardıb mənə seçdiyi kələmə siləndə dabanı üstə tərsinə fırlandım. Arxamca: – Ə, hara getdin, nə oldu sənə?– əlində kələm gay kimi qalmışdı.

Dedim: – İstəmirəm!

– Nətər yanı istəmirsən, a vayına oturum! Adamımı söylədirsən, a meymuna oxşayan! Nətər yerdombaldana oxşuyur e! Cəhənnəmə istə, gorun da dalınca! İstiyənin ağzına…. – arvadda abır-həya deyilən şey yerli-dibli yox idi, toba! Arımdan qaçıb adamların arasında gizləndim. Yanımdan ötən bir qadın gülə-gülə dedi ki: – Ay anası ölmüş, yaxşı canını qurtardın!

– Yaxşı qurtarmaq beləmi olur? Sözünün birini beş kələmə büksən də sindirə bilməzsən.

– Ay anası ölmüş, ona çərhəya Güləndam deyərlər. Kimin hünəridir ki, onun kələmi qurtarmamış o cərgədəki başqa adamdan kələm alsın…

Həqiqətən də çərhəya Güləndam bu arvadın dediyi kimi vardı, – Bazarlıq edənin atabaatasına lənət, gedirəm düz evə! Uzaqbaşı, arvad üstümə bir-iki ağız mırıldanıb qonum-qonşudan birini tapıb göndərər. Bazarlıq kişi işi deyil, görüb-eliyən olsa adıma min cür şəbədə qoşacaq!

Elə bazardan çıxhaçıxda kələm dolu “QAZ–24” düz dayandı qabağımda. Elə bil Allah özü yetirdi, – A qardaşoğlu, kələmdən bir karlısını çək mənə! – elə bunu demişdim ki, arxadan bir əl yapışdı pencəyimin çiyinlərindən. Başıma bir qapaz salandan sonra rezin topu kimi atdı məni “QAZ–24”-ün təkərlərinin altına və sürücüyə qışqırdı ki: – Ağzını belə-belə eliyərəm əgər bunun üstündən sürməsən!

Sürücü bir ona baxdı, sonra ilan kimi təkərlərin altında qıvrılan mənə baxdı, başını bulaya-bulaya:

– Çərhəyasan ki, çərhəya! – qolumdan tutub ayağa durmağıma kömək elədi. Çərhəyanın səs-küyünə başımıza xeyli adam toplaşdı. Bazarın sahə müvəkkili də özünü yetirdi. Polis arvaddan soruşdu ki, – Nə çığır-bağır salıbsan, ay Güləndam xala, nəyiniz ortaq düşüb?

Güləndam canıyanmış o şüvən-qiyamətin içində iki şax onluğu bax bu polisin cibinə elə dürtdü ki, əlim ağzımda qaldı. Dedi ki: – Bunu düz şöbəyə apar, camaatın içində mənə itin sözünü deyib. Elə yekə qələt eliyib ki, it yesə gözləri ağappaq ağarar!

– Ay tövbə! Yalandır! Şərdir! – bizi dövrələyən adamların üzünə baxdım, dilim qurusa da, gözlərimlə onlardan imdad istədim. Axı, onlar şahid idilər ki, təhqir olunan da, söyülən də, döyülən də mən idim. Toplaşanların bir-bir aradan çıxdığını görəndə uşaq kimi zarıdım ki: – Bu qədər adamın içində bircə nəfər namusu, vicdanı olanı yoxdurmu? Niyə polisə həqiqəti demirsiniz, axı siz hər şeyə şahidsiniz!?

Biri azca insaflı çıxdı, bizdən aralananda dedi ki: – Heç kəs səndən ötrü durduğu yerdə ağrımayan başına sarımsaq bağlamaz. Sənə şahidlik edib bir həftə şöbənin qabağında bitəsi deyiləm ki, atam oğlu, qardaşım?!

Qaldım sahə müvəkkilinin əlində. Məni başdan-ayağa süzdü:

– Ağsaqqal, gedək?

– Hara?

– Polis şöbəsinə!

– Bir günahım yoxdu mənim!

– Şahidin varmı?

Başımı aşağı salıb dillənmədim.

– Həəəə…. onda gedək! – əlini qabağa uzadıb: – Buyur! – ədəblə yol verdi.

Dediklərim rəis üçün maraqlı deyildi, elə hey qələmin arxasıyla stolu taqqıldadırdı. Birdən başını qaldırıb serjanta dedi ki: – Apar bu şairi sal qoduqluğa, qoy bizim qoduqluq da şair görsün. Şeir yazmağı tərgitdim deyənə kimi yatırdın orda, “podzamok”!

Elə qolumdan tutub qoduqluğa sürümək istəyirdilər ki, rəisin müavini dilləndi:

– Siftə üstünü axtarın, görün, beşdən-üşdən nəyi var bunun!

– Üstündə bir şeyi olsaydı daha bura niyə gətirirdim ki? Elə ordaca alıb buraxardım da… – bunu deyən bazarın sahə müvəkkili idi, məni o gətirmişdi şöbəyə...
* * *
Nə başınızı ağrıdım.., polis “qoduqluq” dedikləri otağın qapısını üzümə açha-açda Çərhəya Güləndam elə bil göydən düşdü. Onu görən kimi polisin enli kürəkləri arxasında gizləndim. Mən barmağıyla çağırdı:

– Kişi deyilsənmi, ə! Bəri çıx görüm, bağrın yarılmasın! – elə bil buranın rəisi çərhəyanın özü idi.

“Ölmək ölməkdi, xırıldamaq nə deməkdi?”– dərsini bilməyən uşaq kimi Çərhəyanın qabağında ikiqat durdum. Əlini atıb biləyimdən yapışdı və arxasınca çəkəndə polisə yalvardım: – Sənə qurban olum, qoyma məni aparsın! – utanmasaydım ağlayardım da. Haqq üçünə polis də biləyimi buraxmadı:

– Hara, hara, Güləndam xala!? Rəisin tapşırığıdı, qoduqluğa salmalıyam, cəzası var!

Çərhəyanı elə bil cin vurdu, elə çığırdı, yəqin ki, səsini rəisin özü də eşitdi:

– Get rəisinə de ki, Güləndam dustağı öz qoduqluğuna apardı!

Ürəyim “gupp” eləyib ayağımın altına düşdü və polisə tərəf dartındım. Güləndama:

– Qurbanın olum, bura yaxşıdı, insafın varsa, qoy elə burda qalım! – yalvardım.
Güləndam:

– Çatısı qırılmış dana kimi dartınma! Sənin kimi kişinin… – yenə qəşəng “yağladı”

– Sənə qurban olum, arvad evdə xəstədi, məndən qeyri qulluq eləyəni yoxdu, çevir məni balalarının başına, boşla gedim…

– Külü qoyum o arvadın təpəsinə ki, sənin kimi ölüvayı qapısında saxlayır! Gəl dalımca!

Çatdıq bazara, gəldik düz onun piştaxtasının yanına. Seçib-eşələyib iri bir kələm götürdü, üst yarpaqlarını qırıb atdı, çantasından bir torba çıxartdı, kələmi torbaya qoyub dedi:

– Düz evə!

Bir az ürəkləndim:

– Allah səni darda qoymasın, nə yaxşı ki məni onların cəngindən qurtardın.

– Neyliyim, Allah bizi də insan yaradıb. Günahsız idin, səni aparandan sonra vicdanım üzümə dirəndi.

Əlimi cibimə atıb kələmin pulunu uzatdım, – Kələmin pulunu çıxın…

Üzümə irişdi, – Bir baş kələmi qurban elədim sənə, – bir tutarlı qapaza!

Müftə kələm qoltuğumda son dəfə ona baxdım. Çərhəya Güləndamın yanaqları azca qızarmışdı. O xaraba qalmış bazardan çıxanadək arxamca baxa-baxa qalmışdım, – “Canı yanmış qıza utanmaq necə də yaraşır…”

MANERA


Baxış sayı - 1 999 | Yüklənmə tarixi: 16.02.2016 12:04
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031